“Qarabağ Azərbaycandır! Münaqişənin həlli perspektivləri”

 

Yeni Azərbaycan Partiyasının İcra Katibliyində bu mövzuda “dəyirmi masa” keçirilib

 

 

Əli Əhmədov: Azərbaycan torpaqları işğaldan azad olunana qədər cəmiyyətimizin milli birliyini və vətəndaş həmrəyliyini təmin edən ən fundamental ideyalardan biri də “Qarabağ Azərbaycandır!” ideyası olmalıdır

Oktyabrın 10-da Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində “Qarabağ Azərbaycandır! Münaqişənin həlli perspektivləri” mövzusunda “dəyirmi masa” keçirilib. “Dəyirmi masa”da Milli Məclisin deputatları, siyasi partiyaların nümayəndələri, QHT təmsilçiləri və ekspertlər iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunda səsləndirdiyi bəyanat gündəmin ciddi şəkildə dəyişməsinə gətirib çıxarıb. Bu bəyanat təkcə Azərbaycan cəmiyyətində deyil, daha geniş müstəvidə müzakirə olunur. Əli Əhmədovun sözlərinə görə, Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” bəyanatı, sadəcə olaraq, danışıqlar prosesində Azərbaycanın dəfələrlə səsləndirilmiş mövqeyinin bir daha təkrarlanması demək deyil. Bu bəyanatın daha böyük əhəmiyyətinin olduğunu vurğulamaq lazımdır. “Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun növbəti tədbirində çıxışı bir çox ünvana hədəflənmiş çıxış idi. Onun hədəflərindən biri Ermənistan rəhbərliyi və cəmiyyətidir. Bununla Ermənistan cəmiyyətinə mesaj verilir ki, Ermənistan öz xülyasından əl çəkməlidir. Azərbaycanın ərazi bütövlüyünün pozulmasına xalqımız və dövlətimiz qəti şəkildə imkan verməyəcək. Bu bəyanatın ikinci ünvanı beynəlxalq təşkilatlar, dünya ictimaiyyətidir. Azərbaycan öz mövqeyini bir daha bəyan etməklə beynəlxalq birliyə beynəlxalq hüququn fundamental prinsiplərinə əməl etməyin vacib olduğunu çatdırıb”, - deyən Əli Əhmədov söyləyib ki, münaqişələrin həllində iki prinsipial yanaşma var. Bunun birincisi, dövlətlərin ərazi bütövlüyü, ikincisi isə xalqların öz müqəddəratını təyin etməsi prinsipidir.

“Bu prinsiplər bir-birinə zidd kimi görünür. Əslində isə burada bir daxili vəhdət mövcuddur. Onlar bir-birini tamamlayır. Bir halda ki, dövlətlərin ərazi bütövlüyü toxunulmazdırsa, o zaman etnik qrupların öz müqəddəratını təyin etməsi prinsipi dövlətin toxunulmayan ərazisi çərçivəsində həyata keçirilməlidir. Beləliklə, hər iki prinsip bir-birilə uzlaşmış olur. Dağlıq Qarabağın erməni əhalisi bütövlükdə Azərbaycan əhalisinin bir faizini təşkil edir. Bu, onu göstərir ki, ermənilər Azərbaycanın tərkibində çox azsaylı etnik qrupdur. Kiçik bir etnik qrupun xalqların öz müqəddəratı prinsipindən faydalanmaq istəyi mahiyyət etibarilə öz mənasını itirmiş olur”, - deyə YAP Sədrinin müavini vurğulayıb. Əli Əhmədovun sözlərinə görə, Ermənistanın konstruktiv mövqeyinin olması danışıqlar prosesinin normal aparılmasının vacib şərtlərindən biridir. Əgər Ermənistan qeyri-konstruktiv mövqeyini davam etdirəcəksə, beynəlxalq təşkilatlar, vasitəçilər danışıqlar prosesi ilə bağlı mövqeyində ciddi düzəlişlər etməlidir.

Əli Əhmədov söyləyib ki, Prezident İlham Əliyevin bəyanatının üçüncü ünvanı Azərbaycan xalqı və cəmiyyətidir. Onun sözlərinə görə, hər bir xalqın birliyini, səfərbər olunmasını, vətəndaş həmrəyliyini təyin edən və onu möhkəmləndirən fundamental əsaslar, ideyalar mövcuddur: “Müstəqil dövlətçilik ideyası, Azərbaycançılıq ideologiyası bizim cəmiyyətin milli birliyini, vətəndaş həmrəyliyini təmin edən ideyalardır. Onların içərisində ən vacib ideyalardan birini də “Qarabağ Azərbaycandır!” ideyası təşkil edə bilər və son günlər müşahidə etdiyimiz məqam ondan ibarətdir ki, cəmiyyətimiz məhz cənab Prezidentin bəyanatını bu kontekstdə qəbul edir. Azərbaycan torpaqları işğaldan azad olunana qədər cəmiyyətimizin milli birliyini və vətəndaş həmrəyliyini təmin edən ən fundamental ideyalardan biri də “Qarabağ Azərbaycandır!” ideyası olmalıdır. Biz Azərbaycanın hər bir guşəsində insanlar tərəfindən “Qarabağ Azərbaycandır!” sədasını eşidirik. Bu proses daha da genişlənəcək və böyük bir hərəkata çevriləcək. Bu ideyalar, fikirlər Azərbaycan cəmiyyətinin Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar əzmini və qətiyyətini daha gücləndirir, Azərbaycan Ordusunun döyüş qabiliyyətini və torpaqlarımızı işğaldan azad etmək əzmini daha da qətiləşdirir. Ən başlıcası isə, bütün dünyaya bir daha açıq şəkildə göstərilir ki, xalqımız və dövlətimiz Azərbaycan ərazisinin hər hansı parçasının mənsubiyyətinin dəyişdirilməsinə heç vaxt razı olmayacaq. Təbii ki, bu amil danışıqlar prosesinə də öz təsirini göstərəcək. Bu məsələdə Azərbaycan xalqı və cəmiyyəti Prezidentimizin ətrafında sıx birləşib. Biz Yeni Azərbaycan Partiyası olaraq, bu ideyanın genişlənməsi, ümumxalq hərəkatına çevrilməsi üçün addımlar atırıq. Bakı şəhərində Bakı Nəqliyyat Agentliyi ilə birlikdə yollarda “Qarabağ Azərbaycandır!” şüarını əks etdirən elektron monitorlar quraşdırılıb, plakatlar yerləşdirilib, kampaniya üçün köynəklər hazırlanıb”.

“Dəyirmi masa”da çıxış edən Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib ki, Prezident İlham Əliyevin həmin bəyanatı bütün dünya üçün ciddi mesajdır. O, “Qarabağ Azərbaycandır!” hərəkatının yaradılmasının gözəl təşəbbüs olduğunu deyib.

“Prezident İlham Əliyev Soçidə çıxışında bildirdi ki, Azərbaycan bütün etniklərə qucaq açıb. Bu, demokratik təsisatların, multikulturalizmin ən gözəl örnəyidir”. Bu fikirləri isə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib. O qeyd edib ki, ölkəmizin həyata keçirdiyi siyasət dünya birliyi tərəfindən də dəstəklənir: “Bu gün həmin bəyanatla erməni yalanları ifşa olundu. Məhz həmin bəyanatın səslənməsi və erməni yalanlarının ifşası üçün seçilən məkan da önəmlidir. Hesab edirəm ki, məcburi köçkünlərin də mövqeyi aydındır. Onlar ölkə başçısının siyasətinə arxalanırlar. Bütün xalqımız, məcburi köçkünlərimiz cənab Prezidentin Qarabağ məsələsi ilə bağlı mövqeyini dəstəkləyir”.

Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı Zahid Oruc çıxışında bildirib ki, Prezident İlham Əliyevin Soçidə çıxışı 2016-cı ilin aprel döyüşlərində qazanılan uğur kimi siyasi qələbədir. “Cənab Prezidentin bu çıxışından sonra erməni tərəfindən tutarlı cavab verə bilən olmayıb. Ermənistan cəmiyyəti belə, bu cür yüksək səviyyəli çıxışa cavab verəcək qədər hazırlıqlı deyil. Təsiri o qədər güclü oldu ki, Ermənistan mətbuatı belə, bu çıxışın güclü olduğunu yazdı”, - deyən Z.Oruc həmçinin qeyd edib ki, Ermənistan-Rusiya münasibətləri heç vaxt indiki kimi pis olmayıb.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxışında bildirib ki, Azərbaycan Prezidenti bu çıxışın davamını məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışında məcburi köçkün ailəsi ilə görüşən zaman etdi: “Dövlətimizin başçısı Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərimiz azad olunandan sonra həmin torpaqlarda da bu cür quruculuq işlərinin aparılacağını vurğuladı. Cənab Prezident bununla Soçidə səsləndirdiyi fikirləri tamamlamış olur. Bu, Azərbaycan Prezidentinin qətiyyətindən, ərazi bütövlüyümüzün mütləq bərpa olunacağından xəbər verir”.

Millət vəkili qeyd edib ki, münaqişə beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır: “Hər münaqişənin müəyyən tarixi var. Keçmiş Sovet məkanında etnik separatçılıqla bağlı münaqişələrin tarixi Dağlıq Qarabağdan başlayır. Müəyyən dövr keçib, problemin həlli ilə bağlı yeni şərtlər yaranıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı məhz Azərbaycan Prezidentinin həyata keçirdiyi xarici siyasət yeni zəmin yaradıb ki, bu da ölkəmizin lehinədir. Ordumuz da Azərbaycan Prezidentinin, Ali Baş Komandanımızın səsləndirdiyi həmin bəyanatı həm də döyüş tapşırığı kimi qəbul etməlidir. Və buna hazırlaşmalıdır ki, Ali Baş Komandanın növbəti nidasında ərazi bütövlüyümüzü bərpa etsin. Amma eyni zamanda, bu fikir Azərbaycan cəmiyyətini də səfərbər etməlidir. Ötən ilyarım müddətində Ermənistanın baş naziri və işğalçı ölkənin havadarları Azərbaycan cəmiyyətinə düşünülmüş şəkildə neqativ və manipulyativ informasiyalar ötürürlər. Xalqlar müharibələr tarixi yaşayırlar. Bəzən döyüşləri uduzurlar. Amma hər bir xalqın müqavimət prosesində mənəvi qırılma nöqtəsi var. Əgər bir xalq mənəvi müqavimət keyfiyyətini itiribsə, bundan sonra müharibə aparıb qələbə qazanması mümkün deyil. Qarşı tərəf bu məqsədlə zərərli informasiyalar ötürməyə çalışır. Boris Yeltsinin müşaviri olmuş bir şəxs bu günlərdə deyib ki, Dağlıq Qarabağ münaqişəsi üç nəsil sonra həll olunacaq. Bu fikrin içində gizli mesaj var. Belə bir məqamda dövlətimizin başçısının Soçidə səsləndirdiyi fikir Azərbaycan cəmiyyətində canlanma yaratdı. Bu ruh yüksəkliyi fonunda da növbəti addımlar atılacaq”.

Hikmət Babaoğlu həmçinin bəzi təkliflərlə çıxış edib. O təklif edib ki, “Qarabağ Azərbaycandır!” kampaniyasına dəstək olaraq Minsk qrupu həmsədrlərinin ölkəmizdəki səfirlikləri önündə aksiyalar keçirilsin. Yaxud da həmsədr ölkələrdə bu mövzuda konfranslar təşkil olunsun. “Regionumuzda baş verən hadisələr göstərir ki, milli dövlətlər öz təhlükəsizliyini təmin etmək üçün antiterror əməliyyatından effektiv vasitə kimi istifadə etməyi bacarırlar. Azərbaycanın hüquq-mühafizə orqanları da Dağlıq Qarabağda mümkün antiterror əməliyyatları keçirməyə hazır olmalıdır”, - deyə millət vəkili vurğulayıb.

Tədbirdə həmçinin Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Milli Məclisin deputatı Fəzail İbrahimli, Milli Məclisin deputatı Elman Nəsirov, politoloq Mübariz Əhmədoğlu və digərləri Prezident İlham Əliyevin bəyanatının tarixi əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Qeyd olunub ki, bu baxımdan, “Qarabağ Azərbaycandır!” hərəkatının yaradılması sosial sifarişə çevrilib.

Nardar BAYRAMLI

Yeni Azərbaycan.- 2019.-11 oktyabr.- S.3