Ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir

 

Prezident İlham Əliyev: Yüz minlərlə köçkün ailəsi evlərlə təmin edilib, yüzdən çox şəhərcik salınıb

 

Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi, insanların rifah halının daha da yaxşılaşdırılması istiqamətində uğurlu dövlət siyasəti həyata keçirilir. Təbii ki, bu kontekstdə dövlətin qaçqın və məcburi köçkünlərə, torpaqlarımızın azadlığı uğrunda vuruşan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinə xüsusi qayğı ilə yanaşması xüsusi vurğulanmalıdır. Ekspertlər bu kateqoriyadan olan insanlara dövlət tərəfindən yüksək diqqət və qayğının göstərilməsinin təqdirəlayiq olduğunu qeyd edirlər.

Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzindədir

Ümumiyyətlə, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf proqramlarının uğurlu icrasını hər bir vətəndaş öz həyatında hiss edir. Bu baxımdan, qaçqın və məcburi köçkünlərə göstərilən xüsusi qayğı da böyük əhəmiyyət daşıyır. Ulu Öndər Heydər Əliyev bu qəbildən olan insanlara daim diqqət və qayğı ilə yanaşıb, onların sosial müdafiəsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli iş görüb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da fəaliyyətlərində qaçqın və məcburi köçkünlərə diqqət və qayğını davam etdirirlər. 2003-cü ildən bu günədək Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların məşğulluğunun təmin edilməsi ilə bağlı 70-dən çox Fərman və Sərəncam imzalayıb, bir çox proqramlar qəbul edilib. Dövlət səviyyəsində bu istiqamətdə atılan addımlarla yanaşı, Heydər Əliyev Fondu da fəaliyyətində qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi diqqət yetirir. Bütövlükdə, bu istiqamətdə atılan ardıcıl və məqsədyönlü addımlar davamlı xarakter daşıyır.

Yeri gəlmişkən, oktyabrın 8-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışı bu qəbildən olan nümunələr sırasındadır. Məlumat üçün qeyd edək ki, təməli ötən ilin sentyabrında qoyulan “Qobu Park-2” yaşayış kompleksi məcburi köçkünlər üçün salınmış 106-cı qəsəbədir. Kompleksdə ümumilikdə onmərtəbəli 13 bina ilə yanaşı, məktəb, uşaq bağçası, poliklinika, gimnastika, güləş və trenajor zalları, şahmat mərkəzi, market, iaşə obyektləri yaradılıb. Ərazidə, eyni zamanda, istirahət parkı, uşaq əyləncə meydançası, eləcə də 3 idman meydançası inşa olunub. Bir sözlə, burada sakinlərin sosial məsələlərinin həlli üçün hərtərəfli infrastruktur qurulub. Onu da qeyd edək ki, sifarişçisi “Paşa Holding”, podratçısı isə “Kristal Abşeron” MTK olan yeni qəsəbə ötən il Lökbatanda istifadəyə verilən “Qobu Park-1” yaşayış kompleksinin yanında inşa edilib. Hazırda “Qobu Park-3” yaşayış kompleksinin də tikinti işləri sürətlə davam etdirilir. Bu yaşayış komplekslərinin inşası Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilir.

Yeri gəlmişkən, məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışında Fəridə Cabbarovanın ailə üzvləri ilə görüş zamanı bu məqamlara toxunan Prezident İlham Əliyev deyib ki, bu iki yaşayış kompleksinin istifadəyə verilməsi çox gözəl, əlamətdar hadisədir: “Burada 1300 köçkün ailəsi ən müasir şəraitdə yaşayacaq. Burada gözəl binalar tikilib, infrastruktur yaradılıb, bütün təchizat təşkil olunub - qaz, su, işıq, istilik, gözəl həyət. Ona görə bu kompleksin istifadəyə verilməsi, əlbəttə ki, ölkə miqyaslı bir hadisədir”.

Dövlətimizin başçısı həmçinin Azərbaycan dövlətinin ağır vəziyyətdə yaşayan vətəndaşların problemlərinin həllində çox böyük addımlar atdığını vurğulayaraq bildirib: “Bildiyiniz kimi, yüz minlərlə köçkün ailəsi evlərlə təmin edilib, yüzdən çox şəhərcik salınıb. Çadır şəhərciklərinin ləğv edilməsi prosesi 2007-ci ildə başa çatıb və hazırda köçkünlərin yaşayışı üçün çox gözəl şərait yaradılıb. Eyni zamanda, hələ də ağır vəziyyətdə yaşayan soydaşlarımız var, - yataqxanalarda, məktəblərdə, uyğun olmayan binalarda, - onların da problemləri həll olunacaq. Hər il Azərbaycanda minimum 6 min köçkün ailəsi evlərlə təmin olunacaq. Orta hesabla hər bir ailədə 5 nəfər vardır, beləliklə, hər il 30 min insan üçün biz yeni evlər, mənzillər tikib təhvil veririk. Yəni, bu, əslində bir şəhərdir. İndi Qobu qəsəbəsində yeni bir şəhər yaradılıb. Bütün infrastruktur var”.

O da xüsusi vurğulanmalıdır ki, beynəlxalq təşkilatlar, o cümlədən BMT Azərbaycanda məcburi köçkünlərə yüksək səviyyədə diqqət və qayğı göstərilməsini xüsusi qiymətləndirir, bu müsbət reallığın bir çox ölkələr üçün nümunə olduğu vurğulanır. Çünki bu qayğı bir çox istiqamətləri ehtiva edir. İstər müasir infrastruktura malik yeni komplekslərin istifadəyə verilməsi, istərsə məcburi köçkünlərə dövlət tərəfindən ayrılan müavinətin həcminin artırılması və digər faktlar bu kontekstdə xüsusi vurğulanmalıdır.

Özəl sektor sosial məsuliyyət daşımalıdır

Bu istiqamətdə mühüm yeniliklərdən biri məcburi köçkünlər üçün yuxarıda bəhs etdiyimiz yaşayış komplekslərinin özəl sektor tərəfindən inşa edilməsidir. Məlumdur ki, bu günə qədər 100-dən çox şəhərcik Dövlət Neft Fondunun xətti ilə tikilib. Dövlətimizin başçısı bu məqamlara toxunaraq deyib: “Mən çağırış etmişdim ki, Azərbaycanda böyük şirkətlər sosial məsuliyyət daşımalıdırlar. Demişdim ki, imkanlı sahibkarlar ağır vəziyyətdə yaşayanlara əl uzatmalıdırlar və şadam ki, mənim çağırışıma özəl qurumlar müsbət reaksiya verib. “Qobu-1”, “Qobu-2” və bu gün tikilməkdə olan “Qobu-3” yaşayış kompleksləri 100 faiz özəl sektorun hesabına salınıbdır”.

Prezident İlham Əliyev Azərbaycan şirkətlərinin sosial məsuliyyət daşımasının əhəmiyyətinə toxunaraq imkanı olan şəxslərin həmrəylik göstərməli olduqlarını, ölkədə təbəqələşmə, yoxsulluq və qeyri-bərabərliyin olmamalı olduğunu vurğulayaq deyib: “Mən bu fürsətdən istifadə edərək, bütün Azərbaycan şirkətlərinə, - kimin böyük imkanı var, kimin o qədər də böyük imkanı yoxdur, - deyirəm ki, həmrəylik göstərməlidirlər, sosial məsuliyyət daşımalıdırlar. Bizim cəmiyyətimizdə qeyri-bərabərlik, təbəqələşmə, yoxsullar olmamalıdır. Yoxsulluqla bağlı mübarizə indi görün, nə qədər gözəl nəticə verir. Bütün aparıcı beynəlxalq maliyyə qurumları bunu qeyd edir. Azərbaycanda yoxsulluq 5 faiz səviyyəsindədir, o da olmamalıdır. Amma biz bilirik ki, bəzi inkişaf etmiş ölkələrdə yoxsulluğun səviyyəsi 10-15 faizdir. Yəni, bu, sadəcə olaraq, necə deyərlər, müqayisə üçün səslənən rəqəmdir”.

Bu məqamda onu da vurğulamaq yerinə düşər ki, Azərbaycanda şəhid ailələrinin də sosial müdafiəsi daim diqqət mərkəzindədir. Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı tədbirlərin görülməsi onlara göstərilən yüksək dövlət qayğısının bariz nümunəsidir. Vətənin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin ailələrinə, eləcə də müharibə əlillərinə təqaüdlər verilir, həmin ailələr evlə, maşınla təmin edilirlər. Qarabağ döyüşlərində fiziki imkanlarını itirmiş soydaşlarımıza bu il 600 avtomobil, son illərdə isə minlərlə avtomobil verilib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanda bu kateqoriyadan olan insanlara dövlət tərəfindən göstərilən qayğı, doğrudan da, bir örnəkdir.

Prezident İlham Əliyev bütün kürsülərdə Azərbaycanın haqq işini və milli maraqlarını qətiyyətlə müdafiə edir, reallıqları dünya ictimaiyyətinin diqqətinə çatdırır

O ki qaldı Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli məsələsinə, Azərbaycan dövləti bu istiqamətdə qətiyyətli mövqe nümayiş etdirir, prinsipial fəaliyyətini davam etdirir. Bu mövqe ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında öz həllini tapmalıdır. Bir sözlə, Azərbaycanın mövqeyi qəti və birmənalıdır. Dövlət başçısının bildirdiyi kimi: “Bizim ərazi bütövlüyümüz bütün dünya tərəfindən tanınır və biz ardıcıl olaraq bu istiqamətdə öz siyasətimizi aparırıq. Ərazi bütövlüyümüzlə bağlı heç bir kompromisdən söhbət gedə bilməz. Bu, danışıqlar mövzusu deyil və olmayacaq. Daha da güclü olmalıyıq və güclənirik. Həm iqtisadi gücümüz artır, eyni zamanda, vətəndaşlarımızın əyilməz iradəsi, öz yurdundan didərgin salınan soydaşlarımızın əzmi torpaqlarımızın azad olunacağı günü yaxınlaşdırır”.

Digər tərəfdən, Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasəti, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə əlaqədar reallıqları bütün kürsülərdə, beynəlxalq tribunalarda dünya ictimaiyyətinin diqqətinə çatdırır, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı cəmiyyətdə vahid yanaşma var. “Bizim haqq işimizi mən bütün kürsülərdə arqumentlərlə, tarixi faktlarla, reallıqlarla, beynəlxalq hüquq əsasında müdafiə edirəm və bu arqumentlərə qarşı hər hansı bir irad tutmaq qeyri-mümkündür. Çünki mən həqiqəti deyirəm və bunu elə kürsülərdən deyirəm ki, bütün dünya eşitsin. Ermənistanın baş naziri Xankəndidə yığılmış bir neçə adamın qarşısında o cəfəng sözləri demişdir. Mən başqa bir beynəlxalq tədbirdə ona cavab verə bilərdim. Amma o tədbirin auditoriyası tutaq ki, 1000 nəfər, 2000 nəfər olardı. Mən onu elə bir yerdə dedim ki, hər kəs eşitsin - canlı efirdə, Rusiyada, mötəbər “Valday” Klubunun panelində dedim və bunu bütün dünya eşitdi. Yəni, sizə deyim ki, əgər işlər məhz təmkinlə, ağılla qurulursa, zərbələr də dəqiq olur. Elə zərbə vuruldu ki, o zərbədən çətin ki, ayılsınlar. Çünki kontrarqument yoxdur, ancaq yalan-palan danışmaqla düzəlmir. Əvvəllər - münaqişə ilə bağlı məlumat olmayan dövrdə, əlbəttə, bütün yalanları yayırdılar. Hər bir ölkədə onların diaspor təşkilatları var idi, bizim isə heç nəyimiz yox idi. Ona görə münaqişə ilə bağlı təhrif edilmiş faktları onlar ortaya qoymuşlar və bir çox hallarda nail olmuşlar ki, onlara inansınlar. Bu gün biz informasiya dövründə, internet dövründə yaşayırıq. Həqiqət var və bunu mən çatdırmışam. Hər kəs bilir ki, aranlı-dağlı Qarabağ əzəli Azərbaycan torpağıdır, beynəlxalq hüquq tərəfindən tanınan Azərbaycan torpağıdır və Qarabağ Azərbaycandır və nida işarəsi, vəssalam”, - deyə dövlət başçısı bildirib.

Bütövlükdə, ölkəmiz nəinki ötən müddət ərzində öz həqiqətlərini dünyaya çatdıra bilib, həm də siyasi, diplomatik, iqtisadi, hərbi sahələrdə işğalçı Ermənistan üzərində aşkar üstünlüyə nail olub. Digər sahələrdə olduğu kimi, Azərbaycanın ərazi bütövlüyü məsələsində də ölkə rəhbərliyinin qətiyyətli və birmənalı mövqe sərgiləməsi Ermənistan və bəzi xarici ermənipərəst qüvvələrin müxtəlif qərəzli niyyətlərini dəfələrlə iflasa uğradıb. Azərbaycanın qətiyyətli mövqeyinin fonunda beynəlxalq müstəvidə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruriliyi bəyan edilir. Yəni münaqişənin həlli ilə bağlı Azərbaycanın ədalətli və haqlı mövqeyi dəstəklənir, bu mövqe ardıcıl olaraq daha da güclənir. Son zamanlar müxtəlif səviyyələrdə səsləndirilən bəyanatlar, qəbul edilmiş sənədlər də Azərbaycanın haqlı və ədalətli mövqeyinin dəstəklənməsinin əyani ifadəsidir.

Nurlan QƏLƏNDƏRLİ

Yeni Azərbaycan.- 2019.- 12 oktyabr.- S.3