Nizami
Cəfərov: Azərbaycanşünas alim
Alim və ictimai xadim Nizami
Cəfərov Azərbaycanda Atatürk Mərkəzinin
direktoru, Azərbaycan Respublikası Milli Məclisinin
deputatıdır. O, Əməkdar elm xadimi, akademikdir. Nizami müəllim Azərbaycan dili tarixi, Ümumi
türkologiya, Azərbaycan ədəbiyyatı tarixi,
Azərbaycan türkcəsinin milliləşməsi və
Azərbaycanşünaslığın əsasları,
inkişaf tarixi, Qədim türk və türk xalqları
ədəbiyyatı tarixi və müasir ədəbi proses
problemləri ilə ardıcıl məşğul olur. Bu
baxımdan alimin 500-dən artıq elmi əsəri, habelə,
monoqrafiyaları qeyd oluna bilər.
Nizami Cəfərov
“Ədəbiyyat və incəsənət” qəzetinin
şöbə müdiri, BDU-nun filologiya fakültəsinin
dekanı olub. Filologiya fakültəsində “Dədə
Qorqud” elmi-tədqiqat laboratoriyasını yaradıb və ona
rəhbərlik edib. AAK-da filologiya elmləri üzrə Ekspert
Şurasının sədri işləyib.
Akademik 5 cilddə
seçilmiş əsərlərini çap etdirib, elmi
redaktoru Əməkdar elm xadimi, AMEA-nın həqiqi
üzvü, professor Tofiq Hacıyevdir. Birinci
cilddə alimin Azərbaycan dili tarixinə həsr edilmiş
əsərləri: “Ön söz, yaxud Azərbaycan dili
tarixinin metodoloji problemləri”, “Azərbaycan türkcəsinin
təşəkkülü tarixinə dair”, “Azərbaycan
dilində cümlənin struktur-semantik təkamülü”,
“Kitabi-Dədə Qorqudun dili”, “Füzuli dili”, “Azərbaycan
türkcəsinin milliləşməsi tarixi”, “Azərbaycan
ədəbi dili: Şimalda və Cənubda”,
“Ədəbiyyatşünasın dilçilik
görüşləri”, “Azərbaycan dili, türk dili, yoxsa
Azərbaycan dili və Heydər Əliyevin dil siyasəti”,
“Professor Tofiq Hacıyev” məqalələri toplanıb. Bu
məqalələrdən ciddi bir problem qırmızı
xətlə keçir: milli dilin metodologiyası,
təşəkkül tarixi, milliləşməsi tarixi,
funksional üslubların öyrənilməsi və
bütün səviyyələrdə Ümummilli Lider
Heydər Əliyevin dil siyasəti.
Akademik Nizami Cəfərov
üçün ədəbiyyatşünaslıq
problemlərinin tədqiqi həmişə aktualdır. Bu
sahədə o, 40-dan artıq kitabın müəllifidir.
Akademikin seçilmiş
əsərlərinin ikinci cildi (Bakı, “Elm”, 2007, 352 s.)
bütövlükdə milli ədəbiyyatşünaslıq
problemlərinə həsr olunub. Nəşrin elmi redaktoru
akademik İsa Həbibbəylidir. Bu cilddə akademikin
Azərbaycan ədəbiyyatı tarixinə həsr edilmiş
əsərləri, məqalələr və monoqrafiyaları
toplanıb.
Alim Azərbaycan
ədəbiyyatının mənşəyini,
dövrləşdirilməsini, intibahını, müasir
Azərbaycan ədəbiyyatının
başlanğıcını, Şimallı-Cənublu
təzahürlərinin ideya-məzmunu və tipoloji
xüsusiyyətlərini “Ön söz”, yaxud “Azərbaycan
ədəbiyyatı tarixi” məqaləsində izləyib.
Azərbaycan
xalqının şah əsəri “Kitabi-Dədə Qorqud”
dastanlarına xeyli enerji, vaxt-zəka yandırıb. İntibah
dövrünün Nizamisindən başlamış (“Nizami
Gəncəvi”), Qazi Bürhanəddin, Mirzə Cahan şah
Həqiqi, Ş.İ.Xətai (“Üç hökmdar,
üç şair”), habelə, Kişvəri
(“Kişvəri”), Füzuli və Vaqif (“Füzulidən Vaqifə
qədər”) irsinin oxşar və fərqli
təzahürləri, onların poetik dil
xüsusiyyətlərinə əhatəli diqqət yetirib. N.Cəfərov
Şərq, Azərbaycan intibahı problemləri ilə
məşğul olub (“Azərbaycan intibahı: problemlər,
mülahizələr”). Hesab edib ki, Səfəvilər dövlətinin
təzahürü olaraq XVII-XVIII əsrlər Azərbaycan
mədəniyyətinin inkişaf tarixində intibah, milli
özünüdərketmə dövrü, humanizm və
renessans mədəniyyəti dövrüdür.
Akademik
ədəbiyyatşünaslıq elminin bəzi
problemlərinin poetikası ilə bağlı da tədqiqatlar
aparıb. Məs: “Koroğlunun poetikası” monoqrafiyası,
yaxud janr texnologiyalarının inkişafı ilə
bağlı “Vidadidən Vaqifə qədər”
məqaləsi... N.Cəfərov
Azərbaycan ədəbiyyatının Şimalda və
Cənubdakı mövcud təzahürlərindən də
yazıb (“Azərbaycan ədəbiyyatı: Şimalda və
Cənubda”). Şimalla Cənub arasında ədəbi-mədəni
əlaqələrin intensivləşdirilməsi, yeni
səviyyəyə qaldırılması
məsələlərini aydınlaşdırıb.
Alim XX əsr Azərbaycan
ədəbiyyatının dövrləşdirilməsi
probleminə (“XX əsr Azərbaycan ədəbiyyatı”)
məxsusi yanaşıb, mərhələli: XIX əsrin sonu,
XX əsrin əvvəllərindən XX əsrin 30-cu
illərinin ortalarına qədər; 1930-cu illərin
ortalarından 1950-ci illərin sonu, 1960-cı illərin
əvvəllərinə qədər; 1950-ci illərin sonu,
1960-cı illərin əvvəllərindən 1980-ci
illərin sonu,1990-cı illərin əvvəllərinə
qədər; 1980-ci illərin sonu, 1990-cı illərin
əvvəllərindən sonra. Əsasən tarixilik prinsipini
əsas götürüb.
Nizami müəllim
tədqiqatlarında sovet dövrü Azərbaycan
ədəbiyyatının klassiklərinə geniş yer
verib: “Səməd Vurğunun İsmayıl
Şıxlı, yaxud mənalı ömrün dastanı”,
“Bəxtiyar Vahabzadə, yaxud millətin şairi”, “Hüseyn
Arif dünyası”, “Akademik Bəkir Nəbiyevin
yaradıcılıq yolu”, “Həyat dəryasının
ədəbiyyat gəmiçisi”, “Seyfulla Əsədullayev
haqqında”, “İsa Muğanna: məlumluqdan məchulluğa”,
“İsa Hüseynov (Muğanna) və onun “İdealı”,
“Azərbaycan ədəbiyyatı filosofu Yaşar Qarayev
haqqında”, “Nəriman Həsənzadə: tariximizin taleyi,
taleyimizin tarixi”, “Anar”, “Elçin”, “Fərman
Kərimzadə... Düşünən tarix (və
düşündürən) tarix”, “Yazıçı,
publisist... və milli ictimai xadim” /Hidayət haqqında/,
“Zəlimxan Yaqubdan yazanda”, “Vidadi Babanlıya açıq
məktub” və başqaları. Bir sözlə,
klassiklərdən müasirlərə qədər.
Köklərdən budaqlaradək. Tariximizin taleyi, taleyimizin
tarixi boyunca etnik-kulturoloji əsaslardan müasirliyə,
milli-estetik normativliyə qədər. Milli mənlik
şüuru və məfkurəsinəcən.
Tədqiqatçı-alim
ədəbi tənqid və bədii prosesin problemləri
ilə ardıcıl məşğul olur. Məsələn:
ümumi və tarixi planda - “Genezisdən tipologiyaya”, “Azərbaycan
xalqının ədəbi mədəniyyəti” və s. Xüsusi və çağdaş planda -
“Azərbaycan Prezidenti Heydər Əliyevin gənc
yazıçılarla görüşündə
çıxış”, “Azərbaycan
Yazıçılarının X qurultayında məruzə”,
“Tənqidin tənqidi”, “Müasir ədəbi proses, yaxud
“fövqəladə vəziyyətdə
düşüncələr”, “Zaman ədəbiyyat
adamlarına əsl yerini başa salır”,
“Azərbaycan ədəbiyyat siyasəti”. Yaşar Qarayev,
Elçin, Bəkir Nəbiyev, Seyfulla Əsədullayev
ədəbi şəxsiyyəti və tənqidi.
Nəhayət, açıq məktublar (“Cəza”
müəllifinə açıq məktub”, “Vidadi Babanlıya
açıq məktub”) və s.
Türkologiya, Azərbaycanın
Türk dünyasındakı etnokultroloji, sosial-siyasi
problemləri ilə sistemli tədqiqlər akademik Nizami
Cəfərovun, deyərdim ki, həyat tərzidir. Bu
baxımdan alimin III cilddə (Bakı, “Elm”, 2007, 324 s.)
toplanmış əsərləri xeyli elmi müddəa deyir.
Beləliklə: Alim türkologiyanın tarixinə yenidən
baxış edir, ümumtürk ədəbi dilinin
təşəkkülü, təkamülü və
tənəzzülünü izləyir. Ümumtürk
ədəbiyyatı tarixinin problemlərini,
vəzifələrini göstərir,
əsaslandırır. Eləcə də
Azərbaycan türkcəsinin
təşəkkülünü: differensiasiyası və
inteqrasiyasını, türk-müsəlman
mədəniyyətini, Tanrıçılıqdan İslama
qədər olan mədəniyyəti izləyir və professor
Yaşar Qarayev demişkən, meyar şəxsiyyətdir, -
deyə milli şəxsiyyətlərini nişan verir: həm
tarixi, həm də çağdaş
gerçəklikdə. Məs.: Atatürk və Heydər
Əliyev kimi! (“Türk dünyasının
fəxri, yaxud böyük türklərdən biri”,
“Azərbaycan atatürkçülüyü, yaxud Heydər
Əliyev Atatürk haqqında”, “S.Nəzərlinin “Heydər
Əliyev Atatürk haqqında” kitabına ön söz”,
“Türkiyə Cümhuriyyətinin banisi, türk
dünyasının iftixar mənbəyi”,
“Türkiyə Atatürkün, Azərbaycan Heydər
Əliyevin əsəridir”) və s.
Nizami Cəfərov, eyni zamanda,
Azərbaycanşünas alimdir.
Cəmiyyətşünaslığın,
Azərbaycanşünaslığın problemləri,
onların sosial-siyasi fəlsəfəsi ilə
məşğul olur. Problemin elmi-nəzəri və
sosial-fəlsəfi, habelə, ədəbi-estetik
əsaslarını alimin “Seçilmiş
əsərlər”inin IV cildində izləyə bilirik.
Nəşrin (Bakı, “Elm”, 2007, 328 s.) elmi redaktoru
fəlsəfə elmləri doktoru, professor Həmid
İmanovdur.
Alim
Azərbaycanşünaslığın müasir problemlərini
qabardıb, Azərbaycan haqqında tarixi-kulturoloji fikirlər
söyləyib, Azərbaycanın etnik tarixinə aid olan
problemləri göstərib. O, Azərbaycan
xalqının təşəkkülü, milli
dövlətçilik təfəkkürünün
formalaşması, ölkədə milli mədəniyyətin
təşəkkül mərhələsi, XVII-XVIII
əsrlər Azərbaycan mədəniyyətinin folklor
tipologiyası, milli dilin - Azərbaycanın milli
özünüifadəsi, türk dünyasının
birlik strategiyası, onun iqtisadi-mədəni və siyasi birlik
məramı, habelə, Azərbaycan diasporu, ölkədə
türkşünaslığın müasir vəziyyəti,
Azərbaycan mədəniyyətinin dünəni, bu
günü və sabahından danışıb -
problemləri, vəzifələri və onların həlli
yollarını müəyyənləşdirib,
tədqiqatçısı və
təbliğatçısı olub.
Nizami Cəfərov
həm də problemlərin həllində tarixi-milli və
siyasi güc və səbatı epos, etnos və kitabda
(Dədə Qorqud), Azərbaycan Respublikasının
Ümummilli Lideri Heydər Əliyevdə, Onun dil,
ədəbiyyat və mədəniyyət siyasətində
görüb, müstəqil Azərbaycan idealı,
ideologiyasının əsası olan Füyuzatçılıqda,
Azərbaycançılıqda (həm də Azərbaycan Xalq
Cümhuriyyətinin ideoloji əsasında - N.C.), siyasət
(Nəriman Nərimanov, Heydər Əliyev, İlham Əliyev,
Azərbaycan və azərbaycanlılar!) və ən yeni
tarixin fəlsəfəsində (“Ən yeni tarixin
fəlsəfəsi, yaxud akademikin mübarizəsi”),
Birinci Türkoloji Qurultaydan Atatürk
Mərkəzinəcən olan dövrdə görüb.
Akademik Nizami Cəfərovun
beşcildliyinin beşincisində onun elmi, elmi-publisistik və
tədris məqalələri yığılıb (Bakı,
“Elm”, 2007, 320 s.). Burada müxtəlif
mövzu və problemləri görürük:
Ədəbiyyatın siyasətini, müdrikliyin
fəlsəfəsini, filosofların müdrikliyini,
ədəbiyyatdakı siyasəti və siyasətdəki
ədəbiyyatı, habelə, nizamişünas Rüstəm Əliyevi,
Məsiağa Məhəmmədini, Qəvamər Maqsudini,
İsmayıl Şıxlını, Mir Cəlalı,
Nəriman Həsənzadəni, Hidayəti və başqalarını.
Nizami müəllim uzun
müddətdir elmin tədrisi ilə məşğul olur,
elmi-tədris fəaliyyəti və
təşkilatçılığına önəm verir. O,
vəzifə borcu olaraq elmi-nəzəri və metodik
vəsaitlər hazırlayıb, tədris problemlərini
yönləndirib, elmi layihələri tədris praktikasına,
kitablara, vəsaitlərə, proqramlara tətbiq edib. Bu
baxımdan xatırladıla bilər:
“Ədəbiyyatımızın tədrisi: problemlər,
mülahizələr haqqında”, “Ali məktub,
tələbə və müəllim”, “Qiymətli tədris
vəsaiti”, proqramlar, dərsliklər, dərs vəsaitləri
və s.
Nizami Cəfərov BDU-nun
dilçilik kafedrasının müdiri, türkologiya
kafedrasının professorudur. O, Azərbaycan
Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası
“Azərbaycan dili və ədəbiyyatı” bölməsinin
üzvü kimi orta məktəblər üçün
Azərbaycan dili proqramları və dərsliklərinin
hazırlanmasında iştirak edib, Elmi-Metodik Şuranın
“Azərbaycan dili və ədəbiyyatı” bölməsinin,
AAK-ın filologiya elmləri üzrə Ekspert Şurasının
sədri, II, III, IV və V çağırış MM-in
deputatı, habelə, Qazaxıstan, Qırğızıstan
parlamentləri ilə əlaqələr üzrə
işçi qrupunun üzvüdür. O, Yeni Azərbaycan
Partiyasının üzvüdür.
Bu il sentyabrın 21-də
görkəmli alim və ictimai xadimin 60 yaşı tamam
oldu. Elm, tədris və
siyasətşünaslıq sahəsində böyük
xidmətləri olan Əməkdar elm xadimi, AMEA-nın
həqiqi üzvü, professor Nizami Qulu oğlu Cəfərovu
60 illik yubileyi münasibətilə ürəkdən
təbrik edir, ona möhkəm cansağlığı və
daha böyük uğrular arzulayırıq.
Əlizadə
ƏsgərliAMEA Nizami Gəncəviadına Ədəbiyyat
İnstitutunun
direktor müavini, filologiya elmləri doktoru,
professor
Yeni Azərbaycan.- 2019.- 12 oktyabr.- S.7