“Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” kitabı nəşr olunub
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının “Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” adlı kitabı nəşr olunub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, nəşrdə azərbaycançılıq ideyasının mədəni, mənəvi və tarixi köklərindən, sovetlər dövründə bu ideyaya münasibətdən, Ulu Öndər Heydər Əliyev tərəfindən azərbaycançılığın dövlət ideologiyası səviyyəsində təsdiq olunmasından, müstəqil dövlət quruculuğu prosesində bu ideyanın təbliği və təşviqindən bəhs edilir.
Üç fəsildən ibarət kitabda müəllif, eyni zamanda, azərbaycançılıq ideologiyasında dini-mənəvi dəyərlərin mühüm yer tutması, milli-mənəvi dəyərlərin xalqın mənəviyyatı, dünyagörüşü, həyat və düşüncə tərzinin ayrılmaz hissəsini təşkil etməsi, ideologiyanın tərkib hissəsində İslam dininin dəyərlərinin mühüm yeri və əhəmiyyəti kimi məsələlərə toxunub.
Müəllif kitabın “Mənəvi dəyərlər azərbaycançılıq ideologiyasının hissəsi kimi” adlanan üçüncü fəslində Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışının dini dəyərlərə münasibətdə, dövlət-din münasibətlərində yeni mərhələnin başlanğıcını qoyduğunu, ölkəmizdə sabitliyin və tərəqqinin əsas amil olduğunu nəzərə alaraq multikulturalizmin siyasi və hüquqi müstəvidə yerini müəyyənləşdirdiyini vurğulayıb.
M.Qurbanlı müstəqilliyimizin bərpasından sonra xalqın yüksək mənəvi dəyərlərini qoruyaraq bütövlükdə sağlam cəmiyyətin formalaşmasına təsir göstərmək, onun tarixi yaddaşını, milli-mənəvi dəyərlərini gələcək nəsillərə ötürmək kimi tarixi vəzifələri üzərinə götürən Ümummilli Lider Heydər Əliyevin bu sahədə həyata keçirdiyi missiyadan geniş bəhs edib.
Geniş oxucu auditoriyası üçün nəzərdə tutulan kitab dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində çalışan mütəxəssislər, eləcə də siyasi şərhçilər və gənc tədqiqatçılar üçün faydalı ola bilər.
Yeni Azərbaycan.- 2019.- 18 oktyabr.- S.4