Siyavuş Novruzov: Paşinyanın
Soçidə, Aşqabadda vəziyyəti ağırlaşan
kimi Əli Kərimli burda mitinq keçirmək istəyir
Milli Məclisin
İctimai birliklər və dini qurumlar komitəsinin sədri,
Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini
Siyavuş Novruzovun APA-ya müsahibəsi:
- YAP
son vaxtlar tez-tez müşavirələr, gənclərlə
görüşlər keçirir. Bu görüşlərdə
partiya üzvləri sosial şəbəkələrdə
aktiv olmağa, xüsusən radikal çıxışlara
qarşı əks-arqumentlərlə çıxış etməyə
çağırılır. Bundan
başlamağınızı istərdik?
- Partiyanın proqramına uyğun olaraq
görüşlər keçirilir. Bildiyiniz kimi, bu il ölkəmizdə
bələdiyyə seçkiləri keçiriləcək.
YAP hər zaman seçkilərə uzunmüddətli dövrdə
hazırlaşır. Bununla əlaqədar görüşlər
keçirilir, müvafiq tapşırıqlar verilir. Hazırda
YAP-ın 750 mindən çox üzvü var və onlar 8 min
ilk təşkilatda birləşib. Biz
çalışırıq ki, təşkilat sədrləri
ilə görüşək. Çünki
bütövlükdə partiya üzvlərinin hamısı ilə
birlikdə görüşmək mümkün deyil. Bundan əlavə,
cənab Prezident tərəfindən ölkəmizdə
hazırda sosial, iqtisadi, kənd təsərrüfatı, məhkəmə-hüquq
və digər sahələrdə islahatlar aparılır.
Bildiyiniz kimi, bir neçə
gün bundan öncə cənab Prezident İlham Əliyev
Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq
Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında
Dağlıq Qarabağla və Türkmənistanın
paytaxtı Aşqabad şəhərində keçirilən
MDB Dövlət Başçıları Şurasının
məhdud tərkibdə iclasında Ermənistanda faşizmə
xidmət edən insanların qəhrəmanlaşdırılması
ilə bağlı tarixi bəyanatla çıxış
edib. Hazırda məlum olduğu kimi, dövlət
başçısının “Valday” Beynəlxalq Diskussiya
Klubunun XVI illik iclasının plenar sessiyasında “Qarabağ
Azərbaycandır və nida işarəsi” bəyanatı Azərbaycan
xalqının devizinə çevrilib. Azərbaycan xalqı bu
şüar ətrafında birləşərək
torpaqlarımızı azad etməyə hazırdır və
xalq Prezidentlə birgədir. Bu gün beynəlxalq hüququn
normaları beynəlxalq təşkilatlar tərəfindən,
təəssüf ki, yerinə yetirilmir, onlara ikili standartlarla
yanaşılır. Neçə illərdir ki, ATƏT-in Minsk
qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
məşğul olur. Amma son anda gəlib deyirlər ki, siz
razılaşın, razılaşdıqdan sonra biz də
razı olacağıq. ATƏT-in Minsk qrupunun 3 böyük
dövlətinin nümayəndələri əgər bizim əsirlikdə
olan iki nəfərimizi geri ala bilməyiblərsə, 20 faiz ərazimizi
necə alacaqlar? Artıq bu suallar qoyulmalıdır. Cənab
Prezident tərəfindən də hər zaman bu məsələlər
beynəlxalq təşkilatlarda, konfranslarda
qaldırılır. Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik
Şurasının qəbul etdiyi 4 qətnamənin hələ
də yerinə yetirilmədiyi qeyd olunur. BMT-də başqa bir
ölkə ilə bağlı sənəd qəbul edilən
zaman isə mürəkkəbi qurumamış yerinə
yetirilir. Bu baxımdan insanların geniş şəkildə
maarifləndirilməsinə ehtiyac var. Çünki bu gün
bəzi qüvvələr var ki, Ermənistan tərəfindən
maliyyələşir. Erməni təbliğatını
aparır, Ermənistanda “demokratiyanın” çiçək
açdığını deyirlər. Ancaq özlərini azərbaycanlı
adlandırırlar. Onların nəslini, kökünü
araşdıran zaman isə görürsən ki, gedib başqa
tərəfə çıxır. Çünki
xalqını, dövlətini sevən bunları etməz. Bu
baxımdan da biz insanlarla görüşürük,
onların təkliflərini, problemlərini dinləyirik və
lazımi orqanlara çatdırırıq. Gənclərin
daha aktiv şəkildə bu məsələlərə
qoşulmasının zərurət olduğunu onların diqqətinə
çatdırırıq. Deyirik ki, bu vətən sizindir, ona
görə vətənin müdafiəsi siyasi
baxışından asılı olmayaraq, hər bir vətəndaşın
borcudur.
- YAP zaman-zaman müxtəlif aksiyalar təşkil
edir, çağırışlar edir. Bu yaxınlarda YAP Sədrinin
müavini-İcra katibi Əli Əhmədov da Silahlı
Qüvvələrə Yardım Fonduna vəsait
köçürülməsi ilə bağlı
çağırış etmişdi. Bu məsələ nə
yerdə qaldı?
- Hazırda bununla bağlı proses gedir. Sonuncu
toplantıda da belə bir məsələ
qaldırıldı ki, “Dağlıq Qarabağın azərbaycanlı
icması” İctimai Birliyində də belə bir fond
yaradılsın və vətəndaşlar həmin fonda pul
köçürsünlər. Təbii ki, dövlət bununla
bağlı müəyyən addımları atır. Həmin
fonda yığılan vəsait müəyyən təbliğat-təşviqat
işlərinə, kitabların çapına yönləndirilə
bilər. YAP-ın bu istiqamətdə təşəbbüsləri
çoxdur. Silahlı Qüvvələrə Yardım Fonduna vəsait
köçürülməsi ilə bağlı təşəbbüsə
YAP-ın bütün rayon və şəhər təşkilatları
qoşulub, aktiv şəkildə iştirak edib və edirlər.
Elə rayon təşkilatımız var ki, Silahlı Qüvvələrə
Yardım Fonduna 20 min manatdan çox vəsait
köçürüb. Milli Məclisin bəzi deputatları
da öz əməkhaqqının 20-30 faizini həmin fonda
köçürüblər. Hətta partiya üzvü
olmayan deputatlar da bu təşəbbüsə qoşulublar.
Bundan əlavə, bu il “Nəsimi ili” olduğundan bütün
respublika ərazisində 650 min ağac əkiləcək. Həmçinin
partiya tərəfindən kimsəsiz ailələrə dəstək
aksiyası keçirilir. YAP mütəmadi olaraq belə
aksiyaların keçirilməsi təşəbbüsü ilə
çıxış edib və bundan sonra da edəcək.
- Siz həm də Milli Məclisin İctimai
birliklər və dini qurumlar komitəsinin sədrisiniz.
Bildiyimiz kimi, “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər
ediləcək. Dəyişikliklər əsasən nələrdən
ibarət olacaq?
- Azərbaycanda “Dini etiqad azadlığı
haqqında” qanun 1992-ci ildə qəbul edilib. Biz müxtəlif
beynəlxalq təşkilatların üzvüyük. Ölkəmizdə
müxtəlif beynəlxalq tədbirlər keçirilir. Biz
İspaniyada, Türkiyədə, İranda, Rusiyada və s.
ölkələrdə tədbirlər keçiririk. Hər dəfə
yeniliklərin şahidi oluruq. Bu baxımdan da bu sahə üzrə
kifayət qədər təcrübə toplanır, müxtəlif
ölkələrin bu sahə ilə bağlı qanunvericiliyi
öyrənilir. Baxmayaraq ki, Azərbaycanda insanların əksəriyyəti
İslam dininə etiqad edir, ölkəmiz Avropanın bir hissəsidir.
Bizim həm də Qərb və Şərqlə geniş əlaqələrimiz
var. Azərbaycan onlarda olan dəyərlərin ən
yaxşılarını əxz edərək özündə
tətbiq edir. Bu baxımdan da qanunda müəyyən dəyişikliklərin
edilməsinə zərurət var. Zaman keçdikcə, proseslər
inkişaf etdikcə, qanuna da dəyişikliklər edilməlidir.
Bu baxımdan da biz “Dini etiqad azadlığı haqqında”
qanuna dəyişikliklər edəcəyik. Azərbaycanda qəbul
edilən “Dini ekstremizmə qarşı mübarizə
haqqında” qanun dünya ölkələri tərəfindən
bəyənilir. Hətta bəzi ölkələr bu qanundan
yararlanır. Ümumiyyətlə, sahəsindən
asılı olmayaraq, ekstremizm çox mənfi bir şeydir.
Dində olanda isə ikiqat mənfidir. Din azaddır. Allaha
çatmağa müxtəlif yollar var. Allah birdir və
hamı tərəfindən qəbul edilib. Kim hansı yolu
tutubsa, ona məcburiyyət olmaz. Düzdür, müəyyən
qüvvələr var ki, şirnikdirməklə, pulla ələ
almaqla, digər şeylərlə insanları aldadıb yoldan
çıxarır. Amma qanunda əksini tapan, qeydiyyatdan
keçən dinlər Azərbaycanda azaddır. Hazırda
“Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklərin
üzərində iş gedir.
- Bir ara deputat həmkarlarınız Özbəkistanda
yaltaqlığın qadağa olunduğunu əsas gətirərək,
bu qanunun ölkəmizdə də tətbiq edilməsini təklif
etmişdilər. Buna münasibətiniz nədir? Sizcə, buna
ehtiyac varmı?
- Bu, nəzəri məsələdir. Biri onu həqiqət
kimi, digəri isə yaltaqlıq kimi qəbul edə bilər.
Yaltaqlanmağa Şərqdə yanaşma bir cürdür, Qərbdə
başqa cür. Bu, tarixən gələn məsələlərdir.
Ona görə hesab edirəm ki, yaltaqlığı hər
hansı qanunla yox, təbliğatla, insanları inandırmaqla
aradan qaldırmaq olar. Yoxsa qanun qəbul etdik, kim onu məhkəməyə
verəcək ki, qanunu pozaraq yaltaqlıq edib. Bunun özü
anormal bir şeydir.
- Bir neçə gün öncə Müsavat
Partiyasının qurultayı keçirildi və Arif
Hacılı yenidən başqan seçildi. Yəqin, siz də
izlədiniz ki, qurultayla bağlı kifayət qədər
narazılıq, fərqli açıqlamalar oldu.
Müsavatın qurultayı barədə fikrinizi bilmək
maraqlı olardı...
- Mən Müsavat Partiyasının
qurultayını sonacan izlədim. 30 il keçməsinə
baxmayaraq, 1990-cı illərdən bir qarış qabağa
getməyən qurultay keçirildi. Hətta mən deyərdim
ki, sovetlər birliyi dövründə kolxozların ümumi
yığıncaq iclasları Müsavat Partiyasının
qurultayından daha yaxşı keçirilirdi. Əvvəla,
onu qeyd edim ki, qurultay qanunvericiliyə, partiya nizamnaməsinə,
ümumi təlimatlara uyğun şəkildə keçirilmədi.
Tamamilə şəxsi məqsədlər üçün
keçirildi. Arif Hacılının ilk dəfə başqan
seçilməsindən başlayaraq Müsavat
Partiyasının qurultayının hamısı bu formada həyata
keçirilib. Xatırlayırsınızsa, birincidə Rauf
Arifoğlu Müsavatı tərk elədi və qurultayın
demokratik keçirilmədiyi barədə
çıxış etdi. İkincidə isə Tural
Abbaslı ilə Qubad İbadoğlu partiyanı tərk elədi.
Budəfəki qurultayda da Tofiq Yaqublu və
Yadigar Sadıqlının orada iştirakı, sadəcə,
fon yaradırdı. Bu məsələ artıq qurultaya qədər
həll olunmuşdu. Əvvəla, Müsavatın Aparat rəhbəri
Gülağa Aslanlı qurultay nümayəndələrini
özü seçmişdi. Deyirlər ki, Müsavat
Partiyasının milyonlarla üzvü var. 10 nəfərə
1 nəfər qurultay nümayəndəsi nəzərdə
tutulmuşdu. Bu da eləyir 390 nəfər. Yəni Müsavat
Partiyasının bütövlükdə Azərbaycanda 4 min
üzvü var. Bunu digər namizədlərin fikirləri ilə
də əsaslandıra bilərəm. Məsələn,
Yadigar Sadıqlı deyib ki, biz 300 nəfərdən artıq
insanı Məmməd Əmin Rəsulzadənin abidəsinin
qarşısına yığa bilmirik. Bunu da biz demirik ki! Bunu
partiyada başqanlığa namizəd olan şəxs deyir. Bəs biz niyə deyirdik ki, onlar niyə məhz
şəhərin mərkəzində mitinq keçirmək
istəyirlər? Çünki elə yer istəyirlər ki,
onlara icazə verilməsin və yerin verilməməyini bəhanə
gətirərək mitinq keçirməsinlər. Əgər
sənin tərəfdarın varsa, yerin önəmi
olmamalıdır. Bunun məsələyə aidiyyəti
yoxdur. O baxımdan da deyirəm ki, Arif Hacılı qurultaya gələn
vaxt artıq başqan seçilmişdi. Çünki qurultay
nümayəndələrinin 90 faizi onun adamları idi. O
qurultay, sadəcə, bir şou idi. Digər bir məsələyə
də diqqətinizi çəkim. Debat vaxtı sosial şəbəkələrdə
Tofiq Yaqublunu dəstəkləyirdilər. Bunlar da Əli Kərimlinin
adamları idi.
Bunu oxuyan kimi adam bilir. Digər
maraqlı bir məqam isə ondadır ki, başqanlığa
namizədlər çıxışlarında Dağlıq
Qarabağla, sosial layihələr, gənclərlə partiya
daxili münasibətlər, demokratiya ilə bağlı məsələlərə
toxunmadılar. Arif Hacılı əvvəlcədən
seçildiyinə görə təşəkkürünü
bildirdi, Tofiq Yaqublu çıxışını “Milli
şura”nın agenti olmadığına həsr
etdi, Yadigar Sadıqlı isə qeyd elədi ki, Müsavat,
ümumiyyətlə, fəaliyyət göstərmir. İsa Qəmbərin isə seçkiyə bilavasitə
müdaxilə etməsi antidemokratik məsələdir. Onlar mitinqdə necə qışqırmağı,
piketdə polisə özünü çırpıb həbs
olunmağı və digər məsələləri
yaxşı bilə bilərlər, amma seçki məsələsində
onlara maarifləndirici kurslar və treninqlər keçə
bilərəm. Hesab edirəm ki, Müsavat
Partiyasının qurultayı şou idi. Bunlar,
sadəcə, müsavat adını mənimsəyiblər.
Məsələn, siz tərəzinin bir gözünə
M.Ə.Rəsulzadəni, bir gözünə Arif
Hacılını, bir gözünə F.X. Xoyskini, digərinə
Y.Sadıqlını qoyun. Necə də gülməli
görünür. O insanlar Azərbaycanı istəyən
adamlar idilər. O Müsavat bu Müsavat deyil.
O Müsavat Azərbaycan xalqının idi, bu
Müsavat isə İsa Qəmbərlə Arif
Hacılınındır.
- Bakı
Şəhər İcra Hakimiyyəti oktyabrın 19-da “Milli
şura”nın “Neftçi” İdman Klubunun
Qaradağ təlim-idman bazasında mitinq keçirməsinə
razılıq verib. Lakin “Milli şura” bununla
razılaşmır, Əli Kərimli sosial şəbəkədə
paytaxtın “28 May” metrosu ətrafında icazəsiz mitinq
keçiriləcəyi ilə bağlı çağırış
edib...
- “Milli
şura”nın mitinq keçirməsi
üçün Bakı Şəhər İcra Hakimiyyəti
“Neftçi” İdman Klubunun Qaradağ təlim-idman
bazasını ayırıb. Çox səliqəli,
rahat yerdir. Keçirmək istəyirlərsə,
buyursunlar. Azərbaycanda qanun alidir və
hamı ona tabedir. Onların “28 May” metrosu ətrafında
mitinq keçirmək niyyətlərinin səbəbi isə hər
kəsə məlumdur. Bakıda əhalinin
ən sıx hərəkətdə olduğu, ictimai nəqliyyat
qovşağının və ticarət mərkəzlərinin
mövcud olduğu bu ərazi onlara olmayan elektoratını qələbəlik
göstərmək, yoldan keçən təsadüfi
insanları mitinqə cəlb etmək üçün
lazımdır. Belə kiçik hiylələrlə,
xırda hisslərlə və hesablarla kütləvi aksiyalar təşkil
etmək təşəbbüsləri, heç şübhəsiz,
qanunun sərt üzü ilə qarşılaşmaqdır.
Çünki radikal müxalifətin əsl məqsədi
paytaxtda və ölkədə ictimai-siyasi sabitliyi pozmaq,
qanunsuzluq mühiti yaratmaq və cəmiyyəti
qarşıdurmaya sövq etməkdir. Əvvəlcədən
bəyan edilib ki, bu cəhdlər baş tutmayacaq. Digər tərəfdən niyə bu aksiyalar məhz
ölkəmizdə mötəbər beynəlxalq tədbirlərdən
bir neçə gün əvvələ təyin olunur? Misal üçün, Avroviziya musiqi
yarışması, bir sıra nüfuzlu idman tədbirlərindən
əvvəl biz bunun şahidi oluruq. Məqsəd
Azərbaycan hakimiyyəti tərəfindən min bir çətinliklə,
erməni lobbisi və onların havadarları ilə gərgin
mübarizə şəraitində ölkəmizin yüksələn
beynəlxalq imicini zədələməkdir. Çünki onlar güman edirlər ki, Azərbaycanın
imici zədələnsə, hakimiyyətin də beynəlxalq
aləmdəki nüfuzu düşəcək. Təəssüf ki, belə primitiv, antimilli və
qeyri-vətənpərvər radikal müxalifətimiz var.
Lakin tarix göstərir ki, onların çirkin əməlləri
daim ifşa edilir, özləri isə getdikcə
marginallaşaraq tarixin zibilliyinə doğru inamla
addımlayırlar. Bu gün “Milli
şura”da olan Əli Kərimli, Cəmil Həsənli Ermənistanın
baş naziri Nikol Paşinyana Əbülfəz Elçibəydən
çox xidmət göstərir. Onların
xisləti ölkəmizin gündən-günə artan
nüfuzuna xələl gətirməkdir. Oktyabrın
15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının (Türk Şurası) VII Zirvə
Görüşü keçirildi və Qarabağla
bağlı bəyanat verildi. Bax tədbir
budur. Bunlar isə ara
qatışdırmaq istəyirlər. Paşinyanın
Soçidə, Aşqabadda vəziyyəti ağırlaşan
kimi Əli Kərimli burda mitinq keçirmək istəyir. Cəmil Həsənli də hazırda Amerikada oturub.
Ona oradan nə tapşırıq verirlərsə,
o da çatdırır və onu etməyə
çalışırlar. Ancaq ara
qatmaq istəyirlər.
- Son
zamanlar deputatların biznes fəaliyyətindən
yazılır, onların mülkləri açıqlanır. YAP
funksioneri olaraq bu barədə nə deyə bilərsiniz?
- YAP-ı təmsil edən deputatlara mütəmadi
olaraq istiqamət verilməsi, seçicilərlə
görüş, mətbuatda çıxışı,
davranış qaydaları və s. məsələlərlə
əlaqədar partiya tərəfindən işlər gedir.
Onların fəaliyyəti ilə bağlı
araşdırmalar aparılır. Deputatlıqla biznes fəaliyyəti
heç vaxt bir araya sığmaz və qanunla bu,
qadağandır. Deputat seçilən zaman öhdəlik ərizəsi
yazır. Orada göstərir ki, deputat olduğu müddətdə
elmi yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər
fəaliyyətlərlə məşğul ola bilməz.
Əgər kimsə buna əməl etmirsə, demək, qanunu
pozur. Qanunu pozduğuna görə də deputat mandatını
itirməlidir.
- Siyavuş müəllim, müsahibələrinizin
birində müxalifətə dəstək verən
keçmiş nazirlərin dosyesinin stolunuzun üstündə
olduğunu demişdiniz...
- Müəyyən adamlar var ki, dövlətdən
pul oğurlamışdılar, hazırda onlar cinayət məsuliyyətinə
cəlb olunublar, məhkəmələri gedir. Milli Məclisə
hər il Hesablama Palatası hesabat təqdim edir. Həmin
hesabatda qeyd edilir ki, hansı strukturlar büdcə qanunvericiliyini
pozaraq artıq vəsaitlər xərcləyib. Əsas məsələ
odur ki, büdcədən gedən vəsaitlər geri
qaytarılsın. Çünki o vəsaitlər
xalqındır. Bizim də məqsədimiz budur. Uğurlu
hakimiyyət öz tərkibini mütəmadi yeniləməyi
və dövrün tələblərinə uyğun olan
kadrlarla gücləndirməyi bacaran hakimiyyətdir.
Bildiyimiz kimi, dünən -
oktyabrın 16-da möhtərəm Prezidentimiz, cənab
İlham Əliyevin rəhbərliyi ilə cari ilin doqquz
ayının yekunlarına həsr olunmuş müşavirədə
dövlət başçısı tərəfindən bir
sıra nazirliklərin indiki və keçmiş rəhbərlərinin
bəzilərinin yarıtmaz fəaliyyəti
açıq şəkildə tənqid olundu. Xüsusilə
qeyri-neft sektorunda son üç il ərzində artım
tempinin zəifləməsi, bu sahədə bank sektorunun
investisiya qoyuluşundakı yarıtmaz fəaliyyəti qeyd
edildi. Bəzi nazirlərin bir-birinə qarşı kompromat əməlləri
sərt şəkildə qınandı. Öz işində
nöqsanlara yol verən kadrlar indiyədək dəyişdirilib,
bundan sonra da dəyişdiriləcək və bu, çox
normal prosesdir. Bilirsinizmi, iş varsa, bu tip çətinliklər,
neqativ halların da ortaya çıxması
qaçılmazdı. Əsas bütün bunların öhdəsindən
uğurla gələn güclü siyasi iradənin
olmasıdır. Azərbaycan Prezidenti cənab İlham
Əliyev ölkəmizi ardıcıl nailiyyətlərə
aparan möhkəm komanda formalaşdırıb, zəngin,
qüdrətli dövlət quruculuğu istiqamətində inamlı
addımlar atılır, gələcəkdə də
atılacaq.
Yeni Azərbaycan.-
2019.- 18 oktyabr.- S.5