18 Oktyabr Azərbaycanın Dövlət
Müstəqilliyi Günüdür
Ulu Öndər Heydər Əliyevin əsasını
qoyduğu siyasətin son 16 ildə uğurla davam etdirilməsi
nəticəsində müstəqil Azərbaycan dünya
miqyasında güclü dövlətə çevrilib
18 Oktyabr müstəqil Azərbaycanın
tarixində əlamətdar bir gündür. Düz
28 il bundan öncə - 1991-ci il 18 oktyabr tarixində Azərbaycan
Ali Sovetinin növbədənkənar sessiyasında bir
neçə gün davam edən müzakirələrdən
sonra “Azərbaycan Respublikasının dövlət müstəqilliyi
haqqında Konstitusiya Aktı” qəbul edilib. Bu gün ölkəmizin hər bir vətəndaşı
qısa tarix ərzində sınaqlardan uğurla
çıxaraq möhkəmlənən, dünyanın
sayılıb-seçilən dövlətləri
sırasına yüksələn müstəqil Azərbaycanla
qürur duyur və respublikamızın sosial-iqtisadi, mədəni
inkişafına öz töhfəsini verməyə
çalışır.
Azərbaycanın müstəqilliyə gedən
yolu hamar olmayıb
Dünyada öz müstəqil dövlətini
yaratmaq heç də bütün xalqlara nəsib olmayıb.
Dövlət müstəqilliyi qazanmaq, öz taleyinin sahibi
olmaq Azərbaycan xalqının çox böyük xoşbəxtliyidir.
Ancaq respublikamızın müstəqilliyinə gedən yolu
heç də hamar olmayıb.
Məlumdur ki, 1918-ci il mayın 28-də Azərbaycan
Xalq Cümhuriyyətinin yaradılması ilə
xalqımız XX yüzillikdə ilk dəfə
özünün müstəqil dövlətini qurub. Xalq
Cümhuriyyəti xalqımızın zəngin dövlətçilik
tarixində mühüm bir həlqəni təşkil edir. Siyasi şərhçilərin də
vurğuladıqları kimi, əgər 1918-ci ildə Xalq
Cümhuriyyəti qurulmasaydı, sonrakı mərhələdə
SSRİ təşkil olunarkən Azərbaycan, bəlkə də,
bu ittifaqın tərkibinə müttəfiq respublikalardan biri
kimi yox, muxtar vilayət kimi daxil olardı. Eyni zamanda, tarixdə
Azərbaycan Xalq Cümhuriyyəti olmasaydı,
SSRİ-nin dağılmasından sonra ölkəmiz Rusiya
Federasiyasının subyekti kimi hüquqi status qazana bilərdi.
Xalqımız təxminən 70
il keçmiş ittifaqın tərkibində yaşasa da, qəlbində
daim müstəqillik ideyalarına sadiq qaldı. Nəhayət,
ötən əsrin 90-cı illərinin əvvəllərində
respublikamızın XX yüzillikdə ikinci dəfə
müstəqilliyə qovuşması üçün tarixi
şans yarandı. Belə ki, 1988-ci ildən başlayaraq
Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində
separatçılıq əməllərinə rəvac verməyə
başladılar. Keçmiş SSRİ-nin rəhbərliyinin,
ələlxüsus da birinci şəxs M.Qorbaçovun bu
separatçılıq əməllərini görməzdən
gəlməsi, hətta açıq və yaxud gizli şəkildə
erməniləri dəstəkləməsi Azərbaycanda
xalqı ayağa qaldırdı, respublikamızda
milli-azadlıq hərəkatını
alovlandırdı. Təəssüf doğuran haldır ki, o
dövrdə formalaşan Azərbaycan Xalq Cəbhəsi (AXC)
milli-azadlıq hərəkatını idarə edə bilmədi.
Bu da onunla bağlı idi ki, AXC-nin rəhbərliyində təmsil
olunanlar diletant idilər və onlar ziyalı kəsimi, demək
olar ki, qəbul etmirdilər. Xalq hərəkatına rəhbərlik
etmək iddiasında olan AXC əslində perspektivlə
bağlı aydın strategiyaya və konkret fəaliyyət
taktikasına malik deyildi. Bu və digər səbəblərdən
də ədalət istəyən, respublikanın ərazi
bütövlüyünü tələb edən
xalqımız 1990-cı ilin 20 yanvarında qanlı faciə
ilə üzləşdi. 20 Yanvar faciəsindən sonra
xalqın mərkəzi və yerli hakimiyyətə inamı
tamam qırıldı. Tədricən
xalqımızın mübarizəsi yeni məzmun kəsb etməyə
başladı.
Ulu Öndər Heydər Əliyev Azərbaycandakı
xalq hərəkatına yeni nəfəs verdi
Təpədən-dırnağadək
silahlanmış ordunun 1990-cı il yanvarın 20-də dinc əhaliyə
qarşı törətdiyi qətliam Azərbaycandakı xalq
hərəkatı üçün bir növ dərs oldu desək,
yanılmarıq. Artıq bəlli idi ki, AXC milli-azadlıq
mübarizəsini sağlam məntiqlə idarə etməkdə
və düzgün istiqamətə yönəltməkdə
acizdir. Belə bir məqamda Ulu Öndər Heydər
Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın
Moskvadakı Daimi Nümayəndəliyinə gələrək,
kəskin bəyanat səsləndirməsi, kütləvi
qırğının səbəbkarı kimi SSRİ və Azərbaycanın
yerli rəhbərlərini ittiham etməsi
xalqımızın özünə inam hissini gücləndirməklə
yanaşı, xalq hərəkatına da yeni nəfəs və
istiqamət verdi. Hadisələr bundan sonra dönməz
xarakter aldı. Çox keçmədi ki, Ulu Öndər Heydər
Əliyev Vətənə dönməyə qərar verdi və
yerli rəhbərliyin etirazlarına baxmayaraq, 1990-cı il
iyulun 20-də Bakıya gəldi. Ulu Öndərin bu
qayıdışı Azərbaycanda müstəqillik
uğrunda sistemli mübarizənin başlanmasına ciddi təkan
verdi.
Ulu Öndər Heydər Əliyevin Vətənə
tarixi dönüşü milyonlarla insanın böyük
sevincinə səbəb olduğu halda, ovaxtkı Ayaz Mütəllibov
iqtidarı bundan bərk narahatlıq keçirdi və Ona
Bakıda qalmağa imkan vermədi. Beləliklə, Ulu Öndər
1990-cı il iyulun 22-də doğma diyarı Naxçıvana
üz tutmaq məcburiyyətində qaldı. Burada insanlar Onu
böyük sayğı ilə qarşıladılar. Həmin
ilin payızında Heydər Əliyev Babək rayonunun Nehrəm
kəndindən Azərbaycan Respublikasının Ali Sovetinə
deputat seçildi. Ulu Öndər, eyni zamanda, Naxçıvan
Ali Sovetinə də deputat seçilmişdi. Muxtar
Respublikanın Ali Sovetinin seçkilərdən bir qədər
sonra - 17 noyabr 1990-cı il tarixində
çağırılan sessiyasına Sədrlik Heydər
Əliyevə həvalə olundu. Həmin sessiyada Ulu Öndər
Heydər Əliyevin cəsarəti, milli təəssübkeşliyi,
xalqına bağlılığı bütün cəhətləri
ilə bir daha özünü büruzə verdi. Sessiyada Ulu Öndərin təşəbbüsü
ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının
adından “sovet” və “sosialist” sözləri
çıxarıldı. Naxçıvan MSSR Ali Sovetinin
adı dəyişdirilərək Naxçıvan Muxtar
Respublikasının Ali Məclisi adlandırıldı. Ali Məclisin
birinci sessiyasında həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli,
ay-ulduzlu bayrağının Naxçıvan Muxtar Respublikasının
dövlət bayrağı kimi qəbul edilməsi haqqında
qərar qəbul olundu və Azərbaycanın ali hakimiyyət
orqanı qarşısında məsələ
qaldırıldı ki, Azərbaycan Respublikasının
dövlət rəmzləri haqqında o da analoji qərarlar
qəbul etsin.
Məlumdur ki, Azərbaycan Kommunist
Partiyasının ovaxtkı bütün rəhbərliyi
1991-ci il martın 17-də SSRİ-nin saxlanması ilə
bağlı respublikada saxta referendum təşkil edərək,
guya əhalinin 75 faizinin müstəqilliyin əleyhinə səs
verdiyini elan etmişdi. Cəsarətli və müdrik Lider olan
Heydər Əliyev bu saxta referendumun Naxçıvanda
keçirilməsinə imkan vermədi. Heydər
Əliyev SSRİ-nin saxlanması ilə bağlı yeni ittifaq
müqaviləsinə də hamıdan qabaq - 1991-ci il martın
7-də Azərbaycan Ali Sovetinin sessiyasındakı
çıxışında ciddi etiraz etmiş və Mütəllibov
hakimiyyətinin Azərbaycanı yeni ittifaqın tərkibinə
daxil etməsinin, bunun üçün respublikada xüsusi
referendum keçirilməsinin qəti əleyhinə
olduğunu birmənalı şəkildə bəyan
etmişdi. Bütün bu deyilənlərə istinadən qeyd
edə bilərik ki, Ulu Öndərin Bakıdan
Naxçıvana getməsi ilə milli-azadlıq hərəkatının
mərkəzi də dəyişdi. Qədim Naxçıvan
torpağı hadisələrin mərkəzinə
çevrildi.
Qeyd edək ki, bəhs olunan dövr çox
ziddiyyətli idi, hadisələrin necə inkişaf edəcəyini
proqnozlaşdırmaq çətin idi, hələ Sovet
İttifaqı, Kommunist Partiyası fəaliyyət göstərirdi.
Heydər Əliyev isə təhdidlərdən,
Özü və ailəsi üçün yarana biləcək
təhlükələrdən çəkinməyərək
respublikamızın gələcək taleyi baxımından
müstəsna əhəmiyyət daşıyan qərarların
qəbul olunmasına nail oldu. Bir qədər sonra -
1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının
Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə
baxaraq üçrəngli bayrağın Azərbaycanın
dövlət bayrağı kimi qəbul edilməsi haqqında
qərar verdi.
Sonrakı mərhələdə Ulu Öndər
xilaskarlıq missiyasını yerinə yetirdi
Təəssüflə vurğulamaq
lazımdır ki, Azərbaycan müstəqilliyinin ilk
vaxtlarında çox böyük çətinliklərlə
üzləşdi. Xüsusilə 1992-ci ilin mayında zorla
hakimiyyətə gələn AXC-”Müsavat” iqtidarı ölkəni,
sözün həqiqi mənasında, dalana sürüklədi.
Belə ağır vəziyyətdə Azərbaycanın bir
qrup vətənpərvər ziyalısı Heydər Əliyevə
müraciət etdi. Müraciətdə
ziyalılar Azərbaycanı düçar olduğu fəlakətli
böhrandan çıxarmaq məqsədilə ölkədə
bütün vətəndaşları, sağlam
düşüncəli qüvvələri öz ətrafında
birləşdirə bilən yeni bir siyasi partiyanın
yaradılması və ona rəhbərlik etmək məsələsinə
münasibət bildirməsini Heydər Əliyevdən
xahiş edirdilər. Vətənini sonsuz məhəbbətlə
sevən Heydər Əliyev belə çətin,
böhranlı dönəmdə həmin müraciətə
cavab verməyə bilməzdi. Beləliklə, cəmi
bir həftə sonra - oktyabrın 24-də O, “Səs” qəzetində
ölkə ziyalılarına müsbət cavab verdi. Əlbəttə,
həmin dövrdə Bakıda yeni partiyanın
yaradılması ilə bağlı təşkilati məsələləri
həll etmək mümkün deyildi. Bunu yaxşı dərk
edən yeni partiyanın qurucuları Naxçıvana getdilər
və noyabrın 21-də Yeni Azərbaycan Partiyası (YAP)
adlanan siyasi təşkilatı yaratdılar.
YAP-ın Azərbaycanın iqtidar
partiyasına çevrilməsi üçün uzun zaman kəsiyi
lazım gəlmədi. 1993-cü ilin iyununda xalqın tələbi
ilə YAP-ın Sədri, Azərbaycan xalqının görkəmli
Lideri Heydər Əliyev siyasi hakimiyyətə qayıtdı.
Belə ki, bütövlükdə müstəqil Azərbaycanın
inkişaf salnaməsini yazan Ulu Öndər bu dəfə də
xalqının yanında olmağa qərar verərək
1993-cü il iyunun 9-da Bakıya gəldi və iyunun 15-də Azərbaycan
Respublikası Ali Sovetinin Sədri seçildi. Azərbaycanın
davamlı inkişaf yolunun təməli məhz bu tarixlə -
15 İyun - Milli Qurtuluş Günü ilə qoyulub. Bir qədər sonra isə Milli Məclisin qərarı
ilə Ulu Öndər Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini
həyata keçirməyə başladı. Heydər
Əliyev 1993-cü il oktyabrın 3-də keçirilən
prezident seçkilərində səslərin 98,84 faizini
toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçildi.
O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı
şəraitində keçirilən seçkilərdə səslərin
76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının
Prezidenti seçildi.
Ulu Öndərin müstəqil Azərbaycanın
siyasi rəhbərliyinə gəlməsi çox doğru
olaraq böyük qayıdış kimi qiymətləndirilir. Heydər Əliyev xilaskarlıq missiyasını
yerinə yetirərək Azərbaycan dövlətinin süqut
etməsinin qarşısını aldı. Onun verdiyi
müdrik qərarlar, atdığı qəti addımlar sayəsində
cəmiyyət inkişafa, ölkənin müstəqilliyini
möhkəmlətməyə səfərbər oldu. Və
bu gün də həmin siyasət uğurla davam etdirilir.
Məhz Ulu Öndər Heydər Əliyevin əsasını
qoyduğu siyasətin son 16 ildə Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi nəticəsində müstəqil
Azərbaycan güclü dövlətə çevrilib. Bu
gün müstəqil Azərbaycan dövləti inamla
inkişaf edərək xalqımızın milli
maraqlarını qətiyyətlə qoruyur.
M.ABDULLAYEV
Yeni Azərbaycan.-
2019.- 18 oktyabr.- S.2