Yenilənmiş Azərbaycana yeni
müxalifət lazımdır: radikal və
dağıdıcı müxalifətdən qurtuluşun
zamanı yetişib
Əli HəsənovAzərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi,tarix
elmləri doktoru, professor
İyirmi altı il bundan əvvəl Azərbaycanı
məhv olmaq təhlükəsindən xilas etmiş
Ümummilli Lider Heydər Əliyevin ölkəmizin sanki bu gününə
ünvanlanmış müdrik bir kəlamı var: “Tarix həmişə hər şeyi öz yerinə
qoyur... Əgər hər hansı bir ölkənin vətəndaşları
öz hüquqlarını anlayır və onları qoruya
bilirsə, o zaman ən kiçik məmləkət belə ən
böyük dövlət qədər qüdrətli olur”.
Ulu Öndər bu tarixi sözləri ölkəmizin ən
ağır günlərində, xalqın gələcəyə
inamının, ümidlərinin tükəndiyi çox
çətin bir vaxtda söyləmişdi. Lakin
O, təkcə bu çətinliyi və reallığı
görməklə, bu haqda həyəcan təbili çalmaqla
kifayətlənməmiş, doğma xalqını Öz ətrafında
birləşdirərək siyasət meydanına
atılmış, Azərbaycanın müstəqil dövlətçiliyini
xilas etmişdir və bugünkü güclü dövlətimizin
əsaslarını yaratmışdır.
Həqiqətən, keçən dövr
göstərdi ki, tarix hər şeyi öz yerinə qoyur; bu
xalqı sevməyən, bu dövləti dağıtmağa
çalışan xəbis niyyətli insanların
bütün planları zaman-zaman puç oldu. Min
illər boyu yaşadığımız bu torpaqlarda
babalarımızın xəyal belə edə bilməyəcəyi
tarixin ən qüdrətli Azərbaycan dövləti quruldu.
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən
qoyulmuş bu dövlət hazırda öz tarixinin ən
möhtəşəm inkişaf dövrünü
yaşayır. Tək elə buna görə Azərbaycan
xalqının və onun müdrik Liderinin adı qızıl
hərflərlə tarixə yazılmışdır.
Çünki 1993-cü ildə ölkənin məhv olmaq təhlükəsini
görən və nicatını öz Liderinin - Heydər
Əliyevin qayıdışına bağlayan da, 2003-cü ildə
ölkəni yenidən 1990-cı illərin anarxiya və
xaosuna qaytarmaq istəyənlərə yox deyərək, Heydər
Əliyev siyasətinin davamçısı olan İlham
Əliyevin ətrafında sıx birləşən də məhz
bu xalqdır!
Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə
başlayarkən ilk çıxışında Heydər
Əliyevin daxili və xarici siyasət kursunu dönmədən
davam etdirəcəyini, ölkəni davamlı islahatlar yolu ilə
gələcəyə aparacağını bəyan
etmişdi. Aradan keçən zaman ərzində
bu vədə dönmədən əməl olunmuş, ölkə
həyatının bütün sahələrində Heydər
Əliyev kursu, milli-mənəvi dəyərlərə
sadiqlik qorunmaqla dinamik islahatlar həyata keçirilmişdir.
İlham Əliyevin 16 illik prezidentlik fəaliyyəti Onu məhz
qurucu-islahatçı Lider kimi xarakterizə
etməyə tam əminlik yaradır. İslahatçı
liderlər xalqının, dövlətinin gələcək
taleyi üçün lazım olan və vaxtı çatan dəyişiklikləri
zamanında görür, müasir dövrün yeniliklərini
və trendlərini uyğun formada öz ölkəsində tətbiq
edir, davamlı islahatlar yolu ilə iqtisadi, siyasi və mənəvi
həyatın bütün sahələrini modernləşdirirlər.
Bununla yanaşı, yenilikçi liderlər həm də
geniş xalq kütlələrini öz siyasəti və
islahat kursu ətrafında birləşdirir, ictimai ideallara,
milli-mənəvi dəyərlərə söykənir,
onları inkişaf etdirir və qoruyurlar.
İlham Əliyev Azərbaycanın
gələcək inkişafı ilə bağlı bu il
fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan
Gəncləri Gününə həsr olunmuş respublika
toplantısında çıxışı zamanı qeyd
etmişdir ki, biz islahat naminə islahat aparmırıq, məqsədyönlü,
düşünülmüş addımlar atırıq
ki, ölkəmizin inkişafına təkan verək, hələ
də həllini tapmamış problemləri həll edək,
nöqsanları, xoşagəlməz halları,
çatışmazlıqları aradan qaldıraq. Bizim gənclərimiz
də dövlət həyatında yaxından iştirak etməlidirlər,
yaxşı təhsil almalı, fiziki və mənəvi cəhətdən
sağlam olmalı, milli vətənpərvərlik ruhunda
böyüməlidirlər.
Bu fikirlərdə İlham Əliyevin
islahatçı yanaşması özünü aydın
şəkildə büruzə verir və bəzi postsovet
ölkələrində müşahidə etdiyimiz “rəngli
inqilab” ssenarilərindən köklü şəkildə fərqlənən
inkişaf yolunu təqdim edir. Rəngli-qanlı
inqilabların liderləri özlərinə qədər hər
hansı idealların, siyasi, bəzən də mənəvi
irsin mövcudluğunu inkar edir, cəmiyyətin kökündən
yenidən qurulmasını, dilin, ölkənin adının, əlifbasının,
bir sözlə, hər şeyin məhv edilərək
yenidən başlanması yolunu tuturlar. Prezident İlham Əliyevin
islahatlar kursunda belə eksperimentlərə, nihilist
yanaşmalara yer yoxdur. 2019-cu ildə Azərbaycanda yeni islahatlara start verilməsi
də “rəngli inqilab”ların təklif etdiyi yol deyil, 1930-cu,
1980-ci və 2000-ci illər Türkiyəsində, Konrad Adenauer
Almaniyasında, 1980-1990-cı illərin Məhazir Muhəmməd
Malayziyasında, 1960-1970-ci illərdə Sinqapur və Cənubi
Koreyada, eləcə də qansız-rəngsiz inkişaf yolu
keçmiş digər ölkələrdə müşahidə
etdiyimiz təkamül, köklü islahatlar yoludur.
Xalqın
mütləq əksəriyyətinin etimadı ilə
2003-cü ildə Prezident seçilmiş İlham Əliyev “Mən
hər bir Azərbaycan vətəndaşının Prezidenti
olacağam” deyərkən sadə bir vəd vermirdi, xalqa xidmət
missiyasının strateji hədəfini göstərir, ana xəttini
ortaya qoyurdu. Azərbaycana rəhbərlik etdiyi 16 il ərzində İlham Əliyev verdiyi vədə,
seçdiyi strateji xəttə sadiq qalaraq dini, etnik, sosial mənsubiyyətindən
asılı olmayaraq, hər bir vətəndaşın
Prezidenti olduğunu nümayiş etdirmişdir. O, hər zaman
xalqının maraqları, rifahı, xoşbəxt gələcəyi
üçün əzmlə çalışmış,
milli mənafelərimizin müdafiəsi naminə beynəlxalq
platformalarda ən ağır şərtlər altında belə
Öz mübarizəsindən, prinsipial mövqeyindən geri
çəkilməmişdir. Dövlətimizin
suverenliyi, müstəqilliyi naminə aparılan bütün
mübarizələrin önündə dayanmışdır.
Bu illər ərzində Azərbaycanın iqtisadi bazisi
kökündən dəyişmiş, ölkədə
böyük sosial-iqtisadi və mədəni-mənəvi irəliləyişə
nail olunmuşdur. Ötən müddət ərzində iqtisadiyyat 3,4 dəfə, sənaye 2,7 dəfə, kənd
təsərrüfatı 1,5 dəfə artmış, ölkə
iqtisadiyyatına 260 milyard dollardan çox investisiya
qoyulmuşdur. Bu, müstəqillik dövründə
Azərbaycana yatırılan investisiyaların 93 faizini təşkil
edir və onun təxminən yarısı daxili mənbələrin
payına düşür. Valyuta ehtiyatlarımız
artıq 49 milyard dolları keçmiş, ölkədə 2
milyondan çox yeni iş yeri yaradılmışdır. Bəhs
etdiyimiz dövr ərzində maaşlar və pensiyalar 10 dəfəyə
qədər artırılmış, biznes mühitinin
yaxşılaşdırılması ilə bağlı məqsədyönlü
siyasət həyata keçirilmiş, güzəştli şərtlərlə
sahibkarlara 2 milyard manatdan çox kredit verilmişdir.
Ötən
16 il ərzində Azərbaycanın
sosial-iqtisadi infrastrukturu başdan-başa yenilənmiş,
paytaxt küçələrindən tutmuş ən ucqar
bölgələrə qədər müasir nəqliyyat şəbəkəsi
yaradılmış - 14 min kilometr yol çəkilmiş, 450
körpü inşa olunmuşdur. Paytaxtda 4 yeni
metro stansiyası istifadəyə verilmiş, bir neçə
stansiyada yenidənqurma işləri həyata
keçirilmişdir. Onu da qeyd edim ki, Azərbaycan
postsovet məkanında metro tikintisi aparılan iki ölkədən
biridir. Azərbaycanın tranzit
imkanlarını genişləndirən Xəzər dənizində
ən böyük liman - Ələt Beynəlxalq Dəniz Ticarət
Limanı fəaliyyətə başlamışdır. Ölkədə 3100-dən çox məktəb,
650-dən çox tibb müəssisəsi inşa edilmiş,
yaxud əsaslı təmir olunmuşdur. Mədəni və
elmi infrastruktur, o cümlədən tarixi binalar, teatr və
muzeylər, ali təhsil ocaqları ən
müasir standartlar səviyyəsində yenidən
qurulmuşdur. Paytaxtda müasir tələbələrə
uyğun inşa edilən idman sarayları, meydançalar illərdir
əhaliyə xidmət göstərir, mühüm beynəlxalq
idman tədbirlərinin yüksək səviyyədə
keçirilməsini təmin edir. Bununla yanaşı,
respublikanın bütün bölgələrində vətəndaşlara
xidmət edən sosial mərkəzlər, Olimpiya İdman
kompleksləri və s. obyektlər inşa olunaraq istifadəyə
verilmişdir.
Prezident
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda nəhəng
transmilli energetika və nəqliyyat layihələri həyata
keçirilmiş, 2006-cı ildə Xəzər və
Aralıq dənizlərini birləşdirən
Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, 2007-ci
ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə
verilmişdir. 2014-cü il sentyabrın 20-də
Avropanın enerji təhlükəsizliyinin, həmçinin Azərbaycanın
perspektiv inkişafının və iqtisadi maraqlarının təmin
edilməsində böyük rol oynayacaq Cənub Qaz Dəhlizinin
təməli qoyulmuşdur. 2018-ci il
mayın 29-da Bakıda Cənub Qaz Dəhlizinin, iyunun 12-də
isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi
açılış mərasimi keçirilmişdir.
Prezident İlham Əliyevin ciddi səyi ilə Avropa və
Asiyanı birləşdirən Şərq-Qərb və
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin
yaradılması və funksionallığının
artırılması istiqamətində böyük işlər
görülmüşdür. Respublikada 7 hava
limanı yenidən qurularaq istifadəyə verilmişdir.
Heydər Əliyev adına Beynəlxalq
Hava Limanı isə dünyanın “5 ulduz”lu 9 əsas hava
limanı sırasına daxil olmuşdur. Bütün
bunlar onu deməyə əsas verir ki, ölkəmiz artıq nəhəng
enerji və nəqliyyat qovşağına
çevrilmişdir. Həmçinin Azərbaycan
özünün üç süni peykini orbitə
çıxararaq dünyada sayı məhdud olan kosmik ölkələr
sırasına qoşulmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən bütün bu işlərin
əsas qayəsi, əlbəttə ki, ilk növbədə
xalqa xidmətdir. Ötən dövrdə ölkəmizdə,
sadəcə, modernləşmə və infrastruktur yenilənməsi
baş verməmiş, dövlət idarəçiliyinin
optimallaşdırılması istiqamətində ciddi
addımlar atılmış, sosial-siyasi və digər sahələrdə
sistem xarakterli köklü islahatlar həyata
keçirilmişdir. Prezident İlham
Əliyev Ümummilli Lider Heydər Əliyevin dövlətçilik
irsini inkişaf etdirərək, yenilənmiş və modern Azərbaycan
dövlətini yaratmağa müvəffəq olmuşdur.
Bu dövlətin əhaliyə xidmət sferası da
müvafiq olaraq tamamilə yenilənmiş, “şəffaflıq
hər bir ölkənin gələcəyini müəyyən
edən məsələdir” deyən dövlət
başçımızın müvafiq qərarı ilə Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar Agentliyi təsis
edilmiş, əhaliyə göstərilən xidmətlər
“ASAN xidmət” mərkəzlərində - vahid sistemdə birləşdirilmişdir.
Təkcə 2013-2018-ci illər ərzində bu
mərkəzlərə 24 milyona yaxın müraciət qeydə
alınmışdır. Beləliklə,
Prezident İlham Əliyev bu addımı ilə, eyni zamanda, Azərbaycanın
artıq dünyada tanınan, beynəlxalq miqyasda maraq göstərilən
və tətbiq olunan “ASAN xidmət” brendini formalaşdırmışdır.
Dövlət başçısının əhalinin məşğulluğu,
əmək və sosial müdafiəsi ilə bağlı
çevik və innovativ xidmətlər göstərilməsi
üçün Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin nəzdində “Dayanıqlı və Operativ Sosial Təminat
Agentliyi”nin (DOST) yaradılması və digər
qərarları xalqa xidmət siyasətinin davamı kimi
xarekterizə edilməlidir.
Hakim Yeni Azərbaycan Partiyası (YAP) da öz Liderinin təşəbbüslərinə
və yeni dövrün çağırışlarına
uyğun olaraq partiyanın vitrinini xeyli dərəcədə
yeniləmişdir. Partiya öz sıralarına
çoxsaylı yeni üzvlər, təşkilatı hakimiyyətdə
və parlamentdə təmsil edəcək yeni intellektual kadrlar
cəlb etmişdir. Yeni Azərbaycan
Partiyası özünün siyasi ənənələrinə
söykənən yenilənmə kursunu davamlı və
ardıcıl şəkildə davam etdirmişdir.
Göründüyü kimi, Azərbaycan Prezidentinin daxili
və xarici siyasətinin təməlində insan, vətəndaş
amili, xalqın maddi-mənəvi, milli maraqları dayanır. Təbiidir ki, 16 il ərzində bir əsrə sığacaq nəhəng
işlərə, böyük uğurlara imza atan Liderin - cənab
İlham Əliyevin yürütdüyü daxili və xarici
siyasət Azərbaycan xalqı tərəfindən tam dəstəklənir.
Keçirilən sorğuların nəticələri
göstərir ki, xalqın dəstəyi Prezident İlham
Əliyevə müstəqil, prinsipial, qətiyyətli, milli
maraqları ifadə edən siyasət yürütməyə
imkan verir. Belə Liderə qalib gəlmək
heç bir qüvvəyə, ələlxüsus da
hazırkı radikal müxalifətə nəsib olmayıb,
bundan sonra da olmayacaq.
Bu ölkədə yenilənmək istəməyənlər
yalnız 26 ildir Azərbaycanı xaos və anarxiyaya
sürükləyən radikal müxalifət cəbhəsinin
rəhbərləridir. Uzun illərdir heç bir cəlbedici ideya və yaxud
alternativ təklif ortaya qoya bilməyən, eyni cəfəng
fikirləri təkrar-təkrar tirajlayan, bir neçə
ambisiyalı şəxsin ətrafında cəmləşərək
gecə-gündüz hakimiyyət eşqi ilə qovrulan, əsassız
iddialarla dövlət qurumları və dövlət
qulluqçularını mənəvi terrora,
biabırçı söyüş kampaniyasına məruz
qoyan, Azərbaycan cəmiyyətini ənənəvi pozucu fəaliyyətləri
ilə bezdirən, 1990-cı illərin kif bağlamış
qaranlığından çıxmaq iqtidarında olmayanlar
keçən bütün dövr ərzində dayanmadan
ölkədə hakimiyyətin dəyişməsini tələb
etmişlər. Əlbəttə, heç bir
iqtidar daimi deyil. Hər hansı bir siyasi
partiyanın formalaşdırdığı iqtidarın
ölkəni hansı müddətdə idarə etməsini Azərbaycan
xalqı seçki yolu ilə müəyyən edir. Bu il
fevralın 18-də qələmə aldığım
“Müxalifətçilik missiyası və Azərbaycanın
milli maraqları” adlı məqaləmdə də qeyd
etmişdim ki, cəmiyyətdəki fərqli kəsimlərin,
o cümlədən müxalifətin cari proseslərə, gələcəyə
hesablanmış proqramlara, konsepsiyalara baxış və rəylərini
öyrənmək, alternativ ideyaları dəyərləndirmək
və yeri gələndə, ən azı ehtiyat variant olaraq nəzərdə
saxlamaq təkcə rasional idarəçilik baxımından
deyil, həmçinin hakimiyyətdə olan komandanın istənilən
siyasi rəqabətə daim hazır formada qalması
üçün vacib şərtdir. Lakin Azərbaycan
xalqı, onun iradəsi ilə formalaşmış dövlət
strukturları, xalq qarşısında öz məsuliyyətini
dərk edən hakimiyyət, əlbəttə ki, dövləti
kimin, hansı qüvvələrin ümidinə
buraxacağının fərqində olmalıdır. Məsuliyyətli hakimiyyət gələcək
iqtidarların antimilli və məişət təfəkkürlü
ünsürlər, yenilənmək istəməyən
klaviatura qəhrəmanları, “sosial şəbəkə pələngləri”,
şübhəli xarici dairələr önündə
xüsusi öhdəlikləri olan yalançı opponentlər
tərəfindən formalaşdırılmasına qətiyyən
yol verə bilməz. Sağlam və
etibarlı iqtidarlar yalnız yüksək dövlətçilik
təfəkkürünə malik, özünütənqid
ruhunda yetişmiş, yeniliklərə, dünyada gedən
qlobal proseslərə açıq, xalqın fərqli kəsimləri
ilə işləməyə hazır və qadir olan iradəli,
milli düşüncəli insanlar tərəfindən
formalaşırlar. Odur ki, dövlətimizin indiyə qədər
qət etdiyi yol, cəmiyyətin bugünkü
reallıqları və inkişaf perspektivləri iqtidar
komandası tərkibində, hakimiyyət strukturlarında
olduğu kimi, müxalifət düşərgəsində,
siyasi partiyaların rəhbərliyi və tərkibində də
daim yenilənməni, yeni düşüncəli, yeni təfəkkürlü
və sağlam reputasiyalı insanların ortaya
çıxaraq sağlam opponentlik missiyasını öz əllərinə
almasını əsl sosial sifarişə çevirmişdir.
Lakin nədənsə biz yeni müxalifətin yaranma zərurəti
haqqında danışanda, bəzi opponentlərimiz məsələyə
ifrat həssaslıqla mənfi reaksiya verirlər. Əgər
doğrudan da siyasi mübarizə aparmaq, “pozisiyada” deyil,
“oppozisiyada” olmaq iddia edildiyi kimi, məhrumiyyətlər,
sıxıntılar, təqiblər, itkilər deməkdirsə,
o zaman onların yeni qüvvələr tərəfindən əvəzlənməsi
niyə bu qədər narahatlıq yaratsın ki? Axı yeni müxalifət, yeni qüvvələr deyəndə
başqa bir məmləkətdən, başqa bir qalaktikadan
sifarişlə hansısa yeni siyasi liderləri gətirib
partiyaların başına qoymaqdan, yaxud opponent etməkdən
söhbət getmir. Son prezident, parlament, bələdiyyə
seçkilərinin nəticələri ortadadır, burda II,
III, IV nəticə göstərən qüvvələr var,
onların adları, ünvanları cəmiyyətə bəllidir,
fəaliyyətləri də göz qabağındadır.
Onlar parlamentdə, bələdiyyələrdə
təmsil olunurlar. Bu partiyaların fəaliyyətinin
də nə dərəcədə səmərəli
olub-olmadığını növbəti seçkilərdə
seçicilər müəyyən edəcək. Yəni iqtidarın necə yanaşmasından
asılı olmayaraq, cəmiyyətdə yeni müxalifət
formalaşır. Əlbəttə, biz fərqindəyik
ki, sosial şəbəkələrin, yeni informasiya vasitələrinin
imkanlarından istifadə edərək özünü cəmiyyətə
yaxşı təqdim etməyi bacaran, müəyyən
alternativ ideoloji baxışların
daşıyıcıları olan gənc və orta nəsil
siyasətçilər də meydana çıxmaqdadır.
Yaxud köhnə müxalifətin içərisindən
müəyyən insanlar bu imkanlardan istifadə edib özlərini
cəmiyyətə yeni biçimdə təqdim etməkdədirlər.
Həmçinin vaxtilə AXC hakimiyyətində təmsil
olunmuş və AMİP, Müsavat, AXCP, ASDP sıralarında
olmuş onlarla siyasətçi, mütəxəssis, ekspert
dövlət qurumlarında, QHT sektorunda, elm sahəsində,
biznesdə, parlamentdə uğurla fəaliyyət göstərir,
fərqli beynəlxalq platformalarda ölkəmizi layiqincə təmsil
edirlər. Əminik ki, bu cür potensialı
olan, lakin hazırda üzv olduqları müxalif partiyaların
dəyişməz rəhbərləri tərəfindən
potensiallarının açılmasına imkan verilməyən
çoxsaylı gənclər də ortaya
çıxacaqdır. Yaşlı və orta nəsil
müxaliflərə gəlincə, onların arasında
antimilli fəaliyyətdə, “xüsusi söyüş dəstələri”nin
təşkilində iştirak etməmiş sabiq nazirlər,
keçmişdə iri məmur korpusunda təmsil olunan şəxslər
də var. Biz “yeni müxalifət” deyəndə məhz
ölkəmizin belə geniş spektrini nəzərdə
tuturuq. Düşünürəm ki, bu geniş
spektr Azərbaycanda sivil mübarizə aparmaq istəyən,
ölkədəki nümunəvi sabitliyin davam etməsində
və lazımi məqamlarda yenilənməsində maraqlı
olan bütün ictimai-siyasi qüvvələri əhatə
edir. Biz bu cür qüvvələri təqdir edirik, bu il sentyabrın 9-da dərc edilmiş məqaləmdə
də vurğuladığım kimi, Azərbaycan iqtidarı
dövlətə və dövlətçiliyə xidmət
etmək istəyən hər bir qrup və ya şəxslə
əməkdaşlığa tam açıqdır.
Əminəm ki, bu gün
xalqı inqilaba səsləyənlərin bir zamanlar öz
cılız siyasi ambisiyaları ilə uçurumun kənarına
gətirdikləri, yalnız Ümummilli Lider Heydər
Əliyevin müdrikliyi sayəsində xilas olan, Prezident
İlham Əliyevin rəhbərliyi ilə başdan-başa
yenilənib qüdrətli dövlətə çevrilən
Azərbaycanın yenidən 1990-cı illərin riskləri ilə
üz-üzə buraxılmasına xalqımız və
dövlətimiz heç zaman imkan verməyəcək.
Xalqımız 2003-cü ildə İlham Əliyevə ciddi
etimad göstərmiş və böyük səs
çoxluğu ilə Onu özünə rəhbər
seçmiş, sonrakı seçkilər də bu etimadın
daha da yüksəldiyini əyani şəkildə
nümayiş etdirmişdir. Prezident İlham
Əliyev ökəmizə 16 illik rəhbərliyi
dövründə Azərbaycanı daha müasir,
güclü, beynəlxalq münasibətlər sistemində
layiqli yeri olan, sözünü deməyi və prinsipial
mövqeyini sonadək müdafiə etməyi bacaran bir dövlətə
çevirməyi bacarmışdır. Hazırda
keçirilən sorğuların nəticələri də təsdiq
edir ki, Azərbaycan xalqı İlham Əliyevə alternativ
görmür, Onun arxasındadır, Ona etimadı və
güvəni hədsizdir. Amma ötən 26 ildə radikal
qrupların təhriki və anti-milli fəaliyyəti nəticəsində
yalnız qalmaqallarla, didişmələrlə, ziddiyyətlərlə,
qopma və parçalanmalarla yadda qalan qeyri-konstruktiv müxalifət
bu gün fəlakətin bir addımlığındadır.
Reallıq budur ki, cəmiyyətimiz davamlı şəkildə
onun sabit, təhlükəsiz və inkişafda olan həyat
ritmini pozmağa çalışan belə müxalifətçilərlə
birlikdə gələcəyə doğru addımlaya bilməz.
Bu müxalifət hakimiyyət uğrunda sivil
mübarizə metodlarını inkar edir, hal-hazırda belə
dağıdıcı və qeyri-konstruktiv qruplarla
iqtidar-müxalifət dialoqunu təşkil etmək
mümkünsüz görünür və onların bundan
sonrakı dövrdə siyasi arenada qalması ölkəmizin
siyasi palitrası üçün yaxşı heç nə
vəd etmir. Oktyabrın 8-də Bakı
Şəhər İcra Hakimiyyətinin razılığı
ilə keçirilən 50 nəfərlik qanuni piketi qeyri-qanuni
küçə yürüşü və mitinqə, özlərinin
iddia etdiyi kimi “sosial inqilaba”, vətəndaş
qarşıdurmasına çevirmək istəyənlər,
süni qarışıqlıq yaradaraq öz çirkin məqsədlərinə
nail olmağa çalışanlar, əlbəttə ki,
yenilənməyə müqavimət göstərəcəklər.
Azərbaycanda yenilənmək istəməyən
də məhz belələridir ki, özlərinin bir ovuc tərəfdarı
ilə aranı qarışdırmağa cəhd göstərməkdən
başqa bir fəaliyyət ortaya qoya bilmirlər.
Bəli, bu gün Azərbaycanda hər şey
inkişaf edir və yenilənir. Hətta müxalifətin əsas
etiraz məkanı olan “Məhsul” stadionu da yenidən qurulur, təmir
olunur və müasir görkəm alır. Amma
26 il müddətində radikal müxalifət düşərgəsində
rəhbər kürsüləri zəbt edərək, sivil
istefa nümunəsi ortaya qoymağı bacarmayan Əli Kərimli
tipli “əvəzsiz liderlər” təmsil olunduqları
düşərgədə istənilən pozitiv dinamikanı
öz mövcudluqları üçün təhlükə
hesab edirlər. Buna görə də xalq tərəfindən
kütləvi şəkildə boykot olunmuş bu radikal və
dağıdıcı müxalifət “liderlərindən”
qurtuluşun tam zamanıdır. Dinamik inkişaf edən,
müasirləşən Azərbaycana, yeniləşən cəmiyyətimizə,
yenidən qurulan geniş meydanlara sağlam düşüncəli
təşkilatlar, qurucu, konstruktiv və sağlam müxalif
qüvvələrin gəlişi zamanın tələbidir.
Yeni Azərbaycan.- 2019.- 19
oktyabr.- S.4