Yeni Azərbaycan Partiyasının İcra
Katibliyində toplantı keçirilib
Əli Əhmədov: Qanunsuz aksiyaların məqsədi
Azərbaycanda qarşıdurma yaratmaq, ölkədə həyata
keçirilən islahatlara əngəl törətmək,
ölkədə sabitliyi pozmaqdan ibarətdir
Oktyabrın 21-də Yeni Azərbaycan
Partiyasının (YAP) İcra Katibliyində toplantı
keçirilib. Toplantıda çıxış
edən Azərbaycan Respublikası Baş Nazirinin müavini,
YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov
bildirib ki, oktyabrın 19-da bəzi müxalifət
partiyaları tərəfindən Bakı şəhərində
qeyri-qanuni aksiyanın keçirilməsi cəhdinə
geniş münasibət bildirməyə ehtiyac var. YAP-ın bu barədə bəyanat yaydığını
deyən Əli Əhmədovun sözlərinə görə,
Azərbaycan vətəndaşlarının əksəriyyəti
kimi, Yeni Azərbaycan Partiyası da ölkəmizdə
sabitliyin, əmin-amanlığın pozulmasına yönəldilmiş
kütləvi aksiyaların keçirilməsinə
özünün sərt və ədalətli münasibətini
bildirməlidir. O qeyd edib ki, ölkəmizdə hər
hansı müxalifət partiyası tərəfindən
kütləvi aksiyaların keçirilməsi nə Yeni Azərbaycan
Partiyası, nə də Azərbaycan iqtidarı
üçün narahatlıq mənbəyi deyil və ola da
bilməz: “Amma, eyni zamanda, narahatlıq yaradan bəzi məqamlar
var ki, onları həm özümüzün etiraf etməsinə,
həm də bütövlükdə cəmiyyətə fikirlərin
çatdırılmasına ehtiyac var. Birincisi
onu qeyd etmək istəyirəm ki, belə bir qanunsuz
aksiyanın keçirilməsi Prezident İlham Əliyevin
oktyabrın əvvəlində Soçidə keçirilən
“Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında verdiyi bəyanatdan,
onun ardınca Aşqabadda Azərbaycan cəmiyyətinin
mövqeyini əks etdirən fikirləri səsləndirməsindən
və sonra isə ölkəmizin sosial-iqtisadi inkişafı
ilə bağlı 9 ayın yekunlarına həsr olunmuş
iqtisadi müşavirədə səsləndirdiyi fikirlərdən
bir neçə gün sonraya təsadüf edir.
Düşünürəm ki, bütün bunların
hamısını bütövlükdə təsadüf hesab
etmək olmaz. Görünür ki, ölkə
daxilindəki destruktiv qruplar, ən başlıcası isə
Azərbaycana xaricdən müxtəlif vasitələrlə təsir
göstərmək istəyən dairələr ölkəmizin
daxilindəki bəzi qruplardan Azərbaycana qarşı
çirkin niyyətlərinin həyata keçirilməsi
üçün vasitə kimi istifadə etmək fikrinə
düşüblər. Xatırladaq ki, təxminən
iki ay əvvəl siyasi partiyaların vasitəsilə Azərbaycana
xarici təzyiqlərin mövcud olması ilə bağlı həyəcan
təbili çalındı. Siyasi partiyaların, o cümlədən
müxalifət partiyalarının, qeyri-hökumət təşkilatlarının
qatıldığı toplantıda ədalətli dəyərləndirilən
bəyanatın qəbul olunmasını da yada salmaq istərdim.
Bu hadisələrin ortaya qoyduğu
reallıqlardan biri ondan ibarətdir ki, Azərbaycanda, həqiqətən,
bəzi siyasi təşkilatların vasitəsilə ölkədən
kənarda olan maraqlı dairələr Azərbaycan dövlətinə,
bütövlükdə ölkəmizə çirkin niyyətləri
ilə əlaqədar təzyiqlər göstərmək
istəyiblər”.
Baş Nazirin müavini söyləyib ki, Azərbaycanda
bütün azadlıqlar kimi, sərbəst toplaşmaq
azadlığı da yüksək səviyyədə təmin
olunub. Onun sözlərinə görə, kütləvi
aksiyaların keçirilməsi üçün xüsusi yerlərin
ayrılmasına baxmayaraq, radikal müxalifət icazəsiz
aksiya keçirmək niyyətinə düşüb və
belə cəhdi göstərib. Bunun arxasında
dayanan başlıca istək və məqsəd onlara verilən
tapşırığa uyğun olaraq Azərbaycanda
qarşıdurma yaratmaq, ölkədə həyata keçirilən
islahatlara əngəllər törətmək, dövlət və
hökumət qüvvələri ilə qarşıdurma
yaratmaqla ölkədə sabitliyi pozmaqdan
ibarətdir. Əgər hər hansı bir siyasi təşkilat
özünün bəyanatlarını səsləndirmək
istəyirsə, hətta ölkədə olmadığı təqdirdə
də həmin bəyanatları bütün Azərbaycan xalqına
çatdırmaq imkanları mövcuddur və bundan geniş
istifadə olunur. Buna baxmayaraq, mitinqin keçirilməsi
üçün yerin ayrılmasına rəğmən onlar
aksiyanı razılaşdırılmamış yerdə
keçirməyə cəhd göstəriblər. Niyyət də
qeyd olunduğu kimi, qarşıdurma yaratmaqdır.
“Vurğulanmağa ehtiyac olan məqamlardan biri
budur ki, onların yenə də kimlərsə tərəfindən
idarə olunması aydın şəkildə hiss olunur. Təlimatı
verənlər də, onlardan hesabatı tələb edənlər
də məlumdur. Bu da bir daha onu təsdiq edir
ki, məqsədli şəkildə Azərbaycandan kənar
qüvvələr tərəfindən idarə olunan dairələrin
tapşırıqlarını yerinə yetirən destruktiv
qruplar ölkəmizdə sabitliyi və əmin-amanlığı
pozmağa cəhdlər göstərirlər. Mitinqin keçirilməsi ilə bağlı
seçilən yerlə əlaqədar da fikirlərimizi
açıq şəkildə bəyan etməliyik. İstənilən
halda dünyanın hər bir yerində bir yandan insanların
rahatlığının pozulmaması, digər bir yandan
asayişin pozulmasına imkan verməmək, o cümlədən
mitinqləri keçirənlərin təhlükəsizliyini
təmin etmək naminə ayrıca yerlər müəyyənləşdirilir.
Çünki mintiqləri keçirənlərin təhlükəsizliyinin
təmin edilməsi Azərbaycanın müvafiq dövlət
qurumlarının, hüquq-mühafizə orqanlarının
üzərinə düşən öhdəlikdir. Amma bunlar elə bir yer seçiblər ki, orada
mitinqin keçirilməsi sağlam məntiqə sığmır
və sığa da bilməz. Əhalinin çox gur, hərəkətin
çox sıx olduğu bir yeri seçməklə onlar ilk
növbədə ictimai dəstəyin çox geniş
olduğunu göstərməyə
çalışırlar, baxmayaraq ki, bu, siyasi etika
baxımından düzgün dəyərləndirilə biləcək
hərəkət deyil. Amma bizi maraqlandıran onların siyasi
mədəniyyətində çatışmazlıqları
qeyd etmək deyil. Bizi narahat edən əsas məqam
onların belə yerləri seçməklə çirkin
niyyətlərini həyata keçirmək üçün
daha münbit bir şəraiti təmin etməyə
çalışmalarıdır. Əlbəttə ki, əhalinin
gur olduğu yerdə asayişin pozulması ehtimalı da
yüksəkdir. İnsanlar harasa gedir, beləliklə onların
hərəkətinə əngəl törətməklə
ictimai narazılığı da yaratmaq ehtimalı çox
olur. Ona görə də bunun özü də mitinqi təşkil
edənlərin niyyətlərinin sağlam olmamasından xəbər
verir. Beləliklə, bu qanunsuz mitinqin təşkil olunması
cəhdi bir daha onu göstərir ki, Azərbaycanda daxili
sabitliyi pozmağa yönələn fəaliyyət göstərən
partiyalar mövcuddur. Bu, Azərbaycan Xalq Cəbhəsi
Partiyasıdır və bu partiyanın ətrafında toplaşmış
destruktiv quruplaşmalardır, “Milli şura” deyilən,
amalı çox da aydın olmayan bir təşkilatdır ki,
bunlar insanlar arasında sosial dayaqlarının
olmadığını dərk etdiklərindən Azərbaycandakı
sabitliyi, əmin-amanlığı pozmağa
çalışırlar”, - deyən Əli Əhmədov
söyləyib ki, Yeni Azərbaycan Partiyası olaraq biz hər
hansı bir partiyanın hakimiyyətə gəlmək
iddiasına qarşı deyilik. Bu, Azərbaycan dövləti və
cəmiyyəti tərəfindən qəbul olunmuş və
bütün partiyalara şamil olunan haqdır. Lakin nəyin
bahasına olursa-olsun, hakimiyyətə gəlmək istəyi
dünyanın heç bir yerində məqbul sayılmır və
dünyanın heç bir yerində hakimiyyətə nəyin
bahasına olursa-olsun, gəlmək istəyənlərə
meydan verilmir.
YAP Sədrinin müavini söyləyib
ki, nəyin bahasına olursa-olsun, hakimiyyətə gəlmək
istəyi ölkəni xaosa sürükləyir, ölkədəki
sabitliyi ciddi şəkildə pozur və bunun da nəticəsi
bəzi ölkələrdə baş verən hadisələrə,
Azərbaycanın özündə belə təxminən
30 il bundan əvvəl yaşadığımız xaos və
anarxiyaya gətirib çıxarır: “Görünür,
sifarişçilər də eyniləridir,
icraçıları da dəyişməyib. Bu, həmin
icraçılardır ki, 1990-cı illərin əvvəllərində
ölkədə xaos və anarxiya yaratmışdılar. Azərbaycan
vətəndaşları müsibətlər yaşamağa məhkum
olunmuşdu. O insanlar hakimiyyətə bu üsulla gəlməyin
yolunu görüblər və istəklərinə nail olub
hakimiyyətə gəldilər. Amma bundan Azərbaycan dövləti
və xalqı böyük əziyyətlər çəkdi.
Azərbaycanın torpaqları işğal olundu. Ölkənin
müstəqilliyinin əldən getməsi təhlükəsi
yarandı. Həmin insanlar yenidən ölkəni xaosa
sürükləyirlər. Yenidən ölkədəki
sabitliyi pozmağa, qarşıdurma yaratmağa və beləliklə
də həm özlərinin hakimiyyətə hansı yolla
olursa-olsun, gəlmək kimi çox çürük fəlsəfələrini
həyata keçirməyə çalışırlar, həm
də onlara sifarişlər verən, onları maliyyələşdirən
və istiqamətləndirən xarici
qüvvələrin tapşırıqlarını yerinə
yetirirlər. Əlbəttə ki, hər bir ölkənin
milli maraqları o ölkənin vətəndaşlarının
təhlükəsizliyinin qorunması, dövlətin müstəqilliyinin
təmin olunması, ölkənin inkişafı
üçün strategiyanın müəyyənləşdirilib
həyata keçirilməsi ilə əlaqədardır.
Xaricdən olan tapşırıqları yerinə yetirən
partiyalar isə heç bir halda ölkənin daxili maraq və
mənafelərinə xidmət etmirlər, edə bilmirlər”.
Baş Nazirin müavini deyib ki, Azərbaycan bu
gün dünyada sürətlə inkişaf edən dövlət
kimi nüfuz qazanıb. Onun sözlərinə görə, Azərbaycan
regionda və dünyada çox möhtəşəm layihələrin
həyata keçirilməsində nəinki iştirak edir, bir
çox layihələrin müəllifi qismində
özünü təqdim edir: “Azərbaycan
dünyanın ən uğurlu gənc dövlətlərindən
biri kimi özünü tanıdıb. Ölkəmiz gündən-günə
inkişaf eməklə insanların rifahının
yaxşılaşdırılması üçün
böyük layihələr həyata keçirir. Təkcə
bu il ərzində minimum əməkhaqları, minimum pensiyalar
iki dəfəyə qədər artırılıb. Bizim hər
birimiz dünyada əməkhaqlarının və
pensiyaların artırılması ilə əlaqədar
informasiyaları alırıq. Bir yerdə 3 faiz, digər yerdə
5 faiz, ən yaxşı halda 10 faiz artırılıb. Bir ilin içərisində 80-90 faiz maaşların
və pensiyaların artırılması nümunəsinə
dünyanın hansısa ölkəsində rast gəlinəcəyinə
inanmaq mümkün deyil. Çünki bu qədər
artımı təmin edəcək maddi əsaslar
olmalıdır. Amma Azərbaycanda bu, faktdır.
Bütün kateqoriyadan olan vətəndaşların əməkhaqları
40-50 faiz artırılıb. Bu qədər
mütərəqqi addımlar atan, inkişaf edən, sabitliyə
malik olan bir ölkədə qarşıdurma yaratmaq,
çaxnaşma yaratmaq, ölkəni xaosa, anarxiyaya
sürükləmək cəhdləri Azərbaycan dövlətinə,
bütün ölkəyə qarşı törədilən
ağır cinayətlərdən biridir. Bu, Azərbaycanın
maraqlarının satılması deməkdir. Hesab edirəm ki,
hər bir Azərbaycan vətəndaşı, Azərbaycan cəmiyyəti
özünün kəskin münasibətini bu destruktiv qruplara
bildirməlidir”.
Əli Əhmədov onu da qeyd edib ki, Azərbaycan
vətəndaşları, cəmiyyətimiz bu cür destruktiv
qruplara kifayət qədər etinasızlıqla
yanaşır: “Cəmiyyətimiz onların qarşıdurma
yaratmaq cəhdlərinə biganə deməzdim, əksinə,
onlara layiq olan münasibəti bildirir. Onların hərəkətlərinə
nəinki qoşulmurlar, kifayət qədər kəskin şəkildə
pisləyirlər. Yeni Azərbaycan Partiyası,
partiyanın çoxsaylı üzvləri Azərbaycan cəmiyyətinin
mütləq əksəriyyətinin bu mövqeyini birmənalı
şəkildə dəstəkləyir və hesab edirəm ki,
toplantının məqsədi də bu dəstəyi ifadə
etmək niyyəti daşıyır. Eyni zamanda, Azərbaycanın
hüquq-mühafizə orqanlarının, polisin qeyri-qanuni
aksiyanın qarşısının alınması ilə əlaqədar
davranışını kifayət qədər sivil
davranış kimi dəyərləndiririk. Aksiya
iştirakçıları hüquq-mühafizə
orqanlarını nə qədər qarşıdurmaya təhrik
etsələr də bu cəhdlər baş tutmadı. Azərbaycan
polisi özünün vəzifəsini layiqincə yerinə
yetirdi. Məqsədli şəkildə
qarşıdurma yaratmaq istəyənlərin niyyəti də
boşa çıxdı. Eyni zamanda, hesab edirəm ki, Azərbaycan
hüquq-mühafizə orqanları qanunu pozanlara qarşı kəskin
şəkildə münasibətini bildirməli və
hüquqi qiymətini verməyə
çalışmalıdırlar. Əgər biz
qanunlarımızı qorumasaq, qanunu pozanlara yerlərini göstərməsək, onlara layiqli cəzaları
verməsək, belə olan halda haqsız şəkildə
qanunu pozmağa cəhd edənlər hesab edirəm ki, cəzasız
qalarlar, bu isə Azərbaycan cəmiyyəti tərəfindən
düzgün başa düşülməz. Bu mənada
biz toplantının mahiyyətinə əsaslanaraq bu
xahişimizi səsləndirmək istəyirik ki,
hüquq-mühafizə orqanları qanunun tələbləri
çərçivəsində qanunvericiliyi pozmaq yolunu
tutanlara hüquqi qiymətlərini versinlər”.
Milli Məclisin Hüquq siyasəti və
dövlət quruculuğu komitəsinin sədri Əli
Hüseynli çıxışında bildirib ki, Azərbaycan
Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət
xalqın istəkləri ilə üst-üstə
düşür. O deyib ki, ölkəmizdə xalq-iqtidar birliyi
möhkəm dayaqlara söykənir: “Məhz belə bir birliyə
xələl gətirmək məqsədilə ölkə
daxilindəki radikal müxalifət, xaricdə isə bir
sıra qüvvələrin fəaliyyətini qanunsuz
aksiyanın keçirilməsində müşahidə etdik.
Bir müddət əvvəl “Sərbəst toplaşmaq
azadlığı haqqında” qanuna dəyişikliklər
edilib. Bu qanunda bir sıra vacib məsələləri, o
cümlədən sərbəst toplaşmaq hüququnu həyata
keçirən insanların hüquq və mənafelərinin
qorunması məqsədilə bir sıra məhdudiyyətlər
qoyulub. Bu məhdudiyyətlər Avropa İnsan Haqları
Konvensiyasında mövcud olan məhdudiyyətlərdir. Biz
onları götürərək milli qanunvericiliyə
köçürmüşük”.
Komitə sədri söyləyib ki,
hüquq-mühafizə orqanları həqiqətən də
qanunsuz aksiya zamanı adekvat davranıblar: “Təəssüflər
olsun ki, Avropa Birliyi özünün qeyri-adekvat mövqeyini
nümayiş etdirib. Avropa Birliyinə üzv olan ölkələr
Fransa və İspaniyada son dövrlər qanunsuz toplantılar
zamanı polisin davranışı ilə Azərbaycan polisinin
davranışını müqayisə etmək mümkün
deyil. Azərbaycan polisi iğtişaş cəhdinə,
qanunsuz aksiyaya baxmayaraq yenə də çox səbir və təmkinlə,
qanunauyğun davranış nümayiş etdirib”.
Milli Məclisin Beynəlxalq
münasibətlər və parlamentlərarası əlaqələr
komitəsinin sədri Səməd Seyidov isə bildirib ki, bəzi
şər qüvvələr Azərbaycanı xaosa
sürükləmək istəyir və biz həmin şər
qüvvələrlə mübarizənin içərisindəyik.
O qeyd edib ki, Azərbaycan dəfələrlə beynəlxalq təşkilatların
ikili standartları ilə üzləşib: “Həmin
qüvvələr indi də beynəlxalq təşkilatlar
vasitəsilə deyil, daxildən Azərbaycanın sabitliyini
pozmaq, ölkəni xaosa sürükləməyə cəhd
edirlər. Ən faciəlisi isə odur ki, bunu demokratiya, insan
haqları, qanunun aliliyi pərdəsi ilə örtməyə
cəhd edirlər”.
Komitə sədri deyib ki, Avropa İttifaqı
Azərbaycanda radikal müxalifətin keçirdiyi qanunsuz
aksiyanı təhlil etməmiş bəyanat verib. Onun sözlərinə
görə, Avropa İttifaqına daxil olan ölkələrdə,
onun mərkəzi olan Brüsseldə nümayişçilərə
güc tətbiq edilir: “Fransada baş verən hadisələrdə
11 nəfər həlak oldu, gözləri çıxan
insanlar var idi. Biz beynəlxalq təşkilatlara öz
müraciətimizi göndərməliyik. Biz Avropa Parlamentinə,
Avropa Şurasına, ATƏT və digər təşkilatlara
müraciət göndərib deməliyik ki, qanunun aliliyi
haqqında danışan təşkilatlar qanunun aliliyini pozan
insanları müdafiə etməməlidirlər. Avropanın
özündə baş verən hadisələr ikili standartların
nə qədər yüksək səviyyədə olduğunu
göstərir. Mən əminəm ki, Azərbaycan xalqı hər
şeyi çox gözəl görür”.
Milli Məclisin deputatı Elman Məmmədov
çıxışında 1990-cı illərin əvvəlini
xatırladıb. O bildirib ki, həmin illərdə də
indiki destruktiv qüvvələr Azərbaycanda xaos
yaratmışdılar. Millət vəkilinin sözlərinə
görə, onlar hakimiyyətə gəlmək
üçün bütün vasitələrdən istifadə
edirdilər: “Bunun acı nəticələrindən biri də
torpaqlarmızın bir-birinin ardınca Ermənistan tərəfindən
işğal olunması idi. Həmin qüvvələr
hakimiyyətə gəldikdən sonra respublikada vəziyyət
daha da gərginləşdi, bir milyondan çox insan öz
torpaqlarından məcburi köçkün vəziyyətinə
düşdü. Mən təklif edirəm ki, o dövrün
prosesləri televiziyalarda yenidən nümayiş etdirilsin və
xalqımız hakimiyyətə gəlmək istəyənlərin
əsl simasını bir daha görsün”.
Milli Məclisin deputatı Kamilə Əliyeva
da çıxışında radikal müxalifətin ölkədə
sabitliyi pozmaq cəhdlərini pisləyib. O deyib ki, millət vəkili
kimi təmsil etdiyi bölgənin sakinləri də
radikalların qanunsuz hərəkətlərini kəskin şəkildə
pisləyirlər: “Çünki bu dairələrin məqsədi
ölkəmizdə sabitliyi pozmaqdır. Azərbaycan vətəndaşları,
o cümlədən seçicilərim müxalifətin belə
fəaliyyətini qətiyyətlə rədd edir”.
Milli Məclisin Əmək və sosial siyasət
komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü
Hadi Rəcəbli bildirib ki, destruktiv qrupların məqsədi
ölkədə hərc-mərclik yaratmaqdır. Onun sözlərinə
görə, radikalların sosial sahə ilə bağlı səsləndirdiyi
iddialar əsassızdır. Çünki bu sahədə
dövlət tərəfindən ardıcıl olaraq tədbirlər
həyata keçirilir.
Çıxış edən YAP Sabunçu
rayon təşkilatı Gənclər Birliyinin üzvü
Misirxan Həsənov isə Azərbaycan gəncliyinin Prezident
İlham Əliyevin ətrafında sıx birləşdiyini
bildirib. O qeyd edib ki, gənclər radikal müxalifətin qanunsuz
hərəkətlərini pisləyir. M.Həsənov deyib ki,
gənclər müstəqil dövlətimizə qarşı
atılan hər bir addıma layiqincə cavab verməyə
hazırdır.
Toplantıya yekun vuran YAP Sədrinin
müavini - İcra katibi Əli Əhmədov bir daha
vurğulayıb ki, cəmiyyətimizin müxtəlif təbəqələrinin
nümayəndələri, o cümlədən gənclər
destruktiv qrupların əməllərinə qarşı
öz mövqeyini bildirməli, ölkəmizdəki
ictimai-siyasi proseslərlə bağlı qərəzli
mövqe nümayiş etdirən beynəlxalq təşkilatlara
ünvanlamalıdırlar.
Nardar BAYRAMLI.-
22 oktyabr.- S.4