Əli Əhmədov:
19 oktyabr mitinqinin Azərbaycanın və onun vətəndaşlarının
maraqları ilə heç bir əlaqəsi yoxdur
“Müxalifətin
radikal qanadının
oktyabr ayının
19-da Bakıda icazəsiz
kütləvi aksiya keçirmək niyyəti
və cəhdləri haqlı olaraq bəzi suallar doğurur ki, onları cavablandırmağa
ehtiyac olduğunu düşünürəm. Əvvəla
ondan başlamaq istəyirəm ki, bir neçə ay bundan öncə Azərbaycanın
siyasi proseslərinə
xarici təsirlərin
təhlükələri ilə
bağlı həyəcan
təbili çalır,
cəmiyyətin bu təhlükələrə qarşı
müqavimət göstərməsinin
vacibliyini vurğulayırdıq.
Müxalifət də daxil olmaqla bir sıra
partiyalar və vətəndaş cəmiyyəti
təşkilatlarının ölkənin siyasi həyatına xarici təsirlərin yolverilməzliyinə
dair birgə mövqe nümayiş etdirməsi, bəyanat imzalaması sözügedən
təhlükənin nəinki
mövcudluğuna, hətta
kifayət qədər ciddi olduğuna işarə idi. Oktyabr ayının
19-da təşkil olunan
qanunsuz aksiya cəhdi bəzi siyasi partiyaların vasitəçiliyi ilə
ölkənin daxili işlərinə xarici müdaxilə niyyətlərinin
real təhlükəli
həddə çatmasından
xəbər verir. Mətbuatda yayılan məlumatlar mitinqçilərin
planlarının və
hərəkətlərinin bəzi xarici dairələrin nümayəndələri
ilə razılaşdırıldığına
hər hansı şübhə yeri qoymur. Deyilənlərə
mitinqdən sonra haqqında söhbət gedən ünvanlara kütləvi aksiya cəhdi ilə əlaqədar hesabat verildiyini də əlavə etsək, mənzərə tam aydın olar. Görünən odur ki, 19 oktyabr mitinqinin Azərbaycanın və onun vətəndaşlarının
maraqları ilə heç bir əlaqəsi yoxdur, ictimai zərurət yükünə malik deyil və bu
səbəbdən də
insanların diqqətini
cəlb edə bilməyib. Belə olan halda razılaşdırılmamış
mitinqin keçirilməsinin
əsl səbəbinin
bəzi xarici dairələrin maraqlarından
qaynaqlandığına inanmamaq
mümkün deyil. Bunun başqa adı Azərbaycanın dövlətçilik və
milli mənafelərinin
maraqlı xarici dairələrə qurban verilməsi, sadə dildə desək, satılmasıdır. Dərk
etmək nə qədər üzücü
olsa da, Azərbaycan Xalq Cəbhəsi Partiyası və onun ətrafında
toplaşanlar bəzi xarici dairələrin əlində Azərbaycana
qarşı istifadə
olunan təhlükəli
vasitəyə çevrilib.
Hesab edirəm ki, cəmiyyətimiz buna biganə qalmamalı, dövlətin
müvafiq orqanları
xarici maraqlara xidmət göstərən
siyasi təşkilatın
fəaliyyətinə qanunauyğun
hüquqi qiymət verməlidir”. Bu fikirləri Azərbaycan
Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra
katibi Əli Əhmədov öz şəxsi “facebook” səhifəsində paylaşım
etdiyi “19 oktyabr mitinqinin Azərbaycanın
və onun vətəndaşlarının maraqları ilə heç bir əlaqəsi yoxdur” sərlövhəli məqaləsində
qeyd etmişdir.
Əli Əhmədov
daha sonra bildirmişdir: “Cavabını
gözləyən digər
sual razılaşdırılmamış,
yəni qanunsuz mitinqin keçirilməsinə
cəhd göstərilməsi
ilə əlaqədardır.
Azərbaycanda bütün
hüquq və azadlıqlar kimi, sərbəst toplaşmaq hüququ da təmin edilib. Hər hansı qanuni kütləvi aksiyanın keçirilməsinə
məhdudiyyət və
ya qadağa yoxdur. Lakin bütün dünyada,
hətta ən demokratik ölkələrdə
olduğu kimi, Azərbaycanda da kütləvi aksiyalar zamanı ictimai asayişin qorunmasına, vətəndaşların təhlükəsizliyinin
təmin olunmasına görə məsuliyyəti
hökumət daşıyır.
Elə buna görə də istənilən kütləvi aksiya əvvəlcədən razılaşdırılır,
onun keçirilməsi
üçün yer ayrılır. Əks halda asayişin qorunması, vətəndaşların
təhlükəsizliyinin təmin
edilməsi mümkün
olmazdı. Aksiya iştirakçılarının özlərinin təhlükəsizliyinin təmin
edilməsi də bu qəbildən olan zərurətdir və onun məsuliyyəti
də hüquq-mühafizə
orqanlarının üzərinə
düşür. Eyni zamanda, mitinqdə iştirak etməyən insanların rahatlığının
pozulmaması amili də mütləq nəzərə alınmalıdır.
Sadalanan həqiqətləri
mitinqin təşkilatçılarının
bilmədiyini düşünmək
sadəlövhlük olardı.
Bəs onda niyə radikal müxalifət razılaşdırılmamış
aksiya keçirilməsinə
çalışır. Nə
qədər təəccüblü
görünsə də,
səbəb çox sadədir: təxribat salmaq, qarşıdurma yaratmaq. Mitinqin təşkilatçıları bilirlər ki, icazəsiz aksiyanın qarşısı alınmalıdır
və alınacaq. Bax onlara da məhz
elə bu lazımdır: sifarişçilərə
və mitinqi təşkil edənlərə
lazım olan gərginliyin, qarşıdurmanın
yaradılması. Əgər
daha ciddi təxribat etmək mümkün olarsa, lap yaxşı, müxalifət də elə bunu istəyir.
Qalanını müxalifətin havadarları özləri
edəcək: çəkilən
şəkillər, videogörüntülər
lazımi yerlərə
ötürüləcək, Azərbaycanda insan haqları pozulur deyə haray-həşir qopacaq, hansısa beynəlxalq təşkilatlar,
həmişə olduğu
kimi, ölkəmizə
və hakimiyyətə
qarşı ikili standartlara əsaslanan bəyanat qəbul edəcək və s.
Cavabını gözləyən daha bir sual mitinqin
şəhərin ən
gur, hərəkətin
ən intensiv olan yerində keçirilməsindən ibarətdir.
Bunun bir səbəbi təşkilatçıların mitinqə aid olmayan insanlar hesabına kütləvilik
effekti yaratmaq istəyindən qaynaqlanır.
Əslində bu, özünüaldatmaqdan başqa
heç nəyə yaramır, zira radikal müxalifətin ictimai bazasının olmadığını Azərbaycanda
bilməyən yoxdur.
Gəlin bunu buraxaq mitinq təşkilatçılarının öz vicdanına (əgər varsa). Ancaq icazəsiz mitinqin keçirilməsi üçün yerin seçilməsində digər
amil də var. İnsanlar gur olan yerlərdə
onların rahatlığını
pozmaq, qıcıq yaratmaq, mümkün olsa, asayiş qoruyucuları ilə əhali arasında qarşıdurma yaratmaq və s. daha asandır. Göründüyü
kimi, pis ola biləcək nə varsa, hamısını etməyə
çalışıblar ki,
məkrli niyyətlərinə
çatsınlar.
Təxribat bu dəfə
də baş tutmadı. Xalqın radikalçıları qəbul
etməməsi bir daha təsdiqini tapdı. Əhalinin ölkədəki əmin-amanlığı
pozmaq istəyənlərə
öldürücü etinasızlıq
göstərməsi xalqın
ölkədəki sabitliyi
yüksək qiymətləndirməsinin,
Prezident İlham Əliyevə inamının, Onun siyasətini müdafiə etməsinin,
xalqla iqtidarın birliyinin əyani ifadəsidir. İnanıram
ki, bundan sonra da xalqımız
bütün təxribatlara
və təxribatçılara
layiqli cavab verəcək, Azərbaycanın
dövlət və milli maraqlarının keşiyində sayıq dayanacaq”.
Yeni Azərbaycan.-
2019.- 22 oktyabr.- S.5