Prezident İlham Əliyevin müəllifi
olduğu yeni islahatlar strategiyası inkişafı sürətləndirməkdədir
Milli Məclisin İqtisadi siyasət, sənaye
və sahibkarlıq komitəsinin üzvü, YAP Siyasi
Şurasının üzvü Aydın Hüseynov www.yap.org.az
saytına müsahibə verib:
- Aydın müəllim, 2019-cu ilin ötən
9 ayının sosial-iqtisadi yekunlarını necə qiymətləndirərdiniz?
- 2019-cu ilin ötən 9 ayı ərzində
ölkəmizin sosial-iqtisadi inkişafı davam edib, iqtisadi
siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin
möhkəmləndirilməsi, qeyri-neft sektorunun
inkişafının sürətləndirilməsi,
regionların tarazlı inkişafı, əlverişli biznes və
investisiya mühitinin formalaşdırılması və digər
sahələrdə əhəmiyyətli irəliləyişlərə
nail olunub, əhalinin rifah halının daha da yüksəldilməsi
təmin edilib. Prezident İlham Əliyevin yanında
keçirilən iqtisadi müşavirədə də qeyd
olunduğu kimi, cari ilin 9 ayı ölkəmiz
üçün uğurlu olub. Bu uğurların əldə
olunmasında son bir ildə başlanmış yeni
islahatların mühüm təsiri olubdur. Cənab Prezidentin də
vurğuladığı kimi, əldə edilmiş sosial və
iqtisadi nəticələr müsbətdir, biz düzgün
yoldayıq, islahatlara alternativ yoxdur. Bu dövrdə əldə
edilmiş sosial və iqtisadi nəticələr aparılan məqsədyönlü,
sistemli və düşünülmüş islahatların məntiqi
nəticəsidir. 2019-cu ilin 9 ayı ərzində iqtisadi
artım təmin edilib. Azərbaycan iqtisadiyyatı neftdən
asılı olmadan inkişaf edib. Qeyri-neft sektorunda iqtisadi
artım 3 faizdən çox olub. Qeyri-neft sənayesi sahəsində
yüksək göstəricilər əldə olunub, 15 faizdən
çox artım baş veribdir. Bu, onu göstərir ki, son illərdə
aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun
inkişafı ilə bağlı atılan addımlar öz bəhrəsini
verir. Son illərdə kənd təsərrüfatına
böyük investisiyaların qoyulması və bu sahəyə
göstərilən dövlət dəstəyi tədbirləri
sayəsində aqrar sektorda 7 faizdən çox artım əldə
edilib. Digər iqtisadi göstəricilərimiz də müsbətdir.
İnflyasiya çox aşağı səviyyədədir, 2
faizdən bir qədər çoxdur. Yeri gəlmişkən
onu qeyd etmək istərdim ki, 2019-cu ildə çox
böyük sosial paketin reallaşması sayəsində 4
milyon 200 mindən çox insanın maddi vəziyyətinin
yaxşılaşması və bu sosial tədbirlərə
dövlət büdcəsindən 1 milyard manatdan artıq vəsaitin
ayrılmasına baxmayaraq, ölkəmizdə
inflyasiyanın səviyyəsi sabit qaldı. Bəzi şəxslər
hesab edirdilər ki, bu həcmdə böyük artımlar qiymətlərin
bahalaşmasına, inflyasiyanın sürətlənməsinə
səbəb olacaq. Ancaq dövlətimizin
yürütdüyü uğurlu siyasət sayəsində
inflyasiyanın sabit qalması təmin edildi.
- İqtisadi artımın əldə
olunmasında aparılan islahatlar hansı dərəcədə
rol oynamaqdadır?
- Məlum olduğu kimi, 2019-cu ilin əvvəllərindən
başlayaraq iqtisadiyyatda yeni islahatların başlanması
“kölgə iqtisadiyyatı”nın azalmasında və şəffaflığın
təmin edilməsində mühüm rol oynamaqdadır. Aparılan islahatlar iqtisadi idarəetmədə
yeniliklərin tətbiq olunması ilə müşayiət
edilməkdədir, bu islahatlar bütün sahələrdə
hesabatlılığın, maliyyə intizamının və
şəffaflığın təmin edilməsini möhkəmləndirir.
Şəffaf iqtisadiyyat iqtisadi imkanların daha da
artmasını təmin edir. Məhz şəffaflıq
və yeni yanaşma nəticəsində birinci rübdə
böyük məbləğdə əlavə vəsait əldə
edilib, iqtisadi potensialımız, maliyyə imkanlarımız
da güclənib. Cənab Prezident bunu müşavirədə
xüsusilə vurğuladı və bildirdi ki, aparılan yeni
islahatlar, vergi və gömrük sahələrində təmin
edilən şəffaflıq öz səmərəsini verməkdədir.
Gömrük və vergi orqanları doqquz ayda büdcəyə
plandan əlavə 700 milyon manatdan çox vəsait ödəyibdir.
Bu, şəffaflıq, dürüstlük sayəsində,
sahibkarların uçotunun düzgün qurulması nəticəsində
mümkün olubdur.
- Beynəlxalq maliyyə institutlarının son
hesabatlarında da ölkəmizdə aparılan islahatlar təqdir
olunmaqdadır. Həmin hesabatları necə şərh edərdiniz?
- Azərbaycanda davam etdirilən iqtisadi
islahatları Dünya Bankı, Ümumdünya İqtisadi
Forumu, Asiya İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu və
digər aparıcı beynəlxalq maliyyə qurumları da
yüksək qiymətləndirməkdədirlər. Bu günlərdə
Dünya İqtisadi Forumu tərəfindən nəşr edilən
“Qlobal Rəqabətlilik İndeksi”ndə ölkəmiz 11 pillə
irəliləyərək 58-ci mövqedə qərarlaşıb.
Hesabatı təhlil etdikdə görərik ki,
Azərbaycan 141 ölkə arasında ən böyük
yüksəliş balı əldə edib, Cənubi Qafqaz
ölkələri arasında lider, MDB ölkələri
arasında isə ilk üçlükdədir. Yaxud Azərbaycan
Dünya Bankının “Doing Business 2020” hesabatında iqtisadi
islahatlar aparan ən yaxşı 20 ölkə sırasında
yer alıbdır. Bu hesabatlarda Azərbaycanın mövqeyinin
yaxşılaşması birbaşa son illərdə dərinləşən
islahatların nəticəsi olaraq xarakterizə
olunmalıdır. Bütün bunlar təsdiqləyir ki, Azərbaycan
hökumətinin apardığı islahatlar mütəmadi
olaraq əksər indikatorlar üzrə mövqeyin daha üst
səviyyəyə qalxmasına imkan veribdir. Bu uğurlar Azərbaycan
Prezidentinin həyata keçirdiyi sosial-iqtisadi siyasətin
alternativsiz olduğunu və aparılan islahatların cəmiyyətin
bütün təbəqələrinin, o cümlədən
biznes subyektlərinin mənafelərini əks etdirdiyini bir daha
göstərir. Azərbaycan hökuməti növbəti
dövrlərdə də islahatları davam etdirəcək və
beynəlxalq aləmdə mövqeyimiz daha da
yaxşılaşacaq, ölkəmiz yenə də liderliyini
qoruyub saxlayacaq.
- Dövlətimizin başçısı
islahatlara kölgə salan, hələ də köhnə təfəkkürlə
işləyən dövlət məmurlarının
olmasına da diqqət çəkdi, bu istiqamətdə kadr
islahatlarının aparılacağının anonsunu da
verdi...
- Tamamilə doğru qeyd edirsiniz,
Prezident İlham Əliyev çox mühüm
tapşırıqlar verdi və bildirdi ki, ötən il
keçirilən prezident seçkilərindən sonra
andiçmə mərasimindəki
çıxışımda Azərbaycanda başlanılan
yeni islahatların əsas istiqamətləri üzrə hədəfləri
elan etdim. İslahatların əsas hədəflərindən
biri də dövlət qurumlarının fəaliyyətinin
yeni dövrə, çağırışlara uyğun
qurulmasıdır. Yeni çağırışlar nədir?
Yeni hədəflər bürokratik idarəetmədən
uzaqlaşmaqdır, şəffaflıqdır, köhnə məmurçuluqdan
əl çəkməkdir, vətəndaşa xidmət etməkdir,
yeniliyə uyğunlaşmaqdır. Təəssüf ki,
dövlət orqanlarında olan bəzi vəzifəli şəxslər
iqtisadi və sosail sahədə bir sıra xoşagəlməz
halların baş verməsinə səbəb olurlar, islahatlara
qarşı çıxış edirlər. Bu islahatlar
onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə
hökumətin işinə əngəl törətmək istəyirlər.
İslahatlara meyilli olan, yeni təfəkkürə malik
kadrları qaralayırlar. Ona görə də köhnə təfəkkürə
malik bu adamlarla sürətlənən islahatlar kursunda bərabər
addımlamaq mümkün deyil, artıq yeni komandada onlarla davam
edilə bilməz. Dövlət
başçısı da konkret və qəti xəbərdarlıq
etdi, bütün dövlət məmurları artıq dərinləşdirilən
bu islahatların ruhuna uyğun işləməlidirlər.
Əgər bacarmırlarsa, belə adamlarla bir yolun yolçusu
ola bilmərik.
- Dövlət başçısı 2020-ci
ilin dövlət büdcəsi layihəsinin
hazırlandığını və büdcə ilə əlaqədar
hökumət üzvlərinə tapşırıqlar
verildiyini də bildirdi. Gələn ilin büdcə layihəsini
necə dəyərləndirərdiniz?
- Cənab Prezidentin də bəyan etdiyi kimi,
hökumət üzvləri artıq neçə vaxtdır
ki, yeni büdcə paketi üzərində işləyirlər.
Məlum olduğu kimi, Maliyyə Nazirliyi tərəfindən
hazırlanmış “Azərbaycan Respublikasının 2020-ci
ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə
dair açıqlama” ötən ay hökumətə təqdim
edilib. Həmin sənədin göstəricilərinə
əsasən qeyd etmək mümkündür ki, 2020-ci ilin
dövlət büdcəsi layihəsi kifayət qədər
praqmatik, nikbin və təmkinli ssenarilər əsasında
hazırlanır. 2020-ci ildə icmal büdcə xərclərinin
yuxarı həddi cari ilin təsdiq
olunmuş icmal büdcə xərclərinin 103 faizindən
çox olmamaqla xərclənə bilən neft gəlirləri
ilə qeyri-neft və digər daxilolmaların proqnozunun cəminə
əsaslanır. 2019-cu ildə olduğu kimi, 2020-ci il və
orta müddətli dövrdə də icmal büdcə xərclərinin
yuxarı həddi bu qaydaya uyğun olaraq
müəyyən ediləcəkdir. 2020-ci ilin dövlət
büdcəsinin gəlirləri isə 24,484 mln. manat məbləğində
proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq
edilmiş göstəricisi ilə müqayisədə 1,316
mln. manat və ya 5,7 faiz çoxdur. Büdcədə
artımın əsas mənbəyi qeyri-neft gəlirləridir.
Qeyri-neft gəlirlərinin artım tempi 11,3
faizdir, yəni cari illə nisbətdə 1 milyard 68 milyon manat.
Ümumilikdə, gələn ilin büdcə gəlirlərinin
tərkibində qeyri-neft gəlirləri 10 milyard 536,5 milyon
manat olmaqla payını 43 faizə çatdırmış
olacaq. 2020-ci ildə dövlət büdcəsinin xərcləri
isə 25 milyard 618,2 mln. manat məbləğində
proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq
edilmiş göstəricisi ilə müqayisədə 428,2
mln. manat çoxdur. Ümumilikdə, 2020-ci ilin büdcəsi
həm sosialyönümlü, həm də
investisiyayönümlü olacaqdır.
- Ölkəmizin qarşıdakı dövrdə
sosial-iqtisadi inkişafını necə
proqnozlaşdırardınız?
- Azərbaycan Prezident İlham Əliyevlə
yeni davamlı uğurların və uzunömürlü
xoşbəxt gələcəyin astanasındadır.
Reallıq bundan ibarətdir ki, Azərbaycan, həqiqətən,
zəngin bir ölkəyə çevrilmək mərhələsinə
daxil olub. Yeni iqtisadi idarəetmənin və şəffaf
iqtisadiyyatın qurulması Azərbaycanın yaxın illərdə
yüksək inkişafa və keyfiyyətli həyat şəraitinə
çatmasına imkan verəcəkdir. Respublikamızda
qeyri-neft sektorunun yüksək inkişaf perspektivləri,
iqtisadiyyatın şaxələndirilməsi Azərbaycanın
yaxın onillikdə qeyri-neft məhsullarının
ixracatçısı kimi dünyada böyük nüfuza
malik olmasını təmin edəcək. Qarşıdakı
illərdə demokratik cəmiyyətin, liberal bazar münasibətlərinə
əsaslanan iqtisadi siyasətin yeni müstəvidə və
modern mərhələdə gücləndirilməsi, neft gəlirlərinin
məqsədyönlü idarə olunması və birbaşa
insan amilinə, yəni intellektual kapitala yönəlməsi,
qeyri-neft sahələrinin innovativ iqtisadiyyatın baş
xəttinə çevrilməsi, kiberinformasiya cəmiyyətinin
formalaşdırılması, ən yeni kreativ
texnologiyaların meydanının genişləndirilməsi də
cənab İlham Əliyevin hədəflədiyi sahələrdir.
Səs.- 2019.- 23
oktyabr.- S.10