Əli Əhmədov: Ümid edirəm ki,
hər bir məmur Prezidentin bu mesajından lazım olan nəticəni
çıxaracaq
Baş Nazirin müavini, YAP sədrinin
müavini - İcra katibi Əli Əhmədovun APA-ya
müsahibəsi:
- Baş Nazirin iki müavini - Əli Həsənov
və Hacıbala Abutalıbov istefa ərizəsi yazaraq vəzifələrindən
azad olundu. Prezident İlham Əliyev oktyabrın 21-də həmin
şəxslərlə görüşdü, onlara xidmətlərinə
görə təşəkkür etdi. Prezidentin bu
addımı siyasi əxlaq nümunəsi hesab edilir. Bu barədə
nə deyə bilərsiniz?
- Əlbəttə, yüksək ranqlı məmurların
vəzifəyə təyin və azad olunması Prezidentin
konstitusional səlahiyyətdir. Hesab edirəm ki, dünənki
istefalarla əlaqədar təfərrüfat Azərbaycan vətəndaşlarına
çatdırılıb. Əli Həsənov və
Hacıbala Abutalıbov Prezidentdən onları tutduqları vəzifədən
azad etmək haqqında xahiş ediblər. Prezident də
onların xahişini və müraciətini təmin edib. Hər
iki şəxs Azərbaycan dövlətinin
qarşısında böyük xidmət göstərmiş
məmur olub, böyük vəzifələr tutub. Zamanında
Ulu Öndər Heydər Əliyev, uzun müddət isə
Prezident İlham Əliyevlə işləyiblər, üzərilərinə
düşən öhdəlikləri layiqincə yerinə
yetiriblər. Hesab edirəm, indi bir zaman gəlib
çatıb, onların özləri də dərk ediblər
ki, yəqin yeri gənclərə buraxmağın zamanı,
vaxtı gəlib çatıb. Ümumiyyətlə, hökumət
canlı bir orqanizmdir. Daim hökumətdə yenilənmə və
təzələnmə gedir. Dünyanın hər yerində
hökumətin tərkibi zaman-zaman dəyişir, yenilənir.
Azərbaycan da istisna deyil. Azərbaycan hökuməti də
illər ərzində tərkib baxımından kifayət qədər
dəyişib, müəyyən insanlar vəzifələrini
icra edib, yerinə yetirib, istefaya gediblər, əvəzlərinə
digərləri gəlib. Bunu normal qəbul etmək
lazımdır. Hesab edirəm ki, bundan sonra da buna bənzər
hadisələr olacaq. Bir daha təkrar etmək istəyirəm
ki, hökumət canlı orqanizmdir. Həyatda baş verənlərlə
əlaqədar olaraq, bu və ya digər səbəb və
amillərlə bağlı hökumətin tərkibinin dəyişməsinə
ehtiyac yaranır. Bu ehtiyaca uyğun olaraq da qərarlar qəbul
edilir. Prezidentin də qeyd etdiyi kimi, hər iki şəxs Azərbaycanın
ictimai həyatında həm hörməti, nüfuzu, həm də
kifayət qədər fəallıq göstərmiş və
bu yöndə fəallığını nümayiş
etdirmiş insanlardır. Biz inanırıq ki, onlar bundan sonra
da Azərbaycanın ictimai və siyasi həyatında fəal
iştirak edəcək, Prezident İlham Əliyevin həyata
keçirdiyi siyasətin uğur qazanmasına töhfələrini
verəcəklər.
- Prezident İlham Əliyev Sizin də rəhbərliyində
təmsil olunduğunuz Nazirlər Kabinetində yenilənmə
anonsunu verib, yeni Baş Nazirə bununla bağlı
tapşırıqlar verdiyini bildirib. Nazirlər Kabineti cəmiyyətdə
də çevik fəaliyyət göstərməyən qurum
kimi xarakterizə olunur. Baş Nazirin müavini kimi, Nazirlər
Kabinetində hansı struktur və kadr islahatlarına ehtiyac
olduğunu düşünürsünüz?
- Hesab edirəm ki, digər ölkələrdə,
o cümlədən Azərbaycanda da hökumətlə əlaqədar
tənqidi meyllər müşahidə olunur. Azərbaycanın
Nazirlər Kabineti də tənqid olunan hökumət və
dövlət qurumları içərisində bəlkə də
ön sıralarda gedir. Ən çox tənqid olunan qurumlardan
biri məhz Nazirlər Kabinetidir. Hesab edirəm ki, bu da təsadüfi
deyil. İnsanlar hər hansı problemlə üzlədikdə
onun günahkarını axtararkən yadlarına ilk
düşən Nazirlər Kabineti olur. Ona görə də
Nazirlər Kabinetini tənqid etməkdən heç kim çəkinmir,
tənbəllik etmirlər, Nazirlər Kabinetini məmnuniyyətlə
tənqid edirlər. Amma onu da qəbul etmək lazımdır
ki, Nazirlər Kabineti geniş qurumdur, anlayışdır. Bura
bütün mərkəzi icra hakimiyyəti strukturları
daxildir. Bir də Nazirlər Kabinetinin Aparatı var ki, Nazirlər
Kabineti kimi böyük bir qurumun idarə olunmasına bilavasitə
məsuliyyət daşıyır. Ona görə də Nazirlər
Kabineti bu gün Prezident İlham Əliyevin həyata
keçirdiyi islahatlar siyasətinə maksimum dərəcədə
uyğunlaşmağa çalışmalıdır. Azərbaycanın
həyatı yüksək dinamika ilə inkişaf edir. Ölkəmizdə
bütün sahələrdə böyük dəyişikliklər
müşahidə olunmaqdadır. Nazirlər Kabineti də bu dəyişikliklərə
uyğunlaşmağı bacarmalıdır. Təbiidir ki,
Nazirlər Kabinetinin strukturu, orada çalışan insanlar bu
tələblər səviyyəsində olmalıdır. Yeni
Baş Nazir təyin olunub. Hesab edirəm ki, Prezident ona
müvafiq tapşırıqları verərkən, eyni zamanda
Nazirlər Kabinetinin tərkibində dəyişikliklərin həyata
keçirilməsini də nəzərdə tutub. Güman edirəm
ki, Nazirlər Kabineti bundan sonra da Azərbaycan vətəndaşlarının
Azərbaycan hökumətinə bəslədiyi ümidləri
doğrultmaq üçün səylərini daha da
artıracaq.
- Prezident İlham Əliyev son müşavirəsində
məmurlar arasında çəkişmələrdən, bu
çəkişmələrin media müstəvisinə
daşınmasından danışdı, islahatlara mane olmaq istəyən
məmurlara xəbərdarlıq etdi. Sizcə, bu xəbərdarlığı
zəruri edən amillər hansılardır?
- Təbiidir ki, məmurlar da insandır. Hər
bir insana xas olan müsbət və mənfi keyfiyyətlər
məmurlarda da var. Biz hər hansı məmurda mənfi keyfiyyətlərin
olmasını istəməzdik. Güman edirəm ki, Prezident
xüsusi vurğuladığı problemlərin mövcud
olduğunu müşahidə edib və
narahatlığını ifadə edib. Amma
burada verilən mesajın mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın
məmur korpusu kifayət qədər mənəvi əxlaqi
keyfiyyətlərə malik olsun, öz üzərinə
düşən öhdəliklərin yerinə yetirilməsinə
ciddi şəkildə yanaşsın və bütün diqqəti
onun yerinə yetirilməli olduğu vəzifələrin
icrasının üzərinə yönəltmiş olsun. Eyni
zamanda digər ölkələrdə də belə hallar
müşahidə olunur. Hesab edirəm ki, Prezidentin mesajı
Azərbaycanın bütün məmur korpusuna mesaj kimi qəbul
olunmalıdır. Ümid edirəm ki, hər bir məmur
Prezidentin bu mesajından lazım olan nəticəni
çıxaracaq.
- Siz həm də Yeni Azərbaycan
Partiyasının (YAP) Sədrinin müavini-İcra katibisiniz.
Sirr deyil ki, hakim partiyanın əsas seçkili
strukturlarında təmsil olunanların da xeyli hissəsi təqaüd
yaşına çatmış və ya keçmiş insanlardır.
YAP strukturlarında da yenilənmə gözlənilirmi?
- Həyat inkişaf edirsə, insanların
yaşı da artır, pensiya yaşına gəlib
çatır və keçir. Bu, həyatın
qarşısı alınmayan tələbi və prosesidir. YAP
da bu proseslərdən kənarda deyil. YAP həyatın
inkişafından və tələbindən geriyə qalmamaq
üçün çox ciddi addımları atır və
bundan sonra da atmaq niyyətindədir. Biz gənclərə həmişə
böyük diqqət və sayğı ilə
yanaşmışıq. Gənclərin enerjisindən, biliklərindən
YAP-ın potensialının artırılması
üçün istifadə etməyə cəhdlər
göstərmişik. Bu, bizim qarşımıza qoyduğumuz ən
vacib məsələlərdən biridir. Hesab edirəm ki,
YAP-ın tərkibində gəncləşmə prosesi daimi
olaraq davam edəcək. YAP-ın çox sayda gənc
üzvü var ki, onlar Azərbaycan gəncliyinin ən layiqli
nümayəndələridir. Biz cəmiyyəti
bütövlükdə qavrayırıq ki, bunun içərisində
gənc də, orta yaşlı da, dövlət
üçün böyük xidmətlər göstərmiş
yaşlı insanlar da var. YAP olaraq biz hamıya hörmət və
sayğı ilə yanaşırıq. Hər kəsə
partiyamızın inkişaf etməsi üçün göstərə
biləcəyi xidmətin göstərməsini tövsiyə
edirik. YAP olaraq gəncləri həm həvəsləndiririk,
həm öz sıralarımıza gəlmək
üçün təşviq edirik, həm də onlara bilik və
bacarıqlarını nümayiş etdirmək şəraiti
yaradırıq.
- Dünən kabinetdən istefa vermiş
Əli Həsənov və Hacıbala Abutalıbov YAP-dakı
postlarında fəaliyyətlərini davam etdirəcəklərmi?
- Bu barədə Prezident onlara öz tövsiyələrini
verib. Əli Həsənov və Hacıbala Abutalıbova
tövsiyə edərək bildirib ki, partiyadakı fəaliyyətlərini
davam etdirsinlər. Güman edirəm ki, onlar öz fəaliyyətlərini
ləyaqətlə davam etdirəcək, Prezident İlham
Əliyevin həyata keçirdiyi siyasətin uğur
qazanmasına bundan sonra da öz töhfələrini verməyə
çalışacaqlar.
- “Milli şura”nın 19 oktyabr aksiyası ilə
bağlı fikirlərinizi bilmək istərdik. 19 oktyabrda
Bakıda nə baş verdi?
- Oktyabrın 19-da Bakı normal həyatını
yaşayırdı. Əgər kütləvi informasiya vasitələri,
xüsusilə də, insanların adət etdiyi vasitələr
- “facebook” və digərləri olmasaydı, bəlkə də
Bakı şəhərində yaşayan insanların
böyük hissəsi bir qrup insanın icazəsiz mitinq keçirməsindən də xəbər tutmazdı. Mənim
və tanıdığım insanlardan aldığım məlumatların
mahiyyəti ondan ibarətdir ki, Bakı normal həyatını
yaşayırdı. Amma şəhərin çox kiçik
bir hissəsində, insanların gur, hərəkətin
intensiv olduğu nöqtəsində “Milli şura” və Azərbaycan
Xalq Cəbhəsi Partiyası qeyri-qanuni aksiya keçirmək
cəhdi göstərdi. Ola bilər ki, 100-200 insan o aksiyada
iştirak edirdi, hər hansı çağırışlar
səsləndirirdi, insanların rahatlığını
pozurdu. Təbiidir ki, hüquq-mühafizə orqanları orada
asayişi təmin etməliydilər və qanunsuz aksiyanın
qarşısı mütləq alınmalı idi. Bununla əlaqədar
olaraq şəhərin məhdud bir hissəsində hərəkət
müəyyən qədər məhdudlaşdırılmışdı.
Bakı şəhərində oktyabrın 19-da baş verənlər
bundan savayı başqa bir şey deyildi. Lakin təəssüf
hissi ilə qeyd etmək istəyirəm ki, mətbuat bunu
Bakı şəhərində hər hansı fövqəladə
vəziyyətin baş verməsi kimi təqdim etdi. Xüsusilə də maraqlı olan mətbuat vasitələrinin
təmsilçiləri Azərbaycandan kənarda olan müvafiq
qurumlara, orqanlara, beynəlxalq təşkilatlara baş verən
hadisələrin həddən artıq böyük rezonansa səbəb
olan hadisə kimi təqdim edilməsi üçün cəhdlər
göstərdilər. Amma mən və
tanıdığım çoxlu sayda adamın hisslərini
bir daha təkrar etmək istəyirəm: Bakı şəhəri
oktyabrın 19-da normal həyatını yaşayırdı.
- Aksiya iştirakçılarının və
polisin qarşılıqlı davranışlarını necə
qiymətləndirirsiniz?
- Aksiya iştirakçılarında çox
böyük bir aqressiyanın olduğu açıq şəkildə
görünürdü. Mən sosial şəbəkələr
vasitəsilə qanunsuz aksiyanı müşahidə edirdim.
Orada asayişin keşiyində duran polislərin kifayət qədər
dözümlü və sərrast davranışının
şahidi oldum. Aksiya iştirakçıları
asayişi təmin etmək istəyən polis nümayəndələrini
nə qədər hövsələdən
çıxarmağa çalışsalar da, toqquşma
yaratmağa cəhdlər göstərsələr də,
polisin peşəkarlığı və dözümlü hərəkəti
bu cür qarşıdurmanın və təxribatın
baş tutmasına imkan vermədi. Hesab edirəm ki, Azərbaycan
polisi onu təxribata çəkmək istəyənlərin hərəkətlərinə
uymamaqla böyük peşəkarlıq nümayiş etdirə
bildi.
- Aksiya iştirakçılarının
zorakılığa məruz qalması ilə bağlı
iddialar var. Bunu Əli Kərimli də sərbəst
buraxıldıqdan sonra bildirdi, eləcə də Tofiq Yaqublunun
vəkili açıqlamasında bu barədə
danışdı. Bununla bağlı nə deyə bilərsiniz?
- Əli Kərimli və Tofiq
Yaqublu maraqlı tərəflər olduğundan hesab edirəm
ki, onların səsləndirdiyi bəyanatların o qədər
də düzgün olduğuna inanmaq düzgün olmazdı.
Aksiyaya cəhd göstərilməsinin bütün
görüntüləri KİV tərəfindən lentə
alınıb, canlı şəkildə yayımlanıb. Nə canlı yayımlarda, nə də KİV-in
heç birində hər hansı polis tərəfindən
lazım olan dərəcədən artıq zorakılıq
hallarının göstərilməsi müşahidə
olunmadı. Ümumiyyətlə, zorakılıq
hallarının tətbiq edildiyinin şahidi olmadıq.
Polis, sadəcə olaraq, qeyri-qanuni küçə
yürüşünün qarşısını almaq vəzifəsini
çox ləyaqətlə, təmkinlə, səbrlə və
dözümlə yerinə yetirdi. O ki qaldı
müxalifətin bu aksiya zamanı təxribat törədərək,
polislə toqquşub, qarşıdurma yaratmaq niyyətlərinə,
hansı ki, bu qaşıdurma görüntülərinin yəqin
ki, müvafiq ünvanlara göndərilməsi
planlaşdırılırdı, əlbəttə ki, o
gürüntülər alınmadı.
Ümumiyyətlə zor tətbiqi olmadığına görə
bu görüntülərin də alınması mümkün
olmadı. Mən müqayisə üçün
dünyanın ən demokratik imicə malik olan ölkələrindən
qeyri-qanuni aksiyaların qarşısının alınması
zamanı polisin hansı zorakılıq halları tətbiq etməsi
ilə əlaqədar məsələləri diqqətinizə
çatdırmaq istəyirəm. Kifayət qədər
güc tətbiq etməklə qeyri-qanuni aksiyaların, bəzi
hallarda hətta icazəli aksiyaların
qarşısının alınması zamanı polislər
öz vəzifələrini yerinə yetirərkən zor tətbiq
edirlər. Çünki hər bir ölkədə dövlətin
üzərinə düşən öhdəliklərdən
biri də vətəndaşın təhlükəsizliyinin təmin
edilməsidir. Kütləvi aksiyalarda vətəndaşların
trəhlükəsizliyinin təmin edilməsi ön plana
çıxır. Çünki müxtəlif təxribatlar,
müxtəlif niyyətlərlə qarşıdurmalar
yaratmağa çalışan qüvvələr ola və
bunların təxribatları nəticəsində həm
aksiyanın iştirakçılarının, həm də
ərazidə olan sadə vətəndaşların təhlükəsizliyinə
təminat vermək çətinləşə bilər.
Polisin vəzifəsi həm kütləvi aksiyada iştirak edənlərin,
həm də orada olan hər bir vətəndaşın təhlükəsizliyini
təmin etməkdir. Polis asayişin pozulmasına, təxribatlara
imkan verməmək üçün ora gəlib. Bu mənada istər Əli Kərimli, istərsə
də mitinqin digər təşkilatçılarının
oktyabrın 19-da qanunsuz aksiya zamanı polis tərəfindən
zorakılığın tətbiq edilməsi haqqında səsləndirdikləri
bəyanatın tamamilə əsassız olduğunu birmənalı
şəkildə vurğulamaq istəyirəm.
- 19 oktyabr aksiyasından sonra xarici ölkələrdəki
bəzi şəxslərin sosial media üzərindən
kütləvi iğtişaşlara, terrora
çağırışlarına rast gəlinir, habelə
ayrı-ayrı polislər hədəf göstərilir. Bu
çağırışlarla bağlı nə deyə bilərsiniz?
- Belə çağırışları qəti
şəkildə pisləyirəm. Hesab edirəm ki, bu
çağırışlar Azərbaycana qarşı
bütövlükdə təxribat törətmək niyyətlərindən
xəbər verir. Bu çağırışlar ciddi şəkildə
konstitusion hüquqların pozulmasıdır, Azərbaycanda
konstitusion quruluşa qarşı cəhd göstərilməsi
nümunəsidir. Bu çağırışları edənlər
digər tərəfdən isə ölkədə
qarşıdurma, xaos və anarxiya yaratmaq niyyətlərini
ortaya qoymuş olur. Düşünmürəm
ki, Azərbaycan cəmiyyətində kimlərsə xaricdə
sığınacaq tapmış və hansı maraqlı dairələrə
qulluq etdiyi o qədər də bizə məlum olmayan bəzi
məsuliyyətsiz insanların bu cür
çağırışlarına diqqətlə
yanaşır və ya ona əhəmiyyət verir.
Bütün bunlara baxmayaraq, mən Azərbaycanda
qarşıdurma yaratmağa
çağırışları, eyni zamanda polislə, müvafiq
hüquq-mühafizə orqanları ilə qarşıdurma
yaratmaq çağırışlarını qəti şəkildə
pisləyirəm. Azərbaycanın hər bir vətəndaşı
ölkəmizdəki sabitliyi, əmin-amanlığı
yüksək qiymətləndirir. Bu, Azərbaycan dövlətinin
müstəqillik illərində əldə etdiyi ən
böyük nemətlərdən biridir. Azərbaycanın hər
bir vətəndaşı ölkəmizin həyatının,
iqtisadiyyatının böyük dinamika ilə inkişaf
etdiyini yüksək qiymətləndirir. Bu inkişafdan hər
bir kəs, hər bir ailə fayda görür. Ən
böyük fayda isə bayaq dediyim kimi, sabitlik və əmin-amanlıqdır
ki, heç də hər bir ölkədə buna nail olmaq
mümkün olmur. Ona görə də heç bir Azərbaycan
vətəndaşı ölkəmizdəki sabitliyin, əmin-amanlığın
pozulmasına razı olmaz və buna imkan verməz.
Yeni Azərbaycan.-
2019.- 23 oktyabr.- S.4