Əsas vəzifəmiz iqtisadi
inkişafı şərtləndirən islahatları dərinləşdirməkdir
Milli Məclisin Səhiyyə komitəsinin
üzvü Kamaləddin Qafarov www.yap.org.az saytına müsahibə
verib:
- Kamaləddin müəllim, məlum olduğu
kimi, ölkəmizdə davamlı şəkildə
reallaşdırılan iqtisadi islahatlar yeni mərhələyə
qədəm qoyub. Bu islahatların əsas istiqamətləri
haqqında sizin fikirlərinizi bilmək istərdik...
- Bildiyimiz kimi, Ulu Öndər Heydər
Əliyev vaxtilə demişdir ki, iqtisadiyyatı güclü
olan ölkə hər şeyə qadirdir. Bu, tam həqiqətdir
və bu gün bizim siyasi müstəqilliyimizin təməlində
iqtisadi müstəqillik dayanır. Bu gün Azərbaycanın
iqtisadi uğurlarını heç kəs inkar edə bilməz.
Azərbaycan dünyanın dinamik inkişaf edən ən
stabil ölkələrindən biridir.
Prezident İlham Əliyevin yanında
oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə
cari ilin son 9 ayı ərzində Azərbaycanda iqtisadiyyat sahəsində
əldə olunan çox böyük uğurlardan söhbət
açılmışdır. Göstərilmişdir ki, bu
müddət ərzində qeyri-neft sektorunda artım 3 faiz,
qeyri-neft sənayesində isə 15 faizdən çox
olmuşdur. Sahibkarlara 130 milyon manatdan çox
güzəştli kredit verilmiş, iqtisadiyyata 10,146 milyon
manatdan çox investisiya yatırılmış, ölkəmizin
valyuta ehtiyatları 50 milyard dollar təşkil etmişdir. 186
ölkə ilə ticarət əlaqələri
yaradılmış, xarici ticarət dövriyyəsi 25,3
milyard dollara çatmışdır. Sevindirici haldır
ki, qeyri-neft ixracı 15% artaraq 1,4 milyard dollarlıq səviyyədə
qərarlaşmışdır.
Minimum əmək pensiyası 200 manat, minimum əməkhaqqı
isə 250 manat miqdarında müəyyən edilmişdir. Təkcə
2 sosial paketlə 4,2 milyon insanın maddi güzəranı
xeyli yaxşılaşdırılmışdır. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın
dünyanın ən çox islahat aparan ölkələri
sırasına daxil olması, rəqabət qabiliyyəti
indeksində ölkəmizin öz mövqelərini daha da
yaxşılaşdırması ondan xəbər verir ki, əslində,
islahatlar makroiqtisadi sabitliyin qorunub saxlanmasına və
makroiqtisadi göstəricilərdə artım tempinin
formalaşmasına və qorunub saxlanmasına imkan yaradır.
Bu məqam, eyni zamanda, beynəlxalq səviyyədəki
mövqeyimizin möhkəmlənməsinə səbəb
olur.
Hazırda ölkənin 33 rayonunda 262 min hektar ərazidə
51 aqropark və fermer təsərrüfatının
yaradılması istiqamətində nəhəng işlər
görülür. Bu vəzifələrin
reallaşdırılmasına dövlət tərəfindən
2,4 milyard manatdan çox vəsait ayrılmışdır.
Təbii ki, bütün bunlar gündən-günə
daha da uğurla reallaşdırılan iqtisadi, siyasi və
sosial islahatlar nəticəsində mümkün olmuşdur. Azərbaycan
Respublikasının Prezidenti möhtərəm İlham
Əliyev son müşavirədə bu islahatlara verilən qiymət
və dəstəklə bağlı demişdir: “...Əsas vəzifəmiz
iqtisadi inkişafı şərtləndirən islahatları dərinləşdirməkdir.
Bütövlükdə Azərbaycanda iqtisadi sahədə
islahatlar uğurla gedir. Beynəlxalq aparıcı maliyyə
qurumları da bu sahədəki fəaliyyətimizi yüksək
qiymətləndirirlər...”
- Kamaləddin müəllim, 2020-ci il icbari tibbi
sığortanın bütün respublika miqyasında tətbiq
ediləcəyi ildir...
- İcbari tibbi sığortanın tətbiqi
hökumətin səhiyyə sahəsində
apardığı davamlı islahatların tərkib hissəsidir.
İcbari tibbi sığortaya keçid ölkə vətəndaşlarının
tibbi xidmətlərə əlçatanlığını
artırır. Müasir və keyfiyyətli tibbi
xidməti təmin edən səhiyyənin maliyyələşdirilməsinin
yeni forması olan icbari tibbi sığorta xəstəliklərin
erkən mərhələdə aşkar edilməsində, daha
ağır mərhələyə keçidinin
qarşısının alınmasında, ən ucqar kəndlərdə
yaşayan əhalinin keyfiyyətli tibbi xidmətlərlə təmin
olunmasında əhəmiyyətli rol oynayır.
Gələn il Azərbaycanda icbari tibbi
sığortanın tətbiqi planlaşdırılır.
Bildiyiniz kimi, bu prosesə bir neçə il əvvəl
başlanmış, Yevlax, Mingəçevir şəhərlərində
və Ağdaş rayonunda pilot layihələr səviyyəsində
icbari tibbi sığorta tədbirləri həyata
keçirilmişdir.
Səhiyyə sistemlərində maliyyələşmə
mexanizmləri ilə bağlı beynəlxalq təcrübədə
icbari tibbi sığortanın 4 istiqaməti mövcuddur. Azərbaycanın
icbari tibbi sığorta sisteminin tətbiqi zamanı 2 xidmət
paketinin təklif edilməsi nəzərdə tutulur.
Birinci paket üçün tələb olunan
29 manatlıq vəsait dövlət hesabına
qarşılanacaq. Əlavə xidmətlər paketinin isə
2% əməkhaqqı və 2% işəgötürən
hesabına maliyyələşəcəyi
planlaşdırılır.
Ölkəmizdə icbari tibbi
sığortanın tətbiqi sosial sahədə, həqiqətən,
inqilabi bir addımdır. Qarşıda duran nəhəng vəzifələrin
reallaşdırılması üçün gələn ilin
dövlət büdcəsində səhiyyə sahəsinə
rekord miqdarda - təxminən 1,4 milyard manat vəsaitin
ayrılması nəzərdə tutulur.
- Dövlət başçısı İlham
Əliyev idarəçilikdə yeni ənənənin əsasını
qoydu: artıq dövlət məmurlarını şəxsən
özü qəbul edir. Ümumiyyətlə, Prezident İlham
Əliyevin kadr siyasətində hansı yenilikləri göstərə
bilərsiniz?
- Sualınıza bir qədər düzəliş
vermək istərdim. Bu, yeni ənənə deyil. Möhtərəm
Prezidentimiz bir qayda olaraq, nomenklatur işçilər, ölkənin
müəyyən strukturlarında hansısa vəzifə
etibar edilməsi nəzərdə tutulan və ya konkret vəzifədə
çalışan ayrı-ayrı şəxslərlə daim
görüşür. Dövlət başçısı bu
görüşlər zamanı yeni kadrların fəaliyyət
perspektivləri, işinin prioritet məqamları ilə
bağlı tapşırıq və tövsiyələrini
verir. Digər kadrların isə cari işlərin gedişi ilə
bağlı hesabatlarını dinləyir. Sadəcə olaraq,
bu görüşlərin informasiya təminatı formatı
bir qədər dəyişib, təkmilləşib ki, bu da
şəffaflığın daha da geniş şəkildə
təmin edilməsi məqsədini güdür.
Bildiyiniz kimi, bu yenilik cəmiyyətdə
maraqla qarşılanıb və cəmiyyət-dövlət,
cəmiyyət-hökumət münasibətlərində bir yaxınlaşma
və bir etimadın yaranmasına vəsilə olub.
O ki qaldı kadr siyasətinə,
bilirsiniz, bu məsələ çoxdan diqqət mərkəzindədir.
Ölkəmizdə idarəçilik, o cümlədən
dövlət idarəçiliyi məsələləri,
kadrların seçilib yerləşdirilməsi,
tapşırılan iş üçün onların məsuliyyətinin
artırılması sahəsində ciddi, məqsədyönlü
iş aparılır. Özünüz də şahidsiniz ki,
uzun illər dövlət və hökumət strukturlarında
çalışan yaşlı kadrlar indi könüllü
şəkildə öz vəzifələrindən istefa verirlər
və bu vəzifələrdə onları cavan,
özünü praktik işlərdə yaxşı
göstərmiş perspektivli kadrlar əvəzləyirlər.
Bu, belə də olmalıdır və cavanlaşma prosesi,
ölkənin gələcəyinin gənclərə etibar
edilməsi prosesi bu şəkildə tədricən həyata
keçirilməlidir.
Bu proses də
islahatlar paketinin ayrılmaz hissəsidir. Möhtərəm
Prezidentimiz İlham Əliyevin bir neçə gün bundan əvvəl
dediyi sözləri xatırlayırsınızmı? “Kadr islahatları labüddür, bu,
qaçılmazdır. Çünki mən
bunu demişəm, biz XXI əsrdə köhnə təfəkkürlə
uğurlara imza ata bilmərik. Əlbəttə, yeni,
savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə
bağlı olmalıdırlar, hər hansı bir xarici təsirdən
azad olmalıdırlar və vətənpərvər
olmalıdırlar ki, Vətənin inkişafı
üçün öz səylərini göstərə
bilsinlər”, - deyə dövlət başçısı
vurğulamışdı.
- Kamaləddin
müəllim, oktyabrın 19-da Bakının mərkəzində
icazəsiz aksiyaya cəhd edildi. Bəzi politoloqların fikrincə,
Azərbaycan dövlətinə və dövlətçiliyinə,
xalqa qarşı ən rəzil və yolverilməz
üsullarla mübarizə aparmağa cəhd edən siyasi
qüvvələr, əslində, bir sıra xarici dövlətlərin
və təşkilatların iradəsini ortaya qoymuşdular...
- Bu məsələ
son günlər cəmiyyətin gündəmində olan əsas
müzakirə mövzularından biridir. Bilirsinizmi,
hər bir hadisə baş verərkən, ilk növbədə,
bu aksiyanın hansı situasiyadan qaynaqlandığını,
kimlərə sərfəli olduğunu, bu işin hansı
qrupların və qüvvələrin mənafeyinə
uyğun gəlməsini araşdırmaq lazımdır. Bu məqsədlə aksiya ərəfəsində
baş vermiş siyasi prosesləri xatırlayaq.
Azərbaycan
Respublikasının Prezidenti möhtərəm İlham
Əliyevin oktyabrın əvvəlində Soçidə
“Valday” Beynəlxalq Diskussiya Klubunun toplantısında və
ondan sonra Türkmənistanın paytaxtı Aşqabadda MDB
Dövlət Başçıları Şurasının
sammitində səsləndirdiyi tezisləri və qətiyyətli
bəyanatları, şübhəsiz, Qərbin bəzi siyasi
qüvvələrinin, o cümlədən bədnam
qonşularımızın və onların
züytutanlarının xoşuna gələ bilməzdi. Təkcə Prezidentimizin “Dağlıq Qarabaq Azərbaycanındır
və nida!” tezisi dünyanın ən aparıcı KİV-nin
manşetinə çıxdı, böyük pozitiv əks-səda
doğurdu.
Ölkə Prezidentinin bu ilin 9 ayının sosial-iqtisadi
nəticələrinə həsr olunmuş müşavirədə
parlaq nitqi və islahatların inkişaf edəcəyi və
daha da dərinləşəcəyi ilə bağlı anonsu
Azərbaycanı gözü götürməyən xarici
qüvvələrin böyük narahatlığına səbəb
oldu. Nəhayət,
oktyabrın 25-26-da keçiriləcək Qoşulmama Hərəkatına
üzv olan dövlət və hökumət
başçılarının XVIII Bakı Zirvə
görüşünə kölgə salmaq cəhdləri də,
əslində, Avropada yazılan ssenarinin Bakıda
reallaşması cəhdi idi.
Reputasiyası korlanmış, nüfuzdan
düşmüş, ikili standartlarla hərəkət edən
bəzi Avropa təşkilatları artıq dünyada ciddi qəbul
edilmir, onların fikir və rəyləri bir çox ölkələrdə
etimad və etibar doğurmur. Onlar müxalifəti zəif
və səriştəsiz olan ölkələrə nüfuz
edərək, tarixin səhnəsində bir qədər də
duruş gətirmək istəyirlər. Amma bir şeyi
anlamırlar ki, nə zaman o zaman, nə də məkan o məkandır...
Biz hamımız əminik ki,
xaricdən idarə olunan bu cür aksiyalar bizi islahatlar yolundan
sapdıra bilməz, əksinə, cəmiyyətimizə, vətəndaşlarımıza
Azərbaycanın daha da inkişafı və rifahı naminə
böyük qətiyyət və əzmkarlıq
aşılayır.
Yeni Azərbaycan.-
2019.-26 oktyabr.- S.7