Qoşulmama Hərəkatının
Zirvə Görüşündə
iştirak edən dövlət və hökumət başçılarının
xanımları İçərişəhərlə
tanış olublar
Qoşulmama Hərəkatının
XVIII Bakı Zirvə Görüşündə iştirak
edən dövlət və hökumət başçılarının xanımları
oktyabrın 25-də İçərişəhərlə
tanış olublar.
AZƏRTAC xəbər verir ki, İçərişəhərdə
gəzinti tarixi XII əsrə söykənən
Qoşa Qala qapılarından başlayıb.
Kiçik Qala küçəsi ilə gəzinti zamanı xanımlar isti təndir çörəyinə
qonaq ediliblər.
Elektromobillə gəzinti zamanı qonaqlara UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər”
Dövlət Tarix-Memarlıq
Qoruğu, burada aparılan təmir, abadlıq və bərpa işləri barədə ətraflı
məlumat verilib. Bildirilib ki, İçərişəhər ərazisində müxtəlif
əsrlərə aid nadir tarixi memarlıq
abidələri qorunub
saxlanılır.
Qonaqlar orta
əsr Şərq memarlığının şah
əsəri, dünya
əhəmiyyətli tarixi-memarlıq
abidəsi olan Şirvanşahlar Sarayı
Kompleksi ilə də tanış olublar. Məlumat verilib ki, XV əsrin əvvəllərində
inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin
təpələrindən birinin
ən hündür nöqtəsində yerləşir.
O, Xəzər dənizindən
və şəhərin
ətrafındakı yüksəkliklərdən
aydın görünür.
Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü
saxlamaqdadır.
İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi
ilə tanışlıq
zamanı qonaqlara burada Azərbaycana xas olan milli
ornamentlərin və dizayn elementlərinin mənşəyi və onların yaradılması
metodları haqqında
biliklərin öyrədildiyi,
müxtəlif xalq sənəti nümunələrinin
beynəlxalq səviyyədə təbliğ
olunduğu bildirilib.
Dövlət və hökumət başçılarının xanımları
İçərişəhərdəki “Bəylər” məscidinə
gələrək burada
yaradılan “Müqəddəs
əmanətlər” ekspozisiyası
ilə tanış olublar. Diqqətə çatdırılıb ki,
ekspozisiyada İslam dininin müqəddəs əmanəti olan müxtəlif dövrlərə
aid qədim “Qurani-Kərim” kitabları
nümayiş etdirilir.
Sonra qonaqlara
Qız qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri
barədə də ətraflı məlumat verilib. Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə
əsası qoyulmuş
Qız qalası XII əsrdə bərpa edilib. Hündürlüyü
28 metr, diametri 16-16,5 metr olan abidə
silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Qonaqlara Qız qalasında konservasiya işlərindən
sonra yaradılan muzey ekspozisiyası barədə də məlumat verilib.
İçərişəhər
qonaqlarda zəngin təəssürat yaradıb.
Qoşulmama Hərəkatının
Bakı Zirvə Görüşündə iştirak
edən dövlət və hökumət başçılarının xanımları
“Muğam klub”da birgə nahar ediblər.
Yeni Azərbaycan.-
2019.- 26 oktyabr.- S.5