Mediada islahat
reallığı... və islahata dəstək populizmi
Azərbaycan mediasında islahatlar. Baxıram, son
günlər mövzuya xüsusi maraq var. Əlbəttə,
maraq olmalıdır. Ölkə Prezidenti cənab
İlham Əliyev oktyabrın 15-də keçirdiyi iqtisadi
müşavirədə məmurların bir-biri ilə rəqabətində
mətbuatın, bir növ, alətə çevrildiyini
bildirib, məsələnin yolverilməzliyini, hətta
dözülməzliyini vurğulayıb. Ümumən
dövlət başçısının media ilə əlaqədar
hər fikri, belə desək, “yol xəritəsi”dir. Əslində
Onun istər kütləvi informasiya vasitələrimizin
dünya standartlarına cavab verən fəaliyyət mahiyyətinin
zəruriliyinə, istərsə də jurnalistlərimizin
peşəkarlıqlarının artırılmasına,
hazırlıq səviyyələrinin yüksəldilməsinə,
xüsusən də xarici dil biliklərinin gücləndirilməsinə
dair zaman-zaman bölüşdüyü düşüncələr
böyük islahatçılıq motivinə köklənir.
Prezident işıqlı, parlaq simadır,
yenilikçidir, yeni fikirlərə açıqdır.
O, jurnalistikanın qlobal informasiya məkanındakı çəkisini
hər kəsdən daha gözəl qiymətləndirməyi
bacarır. Yəni dövlət başçımızın
media həssaslığının islahatçılıq
ruhunu hər zaman hiss etmişik. Nəzərə
alaq ki, ölkədə bu sahədə əldə edilən
uğurların hərəkətverici qüvvəsi, ideya
örnəyi də məhz cənab İlham Əliyevdir.
Media ictimaiyyətinin nümayəndələri olaraq bizlər
Prezidentin köməkçiləriyik. Köməyimiz
təkliflər vermək, onların həyata vəsiqə
qazanmasına dəstək göstərməkdir. Nə dərəcədə dəstəkləmişik,
məsələ üzərində dayanmaq olar. Uğurlar kifayət qədərdir. Nöqsan və çatışmazlıqlar da yetərincədir.
Mərkəzdə dayananı hamı görür. Onu tənqid
etmək asandır. Heç də hesab
etmirəm ki, hər kəs reallıqları düşünməlidir.
Hansısa redaksiyada çalışan və həyat
ehtiyaclarını qarşılamaqda çətinlik çəkən
peşəkar jurnalistin özünün reallıqları və
həqiqətləri var. O, üzləşdiyi durumu obyektiv
qiymətləndirməməkdə haqlı görünə
bilər. Amma tənqid edənlərin
hamısı onun vəziyyətini düşünərəkmi
danışır? Əsla yox. Kimsə
öz yerini isti saxlamaq istəyir, kimsə öz xidmətini təklif
edib daha çox fayda götürməyi planlaşdırır
və sair...
Bizə at izinin it izinə qarışdığı cəmiyyət,
bunun media cameəsindəki təzahürü lazım deyil. Bəli, illərdir
obyektiv reallıqlardan danışırıq. Bildiririk ki, Azərbaycanda reklam bazarı, demək
olar, yox səviyyəsindədir, mediamız iqtisadiyyatımızda
zəif təmsil olunur, qəzet yayımı sahəsindəki
vəziyyət ürəkaçan deyil. Vaxtilə
KİVDF də məhz ona görə yarandı ki, mətbuat
bazar iqtisadiyyatının mənfi təsirlərindən
sığortalansın. Müəyyən mənada
sığortalandı, dirçəldi, inkişaf etdi. Yaşadığımız regionun KİV-ləri ilə
hər hansı paralellər aparmaq niyyətindən uzağam.
Əlbəttə, üstünük. Amma nəyə görə özümüzü zəiflərlə
müqayisə etməliyik? Biz daha
güclü olmalıyıq. Bəlkə,
KİVDF-ni ələ keçirib, qurumun hazırkı 4
milyonluq büdcəsini 40 milyona çatdırmağı
düşünməklə vəziyyətdən
çıxmaq mümkündür?! Mümkündür,
amma bunun adı islahatmı olacaq?
Bunu da demişik ki, ölkəyə gətirilən
hazır çap məhsulları və qəzet
kağızı üzərində 2016-cı ildən tətbiq
edilməsinə başlanılan əlavə dəyər
vergisi mediamızın iqtisadi durumuna mənfi təsirini
göstərməkdədir. Söhbət
KİVDF-nin büdcəsinin təqribən yeddidə biri həcmində
olan məbləğdən - 600 min manat vəsaitdən gedir.
Hazırkı reallıqları nəzərə
alsaq, bu, heç də kiçik rəqəm deyil.
Sosial elan və reklamların KİV-də
bölüşdürülməsinə dair beynəlxalq təcrübənin
tətbiqini vacib saymışıq. Mətbuat
Şurasının İdarə Heyətinin oktyabrın 18-də
keçirilmiş iclasında səslənmiş təkliflərdən
biri də bu idi ki, dövlət qurumlarının büdcələrində
təbliğat məqsədilə ayrılmış vəsaitin
həmin qurumların özlərinin təsis etdikləri
KİV-lərə deyil, ictimai rəyə real təsiri olan
media orqanlarına yönləndirilməsi təmin edilməlidir.
Burada söhbət daha böyükmiqyaslı vəsaitdən
gedir. Göründüyü kimi, əlverişli
şəraitin yaradılması və qanunvericilik tədbirləri
vəhdətdə olmalı, bir-birini tamamlamalıdır.
Nəzərə alaq ki, biz KİV-lərə
dövlət dəstəyinin ümumiyyətlə göstərilmədiyi,
hər bir media orqanının özünü müstəqil
şəkildə təmin etməyi bacardığı mərhələyə
çatmağı hədəfləyirik. Bu,
hələlik mümkün deyil və buna görə
günahkar yalnız KİVDF-dirmi?
KİVDF tənqid edilir. Razıyam, iş
olan yerdə tənqid də olmalıdır. Ancaq
tənqid obyektiv xarakter daşısa, daha səmimi
görünər. Qoy jurnalistlər üçün
tikilmiş binadan mənzil sahibi olan 400 nəfərdən biri
desin ki, bunun müqabilində KİVDF-də kiminləsə
bir stəkan çay içib? Hansı redaktor
Fonddan yardım alarkən kiməsə bir manat pul qaytarıb?
Hansı jurnalist müsabiqədə yer tutarkən
aldığı mükafatı kiminləsə
bölüşüb?
KİVDF
“Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi Konsepsiyası”na uyğun tədbirlər görür. Jurnalistlər üçün müsabiqələrin
təşkili, KİV-lərin layihələrinin maliyyələşdirilməsi
qurumun işinin ana xəttidir. Amma fəaliyyət
dairəsi genişlənməlidir. Onlayn
jurnalistikanı kənarda saxlamaq olmaz. Bu məqsədlə
mediaya dövlət büdcəsindən ayrılan vəsaitin
artırılmasını dəfələrlə təklif
etmişik. Çox yaxşı olardı
ki, biz jurnalistikanı imtiyazlı peşəyə çevirək.
Məsələn, qardaş Türkiyədə
jurnalistlər ictimai nəqliyyatdan pulsuz istifadə edirlər,
çoxsaylı digər üstünlüklərə də
malikdirlər. Bu gün tənqidi mövqe
tutanların bəziləri bir vaxtlar jurnalistlər
üçün hər hansı imtiyazın tətbiqini
doğru saymırdılar. Deyirdilər ki,
bu, jurnalisti dövlətdən asılı hala gətirəcək.
Ancaq düşünmürdülər ki,
dövlətin jurnalistikaya qazandırdığı imtiyaz
peşənin idarəçilikdəki mövqeyinin nəzərə
alınmasından qaynaqlanır. Bu
mövqenin əlahiddəliyi informasiyalı cəmiyyət
quruculuğunun şərtidir. İnformasiyalı
cəmiyyət isə şəffaflığın təminatıdır.
Jurnalistlər dövlət tərəfindən evlə təmin
olunurlarsa, bu, media təmsilçilərinin sosial müdafiəsini
gücləndirməyə yönələn tədbirdir. Yəni mənzil-məişət
şəraitinin yaxşılaşdırılmasına ona
görə önəm verilir ki, cəmiyyətin informasiya tələbatının
ödənilməsinin təminatçısı olan jurnalistlərin
əməyi stimullaşsın, qayğıları azalsın,
onlar daha məhsuldar işləsinlər. Bu
gün islahatçılığı inkarçılıq
kimi anlayan bəzi yaşlı-gənc dostlarımız
zamanında buna da qarşı çıxırdılar.
Halbuki vaxtilə prosesin içərisindəydilər.
Fikir bildirirdilər və fikirlərinə
hörmətlə yanaşılırdı. Təklifləri həyata vəsiqə
qazanırdı. Sonra nə oldu? Bu gün onları hərəkətə gətirən
iddiaları özünü göstərməyə
başladı. Ona görə də media
sahəsində zaman-zaman tutulmuş islahat xəttini, prosesi məhz
dövlət apardığı üçün tənqidə
məruz qoyanların hazırda musiqilərini
islahatçılıq notlarına kökləmələri
şübhəlidir, səmimiyyətdən uzaqdır. İndi
də, görünür, nəyəsə ümid edirlər...
Media sahəsində islahatlar getməlidir.
Yuxarıda bunun ayrı-ayrı komponentlərini
vurğuladım. Onu da bildirdim ki, mövcud istiqamətdə
hazırda əldə edilən inkişaf Prezident İlham
Əliyevin islahatçılıq xəttinin nəticəsidir.
Əlbəttə, zaman dəyişir. Tələblər,
baxışlar, idarəçiliyə münasibət dəyişir.
İnsanlar da həmçinin. Cənab Prezident kimi vəzifəyə
təyin edəcək, kimi azad edəcək, dövlət
başçısı olaraq Onun Öz işidir, Öz
seçimi və iradəsidir. Ancaq kimlərsə islahata “sən
get, mən gəlim” prinsipinə söykənərək
baxmamalıdır. Bu, sağlam yanaşma və məntiq
sayıla bilməz. Bəsit kampaniyaçılıqla guya
islahata dəstək verdiklərini düşünənlərin
kim olduqlarını hamı gözəl bilir.
Hamı dövlətin media siyasətinin həyata
keçirilməsinə məsul şəxs olan Azərbaycan
Respublikası Prezidentinin köməkçisi, İctimai-siyasi
məsələlər şöbəsinin müdiri cənab
Əli Həsənovu da yaxşı tanıyır. Onun istər
Ulu Öndər Heydər Əliyev ideyalarına, istərsə
də Prezident İlham Əliyevin həyata keçirdiyi kursa
sadiqliyi heç bir müzakirə predmeti ola bilməz. Ə.Həsənovun
işinə prinsipial yanaşmasını gözü
götürməyənlər hər zaman olub. Hazırda media
ilə bağlı yuxarıda qeyd etdiyim bəsit
kampaniyaçılıq təfəkkürünün
başlıca hədəfi də odur.
Sosial şəbəkədə profil
yaradaraq cənab Həsənov barədə hədyanlar
yayanlar, müxtəlif aşağılayıcı fikirlər
irəli sürənlər, heç şübhəsiz, “sən
get, mən gəlim” kimi kor məntiqin, yarıtmaz
qisasçı baxışların tərəfdarlarıdır.
Belələrinin söz və ifadə
azadlığını, plüralizmi, şəffaflığı
irəli sürən baxışları bəşəri dəyərlərlə
uğursuz imitasiyadan başqa bir şey deyil.
Bir daha bildirirəm ki, cənab Əli Həsənov
Azərbaycan dövlətinə, dövlətçiliyinə,
Prezident İlham Əliyevin müəyyənləşdirdiyi
kursa tam sadiqliyi ilə seçilən uğurlu və səriştəli
iş icraçısıdır. Bu keyfiyyəti onun
ictimai-siyasi xadim, parlaq dövlət adamı statusunu təsdiqləyən
ən mühüm göstəricidir. Gəlin ədalətli
olaq. Dövlət idarəçiliyinə, medianın cəmiyyətdəki
roluna, ümumən medianın mahiyyətinə obyektiv prizmadan
yanaşaq. İslahata ən böyük dəstəyimiz elə
bu olar.
Əflatun Amaşov
Azərbaycan Mətbuat Şurasının
sədri, Milli Məclisin deputatı
Yeni Azərbaycan.-
2019.- 30 oktyabr.- S.6