“Sevil” operası
yenidən səhnədə
Cəfər Cabbarlının 120 illik yubileyinə həsr edilmiş opera tamaşaçıların sürəkli
alqışları ilə
müşayiət edilib
Prezident İlham
Əliyevin müvafiq Sərəncamı ilə
bu il Azərbaycan
ədəbiyyatının görkəmli
nümayəndəsi, yazıçı
və dramaturq Cəfər Cabbarlının
120 illiyi ölkə miqyasında müxtəlif
tədbirlərlə geniş
qeyd olunur. Aparıcı sənət
ocaqlarımızdan olan
Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrı
da bu yubileyə
öz töhfəsini
verməyə hazırlaşır.
Belə ki,
teatr 111-ci alqış
mövsümündə, hər
zaman olduğu kimi, bu dəfə
də klassik əsərlərin ən parlaq nümunələri ilə tamaşaçılarının
görüşünə gəlib.
C.Cabbarlının “Sevil”
pyesinin motivləri əsasında görkəmli
bəstəkarımız Fikrət
Əmirovun qələmə
aldığı eyniadlı
operasına müraciət
edilərək, yeni quruluşda tamaşaya qoyulub. Xatırladaq ki, tamaşa əsasında həmçinin
teleopera da çəkilib. Layihənin
ideya müəllifi isə “Mədəniyyət”
kanalının direktoru
Ramil Qasımovdur.
Məlumat üçün
bildirək ki, Fikrət Əmirovun “Sevil” operası müasir mövzuda lirik-psixoloji janrda yazılmış ilk Azərbaycan operası olmaqla yanaşı, respublikada opera sənətinin inkişafında
mühüm mərhələ
olub.
Bəstəkar operada müxtəlif
musiqi formalarını
- ariya, ariozo, reçetativlər, ansambl
və xor epizodlarını böyük
sərbəstlik və
ustalıqla istifadə
edib. Əsərdə
bəstəkarın muğam
və xalq musiqisindən istifadə üsullarının geniş
spektri ilə qarşılaşırıq. Opera musiqi dolğunluğu,
zəngin harmonik dili, orkestr rəngarəngliyi,
simfonikləşmə tendensiyaları
ilə diqqəti cəlb edir.
Beləliklə, operasevərlər oktyabrın 27-də bu möhtəşəm sənət
əsərinin seyrinə
dalmaq üçün
teatrın salonuna toplaşmışdılar. İlk
dəfə 1953-cü ildə
Opera və Balet Teatrının səhnəsinə qoyulan şah əsərin budəfəki təqdimatı
isə, qeyd etdiyimiz kimi, fikir tariximizin qüdrətli sənətkarı Cəfər
Cabbarlının 120 illik
yubileyinə həsr edilmişdi.
Azərbaycan xalqının milli-mənəvi
dəyərlərindən biri
sayılan bu əsərdə hadisələr
sanki bir mirvari kimi ardıcıllıqla
düzülüb. Zəngin
səhnə tərtibatı,
o cümlədən gözoxşayan
dekorasiyası və aktyorların bir-birindən
parlaq və gözəl geyimləri gecəni unudulmaz edib. Bayram ab-havalı gecədə
teatrın aparıcı
solistləri - Xalq artisti Samir Cəfərov
(Balaş), Əməkdar
artistlər İlahə
Əfəndiyeva (Sevil),
İnarə Babayeva (Dilbər), Səbinə Vahabzadə (Gülüş),
Cahangir Qurbanov (Atakişi), Əliəhməd
İbrahimov (Babakişi),
Tural Ağasıyev (Əbdüləli bəy)
rol alıblar. Opera isə dirijorların Antal Dorati adına beynəlxalq müsabiqəsinin
laureatı Orxan Həşimov tərəfindən
idarə olunub.
Əsərdəki müxtəlif səpkili obrazları səciyyələndirməkçün
bəstəkar janr xarakteristikasından çox
istifadə edir. Xüsusilə Sevil obrazının açılmasında
bu, mühüm rol oynayır. Onun daxili aləmini,
ruhi vəziyyətini,
sarsıntılarını, həyəcanlarını, nəhayət,
oyanışını əks
etdirmək üçün
muğamla bağlı
melodiyalara üstünlük
verilir. Balaş da belə geniş
surətdə səciyyələndirilir.
Dilbər rolunu böyük
məharətlə ifa
edən, “Mən elə bir dilbərəm”
deyə ifa edən Əməkdar artist İnarə Babayeva obrazına qatdığı estetika, kübarlıq və işvə-naz ilə, heç şübhəsiz,
tamaşaçıların böyük rəğbətini
qazana bildi.
Bir sözlə,
yaradıcı heyətin
səhnə əsərinə
fərqli baxışı
və yanaşması,
aktyorların peşəkar
ifaları sayəsində
ərsəyə gələn
3 pərdəli opera tamaşaçıların sürəkli
alqışları ilə
müşayiət edilib.
Müşfiqə
BAYRAMLI
Yeni Azərbaycan.-
2019.- 30 oktyabr.- S.7