Regionlarda pambıq sahələrindən
bol məhsul toplanacağı gözlənilir
Bu il 104,9 min hektar sahədə pambıq əkini
aparılıb və ümumi məhsuldarlığın daha
yüksək olması proqnozlaşdırılır
(əvvəli ötən sayımızda)
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən
bildirilib ki, cari təsərrüfat ilində rayonda 4788 hektar
sahədə pambıq əkilib. Bunun da 922 hektarı
Şorsulu kənd ərazi vahidinin payına düşür. Kənddə fəaliyyət göstərən
fermerlər becərdikləri sahələrin məhsulunu son qozasınadək
toplamaq üçün bütün qüvvələrini səfərbər
ediblər. Ərazi vahidində indiyədək 30 tondan
çox məhsul yığılıb ki, bunun da
hamısı birinci növ kimi qəbul olunub. Kənddə
fəaliyyət göstərən fermer Balaş Əhmədov
40 ilə yaxındır ki, təsərrüfatla məşğul
olur. Məhsul istehsalçısı ötən il 10 hektar
pambıq sahəsinin hər hektarından 30 sentnerdən
çox məhsul götürüb. Yaxşı qazanc əldə
edən torpaq sahibi bu il əkin sahəsini genişləndirib.
“Bu mövsüm 19 hektar sahədə pambıq becərmişəm.
Sahəmdə bol məhsul yetişib. Pambığı
maşınla toplayacağam. Becərdiyim sahənin
hər hektarından ən azı 30-35 sentner məhsul
götürəcəyimə əminəm. Ötən il
dövlət tərəfindən pambığın hər
növ üzrə alış qiymətinin 50 manat
artırılması məhsul istehsalçılarının
ürəyincə olub. Bundan ruhlanan fermerlər
yetişdirdikləri məhsulu son qozasınadək toplamaq
üçün işin sürətini günbəgün
artırırlar”, - deyə fermer bildirib.
Rayonun Sarvan kənd sakini, fermer Əlimirzə Bəşirli
xeyli vaxtdır pambıq əkini ilə məşğuldur.
Ailəliklə pambıq əkən fermer builki məhsuldarlıqdan
çox razıdır: “Dörd qardaş
pambıqçılıqla məşğul oluruq. Ötən
il 40 hektar pambıq əkmişdik. 38-40 sentner məhsul
götürdük. Bu il isə 50 hektar sahədə pambıq əkmişik,
40-45 sentner məhsul gözləyirik. Rayonumuzda da bol məhsul
yetişib. Əminəm ki, rayonumuz bu il
pambıqçılıq üzrə birinci olacaq”.
Şorsulu kəndində yaşayan fermer Akif
İbrahimov da 20 ildir pambıq təsərrüfatı ilə
məşğul olur. Ötən il 20 hektar sahədə
pambıq əkən fermer 25-30 sentner məhsul əldə
edib. Deyir ki, dövlət başçısının bu sahəyə
xüsusi diqqət və qayğısı onları daha da
ruhlandırıb: “Prezidentimizin bizə göstərdiyi
qayğı sayəsində bu il 30 hektar sahədə
pambıq əkmişəm. Ümidvaram ki, hər hektardan 30
sentner məhsul götürəcəyəm.
Pambığı vaxtında becərib, suvarmışam.
Ümid edirəm ki, vaxtında da yığıb təhvil verəcəyəm”.
Rayonun Noxudlu kəndində yaşayan gənc
fermer Asif Əliyev isə bu sahə ilə yeni məşğul
olur. Cəmi iki ildir pambıq əkən fermerin sahəsində
vəziyyət ürəkaçandır. Belə ki, rayon ərazisində
ilk dəfə olaraq onun sahəsində birinci pambıq
yığımına başlanılıb: “Bu il 10 hektar sahədə
pambıq əkmişəm. Məqsədim 42-44 sentner məhsul
götürməkdir. Təsərrüfatımızda əl
yığımına iki gündür
başlamışıq. Maşın yığımına da
hazırıq. Bu günə kimi 2,5 ton pambıq
yığmışıq. MKT bizi lazımi texnika ilə təmin
edib. Pambıqçılığın inkişafı
dövlət başçımızın daim diqqət mərkəzindədir.
Biz fermerlərə məhsuldarlığı artırmaq
üçün hər bir şərait yaradılıb. Buna
görə dövlətimizə minnətdaram”.
Bu il rayonda 4 min hektarda yetişdirilmiş
pambığın maşınlarla yığılması nəzərdə
tutulub. Bunun üçün sahələrə 22 ən
müasir pambıqyığan kombayn çıxarılacaq.
Pambıq kollarının yarpaqlarının tökülməsi
üçün indiyə kimi 436 hektar sahədə dərmanlama
işi aparılıb. Bu proses bu gün də sürətlə
davam etdirilir.
Qeyd edək ki, bu il rayonda 12 min tondan artıq
“ağ qızıl” istehsal edilməsi nəzərdə
tutulub.
Ucar rayonunda da pambıq yığımı davam edir. Hava şəraitinin törətdiyi
çətinliklərə baxmayaraq, indiyədək 40 tona
yaxın məhsul toplanıb və bunun 32 tonu “P-AQRO” MMC-nin
Ucar pambıq emalı kompleksinə təhvil verilib. Rayon
Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib
ki, builki mövsümdə 5 ərazidə - Təzə
Şilyan, Şahlıq, Lək, Xələc və Qaziyan ərazi
dairələrində 500 hektarda pambıq yetişdirilib. Daha 10 hektarda isə Çin texnologiyası ilə əkin
aparılıb. Torpaq mülkiyyətçiləri
ağır zəhmət bahasına yetişdirdikləri məhsulu
tez və itkisiz yığmaq üçün bütün
qüvvələri səfərbər ediblər. Hazırda məhsul toplanışına hər
gün 200-dən çox işçi qüvvəsi
çıxır. “Ağ qızıl”
yığımı Lək, Xələc və Təzə
Şilyan ərazi dairələrində daha mütəşəkkil
təşkil olunub. Yetişdirilən məhsulun
80 faizinin maşınla, qalanının isə əl ilə
yığılması nəzərdə tutulur. Artıq 2 pambıqyığan maşın hazır
vəziyyətdədir.
Qeyd edək ki, mütəxəssislər bu
mövsümdə 1000 tondan çox “ağ qızıl” yığılacağı
qənaətindədirlər.
Biləsuvarda da pambıq yığımına
başlanılıb. İki-üç gün ərzində
sahələrdən 30 tondan çox məhsul toplanaraq qəbul
məntəqələrinə göndərilib. Bu il rayonda 10 min 257 hektar sahədə pambıq əkilib.
Mütəxəssislər builki hava şəraitini
həm çiyidin vegetasiyası, becərmə, həm də
yığım üçün əlverişli hesab edirlər.
Digər tərəfdən də Biləsuvarda
pambıq əkini üçün əlverişli şərait
olduğundan və torpaq mülkiyyətçiləri tərəfindən
bitkiyə aqrotexniki qaydada qulluq göstərildiyindən bu
mövsüm tarlalarda bol məhsul yetişib. Artıq iki-üç gündür ki, fermerlər məhsul
yığımına başlayıblar. Gün
ərzində sahələrdən 10-12 ton məhsul
yığılır.
Təcrübəli fermer Fazil Musayev bildirib ki, dövlət
başçısının qeyri-neft sektorunun
inkişafına verdiyi dəstək nəticəsində
rayonda kənd təsərrüfatının digər sahələri
ilə yanaşı, pambıq əkininə də maraq xeyli
artıb. Məhsul istehsalçısının dediyinə
görə, cari ildə hər hektardan orta hesabla 25 sentnerdən
çox məhsul yığmaq mümkün olacaq. Pambıq kollarında hələlik qozaların təxminən
30 faizi açılıb. Buna görə
yığım əl ilə aparılır. Yaxın vaxtlarda sahələrə
pambıqyığan maşınlar da çıxarılacaq.
Bunun üçün rayonda ciddi hazırlıq
görülüb, 29 ədəd kombayn və 112 ədəd
digər lazımi texnika hazır vəziyyətə gətirilib.
Qeyd edək
ki, bu il biləsuvarlı
pambıqçılar sahələrdən 30 min ton pambıq
yığmağı qarşılarına məqsəd
qoyublar. Ötən il məhsul
istehsalçıları sahələrdən 22 min 394 ton xam
pambıq tədarük ediblər.
Son günlər hava şəraitinin törətdiyi
çətinliklərə baxmayaraq, Zərdab rayonunda pambıq
yığımı davam edir. Rayon İcra Hakimiyyətindən
bildirilib ki, hazırda bütün qüvvələr
ağır zəhmət bahasına yetişdirilən məhsulun
tez və itkisiz yığılmasına səfərbər
edilib. Builki mövsümdə bölgədə
2264 hektar sahədə pambıq yetişdirilib. Qısa vaxtda 75 tona yaxın “ağ qızıl”
toplanıb. Hər gün sahələrə
300 nəfərədək işçi qüvvəsi
çıxır. Daha çox pambıq əkilən
Bəyimli qəsəbə, Körpükənd,
İsaqbağı, Şahhüseynli və bir sıra digər
ərazi dairələrində məhsul yığımı
daha mütəşəkkil aparılır. Qeyd edək ki, builki məhsulun 60 faizinin
pambıqyığan maşınlarla toplanacağı nəzərdə
tutulub. Bu məqsədlə 5 ədəd
maşın hazır vəziyyətdədir.
Saatlı
rayonunda da pambıq yığımına start verilib və ilk
iki gündə sahələrdən 95 tondan çox məhsul
yığılıb. Kollardakı qozalar tam
açılmadığından hələlik məhsul əl
ilə toplanılır. Ötən il respublika üzrə
ən çox - 30 min 440 ton “ağ qızıl” istehsal edən
saatlılı fermerlər cari ildə də tarlalarda bol məhsul
yetişdirib və yığıma da ölkədə birincilər
sırasında başlayıblar.
Rayon Aqrar İnkişaf Mərkəzindən
bildiriblər ki, cari təsərrüfat ilində rayonda 13 min
741 hektar sahədə pambıq əkilib. Fermerlər
və torpaq mülkiyyətçiləri plantasiyalarda nümunəvi
becərmə işləri apardığından bol məhsul
yetişib. İndi qarşıda duran əsas vəzifə məhsulu
qısa müddətdə toplayaraq tədarük məntəqələrinə
təhvil verməkdir. Bunun üçün rayonda
bütün zəruri tədbirlər görülüb.
Pambıq qəbulu məntəqələri əsaslı təmir
olunub, 100-dən çox traktor, 180-nə yaxın qoşqu və
kifayət qədər pambıqyığan kombayn məhsul
istehsalçılarının ixtiyarına verilib.
Pambıq yığımı zamanı
qarşıya çıxan çətinlikləri qısa
müddətdə aradan qaldırmaq üçün rayonda
xüsusi qərargah yaradılıb. Gün ərzində məhsul
yığımı və digər məsələlərlə
bağlı bütün məlumatlar qərargaha
ötürülür və ortaya çıxan çətinliklər
operativ olaraq aradan qaldırılır.
Qeyd edək ki, bu il saatlılı
pambıqçılar sahələrdən 32-35 min ton
pambıq istehsal etməyi qarşıya məqsəd qoyublar.
Beyləqanlı “ağ
qızıl” ustaları da təsərrüfat ilini uğurla
başa vurmağı, strateji məhsulun tədarükündə
respublikanın qabaqcılları sırasında durmağı
hədəfləyiblər. 9706 hektarda pambıq yetişdirən
Beyləqan pambıqçıları məhsul
yığımına hazırlıq görürlər.
Sahələr alaq otlarından bir daha təmizlənir, sahə
kənarları hamarlanır, texnikalar hazır vəziyyətə
gətirilir, digər zəruri aqrotexniki və təşkilati
tədbirlər həyata keçirilir.
Rayonda pambıq əkinlərinin 5268 hektarı
“MKT İstehsalat Kommersiya” MMC, 3358 hektarı “Azərpambıq”
MMC, 1000 hektarı “P-Aqro” MMC və 80 hektarı “Vuqar Aqro” ilə
müqavilə əsasında aparılıb. Bol
məhsul əldə etmək üçün əkin sahələrində
aqrotexniki becərilmə qaydalarına ardıcıl və
düzgün əməl olunub, cərgələrarası becərmələr,
alaq otlarına və zərərvericilərə qarşı
kimyəvi mübarizə tədbirləri vaxtında
aparılıb, bitkilər tələbata uyğun optimal
müddətdə mineral gübrə və suvarma suyu ilə təmin
edilib. Nəticədə tarlalarda barlı kollar yetişib. Bu
isə məhsulun bol olacağından xəbər verir.
Artıq pambığın
yığımına sayılı günlər qalıb.
Rayonda pambıq yığımına 37 ədəd
pambıqyığan kombayn cəlb ediləcək.
Bütün texnikalar, o cümlədən traktor və
qoşqular pambıq yığımı üçün
hazır vəziyyətə gətirilib. Mövsümün
sonuna rayon üzrə 20 min tondan çox pambıq istehsalı
gözlənilir.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-
2019.- 18 sentyabr.- S.7