Azərbaycanın
regionlarında heyvandarlığın inkişafına
böyük diqqət göstərilir
Bölgələrdə
bu istiqamətdə ardıcıl və kompleks xarakterli tədbirlər
həyata keçirilir, mühüm nəticələr əldə
olunur
Məlum olduğu kimi, Azərbaycanda bütün sahələrin
paralel inkişafı strateji məqsəd kimi müəyyənləşdirilib. Prezident
İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən səmərəli iqtisadi siyasət dinamik
inkişafı təmin etməklə yanaşı, ölkəmizin
qarşısında yeni perspektivlərin
açılmasını şərtləndirib. Bu məqamda vurğulamaq yerinə düşər
ki, ölkəmizdə digər sahələrlə
yanaşı, aqrar sektorda da yüksək inkişaf
müşahidə edilir. Bu kontekstdə
heyvandarlığın inkişafı istiqamətində
görülən məqsədyönlü işlər də
xüsusi əhəmiyyətə malikdir. Yeri gəlmişkən,
2019-cu ilin yanvar-iyul aylarında ötən ilin müvafiq
dövrü ilə müqayisədə diri çəkidə
ət istehsalı 3 faiz artaraq 289,3 min ton
olub. Dövlət Statistika Komitəsinin məlumatına əsasən,
süd istehsalı 1,7 faiz artaraq 1 milyon 219,2 min ton, yumurta
istehsalı 6,9 faiz artaraq 1 milyon 93,4 milyon ədəd və yun
istehsalı 1,5 faiz artaraq 14,9 min ton təşkil edib. Bundan
başqa, ölkədə 643,2 ton barama
istehsal olunub ki, bu da son 21 ilin ən yüksək göstəricisidir.
Xüsusi vurğulamaq gərəkdir ki, Azərbaycanın
regionlarında heyvandarlığın inkişafı istiqamətində
davam etdirilən tədbirlər uğurlu nəticələrlə
yadda qalır.
Statistik göstəricilər də bu
reallığı təsdiqləyir. Məsələn,
Astara rayonunda bu ilin altı ayında quş əti də daxil
olmaqla diri çəkidə ət istehsalı 2,4 faiz artaraq
1944,0 ton, süd istehsalı 0,7 faiz artaraq 13674,6 ton, yumurta
istehsalı 0,1 faiz artaraq 4515,0 min ədəd təşkil
edib. 2019-cu il iyulun 1-i vəziyyətinə rayon üzrə
40320 baş iribuynuzlu mal-qara, o cümlədən 19777 baş
inək və camış, 21165 baş qoyun və keçi
qeydə alınıb. İribuynuzlu
mal-qaranın 49 faizini inək və camışlar təşkil
edir.
Samuxda isə bu ilin birinci yarısında rayonun təsərrüfatlarında
23558 baş iribuynuzlu mal-qara, 146286 baş qoyun və keçi
olub.
İribuynuzlu mal-qaranın 747 başı kənd təsərrüfatı
müəssisələrində, 23558 başı isə əhali
təsərrüfatlarında, qoyun və keçilərin
19013 başı kənd təsərrüfatı müəssisələrində,
146286 başı isə əhali təsərrüfatlarında
qeydə alınıb. İlin birinci yarısında diri
çəkidə ət istehsalı əvvəlki ilə nisbətən
2,4 faiz artaraq 2731 ton, süd istehsalı 12,7 faiz artaraq 14795 ton,
yumurta istehsalı 12,5 faiz artaraq 4935 min ədəd, yun
istehsalı isə 245 ton olub. Kənd təsərrüfatı
məhsullarının istehsal həcmi 43537,5
min manat olub ki, bunun da 21653,7 min manatını və ya 49,7
faizini heyvandarlıq məhsulları təşkil edib.
Heyvandarlığın inkişafı Şəki
rayonunda da diqqət mərkəzindədir. Belə ki,
cari ilin 7 ayında rayonda 4034 baş inək və düyə
süni yolla mayalandırılıb. Həmin
müddətdə təsərrüfatlarda süni mayalanma yolu
ilə 1965 baş buzov alınıb. Yeddi ayda Şəki
rayonu üzrə 1342 nəfər heyvan sahibinə süni
mayalanma yolu ilə alınan 1644 baş cinsi
yaxşılaşdırılmış buzova görə 164
min 400 manat subsidiya ödənilib. Bu barədə
KİV-ə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin
heyvandarlıq sektorunun müdiri Nazim Rəcəbov məlumat
verib. Qurumun rəsmisi bildirib ki,
heyvanların süni yolla mayalandırılması
heyvandarlığın cins tərkibinin
yaxşılaşdırılmasına təsir göstərən
ən mühüm amillərdəndir. Azərbaycan
Prezidentinin “Heyvandarlığın cins tərkibinin
yaxşılaşdırılmasına dövlət dəstəyi
haqqında” 2015-ci il 19 avqust tarixli Sərəncamının
icrası olaraq, süni mayalanma yolu ilə alınmış hər
baş buzova görə heyvan sahiblərinə 100 manat məbləğində
subsidiya ödənişi tətbiq olunduqdan sonra Şəki
rayonunda süni mayalandırılan heyvanların sayı əvvəlki
illərə nisbətən bir neçə dəfə
artıb. Bildirilib ki, son illər rayonda
heyvandarlıq məhsullarının istehsalını intensiv
yolla artırmaq üçün ciddi tədbirlər
görülür. Bu günədək məhsul
istehsalçıları tərəfindən rayona dövlətin
güzəştli şərtləri ilə satılan 384
baş damazlıq düyə alınıb gətirilib. Sektor müdiri bu işin gələcəkdə də
davam etdiriləcəyini vurğulayıb.
Kənd təsərrüfatı rayonu olan Sabirabadda da
heyvandarlıq əsas təsərrüfat sahəsi hesab olunur. Rayonda bu sahəni
müasir texnologiyalar əsasında inkişaf etdirmək məqsədilə
son illər bir sıra mühüm tədbirlər həyata
keçirilib, Bulaqlı, Nərimankənd, Surra və digər
kəndlərdə heyvandarlıq kompleksləri tikilib, iri
heyvandarlıq və quşçuluq təsərrüfatları
yaradılıb. Görülən işlər nəticəsində
rayonda iribuynuzlu mal-qaranın baş sayı ötən ilin
müvafiq dövrü ilə müqayisədə 845 baş
artaraq 121 min 884 başa, qoyun-keçilərin sayı isə 4
min 26 baş artaraq 230 min 244 başa çatıb. Mal-qaranın baş sayının artması
heyvandarlıq məhsulları istehsalına da müsbət təsir
göstərib. Cari ilin ötən ayları ərzində
rayonda ət istehsalı 9 min 120 ton diri çəkidə,
süd istehsalı 59 min 29 ton, yun istehsalı 589 ton, yumurta
istehsalı isə 37 milyon 645 min ədəd olub. Bu da ötən
ilin eyni dövrü ilə müqayisədə ətdən
368, süddən 2 min 426, yundan 24 ton, yumurta istehsalından isə
4 milyon 777 min ədəd çoxdur. Sabirabadda
mal-qaranın cins tərkibinin
yaxşılaşdırılmasına da xüsusi diqqət
yetirilir. Daha məhsuldar olan cins
mal-qaranın yetişdirilməsi məqsədilə rayonda 17
süni mayalandırma məntəqəsi yaradılıb.
Ötən yeddi ayda iribuynuzlu mal-qaradan süni
mayalandırma yolu ilə 3 min 134 baş cins tərkibi
yaxşılaşdırılmış bala alınıb.
Alınan buzovlara görə maldarlara 313 min 400
manat subsidiya ödənilib. Qeyd edək ki,
hazırda rayonun heyvandarlıq təsərrüfatlarında
saxlanılan mal-qaranın 85-90 faizi cins tərkibi
yaxşılaşdırılmış heyvanlardır.
Ağsu rayonunun heyvandarları da cari ilin ötən 8
ayını uğurla başa vurublar. Verilən məlumata
görə, kənd təsərrüfatının
aparıcı sahələrindən olan heyvandarlıqda intensiv
artım davam edib, bütün sahələr üzrə məhsul
istehsalı ötən ilin müvafiq dövrü ilə
müqayisədə artıb. 8 ayda ət
istehsalı 12 ton artaraq 3340 tona çatıb. Bu müddətdə
18 min 966 ton süd, 7 milyon 801 min ədəd yumurta, 310 ton yun
istehsal olunub və artım müvafiq olaraq 75 ton, 214 min ədəd
və 2 ton təşkil edib.
Şamaxı heyvandarları da əsas göstəricilər
üzrə məhsul istehsalında cari ilin yanvar-avqust
aylarını uğurlu nəticələrlə başa
vurublar. Rayonda ət, süd və yumurta istehsalı keçən
ilin müvafiq dövrü ilə müqayisədə xeyli
artıb. 2019-cu ilin səkkiz ayında Şamaxıda diri
çəkidə 2689,9 ton ət istehsal
olunub. Bu göstərici 2018-ci ilin müvafiq dövrünə
nisbətən 522,5 ton çoxdur. Süd və yumurta istehsalında da nəticələr
yaxşıdır. Belə ki, səkkiz ayda süd
istehsalı 5699,9 ton artaraq 19 min 258,8 tona, yumurta istehsalı 2
milyon 907 min ədəd artaraq 11 milyon 720 min ədədə
çatıb.
Bütövlükdə, ölkəmizdə
heyvandarlığın inkişafı istiqamətində həyata
keçirilən tədbirlər ardıcıl xarakter
daşıyır. Yeri gəlmişkən, heyvandarlıqla məşğul
olan fermerlərə təlimlər keçirilməsi də bu
sahədə qarşıya qoyulan hədəflərə
çatmaq üçün mühüm əhəmiyyətə
malikdir. Məlumat üçün qeyd edək ki, Kənd
Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər
Agentliyinin (AXA) baytar mütəxəssisləri tərəfindən
Ağstafa rayonunda heyvandarlıq sahəsində fəaliyyət
göstərən bir qrup fermerə “Xırdabuynuzlu
heyvanların çiçək xəstəliyinin
profilaktikası və mübarizə tədbirləri”
mövzusunda təlim keçirilib. 14 fermerin
iştirak etdiyi təlim agentliyin Ağstafa rayon Baytarlıq
İdarəsinin rəisi Nofəl Qasımov tərəfindən
aparılıb. Təlimdə
xırdabuynuzlu heyvanlar arasında qeydə alınan infeksion xəstəliklər
barədə məlumat verilib. Bildirilib ki,
xırdabuynuzlu heyvanlara ən çox zərər verən
infeksion xəstəliklərdən biri də çiçək
xəstəliyidir. Çiçək xəstəliyinin
inkubasiya müddətinin 4-12 gün davam etdiyi, onun zəiflik,
temperaturun 41-42°C-yə yüksəlməsi, selikli
qişaların hiperemiyası, burun və gözdən əvvəlcə
selikli-irinli axıntı, nəbz və tənəffüs tezləşməsi,
iştahanın itməsi ilə başladığı təlim
iştirakçılarının diqqətinə
çatdırılıb. 1-4 gündən sonra
başın dərisində (gözlərin və burunun ətrafında),
yelində, ətrafların daxili hissəsində roziolalar,
onlardan isə 12-15 millimetr diametrli papulalar inkişaf edir,
buradakı toxumalar ölür və qaysaqlanıb
düşür. İrinləmə mərhələsi
(pustula) ağız, burun boşluqlarının və
gözün selikli qişalarının pozulması zamanı
qeyd edilir və qoyunların ümumi vəziyyətinin
ağırlaşması, bədən temperaturunun yüksəlməsi
ilə davam edir. Xəstəliyin mərhələlərinin
ümumi müddəti 3-4 həftə çəkir və
çox vaxt sağalma ilə nəticələnir. Əgər çiçək ana qoyunlarda
boğazlıq dövründə qeydə alınarsa, balasalma
baş verə bilər. Quzularda xəstəlik
daha ağır keçir, mürəkkəbləşmələr
- pnevmoniya, qastroenterit, irinli artrit və korluq yaranır.
Xəstəliyin ilkin proqnozu zamanı ölüm 2-3,
yayılmış və hemoroji çiçək zamanı
isə 100 faizədək ola bilər. Tədbirdə həmçinin xəstəliyə
yoluxma və ondan qorunma yolları haqqında təlim
iştirakçılarına məlumat verilib. Xəstəlikdən qorunmağın ən
etibarlı yolunun vaksinasiya olduğu vurğulanıb. Həmçinin
qeyd edilib ki, cari il ərzində Ağstafa rayonunda 171 min 662
baş xırdabuynuzlu heyvanda çiçək xəstəliyinə
qarşı peyvəndləmə aparılıb. Bununla yanaşı, xəstəliklərə
qarşı ölkədə tətbiq olunan vaksinlərin əhəmiyyətindən
danışılıb. Heyvanların bəslənib
saxlanması ilə məşğul olan fermerlərin
qatıldığı təlimlərdə həmin xəstəliklərin
qarşısının alınması və onların idarə
olunması, mövsümlə əlaqədar qeydə
alınan xəstəliklər və onlarla mübarizə
üsulları, təsərrüfatlarda tez-tez rast gəlinən
xəstəliklər, bu sahədə fermerlərin görə
biləcəyi tədbirlər, baytarlıq-sanitariya
qaydaları, xəstəlik törədicilərinə
qarşı aparılan mübarizə yolları, eləcə
də baytarlıq tədbirləri aparılan zaman zəruri
sayılan təhlükəsizlik qaydalarına əməl edilməsi,
dezinfeksiya işlərinin görülməsi, heyvanların
cins tərkibinin yaxşılaşdırılması, yemləmə,
bəsləmə qaydaları, profilaktik tədbirlərin
vaxtlı-vaxtında icrası barədə məlumatlar verilib.
Təlimin sonunda fermerləri maraqlandıran
suallar cavablandırılıb və geniş fikir mübadiləsi
aparılıb.
Göründüyü kimi, Azərbaycanın
regionlarında heyvandarlığın inkişafına
böyük diqqət göstərilir. Bölgələrdə
bu istiqamətdə ardıcıl və kompleks xarakterli tədbirlər
uğurla davam etdirilir, mühüm nəticələr əldə
olunur.
Nurlan
QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.- 2019.- 5 sentyabr.- S.-7.