Prezident İlham Əliyev Bakıda
“Şimal-2” elektrik stansiyasının
istismara verilməsi mərasimində iştirak
edib
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev sentyabrın 5-də Bakıda
“Şimal-2” elektrik stansiyasının
istismara verilməsi mərasimində iştirak
edib.
AZƏRTAC xəbər
verir ki, “Azərenerji” Açıq
Səhmdar Cəmiyyətinin
prezidenti Baba Rzayev, Yaponiyanın Xarici İşlər nazirinin parlamentar müavini Kenji Yamada, Yaponiyanın ölkəmizdəki səfiri
Teruyuki Katori dövlətimizin başçısına
burada görülən
işlər barədə
məlumat veriblər.
Qeyd edək ki,
1950-ci illərdə iki
mərhələdə istifadəyə
verilən “Şimal” Elektrik Stansiyasının
1988-ci ildə birinci,
1998-ci ildə ikinci növbəsi tam köhnəldiyindən istismardan
çıxarılmışdı. 1998-ci
ildə Ulu Öndər Heydər Əliyev Yaponiyaya səfəri zamanı 400 meqavatlıq “Şimal-1” Elektrik
Stansiyasının tikintisi
üçün ölkəmizə
investisiya cəlb olunmasına nail olub. Beləliklə, 2000-ci ildə əsası
qoyulan 400 meqavatlıq
“Şimal-1” stansiyası 2002-ci ildə istismara verilib. 2011-ci ildə isə Prezident İlham Əliyevin iştirakı ilə ərazisi 104,9 hektar, gücü 400 meqavatlıq
“Şimal-2” Elektrik Stansiyasının
təməli qoyulub. Ötən ilin payızından başlayaraq
“Şimal-2” Elektrik Stansiyasının
tikinti və quraşdırma prosesləri sürətləndirilərək
2019-cu ildə işlər
tamamlanıb.
Ümumi qoyuluş gücü
800 MVt olan “Şimal-1”
və “Şimal-2” elektrik
stansiyalarının vahid
mərkəzdən idarə
edilməsi, istismar prosesində əməliyyatların
operativliyinin təmin olunması və ekstremal qəza vəziyyətlərində işdə
pozuntuların operativ aradan qaldırılması
nəzərə alınaraq
ərazidə Mərkəzi
İdarəetmə Binası inşa edilib.
Binada elektrik
stansiyasının tarixini
əks etdirən eksponatların sərgiləndiyi
muzey də fəaliyyət göstərir.
Burada iclas və konfrans zalları da yaradılıb. Yeni istifadəyə verilən
idarəetmə binasında
vahid dispetçer idarəetmə mərkəzi
və stansiyanın mikro SCADA sistemi yaradılıb. Stansiyanın
enerjisisteminin ümumi
idarəetmə sisteminə
inteqrasiyası üçün
serverlər quraşdırılıb
və optik kabel xətti çəkilib. Yeni binada stansiyaya aid olan bütün
kommunikasiya əlaqələrinin
vahid sxemə uyğun birləşdirilməsi
təmin edilib.
“Şimal-1” və “Şimal-2” elektrik stansiyalarının
birlikdə il ərzində gözlənilən
istehsalı 5,7 milyard kilovat-saatdır.
Stansiyada Yaponiyanın
“Mitsubishi” şirkətinin
istehsalı olan 138 MVt gücündə buxar, 267 MVt gücündə qaz turbinləri, 560 MVA gücündə
elektrik generatoru və onların köməkçi sistemləri
quraşdırılıb. Enerji
blokunda istehsal olunan elektrik enerjisi 480 MVA gücündə
olan blok transformatordan qapalı tipli yarımstansiya vasitəsilə elektrik veriliş xətlərinə
ötürülür. Müxtəlif
gərginlik sinfinə
malik olan paylayıcı qurğular
arasında əlaqəni
təmin etmək üçün 2 avtotransformator
quraşdırılıb. Burada istehsal
olunan elektrik enerjisinin ötürülməsi
məqsədilə Abşeron
regionunda 220 kV-luq dairəvi sxem qurulub, “Şimal” Elektrik Stansiyasının
“Sumqayıt ES” və
“Abşeron YS” ilə əlaqələndirilməsi üçün
65 kilometr uzunluğunda
220 kV-luq dörd hava elektrik verilişi
xətti istismara verilib. Qəza rejimlərində stansiyanın
vacib sistemlərinin elektrik enerjisi ilə qidalandırılması
üçün qəza
dizel generatoru quraşdırılaraq xüsusi
sərfiyyat sxeminə
qoşulub və avtomatik ehtiyatdan qoşulması təmin edilib.
Prezident İlham
Əliyev “Şimal-2” Elektrik
Stansiyasını işə
salıb.
Hazırda ən yüksək
faydalı iş əmsalına malik olan “Şimal-1” və
“Şimal-2” elektrik stansiyaları
birlikdə respublika üzrə elektrik enerjisi istehsalının
20 faizini, Bakı və Abşeron yarımadası üzrə
40-50 faizini təşkil
edəcək. “Şimal”
Elektrik Stansiyası enerjisistemin texniki-iqtisadi göstəricilərinin yaxşılaşdırılmasına
əsaslı təsir
etməklə yanaşı, il
ərzində 77 milyon
kubmetr təbii qazın qənaətinə
və regionlardan Bakı şəhərinə
verilən enerjinin miqdarının 20 faiz azalması nəticəsində
elektrik enerjisinin uzaq məsafədən ötürülməsindən yaranan
199 milyon kVts elektrik enerjisi itkisinə qənaət olunmasına imkan yaradacaq. Bundan başqa, “Şimal” Elektrik Stansiyası 57,4 faiz faydalı iş əmsalına malikdir ki, bu
da Cənubi Qafqaz regionunda ən yüksək faydalı iş əmsalı deməkdir. Elektrik stansiyası il ərzində 3,2 milyard kVts elektrik
enerji istehsal edəcək və hər bir kVts
elektrik enerjisinin buraxılışına 214,3 qram
şərti yanacaq sərf ediləcək ki, bu da
enerjisistemin ümumi göstəricisindən 65 qram
azdır.
Stansiyanı yüksək təzyiqli yanacaqla təmin etmək məqsədilə
yeraltı qaz kəməri, qaz tənzimləyici və təmizləyici qovşaq,
qazqızdırıcı qurğular
və kompressor stansiyası tikilib. Stansiyanın buxar turbinlərinin kondensatorları
və avadanlıqları
Xəzər dənizindən
götürülən su
vasitəsilə soyudulur.
Bu məqsədlə Xəzər
dənizindən 140 metr
uzunluğunda soyuducu su kanalı, hovuz, su xətti
və ümumi məhsuldarlığı saatda
52 min kubmetr olan sahil nasos
stansiyası, o cümlədən
buxar turbininin kondensatorundan çıxan
soyuducu suyun Xəzər dənizinə
qaytarılması üçün
boru xətti inşa olunub. Stansiyanın texniki və içməli suya olan tələbatının
təmin edilməsi və su ehtiyatının
yaradılması məqsədilə
ərazidə duzsuzlaşdırma
qurğusu və digər zəruri infrastruktur yaradılıb.
Stansiyanın yanğın
təhlükəsizliyinin təmin
edilməsi üçün
ərazidə yanğınsöndürmə
sistemi də müasir səviyyədə
qurulub.
Ətraf mühitin
mühafizəsi məqsədilə
stansiyada əksosmos qurğusu, xüsusi ekoloji monitorinq sistemi, sənaye tullantılarının və
çirkab sularının
təmizlənməsi qurğuları
inşa olunub. Stansiyanın
avadanlıqlarının normal
istismarı və reqlament üzrə texniki xidmətin aparılması məqsədilə
stansiyada ekspress və kimya, elektrotexniki və sınaq-diaqnostika laboratoriyaları,
müxtəlif müasir
dəzgahlarla komplektləşdirilmiş
mexaniki təmir emalatxanası və qapalı mərkəzi anbar binası tikilib, təhlükəsizliyin
təmin edilməsi məqsədilə zəruri işlər görülüb, videomüşahidə
sistemi yaradılıb.
Ərazidə genişmiqyaslı
abadlıq-quruculuq işləri
aparılıb, yaşıllıqlar
salınıb, müxtəlif
ağac və gül kolları əkilib.
Dövlətimizin başçısı stansiyanın
kollektivi ilə xatirə şəkli çəkdirib.
Stansiyanın kollektivinə uğurlar arzulayan Prezident İlham Əliyev deyib: “Təbrik edirəm. Stansiyanın açılışı çox
əlamətdar hadisədir.
Azərbaycanda elektrik enerjisinə olan tələbat artır və əlbəttə ki, istehsal gücləri
bu tələbata uyğun olmalıdır. Ona görə bu stansiyanın çox böyük əhəmiyyəti var.
Yaponiya şirkətlərinə
də təşəkkürümü
bildirirəm, burada çox fəal işləyiblər, bu stansiyanı yüksək keyfiyyətlə qurublar. Stansiyanın
qurulması Yaponiya-Azərbaycan
əməkdaşlığının təzahürüdür və
Xarici İşlər
nazirinin müavini də xüsusilə bu məqsədlə Azərbaycana səfər edib. Əminəm ki, bizim ikitərəfli
əlaqələrimiz gələcəkdə
də uğurla inkişaf edəcək, çünki hələ bir çox
layihələr icra olunmalıdır.
Bu stansiyanın
fəaliyyətə başlaması
elektrik enerjisi sahəsində çox əlamətdar hadisədir.
Mən şadam ki, biz bu
gün bu stansiyanın açılışını
edirik. Azərbaycanda bundan sonra da
sənaye istehsalının
və iqtisadiyyatın
artımı elektrik enerjisi mənbələri
ilə təmin edilməlidir. Sizi bir daha təbrik
edirəm, sizə uğurlar arzulayıram”.
* * *
Respublikamızda həyata keçirilən
genişmiqyaslı iqtisadi
islahatlar, çoxsaylı
sənaye və aqrar-sənaye obyektlərinin
yaradılması elektrik
enerjisinə və ehtiyat generasiya güclərinə tələbatı
daha da artırdığından
“Şimal-2” Elektrik Stansiyasının
istismara verilməsi çox əhəmiyyətlidir.
Bu, iqtisadi cəhətdən istehsal prosesinin səmərəliliyinin yüksəlməsinə,
elektrik enerjisinin istehsalına sərf olunan yanacağın əhəmiyyətli dərəcədə
azalmasına, ixrac potensialının artırılmasına
və digər texniki imkanların genişləndirilməsinə şərait
yaradır. Bütün
bunlar isə ümumilikdə ölkəmizin
iqtisadi potensialının
möhkəmləndirilməsi istiqamətində dövlət
tərəfindən atılan
addımların ardıcıl
və məqsədyönlü
şəkildə davam
etdiyini göstərir.
Yeni Azərbaycan.-
2019.- 6 sentyabr.- S.2