Ölkəmizdə aparılan islahatlar bütövlükdə iqtisadiyyatımızı
dinamik, texnoloji və innovativ edəcək
Milli Məclisin deputatı Tahir Mirkişili
www.yap.org.az saytına müsahibə
verib:
- Tahir müəllim, məlum olduğu kimi, sentyabrın 1-dən ölkəmizdə minimum əməkhaqqı
250 manata çatdırılıb.
Sizcə,
bu artım əhalinin rifah halına necə təsir göstərəcək?
- Minimum əməkhaqqının səviyyəsinin
çox ciddi iqtisadi və sosial funksiyası var.
Minimum əməkhaqqının artırılması cəmiyyətdə
davamlı olaraq maddi rifah halının
yaxşılaşmasına, əməyə verilən
qiymətin artmasına,
əmək məhsuldarlığının
yüksəlməsinə, işçilərin
ixtisaslarına olan tələbin artmasına səbəb olur. Azərbaycanda 2019-cu ildə
minimum əməkhaqqının 130 manatdan 250 manata qədər, yəni təqribən 2 dəfə
artması çox ciddi iqtisadi və sosial hədəflərdən xəbər
verir.
İlk öncə onu
deyim ki, minimum əməkhaqqının bu
dərəcədə kəskin
artımı üçün
iqtisadi potensial olmalıdır ki, bu artımı maliyyələşdirmək mümkün
olsun. Digər tərəfdən, tənzimləmə mexanizmləri
təkmil olmalıdır
ki, artım kəskin inflyasiyaya səbəb olmasın.
Prezident İlham Əliyev tərəfindən aparılan
islahatlar nəticəsində
iqtisadiyyatın şəffaflaşması
bu artımı artan büdcə gəlirləri hesabına
maliyyələşdirməklə etibarlı maliyyə mənbəyi ilə təmin etdi. Digər tərəfdən,
inflyasiyanın 2,5% olması artımın
real dəyərinin qorunub
saxlanmasının göstəricisidir.
2019-cu ilin 6 ayının
iqtisadi yekunları, əhalinin gəlirlərinin
6,6% artması bu prosesin davamlı
olacağını deməyə
əsas verir. Eyni zamanda, minimum əməkhaqqının artması
orta aylıq əməkhaqqının da artmasına
təsir görtərir
ki, bu proses artıq başlayıb. Düşünürəm ki, 2019-cu ilin
yekun göstəriciləri
əhalinin real gəlirlərinin
daha çox artmasını göstərəcək.
- Ölkəmizdə qeyri-neft
sektorunun inkişafı
istiqamətində ardıcıl
tədbirlər həyata
keçirilir. Bu prosesin hazırkı səviyyəsi haqqında
nə deyə bilərsiniz?
- 2019-cu ilin 6 ayının iqtisadi göstəriciləri
qeyri-neft sektorunda əhəmiyyətli kəmiyyət
və keyfiyyət göstəricilərinin əldə
edildiyini deməyə
əsas verir. Həcm cəhətdən
qeyri-neft sektorunun ümumi artımının
ümumi daxili məhsulun artımını
üstələməsi, qeyri-neft
sənayesinin 15,7%, kənd
təsərrüfatı istehsalının
isə rekord 13% artması bu sahələrdə görülən
işlərin mühüm
nəticələridir. Qeyri-neft ixracımızın
da 15% artması bu prosesin kompleks hal aldığı və həm də miqyas effektindən qaynaqlandığı
anlamına gəlir.
Digər tərəfdən, vergi yığımında qeyri-neft
sektorunun payının
70%-ə çatması bu
sektorun iqtisadi faəliyyətdə aparıcı
rol oynaması deməkdir. Gəlirlərin bölgüsünün əsas güzgüsü olan vergi yığma
sistemində qeyri-neft sektorunun aparıcı rolu bu sektorun
həm də sosial sahələrin inkişafında artıq həlledici rolundan xəbər verir. Digər tərəfdən, ölkə
iqtisadiyyatına investisiyaların
da əsas hissəsinin
qeyri-neft sektoruna qoyulması, insan kapitalının inkişafı
və bu kapitalın da əsasən
qeyri-neft sektorunun inkişafına yönəldilməsi
bu sahənin inkişafını davamlı
və sürətli etməkdədir.
- Qarşıda duran vəzifələrdən biri
də ölkəmizin
ixrac potensialının
artırılmasıdır. Azərbaycan məhsullarının
mövcud ixrac səviyyəsi və daha hansı sahələrdə ixrac potensialının artırılmasının
mümkünlüyü haqqında
fikirlərinizi bilmək
istərdik...
- Azərbaycanın ixrac potensialının artırılması
və ixracın reallaşması üçün
müxtəlif tədbirlər
həyata keçirilir.
Bir tərəfdən ixrac potensialının artırılması
üçün sənaye
istehsalı artırılır,
sənaye parkları artıq öz bəhrəsini verir, kənd təsərrüfatı
istehsalı artır, emal sənayesi inkişaf etdirilir. Turizm xidmətlərinin inkişafı
üçün regionlarda
əhəmiyyətli tədbirlər
həyata keçirilir.
Bütün bu layihələr
ixrac potensialını
artırır və ixracetmə üçün
məhsul yaradır.
Digər
tərəfdən, yeni
ixrac bazarları əldə etmək və ənənəvi bazarları genişləndirmək
üçün həm
dövlət tərəfindən,
həm də sahibkarların özləri
tərəfindən müxtəlif
səylər və tədbirlər həyata keçirilir. Məhz bu
tədbirlərin nəticəsində
2019-cu ilin 6 ayı ərzində qeyri-neft ixracımız 15% artmışdır.
Ancaq ixrac bazarlarının genişləndirilməsi
həm də ciddi rəqabətlə üzləşmək deməkdir. Dövlətin
əsas dəstək funksiyası sahibkarlar üçün xarici bazarlarda inzibati maneələrin aradan qaldırılmasına nail olmaq
və onlar üçün bazara daxil olmanı asanlaşdırmaq və marketinq fəaliyyətinə
dəstək verməkdir.
Amma xarici bazarlarda rəqabət aparmaq ixraçatçıların əsas
funksiyası olmalıdır.
Bunun üçün isə daxili istehsalda texnologiyaların və innovasiyaların tətbiqini
genişləndirmək, əmək
məhsuldarlığını artırmaq və proaktiv marketinq fəaliyyəti aparmaq lazımdır. Düşünürəm ki, ölkəmizdə aparılan islahatlar bütövlükdə iqtisadiyyatımızı
dinamik, texnoloji və innovativ edəcəkdir.
Yeni Azərbaycan.- 2019.- 6 sentyabr.- S.5.