Bu ilin arxada qalan aylarında da regionlarda tikinti-quruculuq və abadlıq işləri davam etdirilib

 

 

Kənd mərkəzi üçün tikilən ən ikimərtəbəli müasir binanın birinci mərtəbəsində poçt, avtomat telefon stansiyası, kitabxana, tibb otağı, polis və baytarlıq xidməti fəaliyyət göstərəcək. İkinci mərtəbədə isə inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, arxiv, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı və klub yerləşəcək.

Xidmət mərkəzində isə kənd sakinlərinə müxtəlif məişət və ticarət xidmətləri göstəriləcək. Kənd sakinləri üçün yeni iş yerləri açılacaq. Burada bir neçə sakin işlə təmin ediləcək, ailə təsərrüfatları məhsullarının satışı təşkil olunacaq. Hər iki quruculuq ünvanında əsas işlər yekunlaşıb, həyətdə abadlıq işlərinə başlanılıb.

Kənd yolu da əsaslı şəkildə yenidən tikilir. İkizolaqlı yolun uzunluğu 4,2 kilometrdir. Yolda torpaq işləri görülüb, qum-çınqıl verilib, su keçidləri tikilib, yol yatağı bərkidilib.

Muxtar respublikanın Culfa rayonunda isə Darıdağ arsenli su müalicə və istirahət kompleksi tikilir. Tikintisinə 2019-cu ilin mart ayından başlanılan, zirzəmi ilə birlikdə beş mərtəbədən ibarət olacaq binanın zirzəmi hissəsində qazanxana, elektrik otağı, çarhovuzlar, mətbəx, bərbər, VİP masaj və qeydiyyat otaqları, gözəllik salonu yerləşəcək. Yeni səhiyyə ocağının birinci mərtəbəsində restoran, mağaza, gözləmə zalı, bufet, mətbəx, hotel işçiləri üçün istirahət, həkim və müdir otaqları yerləşəcək. İkinci, üçüncü və dördüncü mərtəbələr isə istirahət otaqları üçün nəzərdə tutulub.

Hazırda kompleksin birinci və ikinci mərtəbələrində hörgü və suvaq işləri yekunlaşdırılıb, üçüncü mərtəbədə hörgü, dördüncü mərtəbədə isə beton-qəlib işləri aparılır. Həmçinin kommunikasiya xətlərinin çəkilməsinə başlanılıb. Obyektdə əsasən yerli tikinti materiallarından istifadə edilir. İnşaatçılar işlərin keyfiyyətli yerinə yetirilməsi üçün səylə çalışırlar.

Qeyd edək ki, Darıdağ arsenli suyu dünyada ən zəngin və güclü mineral tərkibi olan müalicəvi sudur. Bu suyun bir çox xəstəliklərin müalicəsində faydalı olması kliniki təcrübələrdə sübut olunub. Ona görə də Darıdağ arsenli suyundan müalicə məqsədilə geniş istifadə olunması muxtar respublikamızda müalicə turizminin inkişafına da öz töhfəsini verəcək.

Eyni zamanda, Babək rayonunun Gülşənabad kəndində də kompleks quruculuq işlərinə başlanılıb. Kənddə 144 şagird yerlik tam orta məktəb binası tikilir. Müasir layihə əsasında qurulacaq məktəb ikimərtəbəli olacaq. Məktəbdə müxtəlif fənn kabinələri, laboratoriyalar, şahmat sinfi, elektron lövhəli siniflər fəaliyyət göstərəcək.

Burada kənd və xidmət mərkəzləri də inşa olunur. Eyni zamanda, Gülşənabadı Cəhri kəndi ilə birləşdirən 140 metrlik körpü də yenidən qurulur. Quruculuq işləri çərçivəsində Gülşənabadda evlərə yeni su xətti çəkilir, beş kilometrlik kənddaxili yollar abadlaşdırılır. Yollarda bərkitmə işləri başa çatdırıldıqdan sonra asfalt döşənəcək.

Rayonun Kültəpə kəndində də kompleks quruculuq işləri geniş vüsət alıb. Kənddə 360 şagird yerlik məktəb binasının tikintisi aparılır. Məktəbdə 20 sinif otağı, 1 kompüter, 2 elektron, 1 şahmat sinfi, 3 laboratoriya, kitabxana, hərbi kabinə və idman zalı tikiləcək.

Həmçinin kənd mərkəzi və həkim ambulatoriyası da inşa olunur. Üçmərtəbəli binanın birinci mərtəbəsində həkim ambulatoriyası, rabitə şöbəsi və avtomat-telefon stansiyası yerləşəcək. İkinci və üçüncü mərtəbələrdə isə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, YAP ərazi ilk təşkilatı və digər qurumlar fəaliyyət göstərəcək.

Kənddə tikilən digər bir obyekt isə xidmət mərkəzidir. Burada ərzaq, təsərrüfat malları mağazaları, bərbər, gözəllik salonu, ət satışı mağazası olacaq. Kəndin yolları, rabitə və elektrik xətləri də əsaslı təmir ediləcək. Tikilən obyektlərin ərazilərində müasir işıqlandırma sistemləri qurulacaq və yaşıllıqlar salınacaq.

Bundan başqa, “ARTAY” İnşaat LTD Şirkətinin Naxçıvan filialı tərəfindən Şərur rayonunun Muğancıq Mehrab kəndində genişmiqyaslı tikinti-quruculuq işləri çərçivəsində 4 obyekt tikilir. Kənddəki 224 şagird yerlik tam orta məktəb binası bütünlüklə yenidən qurulur. İkimərtəbəli binada əsas işlər yekunlaşıb. Binanın dam örtüyü vurulub, kommunikasiya xətləri çəkilib, qapı-pəncərələr quraşdırılıb, suvaq işlərinə başlanılıb. Hazırda dəhlizlərə və mərtəbələrarası pilləkənlərə travertin daşlar döşənir, otaqların döşəməsi vurulur.

Muğancıq Mehrab kəndində ikimərtəbəli kənd mərkəzi üçün tikilən yeni binada inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, YAP ərazi üzrə ilk təşkilatı, kitabxana, iclas zalı, baytarlıq məntəqəsi, poçt, ATS, polisin sahə müvəkkili üçün otaqlar olacaq.

Eyni ünvanda inşa edilən daha bir obyekt isə birmərtəbəli xidmət mərkəzidir. Burada ərzaq və təsərrüfat malları mağazaları, ət dükanı, gözəllik salonu və bərbərxana fəaliyyət göstərəcək.

Bütün bu tədbirlərin davamı kimi Qarxun kəndindən başlanan, Muğancıq Mehrab və Məmmədsabir kəndlərindən keçərək Şərur şəhərinə birləşən kəndlərarası yol da asfaltlanıb, yol kənarlarındakı suötürücü kanallara beton döşənib.

Respublikamızın bölgələrində əhaliyə göstərilən səhiyyə xidmətinin yüksəldilməsi məqsədilə görülən işlərə uyğun olaraq Səhiyyə Nazirliyinin sifarişi ilə Şəmkir rayon Kür Qəsəbə Xəstəxanası əsaslı təmir olunur. Şəmkir rayon İcra Hakimiyyətindən bildirilib ki, 2018-ci ilin əvvəlindən təmirinə başlanılan tibb müəssisəsində söküntü işləri tam başa çatdırılıb.

Təmir-bərpa işlərinin bir qismi yekunlaşıb. 56 çarpayılıq xəstəxana binasının bu ilin sonunadək təhvil verilməsi planlaşdırılır. Yenilənən səhiyyə ocağında əhaliyə günün tələbləri səviyyəsində tibbi xidmət göstərilməsi üçün lazımi şərait yaradılacaq. Xəstəxana binası müasir inventar və avadanlıqla tam təchiz ediləcək.

İsmayıllı rayonunda isə Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı Proqramı” çərçivəsində reallaşan layihəyə əsasən, Sumağallı və Sulut kəndlərində tibb məntəqələrinin açılışı olub.

Sumağallıda keçirilən açılış mərasimində Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, layihəni həyata keçirən “Gənclər İnkişaf Naminə” İctimai Birliyinin rəhbəri Rasim Allazov, digər rəsmi şəxslər, kənd sakinləri, tibb işçiləri, müəllimlər, veteranlar, ağsaqqallar iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək bildirib ki, dövlət müstəqilliyi illərində Azərbaycanla Yaponiya arasında işgüzar və diplomatik əlaqələr daha intensiv xarakter alıb. Bu əlaqələrin səmərəli nəticələri İsmayıllıda da öz əksini tapıb. İsmayıllı Yaponiyanın İto şəhəri ilə qardaşlıq və dostluq əlaqələri yaradıb. Şagird mübadilələri, distant yolla dil öyrənmək, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri bu əlaqələrin nəticəsidir. Yaponiya səfirliyinin dəstəyi ilə bu gün istifadəyə verilən tibb məntəqəsi də insan sağlamlığına qayğıdan irəli gəlir.

Səfir Teruyuki Katori çıxışında ölkələrimiz arasındakı əlaqələrdən söz açaraq, Yaponiyanın Azərbaycanda bir çox layihələr - uşaq bağçası, tibb məntəqəsi və məktəb binalarının tikintisi, içməli su çəkilişi, suvarma sistemləri və sair layihələr həyata keçirdiyini bildirib. Onun sözlərinə görə, Sumağallıda tibb məntəqəsinin tikintisi “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı Proqramı” çərçivəsində İsmayıllıda reallaşan 15-ci layihədir.

Sonra tibb məntəqəsinə baxış keçirilib.

Biləsuvar şəhərindəki qəzalı vəziyyətdə olan yaşayış evlərinin sakinləri üçün inşa edilən 48 mənzilli yaşayış binasında işlər isə tam başa çatıb. Bina yaxın günlərdə sakinlərin istifadəsinə veriləcək. Prezident İlham Əliyevin imzaladığı Sərəncam əsasında ayrılan vəsait hesabına inşa olunan 4 mərtəbəli yaşayış evinin tikintisinə ötən ilin axırlarında başlanılıb. İnşaatçıların gərgin əməyi sayəsində artıq binanın daxili və xaricində işlər tam keyfiyyətlə yekunlaşıb, qaz, su, elektrik xətləri və istilik sistemləri yoxlanılaraq qəbul olunub. Binada sakinlərin rahat yaşamaları üçün bütün lazımi şərait yaradılıb.

Xatırladaq ki, binadakı mənzillərin 16-sı tək, 16-sı iki, 16-sı isə üçotaqlıdır.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən əhalinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə Astara şəhərinin Həzi Aslanov küçəsində inşa edilən 48 mənzilli, dördmərtəbəli yeni yaşayış binasının tikintisində son tamamlama işləri görülür.

Ötən əsrin 50-ci illərində Astara şəhərindəki balıq zavodunda işləyən fəhlə və qulluqçular üçün tikilmiş yaşayış evləri istismar müddətini başa vurduğuna görə həmin binalar sökülərək yerində müasir, çoxmənzilli, yeni yaşayış binası tikilir. Bu məqsədlə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Astara rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Çoxmənzilli yaşayış binasının tikintisinə bu ilin fevral ayında başlanılıb. Binada mənzillərin 12-si üç, 24-ü iki və 12-si bir otaqlıdır. Tikintidə əksəriyyəti yerli sakinlər olmaqla 50-dən çox işçi çalışır.

Artıq yaşayış binasında hörgü işləri başa çatıb, dam örtüyü vurulub, su, işıq, kanalizasiya və istilik xətləri çəkilib. Hazırda inşaatçılar bina daxilində suvaq işlərini aparırlar. Yeni binanın dekabr ayında istifadəyə verilməsi nəzərdə tutulub.

Bu il, həmçinin yeni binanın arxa hissəsində 36 mənzilli, dördmərtəbəli yaşayış evinin tikintisinə başlanması da nəzərdə tutulub. Binaların arasında sakinlər üçün istirahət guşələri, avtonəqliyyat vasitələri üçün dayanacaq da inşa ediləcək.

 

Nadir AZƏRİ

Yeni Azərbaycan.- 2019.- 11 sentyabr.- S.7.