Azərbaycanın bölgələrində
fındıqçılığın inkişafı daim
dövlətin diqqət mərkəzindədir
Fındıqçılıq sahəsində həyata
keçirilən məqsədyönlü tədbirlər
regionlarda məhsuldarlığın artmasını təmin
edib
Cənubi Qafqaz regionunun lider dövləti olan
Azərbaycan inkişaf yolunda inamla irəliləyir, möhtəşəm
nailiyyətlər qazanaraq yeni zirvələr fəth edir.
Bütün sahələrdə yüksək inkişaf
göstəricilərinin əldə olunması fonunda gələcəyə
dair optimist proqnozlar verilir, ölkəmizin qarşısında
yeni perspektivlərin açıldığı
vurğulanır. Azərbaycanın dinamik tərəqqisindən
bəhs edərkən, heç şübhəsiz,
regionların sosial-iqtisadi inkişafı istiqamətində
ardıcıl və məqsədyönlü tədbirlər həyata
keçirilməsini xüsusi vurğulamaq lazımdır. Regionların sosial-iqtisadi inkişafına dair
müvafiq Dövlət proqramlarının uğurla icra
olunması bölgələrdə iqtisadi potensialın və
aktivliyin artmasına mühüm töhfələr verməklə
yanaşı, qarşıda duran strateji hədəflərə
çatmağa imkan yaradır. Son olaraq Prezident İlham
Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı
növbəti Fərmanla təsdiqlənən “Azərbaycan
Respublikası regionlarının 2019-2023-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində
də işlər müvəffəqiyyətlə icra olunur. Məhz
bu proqramlar çərçivəsində həyata
keçirilən işlər aqrar sahənin
inkişafını da şərtləndirib.
Xüsusi olaraq vurğulamaq gərəkdir ki, Azərbaycanda
kənd təsərrüfatının inkişafı istiqamətində
də həyata keçirilən kompleks tədbirlər ölkənin
ümumi sosial-iqtisadi tərəqqisinə öz töhfəsini
verir. Təsadüfi deyil ki, ölkəmizdə digər sahələr
kimi aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə
qədəm qoyub. Kənd təsərrüfatının
inkişafı istiqamətində müəyyənləşdirilmiş
strateji əhəmiyyətli vəzifələrdən biri
ixracqabiliyyətli məhsul istehsalının
artırılmasıdır. Bu kontekstdə əlverişli
coğrafi-iqlim xüsusiyyətləri, münbit torpaqlar, əmək
ehtiyatları, tarixdən gələn zəngin ənənələr
Azərbaycanın bölgələrində ixracqabiliyyətli
məhsul istehsalının artırılması
üçün geniş perspektivlər yaradır. Bu məqamda
qeyd etmək yerinə düşər ki, Azərbaycanın
regionlarından ixracın artırılması
baxımından perspektivli sahələrdən biri də
fındıqçılıqdır. Ölkəmizdə bu sahənin
inkişafı daim diqqətdə saxlanılır. Məlumat
üçün qeyd edək ki, cari ilin yanvar-iyul aylarında
ölkədən 13 min 167 ton meşə
fındığı ixrac olunub. Qeyd edilən dövrdə
ixrac edilən meşə fındığının dəyəri
72 milyon 67 min ABŞ dolları olub.
Qeyd etdiyimiz kimi,
fındıqçılığın inkişafı istiqamətində
məqsədyönlü tədbirlər davam etdirilir, səmərəli
nəticələr əldə olunur. Ayrı-ayrı rayonlarda əldə
edilən məhsuldarlığı əks etdirən statistik
göstəricilər də bunu təsdiqləyir. Yeri gəlmişkən,
İsmayıllı rayonunda fındıq yığımı
davam edir və artıq bağlardan 153 ton məhsul
toplanılıb. Rayonda fındıq bağlarının sahəsi
2091 hektara çatdırılıb. Bağların 87
hektarı bar verəndir. Topçu, Qurbanəfəndi kənd,
İsmayıllı şəhər ərazi dairələrində
məhsul yığımı daha mütəşəkkil
aparılır. Cari mövsümdə bağlardan 300 tonadək
fındıq tədarük olunacağı gözlənilir.
Xaçmazlı təsərrüfatçılar
isə avqustun ilk günlərindən fındıq
bağlarından məhsul yığımına
başlayıblar. Fındıq bağlarında məhsuldarlıq
ötən illərlə müqayisədə daha çoxdur.
Məhsulun bol, qiymətin isə sərfəli olması
bağ sahiblərinin daha çox gəlir əldə edəcəyini
deməyə əsas verir. Rayonun Hacıəhmədoba kəndindən
olan təsərrüfatçı Fazil Əhmədov 0,5 hektar
fındıq bağından hər il 500-600 kiloqram məhsul
toplayır. “Yığıma yeni başlamışıq. Bu
il məhsuldarlıq ötən ilkindən yaxşıdır.
Qiyməti də biz kəndlilərə sərf edir. Məhsulu
özümüz yığırıq. Bəzən
yığım üçün günəmuzd fəhlələr
də çağırırıq. Havalar yaxşı
keçsə, bağı sentyabrın axırına kimi
yığıb qutaracağıq”, - deyə təsərrüfatçı
bildirib. Hazırda bağlarda məhsul yığımı ilə
yanaşı, fındığın qabıqdan təmizlənməsi
və qurudulması prosesi də həyata keçirilir. Əksər
təsərrüfatçılar məhsulu daha münasib qiymətə
satmaq üçün anbarlarda saxlayırlar. Məhsul əsasən
payız-qış aylarında yerli bazarlarda satılır.
Bununla yanaşı, rayonda 10-dan çox fındıq qəbulu
məntəqəsi mövcuddur və məhsulu fermerlərdən
sərfəli qiymətə alırlar. Xaçmazlı fermerlər
bir neçə ildir k, ağacdan yığılan
fındığın qabıqdan təmizlənməsi
üçün xüsusi aqreqatdan istifadə edirlər. Bu
texnologiyanın tətbiqi təsərrüfatçıların
işini xeyli yüngülləşdirir. Belə ki,
bağından 1 ton fındıq əldə edən təsərrüfatçı
əvvəllər bu məhsulu qabığından təmizləmək
üçün ailə üzvləri ilə birlikdə 7-10
gün vaxt sərf etməli olurdu. Fındıq təmizləyən
texnika isə bu işi cəmi bir saata görür.
Traktorçu Alim Əhmədov deyir ki, fındıq
toplanmasına başlanan gündən sifarişlərin
ardı-arası kəsilmir. Gün ərzində müxtəlif
kəndləri gəzərək 3-4 ton fındıq təmizləyir.
Xidmət haqqı olaraq hər 100 kiloqrama görə 3 kiloqram
təmizlənmiş fındıq alır. Fermerlər dövlətin
onlara ayırdığı güzəştlərdən
faydalanaraq bağlara daha yaxşı qulluq edirlər. Rayonda son
3 ildə fındıq bağlarının sahəsi iki dəfəyədək
artırılaraq 10 min hektara çatdırılıb.
Zaqatala rayonunda da kənd təsərrüfatının
ənənəvi və ixrac potensialı yüksək sahələrindən
biri də fındıqçılıqdır. Fındıq
istehsalı rayonun kənd əhalisinin əsas qazanc mənbələrindən
biridir. Artıq fındıq bağlarında builki
mövsümün ilk məhsulunun yığımına
başlanılıb. Cari ildə bağlardan 15
min tondan çox fındıq tədarük olunması
gözlənilir. Ümumiyyətlə, Prezident İlham
Əliyevin fındıqçılığın inkişaf
etdirilməsi ilə bağlı verdiyi tapşırıq və
göstərişlərin icrasını təmin etmək məqsədilə
son illər Zaqatalada yeni fındıq
bağlarının salınması istiqamətində
davamlı iş aparılır. Belə ki, 2018-ci ildə rayon ərazisində
1353,5 hektar, bu ilin yaz aylarında isə 255 hektar sahədə
yeni fındıq bağları salınaraq, mövcud
fındıq bağlarının ümumi sahəsi 19 min 760
hektara çatdırılıb. Bu bağların 10 min 571
hektarı barverəndir. Ötən il rayonun fındıq
bağlarından 15 min 69 ton məhsul tədarük olunub. Fındıq
istehsalı 2017-ci illə müqayisədə 1 min 647 ton,
2016-cı illə müqayisədə isə 6 min 159 ton
artıb.
Dövlətimizin
başçısının
fındıqçılığın daha da inkişaf
etdirilməsi ilə bağlı verdiyi tapşırıq və
göstərişlərin icrasını təmin etmək məqsədilə
son illər Qəbələ rayonunda da davamlı iş
aparılır. Belə ki, son üç ildə rayon ərazisində
2 min 137 hektar sahədə yeni fındıq bağları
salınaraq mövcud fındıq bağlarının
ümumi sahəsi 6 min 247 hektara çatdırılıb.
Hazırda rayonda 4 min 827 hektar bar verən fındıq
bağları var. Bir neçə gündür ki,
fındıq bağlarında builki mövsümün ilk məhsulunun
yığımına başlanılıb. Cari ildə
bağlardan 9 min tonadək fındıq
yığılması gözlənilir. Ötən il Qəbələnin
fındıq bağlarından 9 min 200 ton məhsul tədarük
olunub. Fındıq istehsalı əvvəlki illə
müqayisədə 1800 ton artıb.
Qusar rayonunun da fındıq bağlarında məhsul
yığımının qızğın
çağıdır. Ümumiyyətlə, fındıq
istehsalı rayonun iqtisadiyyatında mühüm rol oynayan sahələrdəndir.
Rayonda 6 min hektardan çox fındıq bağı var.
Fındıq bağlarında məhsul yığımına
avqust ayının əvvəllərindən
başlanılıb. Fermerlər ötən ilə nisbətən
daha çox məhsul əldə edirlər. İmamqulukənd
İnzibati Ərazi Dairəsinə daxil olan kəndlər
rayonda fındıq bağlarının daha çox becərildiyi
ərazilərdir. Burada ümumilikdə 450 hektar fındıq
bağı mövcuddur. Bunun da 100 hektarı son iki ildə
salınıb. Qusarlı fermerlər bildirirlər ki,
fındıqçılığın inkişafı ölkəmizə
xaricdən valyuta cəlb olunmasında mühüm rol
oynayır. Bu isə öz növbəsində regionların
inkişafına güclü təkan verir. Təsərrüfatçı
Şaban Qurbanovun sözlərinə görə, indi
fındıqçılıqla məşğul olmaq daha asan
və sərfəlidir. “Əvvəllər çətin idi.
İndi təzə kombaynlar var. Fındığın
qabıqdan təmizləməsi daha tez və asan başa gəlir.
Əvvəllər bir-bir qabıqdan
çıxardırdıq. İndi kombayn gün ərzində
5-6 ton təmizləyir”, - deyə fermer Ş.Qurbanov söyləyib.
Hazırda Qusarın bağlarında məhsul
yığımı ilə yanaşı,
fındığın qabıqdan təmizlənməsi və
qurudulması prosesi də həyata keçirilir. Əksər
təsərrüfatçılar məhsulu daha münasib qiymətə
satmaq üçün anbarlarında saxlayırlar. Qusarlı
fındıqçılar düzgün suvarmaya və
aqrotexniki qaydalara riayət etməklə hər il yüksək
nəticə əldə edirlər. Kənd sakinləri yeni
bağların salınmasına da maraq göstərirlər.
Bu bağlarda əsasən rayonun iqlim şəraitinə
uyğun yerli sortlar əkilir. Hazırda barverən bağlarda
məhsul yığımı yeni əkilən sahələrdə
isə suvarma, becərmə işləri həyata
keçirilir. Rayon ərazisində ümumilikdə 6 min 300
hektar fındıq bağı mövcuddur. Bu bağların 3
min 200 hektarı barverəndir. Cari ildə bağlardan 4 min tona
yaxın məhsul toplanacağı
proqnozlaşdırılır.
Oğuz rayonunda isə gəlirli sahələrdən
olan fındıqçılığın inkişaf etdirilməsi
məqsədi ilə payız aylarında daha 300 hektarda yeni
fındıq bağlarının salınması nəzərdə
tutulur. Beləliklə, son illər rayonda yeni salınan
fındıq bağlarının ümumi sahəsi 2 min hektara
çatdırılacaq. Hazırda rayonda 3 min 695,5 hektar
fındıq bağları var. Artıq bağlarda builki
mövsümün ilk məhsulunun yığımına
başlanılıb. Ötən il Oğuzun fındıq
bağlarından 1 min 106 ton məhsul tədarük olunub.
Fındıq istehsalı əvvəlki illə müqayisədə
203 ton artıb.
Beləliklə, Azərbaycanın bölgələrində
fındıqçılığın inkişafı daim
dövlətin diqqət mərkəzindədir. Kənd
təsərrüfatının ənənəvi və ixrac
potensialı yüksək sahələrindən biri olan
fındıqçılığın inkişafı istiqamətində
görülən səmərəli tədbirlər müsbət
nəticələrin əldə olunmasını - məhsuldarlığın
artmasını təmin edib.
Nurlan
QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.-
2019.- 12 sentyabr.- S.7