Şəhərtipli müasir Badamlı qəsəbəsi
Badamlı qəsəbəsində
avtomobil yolu və xidmət mərkəzi istifadəyə
verilib
Ulu
Öndər Heydər Əliyev siyasi xəttinin bəhrəsi
olan müasir Badamlı qəsəbəsində şəhər
infrastrukturu yaradılıb. Aparılan
quruculuq işləri qəsəbəni yeni inkişaf mərhələsinə
çıxarıb. Qəsəbədə
yerləşən yaşayış
binalarının və
avtomobil yolunun yenidən qurulması, xidmət mərkəzinin və zavodun inşası yeni iş yerlərinin açılmasına, sakinlərin
məşğulluğunun və
rahat yaşayışının
təminatına hesablanıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən
AZƏRTAC-a bildirilib ki,
sentyabrın 11-də Şahbuz
rayonunun Badamlı qəsəbəsində avtomobil
yolu və xidmət mərkəzi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı
bildirən lenti kəsib, avtomobil yolunda və xidmət mərkəzində
yaradılan şəraitlə
tanış olub.
Məlumat verilib
ki, əsaslı şəkildə yenidən
qurulan 5,3 kilometrlik Badamlı qəsəbə
avtomobil yoluna yeni asfalt örtük
salınıb, yolun kənarlarında 3090 metr məsafədə beton su kanalı çəkilib. Yol boyunca 53 su keçidi
tikilib, 2 körpü əsaslı təmir olunub. Yolun tikintisi
zamanı çay yatağında sahilbərkitmə
işləri aparılıb,
2400 metrlik qəsəbədaxili
yollara isə qum-çınqıl qatı
verilib.
Xidmət mərkəzi ilə
tanışlıq zamanı
bildirilib ki, mərkəzdə bərbərxana,
qadın gözəllik
salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları
mağazaları, eləcə
də çörək
sexi yerləşir. Ərzaq mağazasında ailə təsərrüfatlarında
istehsal olunan məhsulların, təsərrüfat malları
mağazasında isə
ailə təsərrüfatları
üçün müxtəlif
taraların satışı
həyata keçirilir.
Çörək sexi istehsal sahəsi,
mətbəx, anbar və texniki otaqlardan ibarətdir. Sahibkar Rövşən Abbasov çörək sexinin fəaliyyəti üçün yaradılan
şəraitə görə
minnətdarlıq edib.
Xidmət mərkəzində
10 nəfər işlə
təmin olunub, həyətdə abadlıq
işləri aparılıb.
Ali Məclisin
Sədri xidmət mərkəzində əhalinin
tələbatına uyğun
məhsulların satışına
üstünlük verilməsi
barədə tapşırıqlar
verib.
Sonra qəsəbə
sakinləri ilə görüş olub.
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma
və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov çıxış edərək
deyib ki, muxtar respublikada geniş quruculuq işləri aparılır.
Bu tədbirlərin tərkib hissəsi olaraq 2017-ci ildən Şahbuz rayonunun Badamlı qəsəbəsində
də kompleks quruculuq işlərinə
başlanılıb. Qəsəbə
avtomobil yolu yenidən qurulub, xidmət mərkəzi tikilib, yaşayış binaları təmir olunub. Tikinti işlərinin aparılması
üçün hərtərəfli
şərait yaradılıb,
keyfiyyətə diqqət
artırılıb, inşaatçılar
qayğı ilə əhatə olunublar. Hicran Rüstəmov göstərilən diqqətə
görə inşaatçılar
adından minnətdarlıq
edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Badamlı qəsəbəsində görülən
işlər münasibətilə
sakinləri təbrik edib, əməyi olanlara təşəkkürünü
bildirərək deyib:
“Bu gün
ölkəmizdə Ümummilli
Liderimiz Heydər Əliyevin yolunun uğurla davam etdirilməsinin nəticəsidir
ki, kəndlərimiz, qəsəbələrimiz, rayonlarımız,
şəhərlərimiz abadlaşır,
əhalinin rahat yaşayışı təmin
edilir. Şahbuz rayonunun Badamlı qəsəbəsi də abadlaşan yaşayış
məntəqələrindəndir. Dövlət qayğısı nəticəsində
ötən dövrdə
qəsəbədə kompleks
quruculuq işləri görülmüşdür. Məktəb
və qəsəbə
mərkəzi tikilmiş,
mənzillər dayanıqlı
təbii qaz, elektrik enerjisi və rabitə xidməti ilə təmin olunmuşdur. Bu gün isə
qəsəbə yolu və xidmət mərkəzi istifadəyə
verilir”.
Ali Məclisin
Sədri deyib: “Ötən əsrin
90-cı illərinin ağır
dövrü Badamlı
qəsəbəsində də
insanların rahatlığının
pozulmasına səbəb
olmuş, çətinliklər
yaranmışdır. Məlum
olduğu kimi, bu qəsəbə təbii sərvətimiz olan Badamlı suyuna görə tanınıb. 1945-ci ildən
sonra Badamlı suyu istehsal olunmağa
başlanıb. Keçmiş
Sovetlər Birliyinin bütün respublikalarına
Badamlı suyu göndərilmiş, bu su həm Badamlı
qəsəbəsini və
Şahbuz rayonunu, həm də Naxçıvan Muxtar Respublikasını və Azərbaycanı tanıtmışdır.
Lakin ötən əsrin
90-cı illərindəki ağır
günlər zavodun da fəaliyyətinin pozulmasına səbəb olmuşdu. Ötən dövrdə dövlətimizin
qayğısı nəticəsində
qəsəbənin inkişafı
təmin edilmiş, Badamlı suyunun əvvəlki şöhrəti
özünə qaytarılmışdır.
Vaxtilə yalnız keçmiş Sovetlər Birliyində tanınan bu su hazırda
dünyanın müxtəlif
ölkələrinə də
ixrac olunur. Qəsəbədə kompleks
quruculuq işlərinin
görülməsi və
Badamlı suyunun istehsalı üçün
müasir zavodun inşa olunması sakinlərin rahat yaşayışına xidmət
edir. Eyni zamanda, həyata keçirilən bu tədbirlər qəsəbədə
məskunlaşmanı daha
da artıracaqdır. Ona görə də sakinlər tikilənləri, qurulanları
qoruyub saxlamalı, onlardan düzgün istifadə edərək gələcək nəsillərə
çatdırmalı, yaşıllıqlar
artırılmalıdır”.
Ali Məclisin
Sədri qəsəbə
sakinlərini bir daha təbrik edib, onlara rahat
həyat arzulayıb.
Sonra çıxış
edən sakin İxtiyar Quliyev yaradılan şəraitə
görə qəsəbə
sakinləri və rayon ictimaiyyəti adından minnətdarlıq
edib.
* * *
Quruculuq işləri
aparılarkən Badamlı
qəsəbəsindəki 48 mənzilli 6 yaşayış
binası da yenidən qurulub, dam örtükləri dəyişdirilib, elektrik və su sistemi
yenilənib, fasadları
təmir olunub. Binaların həyətlərində
də abadlıq işləri aparılıb,
asfalt döşənib,
yaşıllıq sahələri
salınıb.
Badamlı mineral suyu müasir
zavod kompleksində istehsal olunacaq
Sentyabrın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri Vasif Talıbov “Badamlı”
Mineral Sular Zavodunun inşası ilə maraqlanıb.
Bildirilib ki, zavodda və
ikimərtəbəli inzibati
binada əsas tikinti işləri başa çatdırılıb. Zavodun ərazisinə
asfalt örtük salınmış, Badamlı
suyunun mənbəyi yenidən qurulmuşdur.
Su öz axını
ilə zavoda veriləcəkdir. Xammal anbarı,
istehsal və hazır məhsul sahələrindən ibarət
olacaq zavodda Fransanın “SİDEL” şirkətinin
istehsalı olan ən müasir avadanlıqlar quraşdırılır.
Üç istehsal xətti
olacaq zavodda qazlı və qazsız olmaqla müxtəlif ölçülü
qablaşdırmada 15 növdə
Badamlı suyu istehsal ediləcəkdir.
İstehsal prosesi tam avtomatlaşdırılacaq,
məhsulların keyfiyyəti
nəzarətdə saxlanılacaqdır.
İstifadəyə verildikdən
sonra zavodda 200-ə yaxın iş yeri açılacaqdır.
Ali Məclisin Sədri
zavodda işlərin ilin sonuna qədər
başa çatdırılması,
ərazinin abadlaşdırılması
və yaşıllıqların
salınması barədə
tapşırıqlar verib.
Yeni Azərbaycan.- 2019.- 12 sentyabr.- S.6