Bakıda Ümumdünya Mətbuat
Şuraları Assosiasiyasının illik toplantısı
keçirilir
Sentyabrın
12-də Bakıda Ümumdünya Mətbuat Şuraları
Assosiasiyasının illik toplantısı öz işinə
başlayıb.
İki gün davam edəcək tədbirdə
Asiya, Avropa və Afrikanın 20-yə yaxın ölkəsindən
nümayəndələr, BMT, Avropa Şurası kimi beynəlxalq
təşkilatların, o cümlədən yerli media
qurumlarının rəhbərləri və ekspertlər
iştirak edirlər.
Azərbaycan Mətbuat Şurasının sədri
Əflatun Amaşov bildirib ki, Ümumdünya Mətbuat
Şuraları Assosiasiyası 1992-ci ildə yaradılıb.
ABŞ-ın bir sıra ştatlarının, Türkiyə,
Hindistan, Pakistan, Banqladeş, Nepal, Zimbabve, Keniya və digər
ölkələrin jurnalistləri belə bir qurum
yaradıblar. O vaxtdan indiyədək quruma
üzv ölkələrdə tədbirlər keçirilir və
jurnalistlərin qarşılaşdığı problemlər,
informasiya əldə etmələri ilə bağlı
yaranmış çətinliklərin aradan
qaldırılması ilə bağlı təkliflər səsləndirilir.
Ümumilikdə toplantıda dünyada medianın inkişaf
meyilləri müzakirə olunur.
Mətbuat Şurasının sədri Azərbaycanda
media sahəsində əldə edilən uğurlar barədə
danışıb. Bildirib ki, 1998-ci ildə ölkəmizdə
senzura ləğv edilib, kütləvi informasiya vasitələri
ilə bağlı qanunvericilik bazası təkmilləşdirilib,
media tam müstəqildir. Azərbaycanda internet media da fəaliyyətini
uğurla davam etdirir. Ölkəmizdə 3 milyona yaxın insan
sosial şəbəkədən istifadə edir. Azərbaycanda
etnik qruplar sülh və əmin-amanlıq şəraitində
yaşayırlar. Media da bu istiqamətdə dövlət siyasətini
dəstəkləyir.
Azərbaycan Respublikası Prezidentinin
ictimai-siyasi məsələlər üzrə köməkçisi
Əli Həsənov tədbirdə çıxış edib.
Dünya Mətbuat Şuraları
Assosiasiyasının Bakı toplantısının
iştirakçılarını Prezident İlham Əliyev və
hökumətimiz adından salamlayan Əli Həsənov deyib
ki, Azərbaycan milli mətbuatı və digər kütləvi
informasiya vasitələri yüz ildən artıq bir tarix
çərçivəsində müxtəlif
inkişaf mərhələlərini keçərək ictimai
həyatımızın ayrılmaz tərkib hissəsinə və
vətəndaş cəmiyyətinin hərəkətverici qüvvələrindən
birinə çevrilib. 1991-ci ildə müstəqilliyini yenidən
bərpa etdikdən sonra - 1995-ci ildə qəbul olunmuş Azərbaycan
Respublikasının Yeni Konstitusiyasında fikir və söz
azadlığının əsas insan hüquqları
sırasında öz əksini tapması KİV-in
inkişafında yeni tarixi mərhələnin bünövrəsini
qoyub. Prezident Heydər Əliyevin 1998-ci il
avqustun 6-da imzaladığı fərmanla KİV üzərində
senzuranın ləğv edilməsi, kənar təsir olmadan
özünütənzimləyən azad medianın
yaradılması üçün ölkəmizdə geniş
perspektivlər açıldı. Sonrakı dövrdə
kütləvi informasiya vasitələri, informasiyanın əldə
olunması, milli teleradio yayımı, ictimai televiziya,
informasiya azadlığı və digər sahələrlə
bağlı yeni qanunların qəbul olunması KİV-in
inkişafını təmin edən zəruri qanunvericilik bazası
kimi çıxış etdi.
Ötən 25 ildə ölkəmizdə
kütləvi informasiya vasitələrinin maddi-texniki
bazasının möhkəmləndirilməsi, jurnalistlərin
sosial müdafiəsinin gücləndirilməsi istiqamətində
atılan mühüm addımları xatırladan Əli Həsənov
qeyd edib ki, Azərbaycan Prezidentinin sərəncamları ilə
1998-ci ilin sonunda yerli KİV-lər əlavə
dəyər vergisindən azad edilib, ölkəyə gətirilən
çap məmulatlarına tətbiq edilən gömrük
rüsumları ləğv olunub, media vasitələrinin
dövlətə olan borcları silinib və əlavə
olaraq onlara uzunmüddətli və güzəştli kreditlərin
verilməsi işi təmin edilib.
Əli Həsənov bildirib ki,
ölkəmizdə KİV-lərin, xüsusən də
yazılı medianın inkişafına mühüm təsir
göstərən addımlardan biri də 2008-ci il iyulun 30-da
Azərbaycan Prezidentinin sərəncamı ilə “Azərbaycan
Respublikasında kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi
Konsepsiyası”nın qəbul edilməsi və həmin sənədin
tələblərinə uyğun olaraq 2009-cu ildə Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun (KİVDF) yaradılması olub. 2009-cu ildən
başlayaraq KİV layihələrinin maliyyələşdirilməsi
üçün dövlət büdcəsindən mediaya və
jurnalistlərin ehtiyacı üçün on milyonlarla manat vəsait
ayrılıb. Bundan başqa, Azərbaycan Prezidentinin
sərəncamları ilə jurnalistlər üçün
çoxmənzilli iki yaşayış binası tikilib istifadəyə
verilib, üçüncünün tikintisi isə hazırda
davam edir. 2000-ci ildən Azərbaycan milli mətbuatının
yubileyləri mütəmadi olaraq dövlət səviyyəsində
qeyd olunur. 2005-ci, 2010-cu, 2015-ci və
2016-cı illərdə yüzlərlə jurnalist fəxri ad
və dövlət mükafatları ilə təltif olunub.
Bütün bunlar ölkənin informasiya tələbatının
tam ödənilməsi üçün KİV-in fəaliyyətinə
böyük stimul verib. Hazırda Azərbaycanda rəsmi
qeydiyyatdan keçmiş KİV-lərin ümumi sayı 5000-dən
çoxdur. KİV-lərin kəmiyyət
göstəricilərinə görə Azərbaycan MDB və
Şərqi Avropa ölkələri arasında birincilər
sırasındadır. Ölkədə 40-dək gündəlik,
200-dən çox həftəlik və aylıq qəzet-jurnal
və digər media nümunələri nəşr olunur. 300-ə
yaxın xəbər və analitik internet
saytı, 20-yə yaxın informasiya agentliyi, rayonlarda və
bölgələrdə isə 100-ə yaxın KİV fəaliyyət
göstərir. Ölkəmizdə
11 ümumrespublika, 4 peyk, 17 kabel, 25 internet televiziyası və
13 regional televiziya, 14 radio fəaliyyətdədir. 2005-ci ildə
Azərbaycanda İctimai Televiziya və Radio Yayımları
Şirkəti təsis edilib və hazırda uğurla fəaliyyət
göstərir. Bu gün Azərbaycanda 50-dən
artıq jurnalist təşkilatı qeydə alınıb, 30-dək
təşkilat söz və məlumat
azadlığının, mətbuatın iqtisadi müstəqilliyinin
gücləndirilməsi, jurnalistlərin hüquqlarının
müdafiəsi, cəmiyyətlə media arasında münasibətlərin
tənzimlənməsi və digər məsələlərlə
fəal məşğul olur. Mətbuat
yayımını həyata keçirən müstəqil
kommersiya şirkətlərinin sayı 23-ə çatıb.
Azərbaycanda
internet və sosial şəbəkələrin fəaliyyəti
haqqında məlumat verən Əli Həsənov diqqətə
çatdırıb ki, hazırda ölkəmizdə internet
istifadəçilərinin sayı ümumi əhalinin 80
faizindən çoxdur və bu göstəricilərə
görə Azərbaycan dünya ölkələri arasında
birinci sıralarda bərqərar olub. Az. domenində
qeydiyyatdan keçən internet saytlarının sayı 20 mini
ötüb. Bununla yanaşı, Azərbaycanda azad
sözə və fikrə dövlət səviyyəsində
yüksək əhəmiyyət verilməsinin nəticəsidir
ki, transmilli media qurumlarının ölkə ərazisində
verilişlərinin yayılmasında heç bir məhdudiyyət
yoxdur, eyni zamanda, vətəndaşların “Facebook”, “Twitter”,
“Youtube”, “İnstaqram” kimi sosial şəbəkələrə
sərbəst çıxışı təmin edilib. Ölkədə sosial şəbəkə istifadəçilərinin
sayı 3 milyon nəfərdən artıqdır ki, bu da cəmi
10 milyon əhalisi olan Azərbaycan üçün çox
böyük göstəricidir. Sosial şəbəkələrə
dövlət səviyyəsində verilən əhəmiyyətin
göstəricilərindən biri də odur ki, Azərbaycan
Prezidenti İlham Əliyevin və əksər dövlət
qurumlarının, ayrı-ayrı vəzifəli şəxslərin
rəsmi sosial profilləri fəaliyyət göstərir.
Hakimiyyət sosial şəbəkələrdə
qaldırılan məsələlərə mütəmadi
olaraq öz münasibətini bildirir, internetə məlumat mənbələrindən
biri kimi yanaşır və ondan istifadə edir.
Prezidentin ictimai-siyasi məsələlər üzrə
köməkçisi deyib ki, son illərdə sosial şəbəkələr
ictimai rəyin formalaşmasına təsir imkanlarını
artırmağa çalışır. Lakin burada bir
məqamı qeyd etməliyik ki, sosial şəbəkələrin
rolunu müsbət xarakterizə edən cəhətlərlə
yanaşı, mənfi meyillər də özünü
göstərir. Sosial şəbəkələrin
meydana gəlməsi bir tərəfdən söz və öz
fikrini ifadə etmək azadlığının təmin
olunmasında yeni perspektivlər açır. Digər tərəfdən, sosial şəbəkələrlə
insan hüquqları arasındakı qarşılıqlı təsir
bəzən xoşagəlməz vəziyyət yaradır.
Məsələn, sosial şəbəkələrdə
insanların şərəf və ləyaqətinin
alçaldılması halları baş verir ki, bu da insan
hüquqlarının pozulması deməkdir. Təəssüf ki, bu cür mənfi hallar bəzən
transmilli medianın fəaliyyətində də
özünü göstərir. Transmilli
media qurumlarının verilişlərinin ölkədə
yayılmasının müsbət cəhəti bundan ibarətdir
ki, əhali dünyada baş verən proseslərlə
bağlı operativ məlumatlar əldə etmək imkanı
qazanır. Burada özünü göstərən
mənfi xüsusiyyət isə ondadır ki, bəzən
müxtəlif siyasi dairələrin və yaxud lobbi
qruplarının təsiri ilə transmilli media qurumları
ictimai rəyi manipulyasiyaya məruz qoymağa
çalışır, obyektivlik və bitərəflik kimi
prinsiplərə zidd olaraq qərəzli, subyektiv informasiyalar
yayır.
Əli Həsənov
çıxışını aşağıdakı fikirlərlə
tamamlayıb: “Azərbaycan hakimiyyəti hazırda söz və
mətbuat azadlığının, KİV-in
inkişafının təmin edilməsini dövlət siyasətinin
əsas istiqamətlərindən biri hesab edir. Azərbaycan
dünyanın və bölgəmizin azsaylı ölkələrindəndir
ki, hələ 1998-ci ildə mətbuat və informasiya
nazirliyini ləğv edib və mətbuatın dövlət tənzimlənməsindən
birmənalı şəkildə imtina edib. Azərbaycan
dövləti bu işi hazırda ölkə jurnalistlərinin
öhdəsinə buraxıb ki, onlar da öz ümumi
toplantılarında jurnalistlərin vahid ictimai təşkilatı
olan Mətbuat Şurasını yaradıblar. KİV-lərin
fəaliyyətinin dəstəklənməsi və siyasi
plüralizmin genişləndirilməsi siyasətini də biz məhz
yaratdığımız KİVDF fondu, o cümlədən Mətbuat
Şurası vasitəsilə həyata keçirməyə
çalışırıq. Mətbuat Şurası
bu istiqamətdə dövlətin əsas tərəfdaşıdır.
Ölkə jurnalistlərinin ictimai maraqlarının yeganə
təminatçısı kimi çıxış edən bu
qurum uğurlu fəaliyyət göstərir və
bugünkü möhtəşəm toplantı da bunun əyani
sübutudur. Dünya ölkələrini təmsil edən
əksər Mətbuat Şuralarını Bakıya toplamaq və
milli-transmilli jurnalistikanın, azad medianın problem və
uğurlarını müzakirə etmək bacarığı
bunun göstəricisidir.
Türkiyənin Azərbaycandakı səfiri
Erkan Özoral deyib ki, qardaş ölkələr olan Türkiyə
və Azərbaycan mədəniyyət, tarix baxımından
bir millət, iki dövlətdir. Türkiyə və Azərbaycanın
həyata keçirdiyi beynəlxalq layihələrlə
qürur duyuruq və bu prosesi davam etdirməkdə
israrlıyıq.
Səfir qeyd edib ki, Türkiyə Azərbaycanın
ən böyük problemi olan Dağlıq Qarabağ məsələsinin
tez bir zamanda həllini vacib sayır. Xocalıda yüzlərlə
insanı qətlə yetirən ermənilər Türkiyəni
soyqırımı törətməkdə ittiham edirlər.
Bütün bu qarayaxmalara qarşı gerçəkləri
dünyaya göstərmək Türkiyə və Azərbaycan
mediasının üzərinə düşən ən
böyük vəzifələrdən biridir.
BMT-nin Qlobal Kommunikasiyalar
Departamentinin Azərbaycan üzrə təmsilçisi Rəşad
Hüseynov, Avropa Şurasının Bakı ofisinin nümayəndəsi
Pərvanə Bayramova və digər çıxış edənlər
Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının
yaranma tarixindən və fəaliyyətindən, eləcə
də müasir medianın üzləşdiyi problemlərdən
və qarşısında duran vəzifələrdən bəhs
ediblər.
Toplantı sentyabrın 13-də işini plenar sessiyalarla
davam etdirəcək.
Yeni Azərbaycan.-
2019.- 13 sentyabr.- S.3