Regionlarda təhsil ocaqlarının təmir
və tikintisi sistemli şəkildə davam etdirilir
Artıq təmiri
başa çatmış və yeni inşa edilmiş
çox sayda məktəb binası “Bilik günü”ndə
şagird və müəllimlərin istifadəsinə veriləcək
(əvvəli
ötən sayımızda)
Məktəbin binası tam sökülərək
yerində müasir tələblərə cavab verən yeni
bina inşa olunur. Hazırda tikinti işləri yüksək
sürətlə davam edir. Dörd korpusdan ibarət yeni məktəb
binasında 69 sinif otağı olacaq. Təhsil ocağı
müasir istilik sistemi ilə təchiz ediləcək və
burada fənn kabinetləri, laboratoriyalar, yeməkxana, qapalı
idman və akt zalı, kompüter otaqları fəaliyyət
göstərəcək. Bir sözlə, məktəbdə
şagirdlərin yüksək səviyyədə təhsil
almaları üçün hər cür şərait
yaradılacaq.
Ölkənin şimal-qərb rayonlarında məktəblərin
tikintisi və əsaslı təmiri üzrə işlər müvəffəqiyyətlə
davam etdirilir
Cari ildə Tovuz rayonunda məktəblərin
tikintisi və əsaslı təmiri sahəsində işlər
müvəffəqiyyətlə davam etdirilir. Belə ki,
hazırda Alakol kəndində inşa olunan 624 şagird yerlik
məktəb binasının tikintisi tamamlanmaq üzrədir, Şamlıq
və Güvəndik kəndlərində isə modul tipli məktəb
binaları quraşdırılır.
İ.Mürşüdov adına
Aşağı Quşçu kənd tam orta məktəbin və
Ş.İ.Xətai adına Köhnəqala kənd tam orta məktəb
binalarının əsaslı təmir işləri davam edir.
Bu məktəblər ötən əsrin 70-80-ci illərində
birtipli layihələr əsasında inşa edilib. Uzun
müddət əsaslı təmir işləri
aparılmadığına görə hər iki bina tədris
üçün yararsız vəziyyətdə olub.
Prezident İlham Əliyevin 2019-cu il 29 yanvar
tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikası regionlarının 2019-2023-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən
bu il Samux rayonunda 2360 şagird yerlik üç məktəb
binasının tikintisinə başlanılacaq.
Birinci məktəb binası 960
şagird yerlik olmaqla rayonun İnstitut qəsəbəsində
inşa olunacaq. İkinci məktəb binası 800 şagird
yerlik olmaqla, Sərkar kənd tam orta məktəbi
üçün tikiləcək. Üçüncü məktəb
binası isə Çobanabdallı kənd tam orta məktəbi
üçün inşa ediləcək. Bu məktəb
binası 600 şagird yerlik olacaq.
Azərbaycan Respublikası regionlarının
2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramının tədbirlər planında Qazax
rayonu üzrə 11 məktəb binasının əsaslı
təmiri nəzərdə tutulub. Həmin məktəblərdən
biri də məhz Kosalar kənd tam orta məktəbidir.
Əsas binada, eləcə də təmir
müddətində şagirdlərin dərsi
üçün nəzərdə tutulan, məktəbin
yaxınlığında yerləşən
yardımçı binada bütün işlər paralel
aparılır.
Birinci mərtəbəsində 8, ikinci mərtəbəsində
isə 9 otaq yerləşən ikimərtəbəli
yardımçı binanın dam örtüyü vurulub, pəncərələr
qoyulub, daxili və xarici fasadda suvaq işləri başa
çatıb.
Üçmərtəbəli əsas binanın
2-ci və 3-cü mərtəbələrində suvaq işləri
tam yekunlaşıb. Birinci mərtəbədə isə bu
iş başa çatmaq üzrədir. Bundan əlavə, məktəbin
kənarına hasar çəkilməsi (hörgü və
suvaq işləri) demək olar ki, 80 faiz yerinə yetirilib. Eyni
zamanda, idman və akt zalları, yeməkxana üçün nəzərdə
tutulan binalarda da söküntü və suvaq işlərinə
start verilib.
Qazaxda Xalq yazıçısı
İsmayıl Şıxlının adını
daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbinin
binası əsaslı təmir olunur. Məktəbdə təmir
işləri başa çatdıqdan sonra Xalq
yazıçısı İsmayıl Şıxlının
100 illik yubileyi ilə əlaqədar büstü qoyulacaq.
Yeni tədris ilində yeni məktəb
binaları istifadəyə veriləcək
Kürdəmir rayonunun Bağman, Öyləqulu
və Təklə kəndlərində məktəblər
üçün modul tipli yeni binalarda tikinti-quraşdırma
işləri başa çatdırılıb.
Hər 3 tədris ocağı Təhsil
Nazirliyindən ayrılan vəsait hesabına tikilib. Məktəblərin
hər biri 80 şagird yerlikdir. Bağman kəndində tam
orta, digər iki kənddə isə ümumi orta məktəblər
fəaliyyət göstərəcək. Hazırda təhsil
ocaqlarının həyətlərində abadlıq işləri
aparılır.
Qeyd edək ki, yeni dərs ilinə
hazırlıq çərçivəsində Kürdəmir
şəhər 1 nömrəli tam orta məktəbinin
binasında da əsaslı təmir işləri
aparılıb. Təmir işləri Təhsil Nazirliyinin
sifarişi ilə həyata keçirilib.
Biləsuvarda Nizami Gəncəvi adına şəhər
1 saylı tam orta məktəb yeni dərs ilinə tam hazır
vəziyyətə gətirilib. Tikinti işləri Prezident
İlham Əliyevin ötən ilin sentyabr ayında Biləsuvara
tarixi səfərindən sonra imzaladığı Sərəncama
əsasən həyata keçirilib.
13 min 400 kvadratmetr ərazidə salınan 4 mərtəbəli
tədris müəssisəsi 5 korpusdan ibarətdir. Məktəb
binasında 54 sinif otağı, 500 nəfərlik akt zalı,
laboratoriyalar, kitabxana, hərbi hazırlıq kabineti, informatika
və hesablama texnikası kabineti, 218 yerlik yeməkxana inşa
olunub. Tikinti işləri başa çatdıqdan sonra məktəb
ərazisində geniş yaşıllıq sahəsi
salınacaq.
Tikintidə iş
icraçısı Xalid Həsənov görülən
işlər barədə məlumat verərək bildirib ki,
köhnə bina tədris üçün yararsız
olduğundan, Prezident İlham Əliyev rayona səfərindən
sonra yeni binanın tikintisi ilə bağlı Sərəncam
imzalayıb və müvafiq vəsait ayrılıb.
Artıq binada son tamamlama işləri görülür.
Hazırda binanın daxilində suvaq işləri
aparılır, döşəmə vurulur, elektrik xətləri
çəkilir, qapılar quraşdırılır.
Yeni tədris ilində Ağcabədi rayonunda
1096 şagird yerlik iki məktəb binası istifadəyə
veriləcək. Salmanbəyli kənd tam orta məktəbi
üçün inşa edilən 432 şagird yerlik binada
tikinti işləri yekunlaşır. Məktəbdə
biologiya, fizika, kimya laboratoriyaları, informatika kabineti, sinif
otaqları, əmək təlimi, məktəbəhazırlıq,
linqafon və xidməti otaqlar, kitabxana, yeməkxana, bufet, akt və
idman zalları yaradılıb, istilik və müşahidə
sistemi qurulub. Məktəbin həyətində transformator
qoyulub, qazanxana, nasosxana, içməli və çirkab su
anbarları inşa edilib.
Qaradolaq kənd 1 nömrəli tam orta məktəbi
üçün inşa edilən bina isə 264 şagird
yerlikdir. Bu binada da tikinti işləri başa çatır.
İkimərtəbəli məktəbdə fizika, kimya
laboratoriyaları, sinif otaqları, akt və idman zalları,
informatika kabineti, tibb otağı, mətbəx, bufet yerləşir.
Məktəb binası istilik sistemi ilə təchiz edilib, həyətində
idman meydançası yaradılıb. Hazırda abadlıq
işləri aparılır, yaşıllıqlar
salınır.
Regionların kəndlərində çox sayda
modul tipli məktəb binaları quraşdırılıb
Son illərdə respublikamızda ənənəvi
məktəb binalarının inşası ilə
yanaşı, modul tipli məktəblərin
quraşdırılması da həyata keçirilir. Modul tipli məktəblərin
üstünlüyü onların azməsrəfli olması,
qısa müddət ərzində istənilən relyefdə
quraşdırılması, asan daşınması, sinif
otaqlarının sayının şagirdlərin sayına
uyğun rahatlıqla
azaldılıb-artırılmasıdır. Modul tipli məktəb
binalarının tikintisində əsasən yerli istehsal məhsullarında
istifadə edilir.
Tərtər rayonunun Kovdadıq və Zolgəran
kəndlərində quraşdırılan modul tipli binalar yeni
tədris ilində müəllim və şagirdlərin istifadəsinə
veriləcək. Məktəblərin
tikinti-quraşdırma işləri Prezident İlham
Əliyevin “Ağdam, Laçın, Füzuli və Tərtər
rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar
tədbirlər haqqında” 16 fevral 2018-ci il tarixli Sərəncamı
ilə ayrılan vəsait hesabına həyata keçirilib.
Kovdadıq kənd ibtidai məktəbi üçün
quraşdırılan bina 20, Zolgəran kənd ümumi orta məktəbi
üçün qurulan bina isə 56 şagird yerlikdir.
Qeyd edək ki, ötən il Tərtər
rayonunun Bayandur və Poladlı kəndlərində də
modul tipli məktəblər quraşdırılıb.
Balakən rayonunun Gərəkli kəndində
tam orta məktəb üçün Təhsil Nazirliyi tərəfindən
tezliklə 260 şagird yerlik yeni binanın tikintisinə
başlanılacaq. Məktəbin tikintisi məqsədilə
müvafiq torpaq sahəsi ayrılıb, layihə-smeta sənədləri
hazırlanır. Qəzalı vəziyyətdə olan köhnə
məktəb binasında artıq söküntü işlərinə
də başlanılıb. Bu barədə Balakən Rayon
İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, yeni bina inşa edilənədək
şagirdlər məktəbin əlavə tədris korpusunda dərs
keçəcəklər. Təhsil müəssisələrinin
maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə
son illər Balakən rayonunda da davamlı tədbirlər həyata
keçirilir. Belə ki, ötən dövrdə rayonda 32 yeni
məktəb binası tikilib istifadəyə verilib, 3 məktəb
əsaslı təmir olunub. Bundan əlavə, kəndlərdə
2 modul tipli məktəb binası da quraşdırılıb.
Bəzi məktəblərin tikintisinin ilin
sonuna qədər başa çatdırılması nəzərdə
tutulur
Salyanda Ərəbqardaşbəyli kənd tam
orta məktəbi üçün ikimərtəbəli yeni
bina inşa olunur. 180 şagird yerlik binanın tikintisinə bu
ilin iyun ayında başlanılıb. Qısa vaxt ərzində
binanın birinci mərtəbəsində hörgü işləri
başa çatıb, pəncərələr
quraşdırılıb. Hazırda ikinci mərtəbədə
işlər davam etdirilir. Yeni inşa olunan təhsil
ocağında tədrisin yüksək səviyyədə təşkili
üçün hər cür şərait yaradılacaq.
Binada sinif otaqları ilə yanaşı laboratoriya, tibb və
kompüter otaqları, yeməkxana, idman və akt zalları və
fənn kabinetləri olacaq. Təhsil ocağı müasir
istilik sistemi, yeni inventar və texniki vasitələrlə təchiz
ediləcək. Binanın tikintisinin bu ilin oktyabr ayının
sonunadək başa çatdırılması nəzərdə
tutulur.
Təhsil Nazirliyinin sifarişi ilə
Saatlıda Orta Muğan kənd tam orta məktəbi
üçün ikimərtəbəli yeni məktəb
binası inşa olunur. 432 şagird yerlik binanın tikintisinə
bu ilin əvvəlində başlanılıb. Artıq
binanın birinci mərtəbəsində hörgü işləri
başa çatıb. Hazırda ikinci mərtəbədə
işlər davam etdirilir. Müasir arxitektura üslubunda
inşa olunan təhsil ocağında tədrisin yüksək
səviyyədə təşkili üçün hər
cür şərait yaradılacaq. Binada 21 sinif otağı, 3
laboratoriya, hərbi, tibb və kompüter otaqları, idman və
akt zalları və fənn kabinetləri olacaq. Təhsil
ocağı müasir istilik sistemi, yeni inventar və texniki
vasitələrlə təchiz ediləcək. Binanın
tikintisinin bu ilin sonunadək başa
çatdırılması nəzərdə tutulur.
Ağdam rayonu Birinci Yüzbaşılı kənd
tam orta məktəbi üçün 132 şagird yerlik yeni
binanın inşası yekunlaşmaq üzrədir. Tikinti
işləri Prezident İlham Əliyevin “Ağdam rayonunun
Birinci Yüzbaşılı kəndində yeni ümumtəhsil
məktəbi binasının tikintisi haqqında” 2018-ci il 5
noyabr tarixli Sərəncamına əsasən aparılır.
Nadir AZƏRİ
Yeni Azərbaycan.-
2019.- 14 sentyabr.- S.7.