Regionlarda pambıq sahələrindən
bol məhsul toplanacağı gözlənilir
Bu il 104,9 min hektar sahədə pambıq əkini
aparılıb və ümumi məhsuldarlığın daha
yüksək olması proqnozlaşdırılır
Dinamik inkişafa malik olan Azərbaycanda həyata
keçirilən ardıcıl və məqsədyönlü
tədbirlər nəticəsində çoxsaylı nailiyyətlər
qazanılıb. Və bu nailiyyətlərdən, uğurlardan
kənd təsərrüfatı sahəsinə də pay
düşüb. Daha dəqiq desək, ölkəmizdə digər
sahələrdə olduğu kimi, aqrar sektorun inkişafı
istiqamətində də aparılan uğurlu siyasət səmərəli
nəticələr verməkdədir. Bu kontekstdə o da qeyd
edilməlidir ki, respublikamızda aqrar sektorda bir sıra gəlirli
sahələrin, o cümlədən
pambıqçılığın inkişaf etdirilməsi
diqqət mərkəzində saxlanılır.
Yeri gəlmişkən qeyd edək ki, ötən
il respublika üzrə 132,5 min hektarda pambıq becərilib.
Pambıq qəbulu məntəqələrinə ölkə
üzrə 232 min 231 ton məhsul təhvil verilib ki, bu da əvvəlki
ilə nisbətən 12,1 faiz çoxdur. Bu il isə respublikada
104,9 min hektar sahədə pambıq əkini aparılıb və
ümumi məhsuldarlığın daha yüksək olması
proqnozlaşdırılır. Kənd təsərrüfatı
naziri İnam Kərimovun qeyd etdiyi kimi, ötən il xam
pambığın alış qiymətinin hər ton
üçün 650 manat müəyyən edilməsi
pambıq istehsalını fermerlər üçün sərfəli
sahəyə çevirib. “Cari ildə taxıl və pambıq
istehsalındakı artımın yalnız məhsuldarlığın
yüksəldilməsi hesabına əldə olunması
qarşıda duran vacib hədəflərdəndir”, - deyə
İ.Kərimov vurğulayıb.
Xatırladaq ki, ölkəmizdə indiyədək
pambıqçılığın inkişafı ilə
bağlı aktual məsələlərin müzakirə
edildiyi bir neçə müşavirə keçirilib,
müvafiq Dövlət Proqramı qəbul edilib. Eyni zamanda,
pambıqçılıqla məşğul olan fermerlərə
dəstək tədbirləri gücləndirilib - onlara verilən
subsidiyalar, tədarük olunan məhsulun alış qiyməti
artırılıb. Bundan başqa, regionlarda pambıq əkib-becərən
fermerlərə dövlət tərəfindən gübrə
və texnika ilə təchizat sarıdan da hər cür
köməklik göstərilir.
Eyni zamanda, bu yaxınlarda Sabirabad
rayonunda kənd təsərrüfatı naziri İnam Kərimovun
sədrliyi ilə “Azərbaycan Respublikasında
pambıqçılıqda 2019-cu ildə qarşıda duran vəzifələr”
mövzusunda keçirilən respublika müşavirəsində
Kənd Təsərrüfatı Nazirliyi Aparatının
nümayəndələri, “Meliorasiya və
Su Təsərrüfatı” ASC-nin rəhbər heyəti, rayon
İcra Hakimiyyəti strukturunun məsul şəxsləri,
nazirliyin tabeli qurumlarının, Dövlət Aqrar
İnkişaf Mərkəzlərinin rəhbərləri,
pambıqçılıqla məşğul olan 100-dən
çox fermer, eləcə də pambıq emalı müəssisələrinin
nümayəndələri iştirak ediblər. Müşavirədə
Sabirabad rayon İcra Hakimiyyətinin başçısı
Siraqəddin Cabbarov Prezident İlham Əliyevin
tapşırığına əsasən Azərbaycanda
pambıqçılığın inkişafı istiqamətində
kompleks tədbirlərin həyata keçirildiyini deyib. Sabirabadın kənd təsərrüfatı istehsalı,
o cümlədən pambıqçılıq sahəsində
böyük potensiala və ənənəyə malik
olduğunu vurğulayan S.Cabbarov aqrar sahədə mövcud vəziyyət,
əldə edilmiş nailiyyətlər barədə məlumat
verib.
Kənd təsərrüfatı naziri İ.Kərimov
Prezident İlham Əliyev tərəfindən aqrar sahənin
inkişafının prioritet istiqamət kimi elan edildiyini deyib.
Bildirib ki, həyata keçirilən tədbirlər nəticəsində
aqrar sahədə inkişaf tempi davam edir: “Azərbaycan
Prezidenti tərəfindən həyata keçirilən aqrar
islahatlar kənd təsərrüfatının daha da
inkişafını nəzərdə tutur və bu məqsədlə
dövlət tərəfindən çox böyük dəstək
tədbirləri həyata keçirilir.
Taxılçılıq, toxumçuluq, heyvandarlıq,
arıçılıq, şəkər çuğunduru və
pambıqçılığın inkişafı
üçün subsidiya verilir. O cümlədən aqrar sahədə
texnika təminatı ilə bağlı dövlət tərəfindən
güzəştlər tətbiq edilir. Təsadüfi deyil ki,
həyata keçirilən tədbirlər nəticəsində
son bir neçə ildə aqrar sektorda daim inkişaf tempi
müşahidə olunur. Məhz həyata keçirilən tədbirlər
nəticəsində 2018-ci ildə kənd təsərrüfatı
məhsullarının ümumi istehsal həcmi əvvəlki
illə müqayisədə 4,6 faiz, bu ilin 6 ayında isə təxminən
13 faiz artıb”.
Azərbaycanda
pambıqçılığın zəngin tarixi ənənəyə
və böyük potensiala malik olduğunu bildirən nazir
pambıqçılığın inkişaf etdirilməsi ilə
bağlı Prezident İlham Əliyevin qəbul etdiyi qərarların,
verdiyi tapşırıq və tövsiyələrin ölkəmizdə
bu sahənin sürətli inkişafı
üçün qısa müddətdə əlverişli
şərait yaratdığını diqqətə
çatdırıb. Nazir
çıxışında Azərbaycanda
pambıqçılığın inkişafı istiqamətində
görülən kompleks tədbirlərə toxunub,
pambıqçılıq sahəsində istehsal olunmuş məhsula
görə subsidiya siyasətinin tətbiqindən
danışıb, dövlətin dəstəyi ilə fermerlərin
gübrə, maşın və texnika ilə təminatı
sahəsində irimiqyaslı tədbirlər
görüldüyünü deyib. İ.Kərimov
həmçinin pambıqçılığın
inkişafı, hədəflər və perspektivlər, eləcə
də kənd təsərrüfatının inkişafı
istiqamətində görülən işlər,
qarşıda duran vəzifələr barədə fermerləri
məlumatlandırıb.
Qeyd edək ki, pambıqçılıqda məhsuldarlığın
artırılması üçün müxtəlif tədbirlər
həyata keçirilir. Bu günlərdə də Bitki
Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat
İnstitutunun Ucarda yerləşən Şirvan Təcrübə
Stansiyasında Çin texnologiyası əsasında becərilən
pambığın bioloji məhsuldarlığının təyin
olunması üzrə sahə nümayişi keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan
Dövlət Aqrar Universitetinin əməkdaşlarının,
Bitki Mühafizə və Texniki Bitkilər İnstitutunun alimlərinin,
fermerlərin və tədarük şirkətlərinin
nümayəndələrinin iştirak etdiyi nümayişdə
üç işçi qrupu yaradılıb.
Kənd Təsərrüfatı
Nazirliyinin İctimaiyyətlə əlaqələr və
informasiya təminatı şöbəsindən bildiriblər
ki, işçi qrupu tərəfindən hektara düşən
bitki sayı, hər bitkiyə düşən qoza sayı, lif
və çiyid çıxımı dəqiqliklə
hesablanaraq təhlil olunub, elmi nəticələr yerində
aktlaşdırılıb.
Nazirliyin Təhsil və təlim şöbəsinin
müdiri İmran Cümşüdov və Bitkiçiliyin təşkili
və monitorinqi şöbəsinin müdiri Rəfail Quliyev
yeni texnologiya üzərində aparılmış elmi nəticələri
açıqlayıblar. Bildirilib ki, üç saat aparılan
tədqiqat nəticəsində məhsuldarlığın 90
sentnerdən, hər qozadan lif çıxımının isə
40 faizdən yüksək olduğu müəyyən olunub.
Mütəxəssislər qeyd
ediblər ki, pambıqçılığın
qarşısında duran əsas hədəf hektara düşən
məhsuldarlığın daha da yüksəldilməsi, fermer
və tədarükçü şirkətlərin
marağında olan lif çıxımının göstəricilərini
yaxşılaşdırmaqdır. Bu məqsədlə
hazırda Tərtər rayonunda yunan, Beyləqan rayonunda isə
türk texnologiyası əsasında pambıq əkini
aparılaraq yeni əkin-becərmə metodları öyrənilir.
Gələcəkdə hər üç təcrübə
birləşdirilərək innovativ əkin sxemləri tətbiq
ediləcək.
Bu məqamda qeyd edək ki,
artıq bir necə gündür pambıqçılıq
rayonlarında əl ilə pambıq yığımına
başlanılıb və yaxın günlərdən etibarən
kombaynlar vasitəsi ilə kütləvi yığım prosesinə
start veriləcək. “Aqrolizinq” ASC-nin İdarə Heyətinin
sədri Elmin Rəhmanov keçirdiyi mətbuat konfransında
bildirib ki, hazırda Cəmiyyətin rayon bölmələrinin
istifadəsində olan pambıqyığan kombaynlar
yığıma hazırlanır. Belə ki, növbəti həftədən
etibarən “Aqrolizinq” ASC-nin rayon bölmələrinin istifadəsində
olan müasir tipli 123 kombayn vasitəsi ilə yığım
həyata keçiriləcək. Eyni zamanda,
pambıqçılıq sahəsində fəaliyyət
göstərən iri şirkətlər tərəfindən
də 288 pambıqyığan kombayn yığıma cəlb
olunacaq: “Hesab edirik ki, hazırda istifadədə olan 411 kombayn
vasitəsi ilə 100 min hektardan çox olan pambıq sahəsində
yığımın təşkil olunmasında heç bir
çətinlik yaşanmayacaq. Qeyd edim ki, cari ildə Azərbaycanda
21 rayonda 100 min hektardan çox sahədə pambıq əkini
həyata keçirilib. Bunun 96 min 241 hektarı hüquqi şəxslərə,
3 min 871 hektarı fiziki şəxslərə məxsusdur”.
Ekspert Cəfər İbrahimli isə
açıqlamasında bu sahənin ixracda, eləcə də
qeyri-neft sektorunun inkişafında oynadığı önəmli
roldan danışıb. Onun sözlərinə
görə, cari ildə pambıq sahələrinin
azalmasına baxmayaraq, bu il məhsuldarlığın
artırılması hesabına ən az 2018-ci ildəki qədər
məhsul tədarük edilməsi gözlənilir: “Əslində,
əkin ərazilərinin artırılması ilə deyil, məhsuldarlığın
yüksəldilməsi hesabına istehsal həcmini
artırmaq iqtisadi cəhətdən daha səmərəlidir.
Son illərdə məhsuldarlığa paralel olaraq ümumi
istehsal həcminin artması fonunda mahlıc və pambıq
ipliyinin ixracında artım müşahidə edilib. Belə
ki, 2019-cu ilin ilk 7 ayı ərzində ixrac məhsulları
arasında təxminən 100 milyon ABŞ dolları həcmində
pambıq mahlıcı və iplik ixrac olunub. Bu
isə ötən ilin eyni dövrü ilə müqayisədə
75 faiz artım deməkdir. Ümumilikdə, pambıq və
iplik qeyri-neft məhsulları arasında ixrac həcminə
görə 3-cü sırada qərarlaşıb və bu qrup
malların ümumi ixracının təxminən 10 faizini təşkil
edir. Ən böyük ixracatçı
şirkətlərin sıralanmasına nəzər salsaq,
pambıq tədarükü ilə məşğul olan əksər
şirkətlərin adı ilk onluğa daxil olub. Ən
böyük ticarət tərəfdaşlarımız olan
Türkiyə və Rusiyanın pambıq mahlıcına tələbini
nəzərə alsaq, ölkəmiz daha böyük həcmdə
ixrac potensialına malikdir”.
Ekspert qeyd edib ki,
pambıqçılığın inkişafı
yüngül sənaye müəssisələrinin fəaliyyətinin
bərpasına və yenilərinin yaradılmasına səbəb
olacaq. Nəticədə isə daxili bazarın bu mallara olan təlabatı
yerli istehsal hesabına qarşılanacaq, idxal azalacaq.
Qeyd etdiyimiz kimi, pambıqçılığa
dövlət tərəfindən göstərilən diqqət
və qayğı fermerlərin bu sahəyə
marağını daha da artırıb. Belə rayonlardan biri də
Salyandır. Əkin sahəsinə göstərilən
düzgün aqrotexniki qulluq nəticəsində Salyanda bu il
bol məhsul gözlənilir. Keçən il 7055 hektar sahədə
pambıq əkilmiş, 10343 ton məhsul
götürülmüşdü. Hazırda
pambıqçılıq rayonun aqrar sektorunun prioritet sahələrindən
birinə çevrilib.
Bir neçə gündür ki, Salyanda
pambıq yığımına başlanılıb. Qısa
müddətdə sahələrdən 111,6 ton məhsul
toplanaraq tədarük məntəqələrinə göndərilib.
Kollarda qozalar tam açılmadığından
yığım hələlik əl ilə aparılır.
Gün ərzində sahələrdən 30-35 ton “ağ
qızıl” yığılır.
(davamı növbəti sayımızda)
Nardar BAYRAMLI
Yeni Azərbaycan.- 2019.- 17 sentyabr.- S.7.