Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatının
açılış mərasimi
keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində
iştirak ediblər
Sentyabrın 16-da Bakıda, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının təntənəli
açılış mərasimi
keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan
Respublikasının Prezidenti,
Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, Azərbaycan Gimnastika Federasiyasının prezidenti
Mehriban Əliyeva və ailə üzvləri açılış
mərasiminə baxıblar.
Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti
İrina Viner-Usmanova da açılış mərasimində olub.
Mərasimdə əvvəlcə iştirakçı
ölkələrin dövlət
bayraqları təqdim
edilib.
Açılış mərasimində çıxış
edən Azərbaycanın
Gənclər və İdman naziri Azad Rəhimov deyib: “Hörmətli Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev.
Hörmətli Azərbaycan Gimnastika Federasiyasının prezidenti
xanım Mehriban Əliyeva.
Hörmətli Beynəlxalq Gimnastika Federasiyasının prezidenti
cənab Morinari Vatanabe.
Beynəlxalq aləmdə idman tədbirlərinin yüksək
səviyyəli təşkilatçısı
kimi tanınan Azərbaycanda bu gün daha bir
nüfuzlu idman yarışı keçirilir.
On dörd ildən sonra Azərbaycan bədii gimnastika üzrə 37-ci dünya çempionatına
ev sahibliyi edir.
2014-cü ildə istifadəyə verilən
bu möhtəşəm
arena dövlətimizin
başçısı İlham
Əliyevin ümumilikdə
idmana göstərdiyi
diqqət və qayğının bariz nümunəsidir.
Gimnastika növləri
üzrə Bakıda dünya kubokları, Avropa və dünya çempionatları
yüksək səviyyədə
keçirilir. Azərbaycan
Gimnastika Federasiyası
ardıcıl olaraq iki il dünyanın
ən yaxşı federasiyası adına layiq görülüb. Təsadüfi deyil ki, Beynəlxalq Gimnastika Federasiyası bu mötəbər yarışın təşkilini
məhz ölkəmizə
həvalə edib.
Müasir Azərbaycan
gimnastikasında olan bugünkü nailiyyətlər
ölkəmizin Birinci
vitse-prezidenti, Azərbaycan
Gimnastika Federasiyasının
prezidenti Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Mehriban
xanımın rəhbərlik
etdiyi yerli təşkilat komitəsinin
hər bir üzvünə, yerli və xarici könüllülərə minnətdarlığımızı
bildiririk.
Sözsüz ki, yarışın Tokio Olimpiya Oyunlarına təsnifat xarakteri daşıması,
61 ölkənin 300-dən çox
idmançısının mükafatlar uğrunda mübarizə aparması dünya çempionatının
gərgin mübarizə
şəraitində keçəcəyinə,
maraqlı və unudulmaz olacağına əminlik yaradır. İdmançılara isə
yaranmış bu imkandan bəhrələnərək
layiqli mübarizə aparmağı və qələbə qazanmalarını
arzu edirəm.
Diqqətinizə görə çox sağ olun”.
* * *
Beynəlxalq Gimnastika Federasiyasının
prezidenti Morinari Vatanabe çıxış
edərək deyib: “Beynəlxalq Gimnastika Federasiyasının prezidenti
olaraq sizi burada - Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatında salamlamaqdan
məmnunluq duyuram. Bu gündən etibarən yeddi gün ərzində dünyanın müxtəlif
ölkələrindən olan
bədii gimnastlar “Tokio 2020” Olimpiya Oyunlarına lisenziya qazanmaq uğrunda mübarizə aparacaqlar. Onlar həm də gözəllik üçün yarışacaqlar.
Mən inanıram ki, bu, tamaşaçılar
üçün gözəl
musiqi və əsrarəngiz bədii gimnastika çıxışlarının
harmoniyasından həzz
almaq üçün
böyük bir imkandır.
Azərbaycan Gimnastika Federasiyasına,
xüsusilə də federasiyanın prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Gənclər
və İdman naziri Azad Rəhimova,
tədbirin bədii gimnastika üzrə səfiri Yana Batırşinaya, könüllülərə
və çempionatı
bu cür gözəl səviyyədə
təşkil etməkdə əməyi olan hər kəsə
təşəkkürümü bildirirəm.
Əziz gimnastlar,
əminəm ki, siz bədii gimnastikanın gözəlliyini
və mükəmməlliyini
dünyaya nümayiş
etdirəcəksiniz”.
* * *
Mərasimdə Beynəlxalq Gimnastika Federasiyasının sentyabrın
13-də vəfat edən,
iyirmi il bu quruma rəhbərlik
etmiş sabiq prezidenti Bruno Qrandinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Azad
Rəhimov, Morinari Vatanabe və dünya çempionatının
səfiri, bir neçə dəfə dünya çempionu, Olimpiya Oyunlarının mükafatçısı, rusiyalı
gimnast Yana Batırşina çempionatı
açıq elan ediblər.
Tanınmış müğənni və bəstəkar, Əməkdar
artist Tünzalə Ağayeva Azərbaycanın
dövlət himnini akapella üslubunda ifa edib.
Daha sonra
hakimlərin, gimnastların
və məşqçilərin
adından and içilib. Misir Gimnastika Federasiyasının
nümayəndəsi Sarah
Qhoneim hakimlər, azərbaycanlı gimnast Zöhrə Ağamirova atletlər, Meksika yığma komandasının
məşqçisi Karalina
Rangel isə məşqçilər adından
təntənəli şəkildə
and içiblər. Bu andlar bütün
iştirakçılara və
tamaşaçılara sağlam
rəqabət, ədalətli
hakimlik və idmanda ədalət prinsip və ideallarına riayət edilməsinin ən yüksək prioritetə sahib olduğunu bir daha xatırladıb.
Dünya çempionatının
ulduz səfiri, Azərbaycanın sevilən
müğənnisi, Əməkdar
artist Miri Yusif məhz bu yarış üçün xüsusi
yazılmış “Birinci
ol” mahnısını
ifa edib.
Mərasimdə Şərq motivləri əsasında səhnələşdirilmiş
“Şərq nağılı”
şousu təqdim olunub. Şouda gimnastikanın müxtəlif
növləri üzrə
200-ə yaxın gimnast
və onların məşqçiləri iştirak
ediblər. Bu şouda səhnəyə
çıxan ən kiçik gimnastın doqquz yaşı var.
Şoudan sonra
məşhur müğənni,
Xalq artisti, hit mahnıların ifaçısı Emin Ağalarov sevilən mahnıları ilə tamaşaçıların qəlbini
fəth edib.
Beləliklə, Azərbaycan daha bir unudulmaz açılış
mərasimi ilə adını dünya gimnastika yarışlarının
tarixinə yazıb.
Qeyd edək
ki, “Tokio 2020” Yay Olimpiya Oyunlarına
lisenziya xarakteri daşıyan çempionatda
61 ölkədən 300 gimnast
9 dəst medal uğrunda mübarizə aparır.
“Nağıllar gerçəkləşəcək” devizi ilə təşkil olunan dünya çempionatına
Azərbaycan 9 gimnastla
qatılıb. Fərdi
proqram üzrə yarışlarda Zöhrə
Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm
Səfərova güclərini
sınayacaqlar. Qrup hərəkətlərində isə
komandamızın heyətində
Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina
yer alıblar.
Sentyabrın 22-dək davam edəcək çempionatda fərdi proqramda çoxnövçülük
üzrə ilk
16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2
gimnast olmaqla) Tokio Olimpiadasına lisenziya əldə edəcəklər. Qrup hərəkətləri
komandalarına gəldikdə
isə, ötən ilin dünya çempionatının nəticələrinə
əsasən, Bolqarıstan,
Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.
Yeni Azərbaycan.- 2019.- 17 sentyabr.-
S.3