Nuru paşa - Azərbaycan xalqının
qəlbini fəth edən müzəffər
komandan
101 il öncə bu gün - sentyabrın 15-də
Bakı işğaldan
qurtuldu. 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik
etdiyi Qafqaz İslam Ordusu yenicə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin milli ordu hissələri ilə birlikdə Bakıya daxil oldu, minlərlə şəhidin qanı bahasına şəhəri
erməni-bolşevik işğalçılarından azad etdi, Azərbaycanımızın
paytaxta çevirilməsində
misilsiz tarixi rol oynadı.
AZƏRTAC xəbər verir ki, bu
fikirlər Azərbaycan
Respublikası Prezidentinin
İctimai-siyasi məsələlər
üzrə köməkçisi
Əli Həsənovun
Facebook sosial şəbəkəsində paylaşdığı
statusda yer alıb.
Əli Həsənov
yazır: “O dövrdə
milli müstəqilliyimiz
yenicə elan olunmuşdu. Dövlət institutları hələ
formalaşmağa macal
tapmamış məmləkətimiz
və onun sərvətləri uğrunda
gedən geopolitik savaşda, qanlı maraqlar toqquşmasında Bakısız qalmış
Azərbaycan, Xalq Cümhuriyyətinin qurucuları
tərəfindən haqlı
olaraq başsız bədənə bənzədilirdi.
Azərbaycan fiziki bütövlüyünə - öz
başına qan və inanc qardaşları
ilə çiyin-çiyinə
verərək, Bakıdakı
özbaşınalıqlara, hərc-mərcliyə, talan
və repressiyalara son qoyaraq qovuşdu.
Baş şəhər
də daxil olmaqla, ölkəmizin dörd bir yanı
zəfər təntənəsinə
büründü. Nuru
paşanın rəhbərliyi
ilə Qafqaz İslam Ordusunun Bakıya daxil olması müqəddəs
Qurban bayramı günlərinə təsadüf
edirdi. Bu səbəbdən də təkcə Bakıda və bölgələrimizdə deyil,
qalibiyyətin sorağını
alan bütün türk-islam dünyasında
bayram-bayrama qarışmışdı.
Bakıda türk ordusunun adına qurbanlar kəsilmiş, şəninə ziyafətlər
verilmiş, məşhur
milyonçu, öz xeyriyyəçiliyi ilə
xalqımızın yaddaşına
əbədi həkk olunmuş Hacı Zeynalabdin Tağıyev indiki Dövlət Filarmoniyasının binasında
təmtəraqlı süfrə
açaraq Nuru paşanı əhali adından salamlamış,
ona yüksək ehtiram göstərmişdi.
Nuru paşanın
xatirəsi, Qafqaz İslam Ordusunun rəşadəti ötən
əsrin sonlarında öz müstəqilliyini yenidən qazanmış Azərbaycanda həm cəmiyyət, həm də dövlət səviyyəsində xüsusi
ehtiramla yad edilir. Bu ehtiramın
ən bariz təcəssümü Şəhidlər
xiyabanında Qafqaz İslam Ordusuna ucaldılan abidədir. Bu abidə böyük Heydər Əliyevin “bir millət, iki dövlət” fəlsəfəsinin həm
yaxın tariximizdəki
əsaslarını, həm
də gələcək
hədəflərinin gerçəkləşməsi
baxımından son dərəcə ciddi əhəmiyyət daşıyan
fədakarlıq tələbini simvolizə edən bir əsərdir.
Bu abidənin layihəsi
1918-ci ildə hazırlanmış,
ADR parlamentinin 15 sentyabr
1919-cu ildə Bakının
azad olunmasının
1 ili münasibətilə
keçirilən xüsusi
iclasından sonra hökumət üzvləri,
millət vəkilləri
Çəmbərəkənd qəbiristanlığına gedərək
türk əsgərinin
heykəlinin qoyulması üçün
özül inşa etmişdilər. Lakin 28 aprel ilhaqı bu abidənin ucaldılmasına imkan vermədi. Müstəqilliyin
bərpasından sonra
Azərbaycan və Türkiyə hökumətlərinin
razılaşmasına əsasən
həmin layihə davam etdirildi. Abidənin yeni təməli 1999-cu ildə
qoyuldu, bir il sonra isə
Azərbaycan Prezidenti Heydər Əliyevin və Türkiyə Prezidenti Süleyman Dəmirəlin iştirakı
ilə açılış
mərasimi keçirildi.
Bildiyiniz kimi, ötən il Qafqaz İslam Ordusunun Bakını azad etməsinin 100 illiyi ilə bağlı bir çox rəsmi, elmi və mədəni
tədbirlər təşkil
olundu. Azərbaycan Prezidenti cənab
İlham Əliyevin və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirak
və qəbul etdikləri əzəmətli
hərbi paradda xalqlarımız və dövlətlərimiz arasındakı
bağların qırılmazlığı,
zamanın qardaşlıq
duyğularımızı daha
da gücləndirdiyi,
torpaqlarımızın işğaldan
azad edilməsi üçün yenə də birgə iradə ortaya qoymağımız bütün
dünyaya nümayiş
olundu.
Bəli, 1918-ci ilin sentyabr ayının
15-də Bakının azad
edilməsi ilə kulminasiya nöqtəsinə
çatan Osmanlı ordusunun Qafqaz hərəkatı dünən
də, bu gün də, gələcək üçün
də tayı-bərabəri
olmayan tarixi örnəkdir. Onunla örnəkdir ki, Qafqaz İslam Ordusu qurularkən məqsəd nə Osmanlı dövlətinin
torpaqlarını müdafiə
etmək, nə də yeni ərazilər
zəbt etmək olmuşdu. Bu, sözün əsl
mənasında, qardaşın-qardaşa
haraya gəlməsi, heç bir maddi və siyasi
mənfəət güdmədən
onu zamanın qəddar sərvət ovçularının, uşaqlara,
qadınlara, qocalara rəhmi gəlməyən
amansız qatillərin
caynağından xilas
etmək məramı idi. Buna rəğmən, hərəkatın
uğurla başa çatacağı və
davamlı olacağı
halda, həm qocaman, həm də gənc qardaş elə əlverişli mövqe sahibinə çevriləcəkdi
ki, XX əsrin tarixi də, coğrafiyası da yaşadığımızdan tamam
fərqli şəkil
alacaqdı.
Qafqaz İslam
Ordusu Birinci Dünya müharibəsinin
sonlarına doğru qurulmuşdu. Ordunun qurulması prosesinin başlanğıcında 12 maddəlik
bir təlimatnamə tərtib edilmiş, birliyə komandan təyin olunan Nuru paşa Killigilə bu sənəd üzrə Osmanlı dövlətinin
Qafqazdakı baş təmsilçisi vəzifəsi
həvalə olunmuşdu.
Osmanlı hakimiyyətinin
son dərəcə konspirativ, hətta öz müttəfiqlərindən
də gizli şəkildə yaratdığı
bu hərbi birləşməyə “islam”
adının verilməsi
tərkibinin tamamilə
müsəlmanlardan ibarət
olması ilə bağlı idi. Sıravi əsgərlərindən tutmuş
əsas komandirlərinə
qədər bütün
şəxsi heyətində
bircə nəfər də olsun qeyri-müsəlman
olmayan ordunun tək vəzifəsi vardı - Qafqaz müsəlmanlarına, Azərbaycan
türklərinə hərbi
yardım göstərmək,
xalqımızın və
torpaqlarımızın
üzləşdiyi təcavüzləri
dəf etmək!
Nuru paşanın
başçılıq etdiyi
ordu mayın 16-da Naxçıvana, 25-də isə
Gəncəyə daxil
oldu. Üç gün sonra Tiflisdə Azərbaycanın
İstiqlal Bəyannaməsi
qəbul edildi və İslam aləmindəki ilk demokratik respublikanın paytaxtı Gəncə oldu. ADR hökumətinin üzləşdiyi çox
sayda dərin problemlər vardı. İlk növbədə, ölkənin ərazi bütövlüyünün təmin
olunması labüd idi. Bunun üçün
formatını tez-tez
dəyişən, mahiyyət
olaraq isə erməni daşnak zehniyyətinə xidmət
edən inqilabçı
dəstələrin hökmranlığına
son qoymaq lazım idi. Bu zərurətə əsaslanaraq
4 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı dövləti arasında Batum anlaşması imzalanmışdı.
Müqavilənin dördüncü
maddəsində nəzərdə
tutulurdu ki, Azərbaycan Xalq Cümhuriyyətinin istəyi
ilə daxili asayişin təmin olunması üçün
Osmanlı hökuməti
ölkəmizə hərbi
yardım göstərməyi
öz üzərinə
götürür. Bu sənəd Qafqaz İslam Ordusunun Bakıya yürüşü
üçün hüquqi
əsas oldu. Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin əsgərləri
ilə birlikdə Nuru paşanın başçılığı altında Göyçayda,
Salyanda və digər ərazilərimizdə
qarşısına çıxan
düşmən qüvvələri
darmadağın edərək
qısa müddətdə
Bakıya yaxınlaşdı,
1918-ci ilin avqustun
1-dən etibarən burada
hakimiyyəti ələ
keçirmiş daşnak
və menşeviklər
tərəfindən qurulan
Sentrokaspi diktaturasına
ultimatum verdi. Ultimatum yerinə yetirilmədiyindən
14 sentyabr gecəsi Nuru paşanın əmri ilə hücum təşkil edildi və ertəsi gün saat 15 radələrində
qələbə fişəngi
atıldı. Beləliklə,
Nuru paşa tarixə adını Birinci Dünya müharibəsində Osmanlının
qazandığı üç
zəfərdən (Çanaqqala
və Kütül Amarə zəfərləri ilə
yanaşı) birinin sərkərdəsi, eyni zamanda, xalqımızın
qəlbini fəth edən milli məfkurə sahibi kimi yazdırdı”.
Yeni
Azərbaycan.- 2019.- 17 sentyabr.- S.6.