Hikmət Hacıyev:
Bu gün Azərbaycan beynəlxalq enerji bazarında etibarlı tərəfdaş
kimi tanınır
25 il əvvəl Ulu Öndər Heydər Əliyevin müəyyən
etdiyi neft strategiyası əsasında
Azərbaycan üçün
çox çətin
bir geosiyasi dövrdə, ölkəmizin
üzləşdiyi təhlükələrin
və risklərin fonunda beynəlxalq aparıcı şirkətlərlə
“Əsrin müqaviləsi”
imzalandı. Azərbaycan
uğurlu enerji strategiyasının, enerji
diplomatiyasının əsasını
qoydu. Bu gün Azərbaycan beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi tanınır.
AZƏRTAC xəbər verir ki, bu
sözləri Azərbaycan
Respublikası Prezidenti
Administrasiyasının xarici
siyasət məsələləri
şöbəsinin müdiri
Hikmət Hacıyev jurnalistlərə müsahibəsində
deyib.
H.Hacıyev bildirib ki, Azərbaycanın neft istehsalçısı ölkəsi
olmasına baxmayaraq, uzun illər neft bir çox
hallarda Azərbaycan xalqının bilavasitə
mənafeyinə xidmət
etməyib: “Əsrin müqaviləsi”nin imzalanması
ilə yeni bir neft erası
başladı ki, bunun da nəticə
etibarilə mənfəətini
bilavasitə Azərbaycan
Respublikası, Azərbaycan xalqı
gördü. Azərbaycanın
həyata keçirdiyi
uğurlu enerji strategiyası ölkəmizin
müstəqilliyinin, çiçəklənməsinin,
iqtisadi inkişafının
təməli olmaqla bərabər, beynəlxalq
müstəvidə də,
regional müstəvidə
də enerji təhlükəsizliyinə ciddi
şəkildə töhfə
verən bir amil olmuşdu. Azərbaycanın enerji strategiyasının vacib təməl prinsiplərindən
biri də onun şəffaf və uğurlu şəkildə idarə
olunması mexanizmidir.
Bu gün Azərbaycanın enerji strategiyasının növbəti
vacib bir təməl nöqtəsi
vardır. Bu gün Azərbaycan artıq qaz ixrac edən ölkədir. TANAP və TAP layihələri artıq özünün icrasının son mərhələlərinə qədəm
qoymaqdadır və biz də ümid
edirik ki, tərəfdaşlarımızla birlikdə bu layihənin də tezliklə məntiqi sonuna çatdırılmasına
nail olacağıq və Azərbaycan özünün qaz resursları ilə Avropanın enerji təhlükəsizliyinə öz
töhfəsini verəcək.
Yeni Azərbaycan.-
2019.- 18 sentyabr.-S.5