“Yaxşılıq unudulmur” layihəsinin yekununa həsr edilmiş konfrans keçirilib
Sentyabrın 17-də Bakıda Mənəvi Dəyərlərin
Təbliği Fondunun təşkilatçılığı ilə cəmiyyətdə
yaxşılığın, xeyriyyəçilik işlərinin
yaşadılması və
təşviqi məqsədilə
elan edilmiş “Yaxşılıq unudulmur”
adlı layihənin yekununa həsr edilmiş konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə
Mənəvi Dəyərlərin
Təbliği Fondunun sifarişi ilə hazırlanmış “Xeyriyyəçilik
ənənələrimiz” adlı
videoçarx nümayiş
olunub.
Tədbiri açan
Fondun icraçı direktoru Mehman İsmayılov bildirib ki, Azərbaycan xalqı hər zaman yüksək dəyərləri və mənəvi keyfiyyətləri
ilə seçilib. Yaxşılıq bu keyfiyyətlərdən biri
olmaqla yanaşı, insanlararası münasibətlərin
təməlində dayanan
prinsiplərdəndir. Keçmişdə
olduğu kimi, bu gün də
belə dəyərlərin
yaşadılması və
gələcək nəsillərə
çatdırılması öz aktuallığını
qoruyub saxlayır. M.İsmayılov “Yaxşılıq unudulmur” layihəsinin keçirilməsinin məqsədi
barədə danışarkən
vurğulayıb ki, layihənin əsas məqsədi yardımlaşma
və xeyriyyəçilik
ənənələrinin gənclər
arasında geniş təbliği, bu dəyərləri yaşadan
insanların tanıdılmasıdır. Yaxşılıq əməlləri ilə seçilən insanları
bir araya toplamaq, eyni zamanda, belə addımların arealının
genişləndirilməsi üçün
Mənəvi Dəyərlərin
Təbliği Fondu tərəfindən bu qəbildən olan layihələr növbəti
illərdə də həyata keçiriləcək.
Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin
icraçı direktoru
Rəvan Həsənov
qeyd edib ki, “Yaxşılıq unudulmur” layihəsi yeniliyi və mahiyyəti ilə bir çox layihələrdən seçilir.
Layihənin şərtlərinə görə, insanlar şahidi olduqları və ya onlara
edilən yaxşılıqları,
həmçinin bu yaxşılığın müəllifini
Mənəvi Dəyərlərin
Təbliği Fonduna bildirməklə xeyirsevər
insanların tanıdılmasında
iştirak edirlər.
Nəticədə həm
xeyirxah insanlar, həm də onların gördükləri
yaxşı işlər
cəmiyyətdə təbliğ
olunur. R.Həsənov
belə bir layihədə komissiya üzvü kimi iştirak etməkdən məmnunluğunu ifadə
edib, dəvətə
görə Mənəvi
Dəyərlərin Təbliği
Fonduna təşəkkür
edib və layihənin işinə uğurlar arzulayıb.
Tarix üzrə fəlsəfə
doktoru Nigar Gözəlova vurğulayıb
ki, xeyirxahlıq və mərhəmət bəşər övladını
daxilən saflaşdıran,
başqalarının gözündə
ucaldan, insanlığın
ali zirvəsinə yüksəldən fenomen dəyərlərdən sayılır.
Başqalarına təmənnasız
yaxşılıq etməkdən
mənəvi rahatlıq
tapan insanlar isə, sözün əsl mənasında, seçilmiş nəcib insanlardır. Hər bir cəmiyyətdə ədalət, insanpərvərlik,
mənəvi saflıq
kimi ülvi dəyərlər məhz
belə kamil şəxsiyyətlərin saf
düşüncə və
pak əməllərində
gerçəyə çevrilir.
Bakı İslam Universitetinin
Dinşünaslıq fakültəsinin
İctimai fənlər
kafedrasının müdiri
Elvin Talışinski bildirib ki, dinimiz
insanlara həmişə
bir-birinə qarşı
diqqət və sayğı ilə davranmağı, bir kəsin çətinliklərini
həll etmək üçün bütün
cəmiyyətin səfərbər
olmasını, insanlararası
münasibətlərdə
xeyirxahlıq, dözümlülük
və məhəbbət
kimi ülvi hisslərin təbliğ və təşviq edilməsini tövsiyə
edir.
Sonda Mənəvi
Dəyərlərin Təbliği
Fondu tərəfindən
elan olunmuş “Yaxşılıq unudulmur”
layihəsi çərçivəsində
mükafatlandırılma olub.
Yeni Azərbaycan.-
2019.- 18 sentyabr.- S.5