Azərbaycanın bölgələrində yol infrastrukturunun yenilənməsi ilə bağlı mühüm layihələr reallaşdırılır

 

Regionlarda bu istiqamətdə həyata keçirilən kompleks tədbirlər davamlı xarakter daşıyır

Cənubi Qafqaz regionunun lider ölkəsi olan Azərbaycanın özünəməxsus - spesifik və mütərəqqi inkişaf modelinin səciyyəvi xüsusiyyətlərindən biri bütün sahələrin paralel tərəqqisinin təmin edilməsidir. Ölkəmizdə digər sahələrlə yanaşı, infrastruktur quruculuğu istiqamətində də ardıcıl və məqsədyönlü, kompleks xarakterli tədbirlər həyata keçirilir. Yeri gəlmişkən, bir müddət öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədəki çıxışında dövlətimizin başçısı infrastruktur quruculuğunun ölkəmiz üçün prioritet sahə olduğunu bir daha diqqətə çatdıraraq vurğulayıb: “Bu ilin əvvəlində regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramı qəbul edilib. Bu, çox genişmiqyaslı proqramdır. Baxmayaraq ki, son illərdə infrastruktur layihələri ilə bağlı bir çox işlər görülmüşdür, bu günə qədər həllini tapmayan məsələlər də bu proqramın icrası nəticəsində öz həllini tapacaq. Bildiyiniz kimi, bu sahə bizim üçün prioritet sahədir. Həm elektrik enerjisi ilə təchizat, qazlaşdırma, içməli su sahələrində, həm də suvarma layihələrinin icrası istiqamətində bir çox işlər görülüb və gözəl nəticələr var”.

Ölkəmizdə yüksək səviyyəli infrastruktur quruculuğu siyasəti çərçivəsində həmçinin respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması istiqamətində də çoxlu sayda böyük investisiya tutumuna malik layihələr reallaşdırılıb. Bununla yanaşı, kənd yollarının yenidən qurulması da diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyev qarşıya ölkənin bütün bölgələrində kənd yollarının abadlaşdırılması ilə bağlı mühüm vəzifə qoyub. Dövlət başçısının tapşırığına uyğun olaraq hər il regionlarda təxminən min kilometr yol yenidən qurularaq sakinlərin istifadəsinə verilir. Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı müvafiq Fərmanla təsdiqlənən “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda bölgələrdə magistral və kənd yollarının əsaslı şəkildə yenidən qurulması ilə bağlı çoxlu sayda tədbirlər nəzərdə tutulub. Hədəf cari ildə də təxminən min kilometr yolun yenidən qurulmasıdır. Dövlətimizin başçısının qeyd etdiyi kimi: “Bu il də kənd yollarının, şəhərlərarası yolların çəkilişi nəzərdə tutulur. Təxminən min kilometrə yaxın yolun çəkilişi nəzərdə tutulur. Məndə olan məlumata görə, altı ayda təxminən 400 kilometrə yaxın avtomobil yolu çəkilib”.

Ölkəmizdə yol infrastrukturunun yenilənməsi istiqamətində tədbirlər davamlı xarakter daşıyır. Yeri gəlmişkən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Qəbələ rayonunun Nic-Mıxlıqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx, həmçinin Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yollarının yenidən qurulması işlərini yekunlaşdırıb. Avtomobil yollarının ümumi uzunluğu 37 kilometr təşkil edir. Qəbələ rayonunun Nic-Mıxılqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx, həmçinin Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolları IV texniki dərəcəlidir. Yollar uzun illər istismar olunduğundan çoxlu sayda çalalar, çökmələr və qabarmalar əmələ gəlib. Bu isə nəqliyyatın hərəkətində çətinliklərin yaranmasına səbəb olub. Yolların səviyyəsi yerin təbii relyefi ilə eyni səviyyədə olduğundan torpaq yataqları atmosfer və qrunt sularının təsiri altında qalırdı, çiyinlərin eni yolun texniki dərəcəsinə uyğun gəlmirdi. Sadalanan qüsurların aradan qaldırılması üçün AAYDA tərəfindən müvafiq addımlar atılıb. Yenidən qurulan yolların hərəkət hissələrinin eni genişləndirildikdən sonra 6 metr, hər bir istiqamət üzrə çiyin hissələrin eni 2 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir. Layihəyə uyğun olaraq, yolların mövcud örtüyü sökülərək kənara daşınıb, deformasiyaya uğramış hissələr qazılaraq çıxarılıb, karxana qruntu ilə əks-dolğu işləri görülüb və kipləşdirilib, torpaq yataqları avtoqreyderlə profilə salınıb, lazımi hündürlükdə karxana çınqılı və optimal qum-qırmadaş qarışığından istifadə olunmaqla əsasların alt və üst layının tikintisi işləri görülüb. Bu işlər 200 min kvadratmetrdən çox sahəni əhatə edib. Yenidənqurma işləri çərçivəsində yollarda süni qurğuların inşası və əsaslı şəkildə bərpası da aparılıb. Belə ki, yollar boyu mövcud avtomobil körpüləri və körpü məhəccərləri təmir edilib, yolun altından suların ötürülməsi üçün suötürücü borular bərpa olunub və müxtəlif diametrli 1,9 kilometr uzunluğunda metal və dəmir-beton suötürücü boruların, həmçinin 42 metr uzunluğunda su keçidlərinin inşası işləri görülüb. “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yolun asfaltlanması işləri də aparılıb. Belə ki, əlaqələndirici bitum səpilməklə yol örtüklərinin alt və üst layları 12 santimetr hündürlüyündə iri və xırda dənəli asfalt-beton qarışığı ilə inşa edilib. Həmçinin Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində Zalamçay üzərində yerləşən və 42 metr uzunluğa malik avtomobil körpüsü qəzalı vəziyyətə düşdüyü üçün əvəzinə 4 aşırımlı yeni körpü inşa olunub. Layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə avtobus dayanacaqları inşa edilib, hərəkətin normal təşkili üçün yollar boyu yol nişanları, siqnal dirəkləri və kilometr göstəriciləri quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılıb. Qeyd edək ki, başlanğıcını respublika əhəmiyyətli Ağdaş-Zarağan avtomobil yolundan götürən və 19 kilometrlik Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolu 8 mindən artıq əhalinin yaşadığı 11 yaşayış məntəqəsini, başlanğıcını respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolundan götürən və 18 kilometrlik Nic-Mıxılqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx avtomobil yolu 10 mindən artıq əhalinin yaşadığı 8 yaşayış məntəqəsini əhatə edir.

Ağdaş rayonunun Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı, həmçinin Nehrəxəlil-Kotanarx-Cardam-Tofiqi-Şəmsabad avtomobil yollarının yenidən qurulması işləri də yekunlaşdırılıb. Sözügedən avtomobil yollarının ümumi uzunluğu 60 kilometr təşkil edir. Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yolunun uzunluğu 33 kilometr, Nehrəxəlil-Kotanarx-Cardam-Tofiqi-Şəmsabad avtomobil yolunun uzunluğu isə 27 kilometrdir. Hər iki avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulub. Layihəyə uyğun olaraq yeni yol yataqlarının inşası, həmçinin yol çiyinlərinin bərkidilməsi işləri aparılıb. Yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə vətəndaşların avtomobil yolunun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yeni piyada səkiləri inşa edilib, kənarlarına səki daşları düzülüb. Həmçinin yollar boyu mövcud avtomobil körpülərinin təmiri, körpü üzərində istismara yararsız körpü məhəccərlərinin yeniləri ilə əvəz olunması işləri görülüb. Avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün hər iki yol boyu 479 yol nişanı və məlumatverici lövhə, 890 siqnal dirəkləri quraşdırılmaqla, yol-cizgi və yolgöstərici xətlər çəkilməklə müasir yol infrastrukturu yaradılıb. Yenidənqurma işləri nəticəsində 17 yaşayış məntəqəsinin 25 minədək əhalisi Ağdaş rayon mərkəzinə və respublika əhəmiyyətli Ağdaş-Ləki avtomobil, oradan da M4 Bakı-Şamaxı-Yevlax, həmçinin M2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə, onların respublikanın istənilən istiqamətinə gediş-gəlişi təmin olunub.

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-18-ci kilometrlik hissəsinin yenidən qurulması istiqamətində isə yolun 11-18-ci kilometrlik hissəsinin təmiri işləri aparılır. Təmir işləri 18-ci kilometrdən başlayaraq Bakı şəhəri istiqamətində, Xırdalan dairəsinə qədər olan hissədə aparılır. Sözügedən işlər çərçivəsində yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir. Ümumilikdə isə, bu işlər 100 min kvadratmetrdən çox ərazini əhatə edib. Təmir işlərinin aparıldığı ərazi boyu zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlər çəkiləcək. Analoji təmir-bərpa işləri magistralın Şabran rayonu ərazisindən başlayaraq Siyəzən və Xızı rayonlarını keçməklə Bakı şəhəri istiqamətində də aparılır. İşlər yolun 130-53-cü və 28-16-cı kilometrlik hissələrində aparılmaqla, 200 min kvadratmetrdən çox sahəni əhatə edir. Ötən il Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun ilkin mərhələdə 6-11-ci kilometrlik hissəsində - Bakı Beynəlxalq Avtovağzalı kompleksinin qarşısından Xırdalan dairəsinədək və əks istiqamətdə olan hissədə təmir-tikinti işləri aparılmışdı.

Bunlarla yanaşı, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində ümumi uzunluğu 35,9 kilometr olan Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolunun yenidən qurulmasına başlanılıb. Sözügedən avtomobil yolu bir neçə istiqamət üzrə 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Bu, yolun 20,5 kilometr uzunluğa malik Xaçmaz-Əbilyataq və 7,7 kilometr olan Qarğalıq kənd hissələridir, həmçinin 7 kəndin - Qaraçı, Gülalan, Cığatay, Qarabağlı, Ağçay, İlxıçı və Niyazoba kəndlərinin giriş yollarıdır. Giriş yollarının da ümumi uzunluğu 7,7 kilometrdir. Hazırda yeni yol yatağı inşa olunur. Bundan başqa, yolboyu zəruri olan yerlərdə sel və yağış sularının yol yatağından kənar edilməsi üçün 5 yerdə müxtəlif diametrlərə malik yeni suötürücü dəmir-beton borular quraşdırılacaq, mövcud borular isə təmir olunaraq bərpa ediləcək. Layihəyə uyğun olaraq zəruri yerlərdə avtonəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi və sürücülərin düzgün istiqamətləndirilməsi məqsədilə yol nişanları, məlumatverici lövhələr, kilometr göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlər çəkiləcək. Yolun istifadəyə verilməsi ilə yolboyu 8 yaşayış məntəqəsində yaşayan 6 minə yaxın əhalinin gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşınması isə asanlaşacaq.

Beləliklə, Azərbaycanın bölgələrində yolların yenidən qurulması istiqamətində mühüm layihələr reallaşdırılır, yol infrastrukturu quruculuğu ilə bağlı kompleks tədbirlər həyata keçirilir.

 

Nurlan QƏLƏNDƏRLİ

Yeni Azərbaycan.- 2019.- 19 sentyabr.- S.7