İLHAM ƏLİYEV yolu
...Hər dəfə yol haqqında
düşünəndə özümdən asılı
olmayaraq qəlbimi qəribə bir əsrar bürüyür.
Uzaq-yaxın, rahat-nahamar, geniş-ensiz fərq
etməz, üzərində insan ayağının izi, həyat
nişanəsi olan istənilən yol mənim
üçün dünyanın ən əsrarəngiz mənzərəsidir.
Uca bir dağ yamacının belində
gümüş kəmər kimi sallanıb gedən yollara
baxdıqca baxaram, meşənin lal sükutunun içindən
keçən yollarda saatlarla dolaşsam, usanmaram...
Çünki bu mənzərədən ruhum
rahatlıq tapır, cismimə qəribə bir təpər gəlir...
Bunun əksinə, ot basmış bir
cığır, aylardır kimsənin ayağının dəymədiyi
ilk baxışdan görünən hansısa bir yol mənim
üçün dünyanın qopduğu yerdir...
Bir vaxtlar qonaq olub ömrümə xoş
günlər yazdığım, indi düşmən
işğalında qalan yurdlarımızı da, qəribədir
ki, o yerlərin yaddaşımdakı bütün xatirələrindən
əzəl, məhz yolları ilə yada salıram...
İllərdir ayrı
düşdüyümüz o yolları,
cığırları indi
dağılıb-tökülmüş, kol-kos basmış,
qüssəli bir sükuta dalmış halda təsəvvür
etmək adama çox acı verir...
Amma onu da bilirəm ki, bu həsrəti yenə yollar bitirəcək. Bizi o qərib
yurdlarımızla yollar qovuşduracaq. Düşmən
tapdağından azad olunmuş torpaqlarımıza doğru
böyük qayıdış yollardan başlanacaq...
Yolun həyatımda bu qədər böyük yer
tutmasının, həyatımın bir parçasına
çevrilməsinin hikmətini indiyə qədər
özüm üçün ayırd edə bilməmişəm. Görünür,
Yola bu qədər vurğunluq onun mənəvi aləmimizdəki
önəmindən irəli gəlir.
Və bu
təkcə məndə belə deyil...
Yol ən azı mədəniyyət faktı kimi, olsun
ki, başqa xalqların da fikir dünyasında əhəmiyyətli
yer tutur. Amma bizim üçün yol mədəniyyətin də
ötəsindədir. At belində
yaşanıb, dərələrdən sel kimi, təpələrdən
yel kimi ötmüş keçmişimiz yolu bizim
üçün ən müqəddəs dəyərlərlə
eyni sırada qərarlaşdırıb.
Yol bizlər
üçün taledir, iqbaldır, başa varan bütün
arzularla birgə, yarıda qırılan niyyətlərlə
bahəm, bütün yaşananlarla, itki və ümidlərlə
baş-başa elə həyatın özüdür...
Daha
yaxşı həyat, daha firavan gələcək soraqlı
arzularımızla günlərin birində Yola düzəlirik...
Uzaq-uzaq ellərin qəribliyində olan
doğmalarımızın Yolunu gözləyirik...
Yol
yuxularımızın çin olduğu yerlərə
aparır, Yol xəyallarımızın gerçəkliyə
çevrildiyi məqamlara gətirib çıxarır...
* * *
Xoş niyyətlə qapımıza qonaq gələn
qonağın yolda pişvazına
çıxmışıq. Bəd niyyətlə
üstümüzə yeriyən yağının
hücumlarını yolda dəf etməyə can
atmışıq.
Ən xoş alqışımızı “yolun
açıq olsun!” diləyi ilə dilə gətirmişik. Ən kəskin
nifrətimizi düşmənə “yolun bağlansın” kəlmələri
ilə çatdırmaq istəmişik. Yolda
bərkimişik, yolda bərkə-boşa
düşmüşük. Dostumuzu da,
düşmənimizi də yolda tanımışıq.
Həyatın
bütün sınaqlarına rəğmən ömrün ən
çətin dolanbaclarında bir hovur nəfəsimizi dərib
yenidən yolumuza davam etmişik və yolun davam etməsi bizim
üçün həyatın da davam etməsi anlamına gəlib
həmişə...
Bu sətirləri
yaza-yaza böyük türk ozanı Aşıq Veysəlin məşhur
sənətçilərin ifalarından bu gün də dillər
əzbəri olan şah beytini xatırlayıram:
“Uzun, incə
bir yoldayım,
Gidiyorum
gündüz-gecə...”
Bəli, həyat dediyimiz, uzun incə bir yoldur. Hər
açılan səhərimiz, hər batan günümüz
bu yolun davamına doğru daha bir addımımızdır.
Yol bizi ömrün əvvəlindən sonuna, qədim
dastanlarımızda ərz edildiyi sayaq, kandan məkana
doğru aparır.
Xəstə
Qasımın “Gələn bəzirgandır, gedən
xocadır” hikmətində ifadə olunduğu kimi, hər
insan yolun başlanğıcında həyatdan öyrəndikcə
öyrənməyə, onun dərslərindən
görüb-götürüb irfan yükünü tutmağa
möhtac bəzirgandır...
Yolun
sonuna doğru kamillik yükündən qəddi əyilmiş
xoca sifətində addımlamaq isə çox az
adama nəsib olar...
Yol
keçmişdir, bu gündür, gələcəkdir...
Möminin
öz yolu var, ateistin öz yolu, Qərbin öz yolu, Şərqin
öz yolu, həyatın fərqli suallarına cavablarından,
dünyaya fərqli baxışlarından, qurduğu
yaşayış sistemlərindən asılı olaraq hərənin
öz səmti...
Amma bütün yolayrıclarına rəğmən
Tanrının bütün bəndələr
üçün müəyyənləşdirdiyi bir Haqq yolu
da var.
Yol
haqqında düşüncələrim hələ burada bitmədi...
* * *
...Bir
anlıq gözlərimi yumuram və 67 il əvvəlin
bir mart günü dağların qoynuna yayılmış
dumanı, çiskini yarıb keçən ensiz, dolanbac bir
dağ yolu gəlir ağlıma.
Bir də
bu yolda yönü Lerikin mərkəzinə sarı irəliləyən
yük dolu at arabasının ardınca düşmüş
körpə bir oğlan uşağı...
Bu xatirədə
at arabasına yüklənmiş məfrəşin
üstündə əyləşib tez-tez geriyə, geridə
buraxdıqları kəndə, o kənddə
yaşanmış keçmişə, o keçmişin
acılı-şirinli anlarına tərəf boylanan və
çarşabının ucu ilə tez-tez qızarmış
gözlərinin yaşını silən bir ananın rəsmi
də var...
Xatirələr
həmin an uşaqlarının yanında kövrəldiyi hiss
edilməsin deyə dişlərini bir-birinə sıxıb
mümkün qədər tez uzaqlaşmağa
çalışan bir atanın üzündəki əzabları,
qayğıları, sabahla bağlı nigaranlıqları da
yada salır...
Bir də
burada ailə qurub ev-eşik sahibi olduqlarına görə kənddəki
həyatlarına davam etməli olan, indi isə
doğmalarını yeni yurda doğru köçün
ardınca atdıqları bir parç su ilə uğurlayan iki
boynubükük bacının məzhun görkəmi...
9 nəfərlik
ailənin 7 üzvü kənddən
köçürdü...
Onda müharibə yenicə başa
çatmışdı. Ölkə qələbə ovqatında
olsa da, insanlar ciddi sıxıntı çəkirdilər.
Dolanışıq o qədər asan deyildi.
Qarın dolusu yavanca çörək, nimdaş
üst-baş o illərdə Tanrının böyük bir
lütfü sayılırdı.
Belə
bir vaxtda ailə başçısının zirəkliyini, fərasətini,
əlinin halal zəhməti ilə daşdan pul
çıxarıb ailəsini babat dolandıra bilməsini
gözü götürməyən kənddəki bir para namərdin,
müxənnətin davamlı mərdimazarlıqlarından,
şəxsi-qərəzindən, yerli hökumət idarələrinə
çuğulluqlarından bezərək ata-baba yurdundan perik
düşən, kənddə qurulmuş pis-yaxşı
düzənli həyatından ayrılan bir çətən
külfətin sabahı necə olacaqdı?!
Qarşıda
onları hansı sınaqlar gözləyirdi?!.
Bunlar o an tale sualları idi, əslində...
* * *
Amma həmin o anlarda yük dolu at arabasının
ardınca yüyürən körpə oğlan
uşağı isə bütün bunları düşünəcək
yaşda deyildi. Anasının göz yaşları da,
atasının çöhrəsindəki əzab,
qayğı, nigaranlıq ifadəsi də, onlardan ayrılan 2
böyük bacısının məzhun görkəmi də
hələ ona maraqlı bir əyləncə kimi gəlirdi.
Köç irəliyə doğru hərəkət
etdikcə onun təsəvvüründəki dünyanın sərhədləri
genişlənir, bu ana qədər bütöv bir dünya
bildiyi kənd isə getdikcə kiçilib, onun balaca ovuclarına
sığacaq yamyaşıl oyuncağa çevrilirdi.
Bir azdan
tamam gözdən itib əbədi olaraq onun körpəlik
xatirələrinə qarışacaq həmin kənd Lerik
rayonunun Nuravud kəndi, 1952-ci ilin Novruz bayramı günü
dolanbac dağ yolları ilə ağır-ağır Lənkərana
sarı irəliləyən köçün ardınca
yüyürən körpə oğlan uşağı isə
mən idim...
Həmin gün getdiyimiz o yol Nuravuddan böyük
dünyaya doğru başlanan ilk yolum idi. Sonralar
ömrün müxtəlif dönəmlərində o yola təkrar-təkrar
güzarım düşdü. Başqa cür ola da bilməzdi. Çünki o yol
düşüncələrimizdəki Vətən
anlayışının başlandığı yurda
aparır: həyatımın ilk nəfəsini
aldığım, ilk qurtum suyunu içdiyim, anamın ilk
laylasını eşitdiyim, dilimin ilk kəlməsini kəsdiyim
kəndə - Nuravuda...
Nuravuddakı ata evimiz indiyə qədər durur. Həmişə deyirəm
ki, iki ata yurdum var. Biri doğulduğum Lerik rayonunun Nuravud kəndi,
biri də böyüdüyüm, orta məktəbi
qızıl medalla bitirdiyim, atamın-anamın qəbri olan Lənkəran...
* * *
Bu sətirləri
yaza-yaza məşhur türk pedaqoq və şairlərindən
Ahmet Kutsi Tecerin Azərbaycanda da xeyli məşhur olan
şeirinin iki bəndi gəlir ağlıma:
Orda bir kənd
var, uzaqda,
O kənd
bizim kəndimizdir.
Gəzməsək
də, tozmasaq da,
O kənd
bizim kəndimizdir.
Orda bir
yol var, uzaqda,
O yol bizim
yolumuzdur.
Dönməsək
də, varmasaq da,
O yol bizim
yolumuzdur.
Bu sevgi
dolu misralar, Qurtuluş savaşındakı qalibiyyətindən
sonra ölkənin, cəmiyyətin inkişafına,
insanların rifahına yönəlib Türkiyəni ayağa
qaldırmaq istəyən qazi Mustafa Kamal Paşanın “Kəndli
millətin əfəndisidir” deyimi ilə
başlatdığı kəndə qayıdış hərəkatının
himni sayıla bilər...
Kəndin
də, şəhərin də, dağın-daşın da,
otun-ağacın da onu bu misralardakı kimi sevən insanlara
ehtiyacı var. Bu sevgi olsa, onda heç bir kənd yaddan
çıxmayacaq, o kənddəki heç bir ev diqqətdən
kənarda qalmayacaq, heç bir dağ qərib düşməyəcək,
o kəndlərə aparan yolları kol-kos basmayacaq.
Və bu
məqamda maraqlı bir formul haqqında da
düşünürəm: bu, vətəndaşının
rifahı üçün çalışan dövlətin,
bu amalla yaşayan dövlət adamının həyata
keçirdiyi siyasətin formuludur.
Bu, o dövlət, o siyasətdir ki, ondan ölkənin
ucqarlarına doğru yollar başlansın. Yollar insanları, onların
istək və arzularını, hədəflərini, güclərini
qovuşdursun və bunlar hamısı bir arada dövlətin
gücünə güc qatsın...
* * *
Yolumuz yenə Nuravuda sarıdır. Bu dəfə
ömür-gün yoldaşımla birgə gedirik.
İllər əvvələ qədər əzab-əziyyəti,
nahamarlığı ilə adamın gözünə duran,
ancaq “Vilis”, “Qaz-69”, ən yaxşı halda “Niva” kimi sovet istehsalı
yolsuzluq avtomobilləri ilə qət etmək mümkün olan
kənd yolunda bu dəfə büsbütün başqa mənzərədir...
Yenicə çəkilmiş hamar, asfalt yolla avtomobilin təkərlərinin
təmasından əmələ gələn xoş
qıjıltı təmiz dağ havası ilə birgə pəncərədən
içəri dolaraq dünyanın ən gözəl musiqisi
kimi ruhu oxşayır, bu yolları gedib-gəlməyə
çəkilmiş illərin əziyyətini adamın
canından çıxarır.
İllərin əziyyəti demişkən, əfsus ki,
elə bu əziyyətdən dolayı uzun müddət idi,
Nuravuda gedə bilmirdik. Olsun ki, oxucularım buna görə məni
qınasınlar, haqları da var. Həqiqətən, insan
öz ata yurduna, ona doğma insanların, qohum-əqrəbaların
yaşadığı kəndə heç olmasa ildə bir
neçə dəfə güzarını salmazmı?!.
Əslində bu sualla ən çox özüm
özümü qınayıram. Həm də söhbət
təkcə Nuravud kəndindən getmir. Doğulduğum
bu kənd qədər Vətənin başqa ucqar kəndləri,
uzaq obaları da ürəyimin üstündədir. Bu yurdlara səfərlər, onların bir-birindən
fərqli təbiəti ilə baş-başa qalmaq,
havasını ciyərlərimə çəkmək, bir udum
suyundan içmək yazıçı kimi düşüncələrimə
ilham verir, yazıb-yaratmağa həvəsləndirir. Ona görə də hər fürsətdə
özümü o kəndlərə yetirməyə
çalışıram. Bu, ruhi bir
ehtiyacdır. O kəndlərə doğru aparan
yolların mənəvi tərəfləridir.
Özümü tez-tez o yerlərə verməsəm, şəhər
mühitində tıncıxaram, havam çatmaz, elə bilirəm...
Amma indiyə qədər ürəyim istəyib, gedə
bilmədiyim, məhz yollarına görə uzaq
düşdüyüm kəndlərimiz, obalarımız da
olub.
Yolların
mənəvi dəyərindən başqa, fiziki tərəfləri
də var axı...
İnsan
yaşlandıqca bir az da rahatlıq
axtarmağa başlayır...
Hansısa yerin-yurdun yolları bərbad olanda, gedib-gəlmək
adamın ömründən uzun saatlarını alanda, həyat
üçün təhlükə doğuranda, avtomobilin
yollardakı nahamarlıqdan qırılıb adamı yarı
yolda qoyanda növbəti dəfə istər-istəməz tərəddüd
edirsən. Oralara
yenə getmək üçün hər nə qədər
ürəyin atsa da, əgər son dərəcə zəruri
bir səbəbin yoxdursa, daha günü günə satmağa
başlayırsan, hər dəfə özün
üçün bir bəhanə uydurub səfərini təxirə
salırsan və bir də görürsən ki, artıq illərdir
doğma məkanlara qovuşa bilmirsən.
Nuravudun
yolları da, gedib-gələnlər bilir ki, cəhənnəm
əzabı idi...
İnsanlar yolun bərbadlığına görə kənar
yerlərdən hətta bir-birinin xeyir-şər məclislərinə
belə gedə bilmirdilər. Elə uzaqdan-uzağa telefonla
bir-birinin sevincinə, kədərinə şərik olurdular və
kimsə də bunu etinasızlıq sayıb bir-birindən
incimirdi...
* * *
Nuravuda budəfəki səfərimizin məramı, əfsus
ki, ailəmiz üçün kədərli bir səbəblə
bağlı idi. Həyat yoldaşımın atası vəfat
etmişdi, hüzr yerinə gedirdik...
Bizim
öz yaşımızı da nəzərə alan dəyərli
oxucum, yəqin ki, “həyat yoldaşımın atası” ifadəsinə
bir qədər təəccübləndi ki, yəni
qayınatanız indiyə qədər
yaşayırmış?!.
Bəli.
Axı Lerik uzunömürlülər məskənidir.
Hələ sovet dövründən bu yerin
uzunömürlü adamları haqqında maraqlı hekayələr
bütün dünyanı dolaşırdı. Bir zamanlar
planetin ən yaşlı sakinlərindən biri olaraq
bütün ittifaq məkanında haqqında möcüzə
kimi söhbət açılan, “Ginnesin rekordlar kitabı”na
belə düşən Lerik sakini Şirəli
Müslümovun adını kim eşitməyib ki?!.
Qayınatam da Lerikin uzunömürlülərindən
idi, bu dağların məlhəm kimi havası, saf suyu, təbii
nemətləri kişini sinninin bu çağına qədər
gətirib çatdırmışdı.
Bunları ona görə yazıram ki, Lerik öz
füsunkar təbiəti ilə tam bir ekoloji turizm cənnətidir. Və bu rayonun
kəndlərinə çəkilən yollar özünəməxsus
hekayəsi olan bu cənnət məkanın
qapılarını dünyaya açır. Bu yerin hekayəsinə
maraq göstərən, insanlarının
uzunömürlülük sirlərini öyrənməyə
can atan on minlərlə potensial turisti buralara yönəldir. Dolayısı ilə regionun sosial-iqtisadi həyatının
yüksəlişinə yön verir.
* * *
Valideynlərin
heç yaşı olmaz ki...
Neçə
yaşda dünyadan köçürlər
köçsünlər, yenə itkiləri insanın qəlbini
göynədir, adam onların həyatda nə
qədər böyük boşluq buraxıb getdiklərini
bütün varlığı ilə duyur.
Ömür-gün yoldaşım da yolboyu ata itkisinin kədəri
ilə baş-başa qalmışdı, Bakıdan yola
çıxdığımızdan bəri heç dinib
danışmırdı.
Amma
Nuravuda təzə çəkilmiş yolu görəndə qəfil
eyni açıldı, heyrət dolu sevincini gizlədə bilmədi:
- Kəndə
nə gözəl yol çəkiblər, ay Hüseynbala. Şükür, nə vaxtsa Nuravudun da belə yolu
olarmış. Allah Prezidentimizdən
razı olsun. Onun sayəsində
camaatın canı əməlli rahatlığa
çıxıb.
Mənsə
onun sözlərinə dərhal düzəliş etdim:
-
Xanım, Prezidentimiz bu yollardan təkcə Nuravuda yox, ölkənin
hər kəndinə çəkdirib və çəkdirir.
Canı rahatlığa çıxan, abadlığa
qovuşan təkcə bir kəndin deyil, bütün Azərbaycanın
sakinləridir, desənə...
* * *
Nuravuda
aparan yolun az qala hər
qarışının rahatlığını bütün
ruhumuzla duya-duya yolumuza davam edir və Azərbaycan Prezidentinin
birbaşa dəstəyi ilə yeni yollar çəkilmiş
Xınalıq, Lahıc kimi ucqar kəndlərimizi
xatırlayırdım...
70 il Azərbaycanın qızıldan qiymətli sərvətlərini
çəkib-aparıb yelə vermiş sovet hökuməti
saysız-hesabsız mənasız layihələrinə, orbitə
kosmik gəmilər, kosmonavtlar göndərməsinə rəğmən
burdan-bura ucqar kəndlərimizə düz-əməlli bir yol
çəkə bilməmişdi. Ucqar yerlərdə
yaşayan insanlar min bir zillət içində
yaşayırdılar. Xüsusilə
qış gəlib qapıya dayanan kimi ətraf aləmdən
uzaq düşürdürlər. Bu
günsə o kəndlərə doğru aparan geniş, abad,
asfalt yollar ilk növbədə Azərbaycanın müstəqilliyinin
nemətidir. Çünki artıq
özümüz öz taleyimizin sahibiyik. Əlimizin
üstündə başqa bir əl yoxdur. Hansısa
layihəni reallaşdırmaqdan ötrü illərlə haralarasa
yazıb-pozmaq, kənardan fərmayiş gözləmək
lazım gəlmir. Dövlətimiz öz vətəndaşlarının
həyatını yaxşılaşdırmaqdan ötrü
doğru bildiyi tədbirləri qısa zamanda yerinə yetirir.
Yada salırdım ki, dövlətimiz bu kəndlərə
yol çəkməyə qərar verərkən buna
ağız büzənlər də tapılırdı ki, cəmi,
məsələn, 60-100 sakinin yaşadığı kəndə
bu qədər uzaq məsafədən yol çəkməyə
nə ehtiyac var?! Onlar bunu dövlət üçün
izafi xərc hesab edirdilər. Amma Azərbaycan
Prezidentinin həyata keçirdiyi tədbirlər göstərdi
ki, dövlət öz vətəndaşına münasibəti
məsafələrə görə müəyyənləşdirmir.
Prezident
İlham Əliyev üçün mühüm olan insan
amilidir...
Prezidentimiz
hesab edir ki, Bakının düz göbəyində yaşayan
vətəndaş qədər Xınalıqda, Lahıcda,
Nuravudda yaşayan vətəndaşın da abad asfalt yollarla hərəkət
etmək, mətbəxində xörəyi mavi yanacağın
odunda bişirmək, qışda qaz sobasının, müasir
qızdırıcı sistemlərin hərarəti ilə
evini isitmək haqqı var...
Azərbaycanın
hər bir vətəndaşı buna layiqdir və dövlətimiz
bütün çətinlikləri dəf edərək insanlarımızın
bu haqqını təmin edir...
Layiq
olduqlarını onlara verir...
* * *
Maraqlı bir epizodu xatırlayıram. Prezident Lahıca yeni yolun
ardınca mavi qazın verilməsi ilə bağlı mərasimdə
iştirak edərkən SOCAR rəhbərliyi dedi ki, qaz xətti
dağlıq ərazilərdən, qayalıqlardan keçdiyinə,
texnikanın çalışması mümkünsüz
olduğuna görə bəzən boruları hətta əllə
daşımaq lazım gəlib. Amma heç bir
çətinliyə baxmayaraq kənddəki bütün evlərə,
bütün obyektlərə qaz çəkilib. Çünki ortada dövlət rəhbərinin
göstərişi vardı və bu göstəriş
vaxtında, həm də yüksək keyfiyyətlə yerinə
yetirilməli idi.
“Bu həm texniki cəhətdən çətin
işdir, həm də çox maliyyə vəsaiti tələb
edir. Ancaq
artıq bunu etmişik”, - deyə cənab Prezident İlham
Əliyev nəticəyə qiymət verdi...
Və bir daha göstərdi ki, söhbət vətəndaşın
mənafeyindən gedən yerdə Azərbaycan dövləti
hətta mümkünsüzü də mümkünə
çevirməyi bacarır.
Bu güc, bu qüdrət uzaq yolları yaxın edir, məsafələri
ortadan götürür, obalarımızı,
oymaqlarımızı bir-birinə daha da
doğmalaşdırır.
Bu gün
Azərbaycanda çəkilən bütün yollar bir-birinin
davamıdır...
Biri o
birində tamamlanır...
Biri o
birindən başlanır...
Bakıda
maşına əyləşib ölkənin ən ucqar
yaşayış məntəqəsinə doğru yol
alırsan, maşının bircə təkəri də
palçığa batmadan, bircə yerdə
çala-çuxura düşüb büdrəmədən
qısa zamanda mənzil başına çatırsan...
* * *
El məclislərimizin ovqatı, ucqarlarda yaşayan
insanlarla ixtilat camaatın düşüncələrini,
qayğılarını, gündəlik
dolanışığını, dövlətə, hökumətə
münasibətini əks etdirən güzgü kimidir. Adamların sözünü-söhbətini
dinləyərək nə düşündüklərini fərq
etmək olur.
Nuravudda rastlaşdığımız, kəlmə kəsdiyimiz
hər kəs dövlətimizə, Prezident cənab İlham
Əliyevə, ölkəmizin Birinci vitse-prezidenti Mehriban
xanım Əliyevaya camaat üçün gördükləri
işlərə görə dua-səna edirdi. Deyirdilər
ki, tanıdıqları nə qədər adamın müalicəsinə
Heydər Əliyev Fondu kömək göstərib. Mehriban xanım Lerikdə 100 yerlik körpələr
evi-uşaq bağçası tikdirib. Ayrı-ayrı
kəndlərdə məktəblər inşa olunub. Uşaqların təhsilə marağı getdikcə
artır. Kəndlərə çəkilən
yeni yollar isə yerli sakinlərin dolanışıq imkanlarını
genişləndirir. Camaat məhsulunu
asanlıqla bazara çıxarıb pula çevirə bilir.
Lerikin kəndlərinə yerli və xarici
turistlərin ayağı açılıb. Bu isə regionun dirçəlişi, insanların
güzəranının yaxşılaşması
üçün böyük bir imkan deməkdir.
Nuravudda maraqlı bir hal da müşahidə elədim. Bu kənddən
çıxıb kənar yerlərdə məskən
salmış adamlar çoxdur. Kimi ali
təhsil aldıqdan sonra öz həyatını Bakıda,
başqa böyük şəhərlərimizdə qurub, kimi
Lənkəranda, digər yaxın yerlərdə
yaşayıb işləyir. Uzun onilliklər ərzində
Nuravud onlar üçün o qədər də cəlbedici
deyildi. Çünki kəndə getmək
söhbəti ortaya çıxan kimi yol problemi, dediyim kimi,
adamın əhədini kəsirdi.
Yeni yolun çəkilişindən sonra isə artıq
Nuravuda axın başlanıb. Bakıdan, ətraf
yerlərdən adamlar kəndə qonaq gəlirlər, bir
neçə gün burada qalıb şəhərin səs-küyündən
uzaqlarda, saf təbiətlə baş-başa cisimlərini də,
ruhlarını da dincə qoyurlar.
Hətta
burada ev tikdirib daimi, yaxud ilin bir neçə
ayını yaşamağa başlayanlar da var.
Və bu
kəndə qayıdışı duyub hiss etmək çox
gözəl bir hissdir...
* * *
Söhbət zamanı kənd sakinləri problemlərə
də toxunurdular. Məlum oldu ki, yaxınlıqdakı Pirəsora
kəndinə hələ qaz çəkilməyib. Nuravudda isə su problemi var və kənd sakinləri
bu problemlərin də tezliklə həll olunmasını arzulayırlar.
Bu məqamda Yeni Azərbaycan Partiyasının Xətai
rayon təşkilatının sədri, Milli Məclisin hakim
partiyadan olan üzvü kimi sinəmi irəli verib, insanlar
arasında müəyyən təşviqat aparmağı
özümə borc bildim. İzah etmək istədim
ki, problemlər tədricən, addım-addım həll olunur.
Nəzərə almaq lazımdır ki, bu sosial
layihələr tək Lerikin kəndlərində yox, ümumən
Azərbaycanın bütün kəndlərində, şəhərlərində,
qəsəbələrində paralel icra olunur. Görün bundan ötrü nə qədər
maliyyə vəsaiti, avadanlıq və s. lazımdır.
Ona görə də hər şeyin bir gün
içində baş verəcəyini gözləmək
doğru olmaz. Dövlət bütün
işləri planlı qaydada görür. Artıq
şükürlər olsun ki, yol, qaz, məktəb,
bağça var. Qalan problemlər də yavaş-yavaş həllini
tapar. TEZLİKLƏ PİRƏSORADA QAZ, NURAVUDDA SU DA
OLAR...
Elə bunları demək istəyirdim ki, gördüm,
eyni şeyləri kənd sakinlərinin özləri mənə
söyləyirlər. Deyirlər, doğrudur, müəyyən
problemlər var, amma bilirik ki, bu problemlər də tezliklə
həll olunasıdır. Çünki
bütün bu məsələlər Prezidentin diqqətindədir.
Biz Ona inanırıq. Bilirik
ki, dövlət rəhbərimiz bu məsələlərə
də tezliklə əncam çəkəcək.
O an bir daha əmin oldum ki, Azərbaycan insanı
nə qədər qədirbiləndir, onun
yaxşılığı üçün görülən
işlərin dəyərini verəndir, Azərbaycan Prezidentinə,
dövlət rəhbərimizin həyata keçirdiyi siyasətə
münasibətində necə səmimidir.
Prezident İlham Əliyevin bir lider, dövlət
adamı kimi uğur sirri də elə bundadır. O, insanlar
qarşısına real əməllərlə
çıxır. Sözünün çəkisini,
dəyərini bilir. Görə bilməyəcəyi
heç bir işi əvvəlcədən söz vermir. Amma əgər nəyisə söz veribsə, bu,
mütləq yerinə yetirilir.
Quru vədlər, boş ümidlər Onun dövlətçilik
düşüncəsinə yaddır. Prezidentimiz həmişə
konkret nəticələrdən çıxış edir, nəticələrə
əsaslanaraq da yeni hədəflərə yönəlir.
Ona görə də insanlarımız dövlət
rəhbərimizə böyük ehtiram bəsləyirlər.
Onun həyata keçirdiyi siyasətə səmimi
qəlbdən dəstək verirlər.
Çünki elin gözü tərəzidir. El-oba kimin onun
rifahı üçün cani-könüldən
çalışdığını, kimlərin mənasız
boşboğazlıqlarla məşğul olduğunu çox
gözəl bilir və həmişə özü
üçün doğru olanı seçir.
* * *
Nuravudda
başqa nə gördüm?!.
Bir vaxtlar burada hər tərəf yamyaşıl meşələr
idi. Hansı səmtə baxardın qocaman ağaclar
görərdin. Əfsus ki, qaz
olmadığından sakinlər illər boyu qışda evlərini
qızdırmaq üçün ağacları kütləvi
şəkildə kəsmək məcburiyyətində
qalırdılar, beləliklə, təbiətin yaşıl
örtüyü yavaş-yavaş tükənirdi.
İndi isə artıq qaz var deyə, ağac kəsməyə,
odun doğramağa ehtiyac yoxdur. İti baltalar meşələrin,
ağacların üstündən geri çəkilib. Təbiətsə öz sevincini yaşıl pöhrəlikləri
ilə büruzə verir. İndi hara baxırsan,
yaşıl pöhrələrdir, körpə fidanlardır,
bir neçə il keçməz ki,
onların hərəsi pərli-budaqlı ağaclara
çevrilər.
Qəribəsi bilirsinizmi nədir?..
Bu sevinc dolu təəssüratlarımı Azərbaycanın
tamam başqa-başqa bölgələrindən olan dostlarla
bölüşəndə onlardan da tam eynisini eşitdim. Məlum
oldu ki, hara qaz çəkilibsə, o ətraflarda
yaşıllıqlar yavaş-yavaş bərpa olunur. Məsələn, dağlıq bölgələrimizlə
müqayisədə yaşıllıq sarıdan təbiətin
bir qədər simicliklə yanaşdığı Aran
regionuna Kür çayının əsrlər boyu bir sərvət
kimi bəxş etdiyi, son onilliklərdə isə insanların
qışda istilik problemini həll etmək
üçün qırıb-çatdıqları sahilboyu
tuğay meşələrinin yavaş-yavaş bərpa
olunmağa başladığını eşidəndə elə
bil mənə dünyanı bağışladılar.
Deməli, Azərbaycan Prezidentinin həyata
keçirdiyi sosial siyasətdən barınan, faydalanan təkcə
ölkə vətəndaşları deyil...
Təbiət də bu siyasətdən öz nəsibini
alır, Allahın dilsiz-ağızsız ağacları da
öz xoş payını götürür...
* * *
Yaxın aylarda buralara xeyir işlərə
dönmək arzusu ilə Bakıya doğru yol alırıq.
Avtomobilimiz şüşə kimi hamar şosedə irəliyə
doğru şığıdıqca yollar daha da genişlənir,
ölkənin ayrı-ayrı səmtlərinə doğru
istiqamət alır, hərəkəti intensivləşir.
Bu
yollardan dünyanın qan damarları keçir indi...
Prezident
İlham Əliyevin apardığı siyasət nəticəsində
Şərqdən Qərbə, Şimaldan Cənuba doğru
uzanan, buradan ora, oradan bura iqtisadi tərəqqi, inkişaf
daşıyan yollar gəlib Azərbaycandan keçir...
Geostrateji
maraqlar, fərqli sivilizasiyalar, müxtəlif mədəniyyətlər
burada qovuşur, burada yol gedir, burada yola gedir...
Və mən irəlilədikcə bu genişlənən,
dünyanın dörd bir yanına uzanan, qələbəliyi
artan bu yollarda Azərbaycan dövlətinin, Azərbaycan
insanının tale yolunu da görürəm.
Bu, bizi gələcəyə
aparan yoldur...
Bu, Heydər
Əliyev yoludur...
İlham
Əliyev yoludur...
Bu, haqq
yoludur!..
Yolun hər
zaman açıq olsun, Vətən!..
Hüseynbala
MİRƏLƏMOV,
Milli Məclisin
deputatı,
YAP Xətai rayon təşkilatının sədri
Hüseynbala Mirələmov
Yeni Azərbaycan.-
2019.- 19 sentyabr.- S.6.