Əhalinin məşğulluq səviyyəsinin artırılması Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birini təşkil edir

 

2003-2018-ci illər ərzində ölkədə 1,9 milyon yeni iş yeri açılıb, işsizlik səviyyəsi 5 faizə, yoxsulluq isə 49 faizdən 5,4 faizə endirilib

İnsanların layiqli iş yerləri ilə təmin olunması və onların gəlir imkanlarının artırılması Azərbaycanın dərinməzmunlu sosial siyasətində prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib və bu istiqamətdə bütün ölkə boyunca davamlı tədbirlər həyata keçirilir. Öz növbəsində Azərbaycan dövlətinin sosialyönümlü iqtisadiyyat quruculuğuna və insanların layiqli iş yerləri ilə təmin edilməsinə xüsusi diqqət və qayğı göstərməsi yaxşı nəticələr verir. Qeyd etmək yerinə düşər ki, 2003-2018-ci illər ərzində ölkədə 1,9 milyon yeni iş yeri açılıb, işsizlik səviyyəsi 5 faizə, yoxsulluq isə 49 faizdən 5,4 faizə endirilib.

Bütün bunlara rəğmən, ölkəmizdə radikal müxalifət düşərgəsini təmsil edən “ekspertlər” və “bloqçular” tərəfindən son vaxtlarda işsizlik statistikası ilə bağlı manipulyasiya cəhdlərinin artması müşahidə olunur. Onların şərhlərində ölkəmizdə əhalinin məşğulluğunun təmin edilməsi, insanların əmək bazarına inteqrasiyası üçün imkanların genişləndirilməsi istiqamətində görülən işlərə kölgə salınır, işsizliklə bağlı rəsmi statistikanın reallığı əks etdirmədiyi iddia olunur. Halbuki belə iddiaların heç bir məntiqi əsası yoxdur.

Respublikamızda yaradılan möhkəm hüquqi və real əsaslar insanların məşğulluq imkanlarının artmasına münbit zəmin formalaşdırıb

Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları dayanır. Eyni zamanda, respublikamızda ölkə vətəndaşlarının məşğulluq imkanlarının genişlənməsinə möhkəm hüquqi və real əsaslar yaradılmasına güclü siyasi iradə göstərilir, dövlət və özəl sektorda yeni iş yerlərinin açılması hərtərəfli şəkildə təşviq edilir.

Yeni iqtisadi şəraitdə Prezident İlham Əliyevin islahatların ardıcıllığının təmin edilməsi məqsədilə imzaladığı ayrı-ayrı sənədlər respublikamızda insanların əmək bazarına inteqrasiyasına möhkəm hüquqi əsaslar yaradır. Azərbaycan Prezidentinin 2017-ci il 2 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı”nda əmək bazarının inkişafına xidmət edən tədbirlər də yer alıb.

Respublikamızda insanların məşğulluq imkanlarının genişləndirilməsi baxımından əmək münasibətlərinin elektron qeydiyyatı sisteminin tətbiqinin önəmini xüsusi qeyd etmək lazımdır. Bu sistem əmək bazarı iştirakçılarının hüquq və mənafelərinin dolğun şəkildə təminatında, əmək bazarının tənzimlənməsi prosesində innovativ yanaşmaları özündə ehtiva edən çox səmərəli vasitədir. Ölkəmizdə sosial dialoqun gücləndirilməsi, bu istiqamətdə mühüm addım kimi Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın yaradılması, peşə standartlarının hazırlanaraq istifadəyə verilməsi əmək bazarının inkişafına güclü stimul yaradan tədbirlərdəndir.

Yuxarıda vurğuladığımız kimi, insanların əmək bazarına inteqrasiyasının yüksək səviyyədə təmin olunması üçün zəruri hüquqi bazanın və real əsasların yaradılmasının məntiqi nəticəsi olaraq ölkəmizdə işsizlik əhəmiyyətli dərəcədə azalıb. Aşağıdakı statistik göstəricilər respublikamızdakı əmək bazarının mənzərəsini göz önündə canlandırır. Hazırda respublikamızda əmək qabiliyyətli yaşda olan əhalinin sayı 6814,0 min nəfərdir. Bunun 5168,0 min nəfərini iqtisadi fəal əhali, o cümlədən 5103,1 min nəfərini əmək qabiliyyətli yaşda olan iqtisadi fəal əhali (kişilər 15-64 yaşda, qadınlar 15-61,5 yaşda) təşkil edir. Əmək qabiliyyətli yaşda olan qeyri-fəal əhalinin sayı isə 1646,0 min nəfər təşkil edir. İqtisadiyyatda məşğul olan əmək qabiliyyətli yaşdan yuxarı şəxslərin sayı 150,5 min nəfərdir. Hazırda ölkə iqtisadiyyatında 1613,8 min nəfər muzdla işləyən var. Onlardan 902,4 min nəfər dövlət sektorunda, 711,4 min nəfər isə qeyri-dovlət sektorunda çalışır. Bütövlükdə respublikamızda məşğul əhalinin sayı 4915,2 min nəfər təşkil edir.

Respublikamızda iş yerlərinin yaradılması ilə bağlı yeni hədəflər müəyyənləşdirilib. Prezident İlham Əliyev diqqəti ona yönəldib ki, uğurlu sosial-iqtisadi siyasət sayəsində Azərbaycanın əhalisi getdikcə artır. Ölkədə əhalinin artım tendensiyası ilə əlaqədar yeni iş yerlərinin yaradılması da daimi prosesə çevrilməlidir. Bir qədər bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədəki çıxışında dövlət başçımız bu xüsusda fikirlərini ifadə edərək deyib: “Bizim əhalimiz artır. Müstəqillik dövründə əhalimiz təxminən 3 milyon nəfər artıb. Bu il biz 10 milyonuncu vətəndaşın dünyaya gəlməsini sevinclə qeyd etmişik. Bu, bizim böyük sərvətimizdir, amma digər tərəfdən onu deməyə əsas verir ki, biz daim iş yerlərinin yaradılması ilə məşğul olmalıyıq”.

Ölkədə özünüməşğulluq proqramının icrası uğurla təmin edilir

Məlum olduğu kimi, respublikamızda Prezident İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamı əsasında 2017-ci ilin əvvəlindən işsizliyin və yoxsulluğun azaldılmasını hədəfləyən səmərəli özünüməşğulluq proqramı həyata keçirilir. Bütün respublika miqyasında insanlar bəhs olunan proqrama böyük maraq göstərirlər və onun əhatə dairəsi getdikcə genişlənir. Proqram çərçivəsində aztəminatlı insanlar, o cümlədən də əlillər, şəhid ailələrinin üzvləri, məcburi köçkünlər layiqli əmək fəaliyyətinə cəlb edilirlər. İndiyədək respublika üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən aktivlər hesabına yaradılan kiçik ailə təsərrüfatlarının 84%-i kənd təsərrüfatı (maldarlıq, quşçuluq, əkinçilik, arıçılıq, bağçılıq, istixana yaratma və s.), qalan hissəsi isə xidmət və istehsal sahələrini əhatə edir. Özünüməşğulluq proqramı çərçivəsində həmçinin xalçaçılıq, misgərlik və s. üzrə də ailə təsərrüfatları yaradılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata əsasən, 2019-cu ilin 8 ayı ərzində özünüməşğulluq proqramına qoşulanların sayı 4589 nəfərə çatıb. O cümlədən bu ilin 8 ayında proqrama cəlb olunanların 2555 nəfərini həssas kateqoriyalardan olan şəxslər təşkil edir. Bütövlükdə, 2019-cu ildə özünüməşğulluq proqramına qoşulacaq ailələrin sayını 10 minə çatdırmaq nəzərdə tutulub. Nazirlikdən onu da bildiriblər ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İB ilə birgə icra olunan “Sosial Bağlar” layihəsi çərçivəsində 2018-ci ildə 125 ailə üçün intensiv meyvə bağları salınıbsa, cari ildə layihənin növbəti mərhələsi kimi, 250 ailə üçün intensiv meyvə bağlarının salınması işləri aparılır. Həmçinin nazirlik ilə BMT-nin İnkişaf Proqramının birgə icra etdiyi “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi çərçivəsində 500 nəfər əlilliyi olan şəxsin özünüməşğulluq fəaliyyəti müstəvisində özlərinə dayanıqlı biznes qurmalarına dəstək veriləcək.

Dövlət Məşğulluq Xidməti 2019-cu ilin 8 ayında 60,5 minədək şəxsi işlə təmin edib

Ölkə vətəndaşlarının məşğulluq səviyyəsinin artırılması istiqamətində işlər 2019-cu ilin əvvəlindən intensiv şəkildə davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti cari ilin ötən dövrü ərzində 22 rayonda əmək yarmarkaları təşkil edib. Əmək yarmarkalarında işsiz və işaxtaran vətəndaşlara 513 dövlət və özəl müəssisədən 6757 vakant iş yeri təqdim edilib. Verilən məlumata əsasən, 2019-cu ilin yanvar-avqust aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin aktiv məşğulluq tədbirləri nəticəsində 60 475 nəfər münasib işlə təmin olunub. Bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 45,6 faiz çoxdur. Xüsusilə Prezident İlham Əliyevin təşəbbüsü əsasında hazırlanaraq icra olunan “İşsizin DOSTu” proqramı işsiz və işaxtaranların səmərəli məşğulluğunun təminatında önəmli rol oynayıb. Nazirliyin tabeliyindəki DOST Agentliyinin “DOST İş Mərkəzi” tərəfindən proqram çərçivəsində cari ilin 8 ayında 38 min iş yeri yaradılıb, 40 mindən çox vətəndaşa ödənişli ictimai işlərə göndəriş verilib. Proqram çərçivəsində işsiz və işaxtaranların əmək müqaviləsi əsasında ödənişli ictimai işlərlə təminatı həyata keçirilib.

2019-cu ilin yanvar-avqust aylarında Dövlət Məşğulluq Xidmətinin xətti ilə, eyni zamanda, 1200-ə yaxın vətəndaş üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib. Əksəriyyəti gənclərdən ibarət 67 mindən çox şəxsə Xidmət tərəfindən peşəyönümlü məsləhətlər verilib.

Dövlət şirkətləri də yeni iş yerlərinin yaradılmasında fəal iştirak edirlər. Belə ki, dövlət şirkətləri tərəfindən 20 000 nəfər sosial işçinin müqaviləsi uzadılıb, cari ildə əlavə 6 min iş yeri yaradılıb (SOCAR - 3 min, “Azərişıq” ASC - 2300, “Azərenerji” - 700).

Hazırda məşğulluq xidməti orqanlarında işsiz və işaxtaran kimi qeydiyyatda olanların sayı 198 286 nəfərdir ki, onların da 63 338 nəfərini işsiz şəxslər təşkil edir. 1243 nəfərə işsizlikdən sığorta haqqı ödənilib.

Ölkəmizdə məşğulluğun artırılması ilə paralel şəkildə qeyri-formal məşğulluqla mübarizə tədbirləri də gücləndirilir. Məlumat üçün bildirək ki, cari ilin 8 ayı ərzində 112 min 548 müqavilə imzalanıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,03% artım deməkdir.

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.- 2019.- 19 sentyabr.- S.7.