Regionlarda meyvəçiliyin inkişafı istiqamətində çoxşaxəli tədbirlər görülür

 

Bu ilin 8 ayında ölkədən 364 min 958 ton meyvə-tərəvəz ixrac olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizdə iqtisadiyyatın digər sahələri kimi, aqrar sahə də sürətlə inkişaf etməkdədir. Məlum olduğu kimi, meyvəçilik aqrar sahənin prioritet istiqamətlərindən biridir. Azərbaycanın mövcud iqlim şəraiti məhsuldarlıq üçün münbit şərait yaradır.

Onu da vurğulamaq yerinə düşər ki, meyvəçilik ölkəyə valyuta axınına imkan verən, məşğulluğu təmin edən, ixracyönümlü sahələrdəndir. Təsadüfi deyil ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransdakı yekun nitqində Prezident İlham Əliyev meyvəçiliyin inkişafı üçün, habelə məhsulun bazara çıxarılması üçün dövlət dəstəyindən bəhs edib: “Meyvə istehsalı 2004-cü ildə 420 min ton, 2018-ci ildə bir milyon ton olub. Yəni, artım iki dəfədən çoxdur. Bütün bu məlumatları mən sahibkarlara və ictimaiyyətə ona görə verirəm ki, onlar bilsinlər nə qədər artım olub və bizim hələ artıma nə qədər ehtiyacımız var. Biz bazarlara çıxışı dövlət dəstəyi ilə təmin edirik”.

Özünüməşğulluq proqramına dəstək layihəsi bağçılıq üçün əlverişli şəraiti olan 34 rayonu əhatə edir

Sözügedən Dövlət proqramlarında bu sahə üzrə qəbul edilən konkret hədəflər müəyyən edilib. Proqramların əsas məqsədi bu sahədə daha yüksək inkişafa, məhsuldarlığı artırmağa nail olmaqdır. Bu hədəflərə çatmaq üçün həyata keçirilən mühüm məqsədyönlü tədbirlər aqrar sahənin dinamik və dayanıqlı inkişafını təmin edir.

Onu da qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən layihələr də aqrar sahənin dinamik və dayanıqlı inkişafına öz töhfəsini verir. Belə ki, əsas hədəfi ixrac potensialının gücləndirilməsi, bağçılığın dayanıqlı inkişafı, keyfiyyətli məhsul istehsalı və innovativ fermerlərin formalaşmasına dəstək olan “Ağıllı bağ layihəsi” fermerlərin satış bazarlarına birbaşa çıxış probleminin həllində kömək olacaq və şəhər əhalisinə kənd məhsullarını innovativ yollarla, əlverişli qiymətlərlə əldə etmək imkanı verən “Kənddən Şəhərə” layihəsinin bu inkişafda xüsusi rol oyanayacağı şübhəsizdir.

Bununla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin birgə həyata keçirdiyi “Sosial bağlar” layihəsinin əhəmiyyətini qeyd etmək yerinə düşər. Sözügedən layihənin növbəti mərhələsi kimi, 250 ailə üçün intensiv meyvə bağlarının salınmasına başlanılıb. ƏƏSMN-in İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, özünüməşğulluq proqramına dəstək məqsədilə icra olunan layihə bağçılıq üçün əlverişli şəraiti olan 34 rayonu əhatə edir. Bu məqsədlə daxil olan müraciətlər əsasında həssas qruplardan (şəhid ailələri, əlilliyi olanların ailələri, aztəminatlı ailələr) olan ailələr seçilib. Onlara məxsus torpaq sahələrində monitorinqlər aparılaraq ehtiyaclar müəyyən edilib.

İlk mərhələdə həmin sahələrin köhnə ağac və kötüklərdən, kollardan, daşlardan təmizlənərək çəpərlənməsi, şumlanması, malalanması və digər hazırlıq işlərinin görülməsi nəzərdə tutulur. Sahələr hazır vəziyyətə gətirildikdən sonra regionun iqlim şəraiti və xüsusiyyətləri nəzərə alınaraq meyvə tingləri əkiləcək.

“Sosial bağlar” layihəsi aztəminatlı ailələrin bağçılıq istiqamətində kiçik sahibkarlığa çıxışını stimullaşdırmaqla yanaşı, qeyri-neft sektorunun mühüm sahəsi olan kənd təsərrüfatının inkişafına da əlavə dəstəkdir.

Xatırladaq ki, 2018-ci ildə “Sosial bağlar” layihəsi üzrə 41 rayonda həssas qrupları əhatə edən 125 ailə üçün intensiv meyvə bağları salınıb. Yaradılmış təsərrüfatlara aqrotexniki qulluq, sahiblərinə müvafiq məsləhət xidmətləri göstərilib. Layihə çərçivəsində təsərrüfatlara logistika və hazır məhsulun satışının təşkili mərhələlərində də kömək göstərilməsi nəzərdə tutulur.

Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 41 sahibkara 3,8 milyon manat güzəştli kredit verilib

Yeri gəlmişkən, regionlarda aqrar sahə üzrə inkişafın stimullaşdırılması məqsədilə tədbirlər davam etdirilir. Bu məqsədlə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən Xaçmaz rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum keçirilib. Forum çərçivəsində Xaçmaz rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan intensiv bağçılıq, tingçilik, cins heyvandarlıq, arıçılıq təsərrüfatlarının, logistik mərkəzin, quru meyvə istehsalı və süd emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, ölkədə sahibkarlığın genişləndirilməsi və özəl bölmənin iqtisadiyyatda rolunun artırılması, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması tədbirlərinin sistemli və ardıcıl olaraq davam etdirildiyini vurğulayıb. Bu baxımdan sahibkarların maliyyə resursları ilə təmin olunmasının əsas mexanizmlərdən olduğunu vurğulayan Sahib Məmmədov bu ilin ötən dövründə ümumi dəyəri 265,8 milyon manat olan investisiya layihələrinə 721 sahibkar üçün 76,2 milyon manat güzəştli kredit verildiyini, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılmasının 3000-dək iş yerinin açılmasına imkan yaratdığını qeyd edib.

İşgüzar forum çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 41 sahibkara 3,8 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər turizm, heyvandarlıq, bağçılıq, aqroparkın yaradılması, tara istehsalı və sair sahələrə yönəldiləcək. Bu kreditlərdən yararlanmaqla investisiya layihələrinin reallaşdırılması hesabına 300-dən çox iş yerinin açılması mümkün olacaq. Ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2731 investisiya layihəsinin maliyyələşdirilməsinə 217,3 milyon manat güzəştli kredit verilib.

Şimal rayonlarında salınan yeni badam bağlarından bu il ilk məhsul yığılır

Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun dəstəyi ilə Qusarda 10, Şabranda isə 33 hektar badam bağı salınıb. Əkilən badam sortu amerikan mənşəlidir. “Guara” adlanan badam növünə aid tinglər 3 ildən sonra məhsul verir. Sortun özəlliyi ondadır ki, gec çiçəkləyir, şaxtaya və quraqlığa davamlıdır. Ləpə çıxımı da təxminən 40-48 faizdir. İnstitutun direktor müavini Vahid Əliyev bildirib ki, ölkə ərazisində badam bağlarının sahəsinin artırılması diqqətdə saxlanılır. Növbəti mərhələdə institutun layihəsi əsasında daha 150 hektar sahədə intensiv bağların salınması nəzərdə tutulub ki, bunun da bir hissəsini badam ağacları təşkil edəcək. Bununla yanaşı, yeni bağların salınmasında istifadə olunacaq badam tingləri də institutun öz laboratoriyalarında mikroklonal üsulla yetişdiriləcək.

Artıq Qusarda yeni salınan badam bağlarından ilk məhsul yığılır. Rayonun Qalacıq kəndində yerləşən ümumi sahəsi 86 hektar olan iri meyvəçilik təsərrüfatının 10 hektarında badam bağı salınıb. İki il öncə əkilən badam bağında orta məhsuldarlıq müşahidə olunur. Badam ağacları tam məhsula düşəndən sonra hər hektardan 6-10 ton məhsul yığılacaq. Təsərrüfatçı Baba Ağaşirinov bildirib ki, badam yığımı sentyabrın sonlarına kimi yekunlaşacaq. Bağdan toplanan məhsul yerli bazarda satılacaq. Becərilən badam tingləri yerli şəraitə tam uyğunlaşıb və normal inkişaf edir.

Qusarla yanaşı, Şabranın Ağalıq kəndində əkilən 23 hektar badam bağından da bu il ilk məhsul yığılır. Bu il bağdan ümumilikdə 6-7 ton məhsul yığılması gözlənilir. Badam ağacları tam məhsula düşəndən sonra isə hər hektardan 6-10 ton arası məhsul verəcək. Aqronom Rəşad Ərəbov bildirib ki, becərilən badam tingləri yerli şəraitə tam uyğunlaşıb və normal inkişaf edir. İlk il üçün məhsuldarlıq yaxşıdır. Bağdan toplanan məhsul yerli bazarda satılacaq.

Son illərdə şimal bölgəsində ən çox badam bağı Siyəzən rayonu ərazisində salınıb. “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin icrası nəticəsində rayonda yeni istifadəyə verilən suvarılan torpaqlarda 200 hektar sahədə badam ağacları əkilib. Mütəxəssisin sözlərinə görə, Azərbaycan yaxın gələcəkdə badama olan tələbatını yerli istehsal hesabına ödəyə biləcək.

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən xaricdən gətirilən badam sortunun tinglərinin istehsalı üçün də iş aparılır. Bununla gələcəkdə badam tinglərinin idxalının qarşısı yerli istehsal hesabına alınacaq. Qeyd edək ki, dünya bazarında badama böyük tələbat var və bir çox ölkədə əsas valyuta gətirən məhsullardan sayılır.

Quba rayonunun bağlarında alma yığımı oktyabrın sonlarınadək davam edəcək

Qubanın alma bağlarında kütləvi məhsul yığımına başlanılıb. Bu il bağlarda məhsuldarlıq yüksəkdir. Rayonun fermerləri və fərdi təsərrüfat sahibləri məhsulun vaxtında toplanması üçün hazırlıq işlərini başa çatdırıblar. Bağlarda cərgə araları təmizlənib, meyvə toplanacaq ərazilər və saxlanclar hazır vəziyyətə gətirilib.

Təsərrüfatçı Şirin İlyasov, ilk növbədə, tezyetişən alma sortlarının məhsul yığımının başa çatdırıldığını, sentyabrın 15-dən isə kütləvi yığıma başlayacaqlarını bildirib. Qırx ilə yaxındır meyvəçiliklə məşğul olan bağban builki qiymətlərin də qənaətbəxş olduğunu söyləyir.

Şimal bölgəsinin alma bağlarında daha çox məhsuldarlığı ilə seçilən “Qolden”, “Simirenko” sortları yetişdirilir. İntensiv bağçılıqla məşğul olan bağbanlar isə “Qrani smit”, “Fuji” sortlarına üstünlük verirlər.

 

(davamı növbəti sayımızda)

Qaşqay RAMAZANOV

Yeni  Azərbaycan.- 2019.- 20 sentyabr.- S.7