Əsrin müqaviləsi”- Azərbaycanı qlobal dünya iqtisadiyyatının tərkib hissəsinə çevirən layihə

 

Əli Həsənov

Azərbaycan Respublikası Prezidentinin

İctimai-siyasi məsələlər üzrə köməkçisi

 

 Azərbaycan tarixinə qızıl hərflərlə yazılaraq xalqımızın və dövlətimizin taleyində mühüm rol oynayan “Əsrin müqaviləsi”nin imzalanmasından 25 il ötür. 1994-cü il sentyabrın 20-də Bakıda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın 11 aparıcı neft şirkəti arasında “Azəri”,” Çıraq” və “Günəşli” yataqlarının birgə işlənilməsi və hasilatın pay bölgüsü ilə bağlı “Əsrin müqaviləsi” imzalandı. Bunun ardınca sonrakı illərdə dünyanın 19 ölkəsini təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalanmışdır. Avrasiyanın yeni geoiqtisadi xəritəsini müəyyənləşdirən bu hadisə həm də yenicə müstəqillik əldə etmiş Azərbaycanın gələcək inkişafının və dünya birliyi ilə tərəfdaşlığının ən həlledici amilinə çevrildi.

AZƏRTAC 25 il öncə imzalanmış müqavilənin tarixi əhəmiyyəti ilə bağlı Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Əsrin müqaviləsi” - Azərbaycanı qlobal dünya iqtisadiyyatının tərkib hissəsinə çevirən layihə” sərlövhəli məqaləsini təqdim edir.

“Əsrin müqaviləsi”nə gedən yol müxtəlif çətinliklərdən və maneələrdən keçərək, Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli siyasi və dövlət xadimi Prezident Heydər Əliyevin dəmir iradəsi və möhkəm dövlətçilik əzminin, qətiyyətli və ardıcıl siyasətinin nəticəsi olaraq reallaşdı. 1990-cı illərin əvvəllərində dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın qarşısında dayanan əsas məsələlərdən biri ölkənin gələcək inkişafı üçün hava və su kimi tələb olunan maliyyə vəsaiti - ilkin kapital əldə etməkdən ibarət idi. Xəzər dənizinin zəngin karbohidrogen ehtiyatlarının işlənilməsi və dünya bazarlarına çıxarılması, əldə edilən vəsaitin ölkənin mövcud ehtiyaclarına, gələcək sosial-iqtisadi inkişafına yönəldilməsi o zaman üçün bəlkə də yeganə çıxış yolu hesab olunurdu. Lakin 1991-1993-cü illərdə Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqaz bölgəsində hökm sürən regional qarşıdurma, qeyri-sabit mühit, o cümlədən respublikanın daxilində yaşanan xaos və anarxiya, hakimiyyətdə olan siyasi qüvvələrin yarıtmaz və səriştəsiz siyasəti və digər səbəblərdən dünyanın aparıcı neft şirkətlərini Azərbaycanın zəngin enerji resurslarının hasilatı və ixracına cəlb etmək, bu sahədə qarşıya çıxan maneələri dəf etmək o qədər də asan məsələ deyildi. Hətta bəzi analitiklər o dövrdə Xəzər dənizinin Azərbaycana məxsus sektorundakı neft və qaz layihələrinin beynəlxalq konsorsiumun iştirakı ilə həyata keçirilməsini əfsanə sayır və qeyri-mümkün hesab edirdilər.

1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə vətəndaş qarşıdurmasına son qoyulması, ictimai-siyasi sabitliyin bərqərar olması, qonşu ölkələrlə kəskin münasibətlərin qismən yumşaldılması, xarici sərmayələrə ciddi dövlət təminatının verilməsi və s. Qərbin ən böyük neft şirkətlərinin diqqətini yenidən Xəzər dənizinə yönəltdi və haqqında bəhs olunan transmilli müqavilənin hazırlanaraq imzalanmasına əlverişli şərait yaratdı. Prezident Heydər Əliyev uzaqgörən və qətiyyətli siyasət yürüdərək bəzi qonşu və beynəlxalq dairələrin Xəzər dənizinin statusu ilə bağlı mövcud olan problemi qabartmaq yolu ilə “Əsrin müqaviləsi”ni pozmaq planlarını puça çıxardı. O, müdrikcəsinə bütün narazı tərəfləri inandıraraq sübut etdi ki, Azərbaycan bu addımla heç bir ölkənin iqtisadi-siyasi maraqlarına toxunmur, əksinə, bölgədə hamı üçün bərabər əməkdaşlıq və tərəfdaşlıq şəraiti yaradır.

Ulu Öndər həm də xarici neft şirkətləri ilə Azərbaycanın imzalayacağı bütün neft-qaz müqavilələrinin şərtlərini bizim milli maraqlara maksimum dərəcədə uyğunlaşdıra bildi. Həmin dövrdə cənab İlham Əliyevin ARDNŞ-in vitse-prezidenti təyin edilməsi Onun müdrik və uzaqgörən addımlarından biri oldu. Xarici neft şirkətləri ilə aparılan danışıqlarda birbaşa iştirak edən cənab İlham Əliyev imzalanacaq bütün neft-qaz müqavilələrinin xalqımızın milli maraqlarına cavab verən şərtlər çərçivəsində hazırlanmasını yüksək səriştə və bacarıqla təmin etdi.

2002-ci ildə Ümummilli Lider Heydər Əliyevin davamlı səyləri nəticəsində “Əsrin müqaviləsi”ndə nəzərdə tutulan, lakin yenə də bəzilərinin əfsanə və ya “kağız üzərində kəmər” hesab etdiyi əsas ixrac kəmərinin - Bakı-Tbilisi-Ceyhanın təməli qoyuldu. Müasir dövrdə xüsusi qlobal əhəmiyyət kəsb edən bu kəmər Azərbaycanın dünya bazarlarına alternativ enerji ixracı siyasətində mühüm amil oldu.

2005-ci il mayın 25-də Prezident İlham Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılış mərasimi keçirildi, 2006-cı ildə Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin nəqlinə başlanıldı. 2007-ci ildə isə “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqaz qaz boru kəməri ilə Türkiyə sərhədlərini aşaraq qardaş ölkənin qaz kəmərləri sisteminə daxil oldu.

Beləliklə, Azərbaycan nəinki zəngin neft və qaz yataqlarının işlənilməsinə və enerji resurslarının hasilatına, həmçinin onların dünya bazarına çıxarılması üçün yeni ixrac marşrutlarının işə salınmasına və enerji nəqlinin şaxələndirilməsinə nail olmuşdur.

Müqavilənin əsas beynəlxalq geosiyasi və geoiqtisadi əhəmiyyəti ondan ibarət idi ki, bu tarixi razılaşma əsasında Xəzər dənizində ilk dəfə beynəlxalq əməkdaşlığın, region dövlətlərinə məxsus karbohidrogen ehtiyatlarının alternativ istehsalı və ixracının, yeni transmilli enerji və kommunikasiya layihələrinin gerçəkləşməsinin təməli qoyuldu.

“Əsrin müqaviləsi” Azərbaycan dövlətinə, ölkənin ictimai-siyasi və iqtisadi institutlarına xarici ölkələrin maliyyə və texnoloji resurslarından geniş istifadə etmək imkanı qazandırdı. Bu müqavilə çərçivəsində həyata keçirilən transmilli layihələr Cənubi Qafqaz və Xəzər hövzəsinin digər dövlətləri ilə müqayisədə Azərbaycanın beynəlxalq aləmdə geosiyasi və geoiqtisadi dəyərini artırdı, xarici ölkələrlə tərəfdaşlıq münasibətlərinin inkişafına və dərinləşməsinə mühüm təsir göstərdi.

“Əsrin müqaviləsi” nəticəsində Azərbaycan öz gələcək inkişafı üçün lazım olan maliyyə vəsaiti və qabaqcıl texnologiya əldə etdi ki, bunun sayəsində də ölkəmiz qlobal dünya iqtisadiyyatının tərkib hissəsinə çevrildi.

İlkin hesablamalara görə, “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının çıxarıla bilən neft ehtiyatı 511 milyon ton olsa da, sonralar yeni qiymətləndirmələrə əsasən bu göstərici 1.072 milyard ton həcmində müəyyən edilmişdir. 2017-ci ilə qədər bu yataqlardakı neft və qaz ehtiyatlarının işlənilməsinə təxminən 33 milyard dollar investisiya qoyulmuş və bu günə qədər 3,2 milyard barrel neft hasil olunmuşdur. Həmçinin AÇG yataqlar blokundan ümumilikdə 30 milyard kubmetr səmt qazı hasil edilərək Azərbaycan hökumətinə təhvil verilmişdir.

2001-ci ildən ötən dövr ərzində neft və qaz sazişləri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Fonduna daxilolmalar bütövlükdə 148.3 milyard ABŞ dolları təşkil etmişdir. Bu vəsaitin 95.61 milyard dolları dövlət büdcəsinə transfert olunmuş, 9.3 milyard dolları strateji, infrastruktur və sosial layihələrə yönəldilmişdir. Hazırda ARDNF-in aktivləri 42.5 milyard dollar təşkil edir.

2006-cı ildən başlayaraq enerji ixracı nəticəsində Azərbaycana daxil olan böyük maliyyə resursları sürətli iqtisadi tərəqqiyə, müasir sosial-iqtisadi və mədəni infrastrukturların yaradılmasına, respublika həyatının bütün sahələrinin yenilənməsinə, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun dinamik inkişafına yönəldilmişdir. Bunun nəticəsində, son 25 il ərzində Azərbaycanda ümumi daxili məhsul istehsalı 216 dəfə, adambaşına düşən məhsul 162 dəfə artmışdır.

Son 15 ildə isə ölkəmizdə ümumi daxili məhsul istehsalı 3,2 dəfə, o cümlədən qeyri-neft sahəsində ÜDM 2,8 dəfə, sənaye məhsulu istehsalı 2,6 dəfə, o cümlədən qeyri-neft sənayesi 2,2 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 2 dəfəyə yaxın çoxalmışdır. Bu dövrdə dövlət büdcəsinin gəlirləri 13,5 dəfə, ölkənin strateji valyuta ehtiyatları isə 28 dəfə artaraq 45 milyard ABŞ dollarını ötmüşdür. 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard ABŞ dollarına yaxın investisiya yatırılmışdır ki, bunun da təxminən yarısı xarici sərmayədir. Ümumi investisiya qoyuluşunun 60 faizdən çoxu qeyri-neft sektorunun inkişafına yönəldilmişdir.

İndiyədək regionların inkişafına dair 4 dövlət proqramı qəbul olunmuş və onlardan üçü artıq uğurla icra edilmişdir. Dövlət proqramları çərçivəsində regionlarda bütün köklü problemlər həll olunmuş, müasir infrastruktur formalaşdırılmış, əhalinin məşğulluq səviyyəsi yüksəldilmişdir. Ümumilikdə, bu illər ərzində regionların inkişafına 67 milyard manatdan çox vəsait yönəldilmiş, yaradılmış 2 milyondan çox yeni iş yerinin 75 faizi regionların payına düşmüşdür.

Aqrar sahədə həyata keçirilmiş sistemli tədbirlər, o cümlədən son iki ildə kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi ölkəmizin ərzaq məhsulları üzrə özünütəminetmə səviyyəsini yüksəltmiş, ixrac potensialını genişləndirmişdir.

Bu illər ərzində Azərbaycanda müasir nəqliyyat infrastrukturu formalaşdırılmış, bu məqsədlə 7 hava limanı inşa olunmuş, 14 min kilometrdən çox müasir yollar çəkilmiş, ölkəmizin xarici ticarət əlaqələrinin inkişafına və tranzit imkanlarının genişləndirilməsinə mühüm töhfə olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu xətti inşa edilərək istifadəyə verilmişdir. Azərbaycan “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin fəal iştirakçısına çevrilmiş, həmçinin tranzit daşımaları sahəsində ölkəmizin potensialının yüksəlməsində önəmli rol oynaya biləcək Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulmuşdur.

Azərbaycanın enerji resurslarından əldə etdiyi gəlirlər həm də əhalinin sosial müdafiəsinin gücləndirilməsi və xalqın rifahının yüksəldilməsi istiqamətində ardıcıl dövlət siyasətinin həyata keçirilməsini, inqilabi qərarların qəbulu və icrasını təmin etmişdir. Ümumilikdə son 15 ildə Azərbaycanda əməkhaqları 7,5 dəfə, pensiyalar isə 10 dəfədən çox artırılmışdır. 2003-2018-ci illərdə ölkədə işsizlik səviyyəsi 49 faizdən 5,4 faizə, yoxsulluq səviyyəsi isə 5 faizə enmişdir. Ölkə üzrə bütün sosial infrastruktur yenilənmiş və müasir tələblər səviyyəsində yenidən qurulmuşdur.

Azərbaycan Prezidentinin 2019-cu ilin əvvəlindən başlayaraq təsdiq etdiyi sosial paketlər əsl inqilabi xarakter daşımışdır. Əhalinin bütün kateqoriyalarını əhatə edən və maaşların, pensiyaların, təqaüdlərin əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tutan bu paketlərin ümumi dəyəri 2019-2020-ci illər üçün 5,3 milyard manat əlavə vəsait cəlb etməklə 4,2 milyon insanı əhatə edəcəkdir. Nəticədə Azərbaycanda minimum pensiya MDB məkanında alıcılıq qabiliyyəti üzrə birinci, minimum əməkhaqqı isə bu göstərici üzrə ikinci olmuşdur.

Müasir Azərbaycanın nümunəsi əyani şəkildə bir daha təsdiq etdi ki, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu və 25 il bundan əvvəl imzalanan “Əsrin müqaviləsi” ilə Azərbaycanda yeni neft strategiyası başlanmış və ötən müddətdə uğurla həyata keçirilmişdir. Bu strategiya ölkəmizin müstəqil gələcəyini, dünya dövlətləri ilə strateji tərəfdaşlığını, iqtisadi inkişafının uğurlu nəticələrini, beynəlxalq və regional aləmdəki aparıcı rolunu təmin etmiş və Azərbaycanın dünyanın qabaqcıl ölkələri sırasına çıxmasına təkan vermişdir.

“Əsrin müqaviləsi” Azərbaycanın siyasi və iqtisadi qüdrətini artıraraq, sonrakı illərdə onun təşəbbüsü və liderliyi ilə regionun və Avropanın enerji təhlükəsizliyini təmin edəcək neçə-neçə yeni transmilli enerji və nəqliyyat layihələrinin həyata keçirilməsinə şərait yaratmışdır. Qeyd edilməlidir ki, 2010-cu ildə “Ümid” və “Babək”, 2011-ci ildə isə “Abşeron” yatağında böyük qaz ehtiyatları aşkar edildikdən sonra, nəhəng “Şahdəniz” qaz yatağı da nəzərə alınmaqla Azərbaycanın təsdiq olunmuş təbii qaz ehtiyatı 2,6 trilyon kubmetrə kimi artmışdır. Bu isə o demək idi ki, Azərbaycan təkcə neft deyil, həm də yaxın gələcəkdə dünyanın böyük həcmdə qaz ixrac edən əsas ölkələrindən birinə çevrilmək potensialına malikdir.

Bir faktı xatırlamaq yerinə düşər ki, Cənub Qaz Dəhlizi istiqamətində 2000-ci ilin ortalarından Avropanın müxtəlif strukturları tərəfindən irəli sürülən bir neçə layihə, o cümlədən NABUCCO layihəsi ətrafında aparılan müzakirələr heç bir nəticə verməmiş və nəticədə Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü və bütün tərəfdaşlar tərəfindən dəstəklənən “Cənub Qaz Dəhlizi” layihəsi həyata vəsiqə almışdır. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti və Avropa Komissiyasının sədri tərəfindən “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı Birgə Bəyannamə, 2012-ci ilin iyununda Azərbaycanla Türkiyə arasında TANAP layihəsinə dair Saziş, 2013-cü ilin fevralında TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında Dövlətlərarası Saziş, 2013-cü ilin dekabrında isə Bakıda “XXI əsrin müqaviləsi” kimi tarixə düşən “Şahdəniz-2” üzrə Yekun İnvestisiya Qərarı imzalanmışdır. Ötən dövr ərzində Azərbaycanın liderliyi ilə həyata keçirilən “Cənub Qaz Dəhlizi” layihəsinin üç seqmenti - “Şahdəniz-2”, Cənubi Qafqaz Qaz Boru Kəməri və TANAP üzrə bütün işlər tamamlanmış, dördüncü seqment olan TAP isə artıq yekunlaşmaq mərhələsindədir.

Əminliklə demək olar ki, yaxın gələcəkdə Cənub Qaz Dəhlizi Azərbaycan iqtisadiyyatının inkişafında mühüm amilə çevrilərək, ölkəmizin regionda və Avropada geoiqtisadi əhəmiyyətini bir qədər də artıracaq, Avropanın enerji təchizatının şaxələndirilməsində və enerji təhlükəsizliyinin təmin olunmasında ciddi faktora çevriləcək. Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycan fəal və məqsədyönlü enerji diplomatiyası yürüdərək, öz tərəfdaşları ilə birlikdə nəinki regionun, həm də Avrasiyanın enerji xəritəsini yenidən tərtib etməyə nail olmuşdur.

2017-ci il dekabrın 23-də SOCAR-la BP-nin əməliyyatçısı olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən AÇG yatağındakı işlərin davam etdirilməsi üçün Niyyət Protokolu imzalandı və bununla da “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzadıldı. Yeni müqaviləyə əsasən SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırıldı. Həmçinin beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Dövlət Neft Fonduna 3.6 milyard dollar bonus ödəmək barədə öhdəlik götürdülər.

Müasir dövrdə dövlətlərin gələcək inkişaf perspektivlərini yalnız onların malik olduğu zəngin təbii sərvətlər deyil, həm də ölkənin elmi-mədəni, intellektual potensialı və eyni zamanda, bütün bunlardan yüksəkdə dayanan insan kapitalı müəyyənləşdirir. Ona görə də Azərbaycan özünün inkişafında yalnız təbii sərvətlərin gətirdiyi gəlirlərə deyil, həm də neft kapitalının insan kapitalına çevrilməsinə böyük əhəmiyyət verir, bu istiqamətdə məqsədyönlü dövlət siyasəti aparılır.

Yeni Azərbaycan.- 2019.- 20 sentyabr.- S.3