“Əsrin müqaviləsi” Ulu Öndərimizin
şah əsəri, bugünkü və gələcək
inkişafımızın təməl daşıdır
SOCAR-ın prezidenti, Milli Məclisin deputatı
Rövnəq Abdullayev www.yap.org.az saytına müsahibə
verib:
- Rövnəq müəllim,
sentyabrın 20-də müstəqil Azərbaycanın həyatında
mühüm tarixi hadisə kimi səciyyələndirilən
“Əsrin müqaviləsi”nin imzalanmasının 25 ili tamam
olur. İlk olaraq istəyirik ki, Ümummilli Liderimiz Heydər
Əliyev tərəfindən əsası qoyulmuş neft
strategiyasının dövlətimiz və
xalqımız üçün əhəmiyyəti barədə
fikirlərinizi bildirəsiniz. “Əsrin müqaviləsi”nin
imzalanması dövrünü necə xarakterizə edərdiniz?
- Xalqımız Azərbaycan tarixi
üçün xüsusi əhəmiyyətə malik
“Əsrin müqaviləsi”nin 25-ci ildönümünü qeyd
edir. Bir əsrin dörddə biri qədər
zaman kəsiyini geridə qoymuşuq. “Əsrin müqaviləsi”nin
icrası prosesi bizim üçün 25 il ərzində
alışdığımız adi həyat tərzi və fəaliyyətimizin
obyektiv inikasıdırsa, tarixi baxımdan, uzunmüddətli
perspektiv və gələcəyə nəzər saldıqda
bu hadisə Azərbaycanın inkişaf və
yüksəliş yolunda əsas dönüş nöqtəsi
olmuşdur. Ötən 25 ildə qazandığımız
uğurların bəhrələri xalqımızın
gündəlik həyatında, məişətində, maddi
rifah halında bariz şəkildə hiss olunur. Bizə nə
qədər adi gəlsə də, görülən titanik
işlər öz həcminə və əhəmiyyətinə
görə olduqca möhtəşəm və heyrətamizdir.
Bütün bunlar gərgin zəhmətin, qətiyyətli
siyasi iradənin, ardıcıl idarəçilk dəst-xəttinin,
dönməz və məqsədyönlü fəaliyyətin,
ilk növbədə isə müstəqil dövlətçiliyimizin
memarı, Ulu Öndər Heydər Əliyevin siyasi
dühasının, müdrik uzaqgörənliyinin,
yorulmaz səylərinin nəticələridir. Ümummilli
Liderimiz Heydər Əliyevin qalibiyyətli enerji
strategiyasının təməl daşı olmuş “Əsrin
müqaviləsi”nin tarixi əhəmiyyəti zaman keçdikcə
daha aydın görünür. Ölkəmizin iqtisadi qüdrətinin,
beynəlxalq nüfuzunun, xalqımızın firavan həyatının qarantına
çevrilmiş uzunmüddətli enerji strategiyası bu
gün də Azərbaycanın dinamik inkişafı ilə
paralel irəliləyərək, bir-birindən parlaq zəfərlərə
yol açır, neft-qaz sənayemizi daha yüksək zirvələrə
aparır.
“Əsrin müqaviləsi”nin 25
illiyi ötən dövrə, müstəqil Azərbaycanın
yaxın keçmişinə nəzər salmağa, hardan hara
gəldiyimizi xatırlamağa əlamətdar bir vəsilədir.
Ötən müddətdə ölkəmizdə gənc nəsil
formalaşmışdır və tamamilə yeni reallıqlar
zəminində yetişmiş bu gənc nəslin bu tarixin həqiqətlərini
bilməsi vacibdir. Digər tərəfdən, gələcək
fəaliyyətimizin düzgün planlaşdırılması
baxımından qazanılmış təcrübə müstəsna
əhəmiyyət kəsb edir. Keçilən
yolu bir daha nəzərdən keçirmək, qədim tarixə,
şanlı ənənələrə malik neft-qaz sənayemizin
böyük bir mərhələsinə yekun vurmaq “Əsrin
müqaviləsi”nin 25 illiyi ərəfəsində,
düşünürəm ki, zəruri və
faydalıdır.
Dövlət müstəqilliyimizin
ilk illərində, xarici təcavüz, daxili siyasi-iqtisadi
böhranla üzləşdiyimiz o ağır dövrdə
ölkənin nicatı naminə xalqın təkidi ilə
hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev
dərin siyasi zəkası, zəngin idarəçilik təcrübəsi
ilə qısa bir zamanda ölkədə
sabitlik yaratmağa müvəffəq oldu və Azərbaycanın
davamlı inkişaf yoluna qədəm qoyması, xalqın
rifahının yüksəlməsi üçün yeni neft
strategiyasının işlənilməsinə başladı.
Sosial-iqtisadi tənəzzülün aradan
qaldırılması, gənc müstəqil dövlətin əsaslarının gücləndirilməsi
məqsədi ilə Xəzər dənizində hələ
sovet dövründə Azərbaycan geoloqları tərəfindən
kəşf edilmiş “Azəri”, “Çıraq” və “Dərinsulu
Günəşli” yataqlarının işlənilməsi,
nüfuzlu xarici neft şirkətləri ilə milli maraqlara
söykənən səmərəli əməkdaşlıq
modelinin qurulması, müasir texnologiyaların, yeni nəsil
avadanlıqların tətbiq edilməsi xətti
götürüldü. Beləliklə, XX əsrin ən
möhtəşəm qlobal enerji layihələrindən birinə
start verildi.
Yeni neft strategiyasının ideya
mənbələrindən, başlıca konseptual prinsiplərindən
danışarkən Ulu Öndərin Azərbaycan neft sənayesinin
zəngin tarixinə, önəmli nailiyyətlərinə,
şanlı ənənələrinə istinad etməsi ilk
növbədə qeyd olunmalıdır. Tarixi varislik Azərbaycanın
uzunmüddətli, davamlı enerji strategiyasının əsas
qayəsini təşkil edir və bu, heç də təsadüfi
deyil. Dünya neftçıxarma işinin pionerlərindən
olan Vətənimizdə neft sənayesi tarixinə parlaq səhifələr
yazılmışdır. Bakı neftçiləri tarix boyu
misilsiz fədakarlıqlar göstərərək neftin,
qazın kəşfiyyatı, hasilatı, emalı və nəqli
sahələrində ən mütərəqqi yenilikləri
istehsalatda tətbiq etmişlər. Ulu Öndər
Heydər Əliyev respublikamıza rəhbərlik etməyə
başladığı ilk dövrlərdən neft sənayesinin
inkişafına, onun innovativ əsasda təkmilləşdirilməsinə
böyük diqqət və qayğı ilə
yanaşmış, keçmiş Sovetlər Birliyində
hökm sürən olduqca ağır şərtlər daxilində
mövcud imkanlardan yararlanaraq neft sənayesinin
inkişaf perspektivlərini təmin edən əsas təsisatların
- elmi-tədqiqat institutlarının, istehsalat birliklərinin,
mühüm strateji müəssisələrin Bakıda cəmləşməsinə
nail olmuşdu. Ötən əsrin 70-80-ci illərində Ulu
Öndərin rəhbərliyi ilə neft sənayesinin müasirləşdirilməsi istiqamətində inamlı
addımlar atılmış, Azərbaycanın bu sahədə
öncül mövqeləri qorunub saxlanılmışdı.
Biz bu gün aydın şəkildə görə bilirik ki, Azərbaycanın
keçmiş SSRİ-də neft sənayesinin avanqard qüvvəsinə
çevrilməsi üçün o dövrdə
aparılmış gərgin, məqsədyönlü fəaliyyət
əslində gələcəyə hesablanmış və
strateji əhəmiyyət daşımışdır. Başqa sözlə, müstəqil Azərbaycan
dövlətinin iqtisadi cəhətdən qüdrətlənməsinin
fundamental əsasları Ulu Öndər Heydər Əliyevin
70-80-ci illərdə atdığı məqsədyönlü
siyasi addımlar, neft sənayesinin texniki cəhətdən
müasirləşməsi xətti ilə qoyulmuşdur.
“Əsrin müqaviləsi” yeni dövrdə həmin xəttin
məntiqi davamını təşkil edirdi.
Bu gün Hasilatın Pay Bölgüsü
Sazişlərinin imzalanması Azərbaycan üçün
adi hala çevrilsə də, 25 il əvvəl bu, kifayət qədər
problematik bir məsələ idi. Azərbaycan öz tarixinin, bəlkə
də, ən ağır, keşməkeşli dövrlərindən
birini yaşayırdı. Siyasi və iqtisadi risklər potensial
xarici investorlar üçün qeyri-məqbul dərəcədə
yüksək idi. Müharibə vəziyyətinə
salınmış, parçalanma, hətta bir dövlət
olaraq məhv olma təhlükəsi ilə üzləşmiş,
ciddi kapital ehtiyatına malik olmayan bir ölkəyə etimad bəsləmək,
külli miqdarda sərmayə yatırmaq çoxlarına məntiqsiz
görünürdü. Üstəlik xarici təzyiqlərin
artması, məlum qüvvələrin Xəzər bölgəsi
və onun resursları uğrunda apardığı mübarizənin
kəskinləşməsi bütün mümkün konstruktiv
niyyət və meyilləri dalana dirəyirdi. O dövrdə
dünya neft bazarında şərait də indiki kimi əlverişli
deyildi. Doğrudur, sonrakı illərdə
konyunktura dəyişmiş, xam neftin qiymətləri 100 dollar
və daha yüksək qiymətə çatmışdı.
Lakin “Əsrin müqaviləsi” ilə bağlı qərar
verilən zaman dünya bazarında neftin qiyməti cəmi
10-12 dollar civarında dəyişirdi. “Azəri-Çıraq-Günəşli”
layihəsi bu yataqların zəngin ehtiyatları
baxımından müəyyən qədər cazibədar
görünsə də, xarici şirkətləri bu
yataqların işlənilməsində iştirak etməyə
stimullaşdıran amillərin çəkisi onları
ehtiyatlandıran faktorlarla müqayisədə dəfələrlə
böyük idi. Xarici tərəfdaşların
layihəyə cəlb olunması isə obyektiv zərurətdən
irəli gəlirdi. Çünki bu yataqlar bloku Xəzərin
dərinsulu hissəsində yerləşirdi, dövlət
müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan bu
mürəkkəb geoloji texniki şəraitdə işləmək
üçün lazım gələn baza parametrlərinə
tam həcmdə malik deyildi. Beləliklə, göstərilən
şəraitdə dünya miqyaslı xarici neft şirkətlərini
bu layihənin gələcəyinə inandırmaq, ölkəmizə
investisiya yatırmağa sövq etmək Azərbaycan rəhbərliyindən
xüsusi diplomatik məharət tələb edirdi. Möhtərəm Prezidentimiz İlham Əliyev o
zaman olduqca gərgin geosiyasi şəraitdə aparılan
danışıqların əsas yükünü öz
üzərinə götürərək, yüksək bilik,
bacarıq, təlqinetmə gücü və diplomatik səriştəsi
nəticəsində xarici şirkətlərin yüksək
etimadını qazanaraq Azərbaycanın milli
maraqlarının təmin edilməsinə nail oldu. 1994-cü
il sentyabrın 20-də bütün xarici və daxili
müqavimətlərə baxmayaraq, dünyanın nüfuzlu
neft şirkətləri ilə “Əsrin müqaviləsi”
imzalandı.
Çox keçmədən,
1997-ci ildə “Çıraq” yatağından ilkin neft hasil
olundu və gündəmə “qara qızıl”ı ixrac etmək,
onu dünya bazarlarına çıxarmaq məsələsi gəldi.
Əslində, bu məsələ hələ ilk dövrlərdən
həmişə diqqət mərkəzində olmuşdu.
- Yeni neft strategiyasının həyata
keçirilməsində ixrac boru kəmərlərinin
inşası və istifadəyə verilməsi nə dərəcədə
əhəmiyyət kəsb edirdi?
- Zəngin neft
ehtiyatlarımızın xarici tərəfdaşlarla birlikdə
işlənilməsini zərurətə çevirən səbəblərdən
biri də bu idi ki, Xəzər dənizi qapalı hövzədə
yerləşirdi və ölkəmizin dünya neft
bazarlarına birbaşa çıxışı yox idi.
Beləliklə, 1996-cı ilin yanvarında Azərbaycan neftinin
Bakı-Novorossiysk marşrutu ilə nəql edilməsi
haqqında Rusiya Federasiyası ilə hökumətlərarası
saziş imzalandı. 1997-ci ilin oktyabr ayında həmin xətt
istifadəyə verildi. Amma hasil olunacaq böyük neft həcmləri
ilə müqayisədə bu kəmərin
ötürücülük qabiliyyəti məhdud idi. Digər tərəfdən Azərbaycan xam neftin nəqli
məqsədi ilə ixrac kəmərlərinin şaxələndirilməsi
prinsipini əsas götürmüşdü. Bu baxımdan
1997-ci ildə neftin Bakı-Supsa marşrutu ilə Qara dənizə
çıxarılması haqqında Gürcüstanla
sazişin imzalanması mühüm hadisə oldu. 1999-cu
ildə isə Bakı-Supsa neft kəməri və
Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac
terminalı istismara verildi və Azərbaycan nefti qərbə
doğru istiqamət götürdü.
Bununla belə, neft hasilatında
baş verən sıçrayış təxirə
salınmadan əsas ixrac boru kəmərinin
inşasını aktuallaşdırırdı. Ulu Öndər
Heydər Əliyev strateji önəm daşıyan
Bakı-Tbilisi-Ceyhan marşrutunu irəli sürdü və sonadək
bu ideyanı dəstəkləyərək, kəmərin
bu istiqamətdə gerçəkləşməsinə nail
oldu. Bakını inkişaf etmiş Qərb
dövlətləri ilə bağlayan etibarlı enerji
körpüsü kimi nəzərdə tutulan bu kəmər ətrafında
gedən sərt geosiyasi polemikaya baxmayaraq, Ulu Öndərin siyasi
qətiyyəti nəticəsində 2006-cı il may
ayının 28-də Azərbaycan nefti Ceyhan limanına
çatdırıldı və “Üç dənizin əfsanəsi”
adlandırılan BTC layihəsi də gerçəkliyə
çevrildi. Zaman keçdikcə bu kəmər
Mərkəzi Asiya mənşəli neft həcmlərinin
dünya bazarına etibarlı nəql vasitəsi kimi əhəmiyyətini
artırdı. BTC ilə eyni dəhlizdə inşa edilən və
“Şahdəniz” yatağından hasil olunan təbii qaz həcmlərinin
ixracı məqsədinə xidmət edən
Cənubi Qafqaz boru kəməri (CQBK) hazırda genişləndirilərək,
Avropanın enerji təhlükəsizliyi sisteminin tərkib hissəsi
kimi nəzərdə tutulan möhtəşəm Cənub Qaz
Dəhlizinin 4 əsas seqmentindən birini təşkil edir və
qlobal əhəmiyyətli mühüm texniki-iqtisadi
infrastruktur olaraq fəaliyyət göstərir. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
dönməz siyasi iradəsi və yorulmaz səyləri sayəsində
bu gün artıq reallığa çevrilmiş Cənub Qaz
Dəhlizi qarşıdakı dövrdə bizi Avropa ölkələri
və Avropadan olan tərəfdaşlarımızla daha sıx
bağlayacaq, ölkəmiz üçün yeni,
güclü bir gəlir mənbəyinə çevriləcəkdir.
Beləliklə, ölkəmizdə qısa müddətdə
şaxələndirilmiş ixrac neft və qaz kəmərləri
sisteminin qurulub inkişaf etdirilməsi “Əsrin müqaviləsi”nin
Azərbaycana qazandırdığı başlıca nailiyyətlərdən
biridir. Azərbaycanda Xəzər hövzəsindən
Avropayadək uzanan çoxşaxəli boru kəmərləri,
liman və terminallar, bir sözlə, tam işlək, müstəqil
infrastruktur yaradılmışdır və bu, ölkəmizin
şəksiz üstünlüyünə dəlalət edir.
Üçüncü tərəflər bizim transmilli və
qitələrarası infrastrukturdan yararlanaraq, öz
enerji resurslarını beynəlxalq bazarlara çıxara bilərlər.
- Neft təbii sərvət kimi Azərbaycanın
həyatında hansı rola malikdir?
- Möhtərəm Prezidentimiz İlham
Əliyev “Əsrin müqaviləsi”nin tarixi əhəmiyyətini
vurğulayarkən onu “uğurlu inkişafımızın əsas
mənbəyi” adlandırır. Son 25 ildə ölkəmizdə
neft hasilatı 4 dəfədən çox
artmışdır. Bu, olduqca böyük nəticədir
və ölkə həyatının bütün sahələrində
özünü parlaq şəkildə büruzə
vermişdir. Əldə olunan neft gəlirlərinin səmərəli
idarə edilməsi nəticəsində ordunun, təhsil, elm və
səhiyyə müəssisələrinin müasirləşdirilməsi,
sosial xidmətlərin səviyyəsinin yüksəldilməsi,
urbanizasiya və müasir şəhər infrastrukturunun
inkişaf etdirilməsi və başqa sahələrdə əsl
sıçrayış baş vermişdir.
Təsadüfi deyil ki, bu 25 il ərzində
ölkədə ümumi daxili məhsul 216 dəfə
artmış, yoxsulluq səviyyəsi 10 dəfədən də
çox azalmışdır. Azərbaycan bu
gün iqtisadi yüksəliş tempinə görə
dünyanın aparıcı dövlətləri ilə bir
sırada dayanır. Ölkədə abadlıq, quruculuq
işləri genişlənir, şəhərlər, kəndlər
simasını dəyişir, iritutumlu sosial layihələr
müvəffəqiyyətlə həyata keçirilir. Uğurla gerçəkləşdirilən iqtisadi
islahatların bəhrələri xalqımızın gündəlik
həyatında, məişətində, maddi rifah halında əks
olunur. İqtisadiyyatın, sosial inkişafın müxtəlif
seqmentlərində keçirilən layihələr, dövlət
və özəl müəssisələr tərəfindən qoyulan sərmayələr həm
birbaşa, həm də dolayısı ilə yüz minlərlə,
milyonlarla Azərbaycan vətəndaşı üçün
iş yerləri, biznes imkanları, müxtəlif sahələrdə
dayanıqlı, fəal qazanc mənbələri yaradıb.
Neft gəlirlərinin insan kapitalına transformasiyası həyatımızın
keyfiyyət göstəricilərinin, ilk növbədə isə,
xalqımızın maddi rifah halının durmadan yüksəlməsinə
səbəb olub. Möhtərəm Prezidentimizin sözləri
ilə desək, “Əsrin kontraktı” bizə imkan verdi ki, neftdən
gələn gəlirləri qeyri-neft sektoruna yönəldək
və hər bir Azərbaycan vətəndaşı bu müsbət
dəyişikliyi görsün. Hesab edirəm ki, bu sahədə
də bir çox neft hasil edən ölkələrdən fərqli
olaraq Azərbaycan nefti insan kapitalına çevirə bildi”.
“Əsrin müqaviləsi” Azərbaycan
iqtisadiyyatının aparıcı qüvvəsi olan qədim
neft-qaz sənayesində yeni dövrün
başlanğıcını qoydu. Kontrakt sahələrində
dünya standartlarına uyğun ən yüksək texnika və
texnologiyanın tətbiq olunması neft-qaz sənayesinin modernləşdirilməsi
baxımından çox mühüm əhəmiyyət kəsb
edir. Nəzərə alınmalıdır ki, “AÇG”
yataqlar bloku olduqca mürəkkəb geoloji quruluşa malikdir. Belə bir çətin zonada cəmi 25 il ərzində
nisbətən sadə bir platformada icra olunan “İlkin neft”
layihəsindən nəhəng tammiqyaslı işlənmə
mərhələsinə keçilməsində və belə
böyük uğurlar qazanılmasında texnoloji yeniliklərin
müstəsna rolu olmuşdur. Ötən müddətdə
ölkəyə ümumilikdə təqribən 265 milyard, neft
sənayesinə 101 milyard ABŞ dolları həcmində
investisiya qoyulmuşdur. Təkcə “AÇG”nin işlənilməsinə
yatırılmış sərmayənin miqdarı 36
milyardı keçmişdir. Neftqazçıxarma
sahələrində texniki-iqtisadi göstəricilərin
yaxşılaşdırılması, istehsalın
optimallaşdırılması, effektivliyin yüksəldilməsi,
texniki və ekoloji təhlükəsizliyin təminatı məqsədilə
mövcud elmi-texniki potensialdan səmərəli istifadə
edilmiş, müxtəlif əməliyyatların icrası
üçün yeni texnika, maşın-mexanizmlər tətbiq
olunmuşdur. Elmtutumlu innovativ yanaşmanın nəticəsidir
ki, Xəzərin Azərbaycan sektorunda yaradılmış dəqiq
hasilat və nəqletmə sistemi miqyas və səmərəliliyinə
görə bütün dünyada nümunə göstərilir.
Qürurla deyə bilərik ki, neftçıxarma ilə məşğul
olan çox az ölkədə belə təkmil sistemə
rast gəlmək mümkündür.
Yeri gəlmişkən, mən
“Əsrin müqaviləsi” və sonrakı sazişlər
çərçivəsində bizimlə
çiyin-çiyinə çalışaraq, məsuliyyəti
bölüşmüş tərəfdaş şirkətlərin
əməyini qeyd etmək və uzunmüddətli uğurlu əməkdaşlığa
görə onlara təşəkkürümü bildirmək
istəyirəm. İnvestor və kontraktor şirkətləri
ilə əməkdaşlığımız sağlam təməllər
üzərində qurulmuş, bu əməkdaşlığın
rəngarəng modelləri tapılmışdır. Möhtərəm
Prezidentimiz İlham Əliyev cənablarının dediyi kimi:
“Azərbaycan aparıcı xarici neft şirkətləri ilə
çox uğurlu əməkdaşlıq formatı
yaratmışdır. Bu, bizə böyük
faydalar gətirib. Əlbəttə ki, xarici tərəfdaşlar
da bu layihələrin icrası nəticəsində
böyük mənfəət əldə ediblər”. Ölkəmiz
bütün dünyada xarici investorlar üçün
etibarlı və stabil tərəfdaş kimi tanınır.
Azərbaycana sərmayə qoyan şirkətlərə
yaradılmış əlverişli investisiya mühiti
“Əsrin müqaviləsi”nin başa çatmasına bir
neçə il qalmış 2017-ci ildə “AÇG” layihəsi
üzrə yeni Sazişin imzalanmasına imkan yaratdı. Layihənin
2050-ci ilədək uzadılması haqqında bu yeni investisiya
sazişi tərəfdaşlarımızın Azərbaycana
göstərdikləri yüksək etimadın təzahürüdür.
İnanıram ki, “Əsrin müqaviləsi”nin davam etdirilməsi
əməkdaşlığımızın daha da genişlənməsinə
imkan verəcəkdir.
- Rövnəq müəllim, bu
gün artıq Azərbaycan dünyada qaz ixrac edən ölkə
kimi də tanınır. Ölkəmiz xaricə təbii qaz
ixrac etməklə yanaşı, həm də qaz emalı və
kimyası sənayesinin inkişafını diqqət mərkəzində
saxlayır. Bu barədə nə deyə bilərsiniz?
- 25 il bundan əvvəl ölkənin
təbii qaza olan daxili tələbatını ödəmək
üçün xaricdən qaz idxal edən Azərbaycan
dünyada təbii qaza tələbatın sürətlə
artdığı indiki dövrdə beynəlxalq miqyasda
tanınmış yeni təbii qaz mənbəyi, mühüm
qaz ixracatçısı kimi tanınır. Son 11 ildə ölkə üzrə qaz ixracı 5 dəfədən
çox artıb. 1999-cu ildə kəşf, 2006-cı ildən
istismar edilən, dəniz akvatoriyalarında ən böyük
qaz-kondensat yataqlarından olan, ehtiyatları 1,2 trilyon kubmetr qaz
və 240 milyon tondan artıq kondensat həcmində qiymətləndirilən
“Şahdəniz” yatağının işlənilməsi
nəticəsində enerji müstəqilliyini tam təmin
etmiş Azərbaycan həm də qlobal miqyaslı nəhəng
qaz layihələrinin təşəbbüskarına və
aparıcı qüvvəsinə çevrilmişdir. Ötən
il Azərbaycanın liderliyi ilə həyata keçirilən
Cənub Qaz Dəhlizi meqa-layihəsinin 4 seqmentindən
3-nü uğurla başa vurduq. Artıq “Şahdəniz-2” layihəsi
çərçivəsində hasil olunan qazın Avropaya nəql
edilməsinə tam hazırıq. Dəhlizin sonuncu seqmenti olan
TAP kəmərinin tikintisi üzrə işlər də sona
çatmaqdadır. SOCAR, eyni zamanda, həm Azərbaycanın,
həm də qonşu Gürcüstanın əsas qaz
operatorudur. Bu gün ölkəmizdə qazlaşdırma səviyyəsi
96 faizə yaxındır. Qaz tədarükü və
qazlaşdırma sahəsində qazandığımız zəngin
təcrübə bu yaxınlarda Türkiyədə satın
aldığımız qazpaylaşdırıcı şəbəkənin
də səmərəli idarə olunacağına əminlik
yaradır.
Ötən 25 ildə Azərbaycanda qaz
hasilatı 5 dəfə, son 11 ildə isə 30,3% artıb. Bu
müsbət dinamika davamlı xarakter daşıyır. Cari
ilin sonuna qədər ümumi qaz hasilatında 20% artım
proqnozlaşdırılır. Bu dinamika növbəti illərdə
də yüksələn xətt üzrə davam edəcəkdir.
Xəzərin Azərbaycan sektoru qaz-kondensat ehtiyatları ilə
zəngindir. “Şahdəniz”lə yanaşı, “Abşeron”,
“Qarabağ”, “Ümid” kimi yataqlarda aparılan
genişmiqyaslı axtarış-kəşfiyyat və hasilat
işləri mühüm uğurlar vəd edir. “Babək”,
“Şəfəq”, “Asiman”, “Əşrəfi”, “Dan ulduzu”,
“Aypara” strukturlarından da gözləntilərimiz
böyükdür. Bu müsbət trend
qarşımızda həm də qaz emalı və kimyası
sənayesinin inkişafı üçün yeni üfüqlər
açır, bizi indiyə qədər idxal olunan məhsulları
ölkə daxilində istehsal edən yeni müəssisələr
yaratmağa ruhlandırır. Ötən il bu istiqamətdə
mühüm irəliləyişə nail olduq, “SOCAR
Polymer” layihəsi çərçivəsində tikilmiş
polipropilen və yüksək sıxlıqlı polietilen
qurğularında və “SOCAR Karbamid” zavodunda istehsala
başladıq.
Yeni zavodların spesifikası bundan ibarətdir
ki, həm son istehlak məhsulları istehsal etməklə
ölkədaxili tələbatın təminatına imkan verəcək,
həm də Azərbaycanın ixrac potensialını
genişləndirəcəkdir. Belə ki, bu müəssisələrin
məhsulları ölkəmizdə qeyri-neft sektorunun, ilk
növbədə mühüm əhəmiyyətə malik
aqrar sektorun, habelə kiçik və orta sahibkarlıq fəaliyyətinin
inkişafına güclü təkan verəcəkdir. “SOCAR
Polymer”in qurğularında istehsal edilən məhsulların 75
faizinin, azot gübrəsi karbamid məhsulunun isə 2/3 hissəsinin
xarici bazarlara ixrac ediləcəyi nəzərdə tutulur. Hər
iki zavodda xammal kimi Heydər Əliyev adına Bakı Neft
Emalı Zavodunun və “Azərikimya” İstehsal Birliyinin məhsullarından
istifadə edilir. Bu nəhəng neft-qaz emalı və kimya
komplekslərində aparılan yenidənqurma və modernləşdirmə
işləri uğurla davam etdirilir. Görülən
tədbirlər daunstrim, yəni emal və kimya sənayesinin
müasirləşdirilməsi, yeni qurğular inşa edilməsi,
məhsulların kəmiyyət və keyfiyyət göstəricilərinin
yüksək Avropa standartlarına
uyğunlaşdırılması məqsədlərinə
xidmət edir.
Polimer və karbamid layihələrinin bir əsas
özəlliyi də ölkəmizdə neft-qaz sənayesinin
qarşıdakı inkişaf perspektivlərini, sahənin gələcəyinə
strateji baxışı əks etdirməsi ilə
bağlıdır. Bu məsələ, düşünürəm
ki, xüsusi vurğulanmalıdır. Möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin dayanıqlı inkişaf
strategiyasına əsasən, yaxın perspektivdə
qarşıda Azərbaycanın qeyri-neft sektorunun yüksəlişinə
nail olmaq vəzifəsi durur. Çünki neft və qaz
tükənən resurslardır və bunların daimi gəlir
mənbəyi olması təbii səbəblərdən
qeyri-mümkündür. Hətta dünyanın ən zəngin
neft yataqları belə vaxt ötdükcə təbii olaraq
tükənir. Uzun müddət işlənən yataqlarda
hasilat tempinin azalması qaçılmazdır. Odur ki, ənənəvi
hasilat məhsulları olan neft və qazdan
asılılığın azaldılması bizim
üçün prioritet istiqamətdir. Neft və qaz
kimyası isə bu cəhətdən, əksinə, əlverişli
perspektivlər açır. Müşahidələr göstərir
ki, neft-qaz kimyası planet miqyasında getdikcə daha
mühüm rol oynayan sahələrə çevrilir. Polimerlərin, plastik maddələrin yaxın gələcəkdə
məişətimizin bir çox sahələrində tükənən
resursları əvəzləyə biləcəyi haqqında tədqiqatlar
bütün dünyada neft-qaz sənayesi biznesinin inkişaf məntiqinə
güclü təsir göstərmişdir. Bu məntiqlə yanaşdıqda aydın görə
bilirik ki, daha çox çeşiddə məhsul istehsal edən
şirkətlər, yəni bazara həm xam neft, həm
neft-kimya, həm də neft-qaz məhsulları çıxaran
şirkətlər bir sahədə baş verə biləcək
volatillik və böhranlardan özlərini daha yaxşı
sığortalaya bilir. Bir məhsulun satış qiymətində
azalma müşahidə edilərsə, digər məhsul
növlərinin satışı ilə bu azalmanı
kompensasiya etmək mümkün olur. Məhz buna görə də
gələcəyə baxışımız investisiya
portfelinin şaxələndirilməsi ilə
bağlıdır və Azərbaycanda, eləcə də
xaricdə yeni neft-kimya və qaz-kimya müəssisələrinin
tikilib istismara verilməsini nəzərdə tuturuq.
- Rəhbərlik etdiyiniz SOCAR bu gün artıq
dünyanın tanınmış enerji şirkətləri
sırasındadır. Şirkətin xaricdə həyata
keçirdiyi layihələr Azərbaycan iqtisadi
gücünü nə dərəcədə möhkəmləndirir?
- Azərbaycanın qədim və
şərəfli tarixə malik neft-qaz sənayesinin layiqli
varisi olan SOCAR 25 il əvvəl regiondakı çoxsaylı
yerli hasilatçı şirkətlərdən biri idisə,
bu gün artıq dünyanın tanınmış enerji
şirkətləri sırasında qərarlaşaraq ölkəmizin
qlobal brendinə çevrilib. Təkcə son 10 ildə
şirkətimizin aktivləri 4 dəfədən çox, cəmi
pul vəsaitləri və ekvivalentləri isə 9 dəfəyə
yaxın artım tempi göstərmişdir. SOCAR və onun
müəssisələri hazırda dünyada tətbiq olunan əsas
müasir texnoloji nailiyyətlərdən yararlanır. Biz artıq ən mürəkkəb geoloji
strukturlarda qazma, hasilat işləri aparır, böyük dərinliklərdə
platformalar quraşdırır, yüksək təzyiq şəraitində
quyular qazır, maili və üfiqi qazma metodlarından
uğurla istifadə edirik və bütün bunlar əvvəlki
dövrlə müqayisədə bizim üçün
adi prosesə çevrilib. Bu günə qədər
Xəzər hövzəsində ən dərin quyular Heydər
Əliyev adına yarımdalma qurğusu vasitəsi ilə
SOCAR-ın qazmaçıları tərəfindən
qazılmışdır. Əvvəlki mərhələlərdən
fərqli olaraq indi “AÇG” və “Şahdəniz” layihələrinin
bütün əsas tikinti-quraşdırma, qazma və digər
xidmət işləri tam olaraq Azərbaycanda, yerli mütəxəssislər
tərəfindən və yüksək beynəlxalq standartlara
uyğun həyata keçirilir. SOCAR həmçinin
Xəzər hövzəsindəki qonşu ölkələrin
neft-qaz yataqlarının işlənməsində də
yaxından iştirak edir. Şirkətimiz ənənəvi fəaliyyət
istiqamətlərinin, ənənəvi bazarlarının
hüdudlarını çoxdan aşmışdır.
SOCAR məqsədyönlü şəkildə yeni beynəlxalq
bazarlar kəşf edir, effektiv investisiya proqramları həyata
keçirir, uğurlu ticarət əməliyyatları
aparır. Son 10 ildə şirkətimizin dövriyyəsi 26 dəfədən
çox artmış və gəlirlərin böyük hissəsi
Azərbaycanın hüdudlarından kənarda əldə
olunmuşdur. Xaricdəki aktivlərimiz,
Gürcüstan, Türkiyə, Ukrayna, Rumıniya,
İsveçrə, Avstriya, BƏƏ kimi ölkələrdə
əldə etdiyimiz terminallar, limanlar, zavodlar, emal, neft-kimya,
logistika kompleksləri, yanacaqdoldurma və texniki servis məntəqələri
Azərbaycan dövlətinin mülkiyyəti olaraq, ölkəyə
sabit dividendlər gətirir, onun iqtisadi gücünün
möhkəmlənməsinə xidmət edir. Azərbaycan
SOCAR-ın timsalında qardaş Türkiyənin ən
böyük xarici investorudur. Ötən il qardaş ölkədə
tikib istismara verdiyimiz STAR neft emalı zavodunda istehsal olunan məhsullar
ən böyük aktivimiz olan PETKİM-i xammalla təchiz etməklə
yanaşı, Türkiyədəki biznes şəbəkəmizin
inkişafına yeni təkan vermişdir.
İdarəçilik, kadr
hazırlığı, avtomatlaşdırma və rəqəmsallaşdırma,
beynəlxalq maliyyə standartlarına keçid, uçot-nəzarət
sisteminin təkmilləşdirilməsi, insan
resurslarının inkişafı istiqamətləri üzrə
aparılmış islahatlar öz bəhrələrini verir. Neftçilərin
əmək şəraitinin
yaxşılaşdırılması, asudə
vaxtlarının və istirahətinin səmərəli təşkili
məsələləri daim diqqət mərkəzindədir.
Müasir biliklərə yiyələnmiş, yüksək
texnologiyalar mənimsəmiş yeni mütəxəssislər
nəsli yetişdirilmişdir. Keçmişdən miras
qalmış ekoloji problemlərin həlli məqsədi ilə
icra olunan layihələrimiz beynəlxalq təşkilatlar tərəfindən
rəğbətlə qarşılanır. Sosial məsuliyyətini
dərindən dərk edən SOCAR regionların sosial-iqtisadi
inkişaf proqramlarında, Heydər Əliyev Fondunun layihələrində
yaxından iştirak edir. Bir sözlə, şirkətimiz
böyüyür, qol-budaq atır, davamlı inkişaf edir. Bütün bu inkişafın kökündə
durmuş “Əsrin müqaviləsi”
çıxdığımız yolda bizim etibarlı bələdçimizdir.
İllər keçəcək, nəsillər bir-birini əvəz
edəcək, lakin “Əsrin müqaviləsi” çərçivəsində
qazanılmış nailiyyətlər xalqımızın
yaddaşında əbədilik yaşayacaqdır.
Fürsətdən istifadə edərək,
neftçi həmkarlarımı 20 sentyabr - Neftçilər
Günü münasibəti ilə ürəkdən təbrik
edir, onlara ən xoş diləklərimi yetirirəm.
Yeni Azərbaycan.-
2019.- 20 sentyabr.- S.4