Humanist ruhlu pedaqoq və alim - Rəfiqə Əliyeva

 

Görkəmli alim, akademik Rəfiqə Əlirza qızı Əliyeva onu tanıyanların yaddaşında əsl Azərbaycan qadını, elm fədaisi və humanist qəlbli insan kimi yaşayır, işıqlı xatirəsi daim ehtiramla anılır. Bakı Dövlət Universitetinin Analitik kimya kafedrasının müdiri, professor Famil Çıraqovun “Humanist ruhlu pedaqoq və alim” sərlövhəli məqaləsində Rəfiqə Əliyevanın kimya elminin inkişafına verdiyi töhfələrdən, zəngin pedaqoji fəaliyyətindən, yüksək insani keyfiyyətlərindən bəhs olunur. AZƏRTAC məqaləni təqdim edir.

İnsanın həyatda qazandığı əsl zənginlik özü haqqında yaddaşlarda oyatdığı xoş təəssüratlar, xatirələrdir. Onun cismani yoxluğundan sonra belə xatirələri canlandırmaq, mənalandırmaq - ruhuna ehtiram etmək deməkdir. Yaddaşlarda silinməz iz qoyan belə insanlardan biri də sentyabrın 20-də doğum günü qeyd olunan humanist ruhlu pedaqoq və alim Rəfiqə Əliyevadır. Artıq iki ildir ki, Rəfiqə xanım aramızda yoxdur.

Əgər insan xatırlanırsa, deməli, yaşayır. Rəfiqə xanımın xatirəsi daim yaşayacaq və əziz tutulacaq. Rəfiqə Əliyevanın xatirəsinin abidələşməsi onun qəlbinin incəliyindən, dərin zəkasından, insanlara məhəbbətindən, elm fədaisi olmasından qaynaqlanır. O, Azərbaycanın elm tarixində analitik kimya ixtisası üzrə ilk və yeganə akademik kimi qalır.

Ömrünü analitik kimya elminin inkişafına və bu sahədə gənc alim nəslinin yetişməsinə həsr etmiş akademik Rəfiqə Əliyevanın yüksəkixtisaslı kadrlar hazırlanmasında böyük xidmətləri olub. Yarım əsrdən artıq pedaqoji fəaliyyətlə məşğul olan alimin yetirmələri Azərbaycanda, həmçinin dünyanın bir çox ölkələrində fəaliyyət göstərərək, böyük alimdən əldə etdikləri bilikləri bəşəriyyətin tərəqqisinə sərf edirlər.

Akademik Rəfiqə Əliyeva ekoloji kimya və analitik kimya sahəsində aparılan elmi tədqiqat işlərinə rəhbərlik edirdi. Bu tədqiqatları inkişaf etdirmək üçün o, 2001-ci ildə Bakı Dövlət Universitetində “Ekoloji kimya və ətraf mühitin mühafizəsi” Elmi-tədqiqat laboratoriyasını yaratdı. Bu laboratoriya onun rəhbərliyi altında ekoloji tədqiqatlar baxımından ölkədə ən qabaqcıl elm mərkəzinə çevrildi və ekologiyanın aktual problemləri istiqamətində işləri ilə ölkəmizin davamlı inkişafının təmin olunmasına töhfələr verdi.

Əməkdar elm xadimi Rəfiqə Əlirza qızı Əliyevanın həyat tarixçəsinə nəzər salaq. O, 1932-ci il sentyabrın 20-də Naxçıvan şəhərində anadan olub. Ali təhsilini 1951-1955-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsində alıb. Əmək fəaliyyətinə 1956-cı ildə Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda (indiki akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) kiçik elmi işçi vəzifəsində başlayıb. 1960-cı ildə ADU-nun Analitik kimya kafedrasında analitik kimya ixtisası üzrə aspiranturaya qəbul olunub. 1964-cü ildən ömrünün sonunadək Bakı Dövlət Universitetinin Analitik kimya kafedrasında işləyib və assistentdən başlayaraq baş müəllim, dosent, professor vəzifəsinə qədər yüksəlib. 1970-ci ildə “Germaniumun bəzi üzvi reagentlərlə əmələ gətirdiyi birləşmələrin spektrofotometrik tədqiqi və onun fotometrik metodla təyini” mövzusunda namizədlik dissertasiyası, 1999-cu ildə isə kimya elmləri doktoru elmi dərəcəsini almaq üçün “d-, f- elementləri və germaniumun tərkibində N-, S-, O- olan liqandlarla müxtəlifliqandlı kompleksləri və analitik tətbiqi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1999-cu ildə professor elmi adını alıb və analitik kimya kafedrasının professoru vəzifəsində çalışıb. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə həqiqi üzvü seçilib.

Ulu Öndər Heydər Əliyevin gərgin səylərinin nəticəsi olan “Əsrin müqaviləsi”ndən sonra respublikamızda neftçıxarma, eləcə də neft emalı sahəsi sürətli inkişaf yoluna qədəm qoydu. Belə bir vaxtda ətraf mühitə nəzarət, ekoloji tarazlığın qorunması gündəmdə olan məsələlərdən biri idi. Rəfiqə xanımın rəhbərlik etdiyi laboratoriyada radioaktiv və ağır metalların ayrılması və təyini üçün yeni metodlar işlənib hazırlanıb. Bu metodikalar neft çıxarılan zaman ətraf mühitə axıdılan tullantı suların və atılan bərk tullantıların analizi və həmin elementlərin onların tərkibindən ayrılması üçün tətbiq olunub. Tədqiqat nəticəsində bu tullantıların ətraf mühitə təsiri müəyyən edilib.

Akademik Rəfiqə Əliyevanın rəhbərliyi ilə elmi-tədqiqat laboratoriyasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyində olan müəssisələrlə elmi-texniki təsərrüfat müqaviləli işlər yerinə yetirilib. Bunun nəticəsində Bakı Dövlət Universiteti böyük miqdarda mənfəət əldə edib.

Rəfiqə xanımın əsərləri, tələbələri və ailə üzvləri Azərbaycan cəmiyyətində özlərini təsdiqləyiblər. O, cəmiyyət üçün layiqli övladlar böyüdən ana və qayğıkeş nənə idi. Rəfiqə xanım yada düşəndə xatirələrimizdə son dərəcə mədəni, sadə, mərd insan canlanır. Gözəl ana, tanınmış ictimai xadim, pedaqoq, alim və ən əsası əsl Azərbaycan xanımı - Rəfiqə Əliyevanın həyatı bir çox qadınlara örnəkdir. Müasir Azərbaycan qadın hərəkatının tanınmış simalarından biri olan Rəfiqə xanım Dünya Azərbaycan Qadınları Birliyinin fəxri sədri seçilmişdi. O, öz həyatı və fəaliyyəti ilə sübut etdi ki, qadınlar həm elmlə məşğul ola bilər, həm də sağlam ailə qura və layiqli övladlar yetişdirə bilərlər.

Görkəmli alimin rəhbərliyi altında aparılan tədqiqatların nəticələri neft şlamında, neft çıxarılan zaman axıdılan tullantı sularında, dəniz suyunda qatılaşdırılaraq təyini üçün tətbiq edilib. Akademik Rəfiqə Əliyevanın rəhbərliyi ilə analitik kimya sahəsində görülən elmi işlər həmişə xüsusi maraq kəsb edib. Görkəmli alimin rəhbərliyi altında aparılan tədqiqatların nəticələri neft şlamında, neft çıxarılan zaman axıdılan tullantı sularında, dəniz suyunda qatılaşdırılaraq təyini üçün tətbiq edilib.

O, ilk dəfə olaraq analitik reaksiyaları xarakterizə edən parametrlərlə kompleks birləşmələrin quruluşu arasındakı asılılığı müəyyənləşdirib, liqand-liqand qarşılıqlı təsirini müxtəlif fiziki-kimyəvi metodlarla öyrənməklə qarışıqliqandlı kompleks birləşmələrin alınmasında ümumi komponentin seçilmə prinsipi haqqında müəyyən fikirlər irəli sürüb. Təcrübi nəticələrə əsasən müəyyən edib ki, qarışıqliqandlı kompleks birləşmələrin alınmasında binar sistemə əlavə olunan üçüncü komponent metala koordinasiya edərsə, kompleks birləşmələrin davamlılığı artır, bu isə seçiciliyin artmasına səbəb olur. Əgər üçüncü komponent liqandla qarşılıqlı təsirdə olarsa, onda çox vaxt kompleksəmələgəlmə reaksiyalarının həssaslığı artmış olur. Akademikin bu sahədə apardığı elmi tədqiqat işləri çoxillik təcrübəyə malik tanınmış alimlərin diqqətini cəlb edib.

Akademikin pedaqoji fəaliyyəti də yüksək dəyərləndirilirdi. O, tələbələrin sevimli müəllimi idi. Tələbələrinin hər bir problemi ilə maraqlanar, qabiliyyətli tələbələri elmi işə cəlb edərdi. Rəhbəri olduğu laboratoriyaya yüksək elmi potensiala malik tələbələri toplamışdı.

Rəfiqə Əliyeva ABŞ, Fransa, İspaniya, Rusiya, Yaponiya və digər ölkələrdə keçirilən Beynəlxalq simpozium və konfransların iştirakçısı olub. O, 500-ə yaxın elmi məqalə, 2 monoqrafiya, 25 dərs vəsaiti, 3 tərcümə kitabı, 20 patentin müəllifidir. Onun rəhbərliyi altında 20 fəlsəfə elmləri doktoru və 2 doktorluq dissertasiyası müdafiə edilib. Rəfiqə xanımın təşəbbüsü ilə Moskva Dövlət Universitetinin Analitik kimya kafedrasının əməkdaşları tərəfindən nəşr olunmuş “Analitik kimyanın əsasları” (2 cilddə) və “Analitik kimyadan məsələ və suallar” kitabları Azərbaycan dilinə tərcümə olunub. Bu kitablar Azərbaycanın ali təhsil müəssisələrinin müəllim, elmi işçi və doktorantlarının inkişafına güclü təsir göstərib. Akademik Rəfiqə Əliyeva tərəfindən ilk dəfə olaraq Analitik kimyadan Azərbaycan-rus-ingilis terminlər lüğəti çap edilib. Bu lüğət kimyaçı alimlərin stolüstü kitabıdır.

Onun tərəfindən biologiya fakültələri üçün hazırlanan “Analitik kimya” dərsliyi dilinin sadəliyi ilə müəllim və tələbələrin böyük marağına səbəb olub. Eyni zamanda, akademikin həmmüəllifliyi ilə iki hissədən ibarət “Neft-kimya sənayesində istifadə olunan kimyəvi analiz metodları” kitabı nəşr edilib. İlk dəfə olaraq neft sənayesinin laboratoriyaları üçün nəşr edilən bu kitablarda neft-kimya sənayesində istehsal prosesində və ətraf mühitin qorunmasında lazım olan ən vacib analiz metodlarına geniş yer ayrılıb.

Rəfiqə xanım Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən D 02.011 şifrli Dissertasiya Şurasının sədr müavini, Bakı Dövlət Universitetinin və kimya fakültəsinin elmi şuralarının üzvü olub. 2018-ci il sentyabrın 6-da “Azərbaycanım” Beynəlxalq Jurnalının redaksiya şurası ölkəmizin tanınmış ictimai xadimi, kimya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, “Şöhrət” ordeni laureatı, Əməkdar elm xadimi, akademik Rəfiqə Əlirza qızı Əliyevanın adının əbədiləşdirilməsi məqsədilə “Akademik Rəfiqə Əliyeva adına Qızıl Orden” təsis edib.

Akademik Rəfiqə Əliyevanın elmi-pedaqoji fəaliyyəti Azərbaycan dövləti tərəfindən layiqincə qiymətləndirilib. Azərbaycan Prezidentinin Sərəncamı ilə o, “Əməkdar elm xadimi” adına layiq görülüb, “Şöhrət” ordeni ilə təltif edilib. Akademik Y.Məmmədəliyev adına mükafatın laureatı olan Rəfiqə Əliyeva Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Amerika Biblioqrafiya İnstitutu tərəfindən “2001-ci ilin adamı” və “2001-ci ilin işgüzar qadını” seçilib. 2003-2004-cü tədris ilində akademik Rəfiqə Əliyeva Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Fəxri fərmanı” ilə təltif olunub. 2005-ci ildə Bakı Dövlət Universitetinin təsis etdiyi “İlin alimi” fəxri adına layiq görülüb. Onun ekologiyaya və ümumi ekologiyaya aid dərs vəsaitləri isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Həsən Əliyev adına mükafatı ilə qiymətləndirilib.

Görkəmli alim, həssas qəlbli insan, qayğıkeş ana Rəfiqə xanım Əliyevanın əziz xatirəsi qəlbimizdə həmişə yaşayacaq və gənc nəsil onun yaratdığı elmi istiqaməti davam etdirəcək.

 

Yeni Azərbaycan.- 2019.- 20 sentyabr.- S.7