YAP İcra Katibliyində Energetika naziri Pərviz Şahbazov mətbuat konfransı keçirib
Pərviz Şahbazov: Son 25 ildə ölkəmizdə
740 milyon ton neft hasil edilib, neft
sənayesinə 101 milyard
dollar investisiya qoyulub
Sentyabrın 19-da Yeni Azərbaycan
Partiyasının (YAP) İcra
Katibliyində Azərbaycan
Respublikasının Energetika
naziri Pərviz
Şahbazov mətbuat konfransı
keçirib. Mətbuat
konfransının “Əsrin
müqaviləsi”nin imzalanmasının 25 illiyi
və Neftçilər
Günü ərəfəsinə
təsadüf etdiyini deyən P.Şahbazov bu münasibətlə təbriklərini çatdırıb,
Azərbaycan neftçilərinə
gələcək fəaliyyətlərində
uğurlar arzulayıb.
Nazir bildirib ki, “Əsrin
müqaviləsi”nin imzalanması Azərbaycanın
güclü iqtisadi potensialının formalaşdırılmasında
müstəsna rol oynayıb, regionun və Avropanın enerji təhlükəsizliyinin
təmin edilməsinə
böyük töhfə
verib: “25 il əvvəl
“Əsrin müqaviləsi”nin
imzalanması çox
əlamətdar hadisə
idi. Bu müqavilə mürəkkəb bir dövrdə imzalandı. Çünki həmin illərdə siyasi gərginlik, iqtisadi tənəzzül var idi. Belə bir şəraitdə
“Əsrin müqaviləsi”nin
imzalanması yalnız
və yalnız Ulu Öndər Heydər Əliyevin
uzaqgörənliyi, qətiyyəti
və dünyadakı
nüfuzu nəticəsində
baş verdi”.
“Əsrin
müqaviləsi” bu günə qədər ölkəmizə 143 milyard
dollardan çox gəlir gətirib
P.Şahbazov qeyd edib ki, “Əsrin müqaviləsi” Ulu Öndər
Heydər Əliyev tərəfindən
işlənib hazırlanmış
neft strategiyasının
həyata keçirilməsinin
parlaq təzahürüdür.
Onun sözlərinə
görə, bu layihə vasitəsilə Azərbaycan beynəlxalq neft sənayesində öz imzasını atdı və dünya neft bazarında öz yerini tutdu. “Əsrin müqaviləsi” Azərbaycanın sosial-iqtisadi
inkişafının əsasını
təşkil etməklə
yanaşı, beynəlxalq
müstəvidə də
mövqelərini möhkəmləndirdi.
Eyni zamanda, “Əsrin müqaviləsi”nin
Azərbaycanın ictimai-siyasi
həyatında müstəsna
rolu olub. Ulu Öndər Heydər Əliyev
tərəfindən əsası
qoyulmuş və bu gün Prezident
İlham Əliyevin rəhbərliyi
ilə uğurla davam etdirilən neft strategiyası Azərbaycanı daha da gücləndirir”, - deyən
nazir əlavə edib
ki, bu layihə bu günə qədər ölkəmizə
143 milyard dollardan çox gəlir qazandırıb. “Əsrin
müqaviləsi” çərçivəsində
“Azəri-Çıraq-Günəşli”
yatağının işlənməsinə
36 milyard dollar sərmayə
qoyulub. Bu müqavilənin
uzadılması nəticəsində
daha 40 milyard dollar sərmayə yatırılacaq.
Nazirin sözlərinə
görə, “Azəri-Çıraq-Günəşli” istismara
veriləndən indiyə
kimi 492 milyon ton neft və 161 milyard kubmetr qaz hasil edilib.
Cari ilin 8 ayı da nəzərə alınmaqla,
son 25 ildə orta hesabla ölkəmizdə
740 milyon ton neft hasil edilib, neft
sənayesinə 101 milyard
dollar investisiya qoyulub.
Bu ilin 8 ayında isə ölkəmizdə
25,1 milyon ton neft hasil edilib, onun
da 20,2 milyon tonu ixrac edilib. Orta gündəlik neft hasilatı 769 min barrel təşkil
edib. Bununla da ölkəmiz müvafiq dövr üzrə “OPEC
plus” əməkdaşlığı çərçivəsində götürdüyü öhdəliyi
tam yerinə yetirib.
Qeyd edilib
ki, Azərbaycanın qaz
ölkəsi kimi inkişafı da enerji siyasətimizin prioritet istiqamətlərindəndir. Qaz
sahəsinin son onilliklərdə
aşağı karbonlu
enerji növü olan təbii qazın ön plana çıxması mənbə
və marşrutların
diversifikasiyası və
enerji təhlükəsizliyi
kimi məsələlərin
də əhəmiyyətini
artırıb. Bu baxımdan,
Azərbaycanın mövqeyini
gücləndirən “Cənub
Qaz Dəhlizi” qaz ölkəsi kimi inkişafa da imkanlar yaradır. Bu layihənin seqmentləri üzrə ümumi inkişaf göstəriciləri
“Şahdəniz Mərhələ
2”də 93%, TANAP-da 99,9%, TAP-da isə 90%-ə yaxındır.
İndiyə kimi
TANAP-la Türkiyəyə 2,5 milyard kubmetrdən çox qaz nəql olunub.
2021-ci ildə “Şahdəniz” yatağında qaz hasilatı 23 milyard kubmetri ötəcək
Nazirin sözlərinə
görə, “Cənub
Qaz Dəhlizi” ilə bağlı görülmüş işlər
artıq öz nəticələrini verir.
Belə ki, cari ilin 8 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə
18,8% çox, yəni
23,1 milyard kubmetr qaz hasil olunub.
Xaricə qaz satışı 7,2 milyard
kub metr təşkil edib. Bu isə 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə
26,3% çoxdur. Proqnozlara
gəlincə, 2018-ci ilə
nisbətən bu il ölkədə qaz hasilatında 19%, yəni
5,8 milyard kubmetr, qazın ixracında isə 25% artım gözlənilir. Gələn
il qaz hasilatının
40,2 milyard kubmetrə,
2021-ci ildə isə
45 milyard kubmetrə çatacağı proqnozlaşdırılır.
P.Şahbazov deyib ki, Azərbaycanın qaz ixracatçısına
və Avropanın enerji təhlükəsizliyinin
etibarlı təminatçısına
çevrilməsində “Şahdəniz”
qaz yatağı müstəsna rol oynayır: “İstismara veriləndən indiyə kimi bu yataqdan
110,8 milyard kubmetr qaz, 26,8 milyon ton kondensat hasil edilib. 73,7 milyard kubmetr qaz isə
ixraca nəql olunub. Yanvar-avqust aylarında hasil edilmiş qazın 10,9 milyard kubmetri, kondensatın isə 2,3 milyon tonu “Şahdəniz”
yatağının payına
düşür. Şahdəniz
yatağında qaz hasilatının artması
Türkiyəyə ixracla
bağlı göstəricilərə
əhəmiyyətli dərəcədə
təsir göstərib,
nəticədə ötən
ilin müvafiq dövrünə nisbətən
bu il bu ölkəyə 33,8% çox,
yəni 5,7 milyard kubmetr qaz satışı
həyata keçirilib.
“Şahdəniz” yatağından
qaz hasilatının
2018-ci illə müqayisədə
bu il 6 milyard kubmetr, gələn il 8,5 milyard kubmetr artacağı, 2021-ci ildə
isə 12 milyard kubmetr çox artaraq 23 milyard kubmetri ötəcəyi gözlənilir. Ölkəmizdə
qaz istehlakı isə 2018-ci ildə 12,6 milyard kubmetr olub. Bu il və növbəti il ərzində
qaz istehlakının
14 milyard kubmetri ötəcəyi gözlənilir.
2019-2023-cü illərdə “Abşeron” qaz-kondensat yatağı, “Şəfəq-Asiman”,
“Babək” perspektiv strukturları, “Ümid” və “Qarabağ” yataqları üzrə görüləcək tədbirlər
ölkə iqtisadiyyatının
gələcəkdə qazla
fasiləsiz və keyfiyyətli təminatına
imkan yaradır”.
Nazir diqqətə çatdırıb
ki, dövlət başçısının
rəhbərliyi ilə
elektroenergetika sektorunda
da həyata keçirilən
məqsədyönlü dövlət
siyasəti nəticəsində
ölkəmizin enerji təhlükəsizliyi tam təmin
edilib: “Cari ilin 8 ayı ərzində elektrik enerjisinin istehsalı təxminən
15 milyard kilovat/saatdan çox olub. Bərpa olunan enerji mənbələrindən
istehsal olunan elektrik enerjisi ötən ilin müvafiq dövrü ilə müqayisədə
41,3% artıb. İxrac
isə 29,1% artaraq
913,3 milyon kilovat/saat olub. İdxal
102 milyon kilovat/saat təşkil edib. Elektrik enerjisinin istehsalının
ötən ilə nisbətən bu il 3,6% çox, yəni 26,1 milyard kilovat/saat, 2020-2021-ci illərdə
isə müvafiq olaraq 8% artacağı proqnozlaşdırılır. Eyni
zamanda, cənab Prezidentin tapşırığı
ilə ölkənin inkişafı, əhali artımı, sənayeləşmə
prosesi nəzərə
alınmaqla 2025-ci ildə
elektrik enerjisinə tələbatın 25-28 milyard
kilovat/saat, elektrik enerjisinin ixrac imkanının isə 1,8 milyard kilovat/saat həcmində
olacağı proqnozlaşdırılıb.
Bu tələbatı bu
günlərdə istismara
verilən qoyuluş gücü 400 MVt olan “Şimal-2” stansiyası,
istilik və modul tipli elektrik
stansiyalarının reabilitasiyası
və Qobuda ümumi qoyuluş gücü 385 MVt olan modul elektrik
stansiyasının 2020-2021-ci illər ərzində quraşdırılması hesabına
qarşılamaq mümkün
olacaq. Tələbatın
qalan hissəsinin isə növbəti onillikdə yeni elektrik stansiyaları və bərpa olunan enerji mənbələri hesabına ödənilməsi
planlaşdırılır. İstilik və modul tipli elektrik
stansiyalarının reabilitasiya
tədbirləri nəticəsində
ən azı 500 MVt gücün bərpası nəzədə
tutulur. Məlumat üçün bildirim
ki, ölkəmizin ümumi
elektrik enerjisi istehsalı gücü
7546 MVt-dır. İri su
elektrik stansiyaları daxil olmaqla bərpa
olunan enerji mənbələri üzrə
elektrik stansiyalarının
gücü isə
1276 MVt-dır. Bu da ümumi
gücün 17%-ni təşkil edir. Elektrik enerjisinin 92%-i təbii qazdan
əldə edilir”.
2030-cu ilə qədər elektrik enerjisi istehsalı gücündə
bərpa olunan enerji mənbələrinin
payını 30%-ə çatdırmaq
əsas hədəflərdəndir
Nazir deyib ki, elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin
payı isə təqribən 8%-dir. 2030-cu ilə
qədər elektrik enerjisi istehsalı gücündə bərpa
olunan enerji mənbələrinin payını
30%-ə çatdırmaq əsas
hədəflərdəndir. P.Şahbazov söyləyib ki, Azərbaycan
Prezidentinin “Energetika sektorunda islahatların sürətləndirilməsi haqqında”
Sərəncamı ilə
institusional islahatların
aparılması, bu sahənin beynəlxalq təcrübə əsasında
təkmilləşdirilməsi, özəl, o cümlədən
xarici investisiyaların
cəlb edilməsi və rəqabət mühitinin yaradılması
məqsədilə yeni mərhələyə
start verilib. Bu Sərəncamın
mühüm istiqamətlərindən
biri bərpa olunan enerji mənbələrindən
istifadənin genişləndirilməsidir.
Bərpa olunan enerji mənbələrindən
istifadənin təşviq
edilməsi, bu sahədə əlverişli
investisiya mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi
tədbirlərinə dair
təkliflər hazırlanıb.
“Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən
istifadə haqqında”
qanun layihəsi işlənilib.
Qanun layihəsinə hazırda
müvafiq dövlət
qurumlarında baxılır,
razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə təqdim ediləcək. Bərpa olunan enerji mənbələri
üzrə yüksək
potensiala malik ərazilərin
seçilməsi, ekoloji
qiymətləndirmə və
həmin ərazilərdə
enerji infrastrukturunun təmin edilməsi üzrə hazırlıq
tədbirləri davam etdirilir. BP, “TOTAL”, “Masdar”, “Akwa Power” və bir sıra
digər tanınmış
şirkətlərlə bu
sahədə sıx əməkdaşlıq həyata
keçirilir.
Ümumilikdə 9 şirkətlə
əməkdaşlığa dair sənədlər imzalanıb. Avropa, Çin, Yaponiya, Türkiyə, Cənubi Koreya, ərəb ölkələrindən şirkətlər
bizimlə əməkdaşlıq
etməyə hazırdırlar
və biz bu əməkdaşlığın ölkəmiz üçün
faydalı olması üçün səy göstəririk. Bəzi şirkətlər ölkəmizdə
bərpa olunan enerji mənbələrindən
istifadə sahəsində
irihəcmli investisiya layihələri həyata keçirmək üçün
təkliflərini təqdim
ediblər. Bu təkliflər
hazırda öyrənilir
və ölkə üçün əlverişliliyi
dəyərləndirilir. Əgər
bərpa olunan enerji mənbələrindən
il ərzində 1 milyard
kilovat/saat elektrik enerjisi istehsal edə bilsək, bu ildə bizə təxminən 245 milyon kubmetr təbii qaza qənaət edilməsinə imkan verəcək. Proqnozlar da bərpa olunan enerji mənbələrinin
dünya üzrə elektrik enerjisi istehsalında payının
2050-ci ilə qədər
26%-dən 85%-ə qədər
çatacağını göstərir.
Eyni zamanda, Azərbaycan Prezidenti tərəfindən “Azərbaycan
Respublikasının energetika
sektorunun uzunmüddətli
inkişaf Strategiyası”
layihəsinin hazırlanması
da tapşırılıb. Bu məqsədlə dövlət
qurumlarının və
institutların nümayəndələrindən
ibarət ekspert qrupu yaradılıb. Eyni zamanda, layihənin
hazırlanmasına bu
sahədə yüksək
təcrübəyə malik beynəlxalq məsləhətçi
şirkət cəlb edilib. Bu prosesdə Avropa İttifaqı ilə əməkdaşlıq
edilir və layihənin hazırlanmasına
yaxın vaxtlarda başlanacaq. Nazir qeyd edib ki, elektroenergetika sektorunda rəqabətə
əsaslanan liberal bazar modelinə
mərhələli keçidlə
bağlı təkliflər
hazırlanaraq Azərbaycan
Respublikasının Prezidentinə
təqdim edilib. Onun fikrincə, bu tədbirlər elektrik enerjisinin istehsalı, ötürülməsi,
paylanması və təchizatı sahələrində
təkmilləşdirilmiş institusional mühitin və mütərəqqi idarəetmə sistemlərinin
tətbiqinə, özəl
investisiyaların cəlb
edilməsinə və
səmərəliliyə əlverişli
şərait yarada bilər. Mütərəqqi
bazar prinsiplərini və
beynəlxalq təcrübə
nəzərə alınmaqla
hazırlanmış “Elektroenergetika
haqqında”, “Energetika
və kommunal xidmətlər sahələrində
tənzimləyici haqqında”
qanun layihələri razılaşdırma
mərhələsindədir. Enerji səmərəliliyi
ilə bağlı tədbirlər çərçivəsində
hazırlanmış “Enerji
resurslarından səmərəli
istifadə və enerji effektivliyi haqqında” qanun layihəsinə
də baxılmaqdadır.
P.Şahbazov söyləyib
ki, ölkəmizdə qaz
və istilik təchizatı sistemlərinin
səmərəliliyinin artırılması
da qarşımızda duran
əsas vəzifələrdəndir.
Hər iki sahədə islahatlarla bağlı təkliflər
hazırlanır. “Qaz təchizatı haqqında”
qanunun yeni layihəsinin
hazırlanması üzrə
də müvafiq işlər görülür.
Eyni zamanda, “Qazdan istifadə Qaydaları”na müvafiq dəyişikliklərin layihəsi
də hazırlanıb.
Energetika Nazirliyinin
tabeliyində yaradılmış
Enerji Məsələlərini
Tənzimləmə Agentliyinin
fəaliyyətinə gəlincə,
nazir qeyd edib ki, bununla enerji istehsalçıları ilə
istehlakçıları arasında
yeni münasibətlər sistemi
formalaşır. Bildirib
ki, əvvəlki dövrlərlə
müqayisədə elektrik
enerjisi və qaz təchizatı üçün qurğuların
istismara buraxılış
aktının verilməsi
prosesi sadələşdirilib.
İcra müddəti
azaldılıb, sənədlərin
sayı 35-dən 8-ə endirilib.
Elektrik və qaz təchizatına qoşulma ilə bağlı layihələr
artıq 3 iş günündə razılaşdırılır.
Müvafiq sahənin tənzimlənməsi və
istehlakçıların mənafeyinin
qorunması məqsədilə
hazırda Agentlik tərəfindən 5 qayda
layihəsi hazırlanır.
Bütün bu tədbirlərin həyata
keçirilməsində əsas
məramlardan biri də vətəndaş məmnunluğunun əldə
edilməsidir. Bu məqsədlə
Energetika Nazirliyinin fəaliyyətində ilk dəfə
olaraq cari ildə bölgələrdə
mütəmadi qaydada vətəndaş qəbulları
həyata keçirilib.
Daha sonra nazir jurnalistlərin suallarını cavablandırıb.
P.Şahbazov ölkəmizdə neft-kimya
sənayesinin inkişafından
da danışaraq bu sahənin Azərbaycan iqtisadiyyatına böyük
dividendlər gətirəcəyini
diqqətə çatdırıb:
“Ölkəmiz neft-kimya
sənayesini inkişaf
etdirir. Bazarda neft məhsullarından qazanılan gəlir neftin xammal kimi
satışından daha
çoxdur. Azərbaycanda
bu sahədə yeni müəssisələr yaradılıb.
Xammal kimi nefti istehsal edib, bunu həm
beynəlxalq bazarlara çıxarır, həm
də Azərbaycan iqtisadiyyatında tətbiq
edirik. Bunu digər ölkələrdə
də sərmayələrimiz
vasitəsilə həyata
keçiririk”.
Nazir OPEC-lə neft bazarındakı
hazırkı vəziyyətin
də müzakirə edildiyini diqqətə çatdırıb. O bildirib
ki, ötən gün
OPEC-in baş katibi Məhəmməd
Sanusi Barkindo ilə Səudiyyə
Ərəbistanında baş
verən son proseslər
fonunda neft bazarındakı vəziyyəti
müzakirə edib: “Yaxın müddətdə
nə OPEC, nədə
ki “OPEC plus” səviyyəsində hər hansı təcili iclasın keçirilməsi gündəmdə
deyil”.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-
2019.- 20 sentyabr.- S.7.