“Şərq-Qərb”,
"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizləri
və Azərbaycanın geoiqtisadi maraqları
Strateji
baxımdan mühüm geosiyasi məkanda - Şərqdən Qərbə
və Şimaldan Cənuba uzanan çox mühüm beynəlxalq
nəqliyyat-kommunikasiya dəhlizlərinin kəsişməsində
yerləşməsi Azərbaycanı əsrlərboyu transmilli
dünya güclərinin xüsusi maraq dairəsində
saxlamışdır. Əlverişli
geosiyasi və coğrafi mövqe Azərbaycana malik
olduğu zəngin karbohidrogen ehtiyatları qədər yeni
dividendlər qazanmaq şansı yaratmışdır. Həm ümummilli lider Heydər Əliyev, həm də
Prezident İlham Əliyev mövcud reallığı müstəqil
Azərbaycan dövləti üçün əsas
şanslardan biri kimi düzgün dəyərləndirərək,
ötən 25 ildə bundan həm yeni neft
strategiyasının, həm də transmilli nəqliyyat-kommunikasiya
siyasətinin həyata keçirilməsində
başlıca amil kimi məharətlə istifadə etmişlər.
Hazırda Azərbaycanın dünya dövlətləri,
güc mərkəzləri ilə münasibətlərinin təməlində
məhz üstün geosiyasi, geoiqtisadi və coğrafi
reallıqlar dayanır ki, bu da müvafiq olaraq ölkənin
strateji maraqlarının yüksək səviyyədə təmin
olunmasında aparıcı rol oynayır.
Bu fikirlər Azərbaycan Respublikası
Prezidentinin ictimai-siyasi məsələlər üzrə
köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun
“Şərq-Qərb”, "Şimal-Cənub" beynəlxalq nəqliyyat
dəhlizləri və Azərbaycanın geoiqtisadi maraqları”
sərlövhəli analitik məqaləsində yer alıb.
AZƏRTAC məqaləni təqdim edir.
Bir qədər əvvəl
yazdığım “Əsrin müqaviləsi” - Azərbaycanı
qlobal dünya iqtisadiyyatının tərkib hissəsinə
çevirən layihə” adlı məqalədə ölkəmizdə
təməli ümummilli lider Heydər Əliyev tərəfindən
1994-cü ildə qoyulmuş yeni neft strategiyası və onun
uğurlu nəticələrindən geniş
danışmışdım. Bugünkü məqalədə
isə həyata keçirilən siyasi strategiyanın digər
mühüm istiqamətindən - Azərbaycanın
üçüncü minillikdə beynəlxalq nəqliyyat-kommunikasiya
qovşağına çevrilməsi ilə bağlı
1993-cü ildən həyata keçirilən dövlət
siyasəti və onun görünən nəticələri
haqqında bəhs etmək istəyirəm.
Azərbaycanın beynəlxalq nəqliyyat
qovşağına çevrilməsi siyasəti, qeyd etdiyim
kimi, dövlətin 1993-cü ildən xarici iqtisadi və
geosiyasi əlaqələr sahəsində həyata
keçirdiyi iki əsas strateji xətdən biri olmuşdur.
Mütəxəssislər bu prosesdə Azərbaycanın fəaliyyətində
müşahidə olunan bir neçə mühüm istiqaməti
xüsusi qeyd edirlər. Bunlar:
- Avropa, Qara dəniz, Qafqaz, Xəzər və Mərkəzi
Asiya regionları arasında iqtisadi, ticari, nəqliyyat və
logistika əlaqələrinin inkişafından;
- Çin və Avropa İttifaqı arasında
ən qısa quru yolu üzərində qurulan multimodal dəhlizin
inkişafından;
- “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin
qurulmasından;
- Böyük İpək Yolu çərçivəsində
tranzit yüklərin cəlb edilməsindən;
- Logistika və ticarət infrastrukturunun əhəmiyyətli
dərəcədə təkmilləşdirilməsi və tənzimləyici
stimullar sayəsində regionda bu sahə üzrə Azərbaycanın
daha cəlbedici qovşaq olmasından;
- Azərbaycanın Rəqəmsal Ticarət
Qovşağı və TASİM layihələri vasitəsilə
Böyük İpək Yolunun rəqəmsallaşdırılmasından;
- müxtəlif nəqliyyat sahələri
arasındakı əlaqələrin koordinasiya edilməsindən;
- yük və sərnişin
daşımaları üzrə beynəlxalq və daxili tariflər
sahəsində uyğunlaşdırılmış siyasətdən;
- çoxmodallı (birləşmiş)
daşımaların təşkil olunması üzrə
uyğunlaşdırılmış fəaliyyət
proqramının işlənib hazırlanmasından və s.
ibarətdir.
Prezident İlham Əliyevin rəhbərliyi
ilə ötən 16 ildə neftdən gələn gəlirlərin
də bir qismini cəlb etməklə, ilk növbədə,
ölkəni xarici aləmlə bağlayan əksər
avtomobil və dəmir yolları, hava və su nəqliyyatı
infrastrukturları, quru, hava və su nəqliyyatına aid
kommunikasiyalar, rabitə-informasiya texnologiyaları modernləşdirilmiş,
yenidən qurulmuş, yaxud hazırda qurulur. Azərbaycanın
üç telekommunikasiya peyki - “Azərspace-1”, “Azersky” və
“Azərspace-2” orbitə çıxarılmış, Xəzər
dənizinin dibi ilə Avropanı Asiya ilə birləşdirəcək
kommunikasiya vasitələrinin çəkilişinə start
verilmişdir. Azərbaycanın regional və
beynəlxalq nəqliyyat-kommunikasiya layihələrinin dəstəklənməsi
istiqamətində həyata keçirdiyi ardıcıl və
məqsədyönlü siyasət ölkəmizi qısa
müddətdə Avrasiyanın əsas nəqliyyat-kommunikasiya
qovşaqlarından birinə çevirmişdir.
XX əsrin son onilliyində Avropa
İttifaqının maliyyə yardımı, Azərbaycan,
Türkiyə və Gürcüstanın xüsusi səyi ilə
reallaşdırılan “İpək Yolu” (TRASEKA) layihəsinə
əlavə dəstək olaraq, Azərbaycanın təşəbbüsü-liderliyi
ilə inşa olunan və 2017-ci il oktyabrın 30-da istismara
buraxılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu
Trans-Avropa-Asiya dəmir yolları şəbəkələrini
birləşdirmiş, bununla da qədim İpək Yolunun polad
magistrallar üzərində bərpası işi başa
çatdırılmışdır.
Məlumdur ki, TRASEKA layihəsinin də əsas
təşəbbüskarlarından biri ümummilli lider Heydər
Əliyev olmuşdur. Məhz onun təşəbbüsü
ilə 1998-ci il sentyabrın 7-8-də Bakı şəhərində
9 ölkənin (Azərbaycan, Türkiyə, Gürcüstan,
Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan, Özbəkistan,
Qırğızıstan) dövlət
başçılarının, 13 beynəlxalq təşkilatın
və 32 dövlətin nümayəndə heyətlərinin iştirakı ilə tarixi İpək Yolunun bərpasına
həsr olunmuş beynəlxalq konfrans keçirilmiş və
yekunda Avropa İttifaqının TRASEKA proqramı əsasında
“Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq
nəqliyyat haqqında Bakı Bəyannaməsi və
Çoxtərəfli Saziş” imzalanmış, TRASEKA-nın
Daimi Katibliyinin Bakı şəhərində yerləşdirilməsi
qərara alınmışdır. Həmin
dövrdə bəzi regional və beynəlxalq dairələrin
əsassız qısqanclığına baxmayaraq, TRASEKA layihəsinin
qədim İpək Yolu üzərində yenidən qurularaq əksər
region ölkələri üçün çox böyük
əhəmiyyət kəsb etməsi sübuta yetirilmişdir.
Bu layihənin cəlbediciliyi, ilk növbədə,
onunla ölçülürdü ki, o, eyni zamanda,
Rusiyanın, Mərkəzi Asiya ölkələrinin - Türkmənistan,
Qazaxıstan, Özbəkistan, Qırğızıstan və
Tacikistanın, həmçinin Əfqanıstanın daha əlverişli
dəhliz vasitəsilə Avropa və dünya bazarlarına, o
cümlədən geriyə çıxışını
asanlaşdırırdı, onların ticarət əlaqələrinin,
iqtisadiyyatlarının inkişafına, dünya
iqtisadiyyatı ilə inteqrasiyasına mühüm şərait
yaradırdı.
TRASEKA layihəsi işə
düşəndən, xüsusən BTQ istifadəyə veriləndən
sonra Çindən başlayaraq Orta Asiyaya, Cənubi Qafqaza,
sonra da Türkiyə vasitəsilə Avropaya, o cümlədən
geriyə daşınan yüklərin çatdırılması
müddəti dəniz daşımalarına nisbətən iki
dəfədən çox qısalmışdır.
Mütəxəssislərin fikrinə görə, bu dəhliz
hazırda Avropanı Asiya ilə birləşdirən ən əlverişli,
qısa və təhlükəsiz nəqliyyat dəhlizi hesab
olunur. Onun vasitəsilə son illərdə daşınan malların
həcmi bir neçə dəfə artmış və BTQ qitələri
bağlayan ən əlverişli nəqliyyat körpüsü
rolunu oynamağa başlamışdır.
Əsas qayəsi regionda və
dünyada iqtisadi əlaqələrə, rifaha, sülhə,
sabitlik və təhlükəsizliyə xidmət etməkdən
ibarət olan BTQ vasitəsilə birinci mərhələdə
5 milyon ton, ikinci mərhələdə 17 milyon ton, ondan sonra
isə daha böyük həcmdə yüklərin daşınması
nəzərdə tutulur. Prezident İlham
Əliyevin tapşırığına uyğun olaraq,
Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində
inşa olunan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı,
bu ərazidə yaradılan Azad Ticarət Zonası və s.
mühüm infrastruktur layihələri Azərbaycanın beynəlxalq
nəqliyyat qovşağına çevrilməsində
xüsusi rol oynamışdır. Azad Ticarət
Zonası yaxın gələcəkdə beynəlxalq
yükdaşıma və Avropa-Asiya logistika zəncirlərində
aparıcı rol oynamaqla yanaşı, həm də yerli
istehsalın təşviqi, “Made in Azerbaijan” brendinin dünya
üzrə tanınmasına müstəsna xidmət göstərəcəkdir.
Azad Ticarət Zonasının regional miqyasda Cənubi Qafqaz, Mərkəzi
Asiya, İran, Rusiya və Türkiyənin bir hissəsinin daxil
olduğu və 130 milyon insanı əhatə edən bir bazara
xidmət göstərməsi planlaşdırılır. Hazırda Azərbaycan Çinin təşəbbüsü
ilə gerçəkləşən “İpək Yolu
İqtisadi Kəməri” layihəsinin
iştirakçısıdır. 2015-ci ilin dekabrında Prezident
İlham Əliyevin Çinə dövlət səfəri
çərçivəsində “İpək Yolu İqtisadi Kəməri”nin
yaradılmasının birgə təşviq edilməsi
barədə Azərbaycan Respublikası Hökuməti ilə
Çin Xalq Respublikası Hökuməti arasında
qarşılıqlı anlaşma memorandumu imzalanıb.
BTQ layihəsinin ölkəmiz
üçün digər geosiyasi üstünlüklərindən
biri də ondan ibarətdir ki, Azərbaycan Gürcüstan ərazisindən
keçməklə Türkiyə ilə birbaşa dəmir
yolu əlaqəsinə sahib olur, bu da müvafiq surətdə
qardaş dövlətlər arasındakı münasibətlərin
daha da möhkəmlənməsinə xidmət edir. Digər
məsələ bu layihənin yaxın gələcəkdə
Naxçıvan Muxtar Respublikasına qədər
uzadılmasıdır. Layihə çərçivəsində
Qarsdan Naxçıvana ayrıca dəmir yolu xəttinin
çəkilməsi nəzərdə tutulur ki, bu da muxtar
respublikanın Ermənistanın blokadasından
çıxarılmasına və onun nəqliyyat müstəqilliyinin
təmin edilməsinə şərait yaradacaqdır.
Azərbaycanın
üçüncü minilliyin əvvəlindən xüsusi
maraq göstərdiyi, son illərdə fəal şəkildə
qoşulduğu və bundan sonra funksionallığı ciddi
şəkildə yüksələn başqa bir transmilli nəqliyyat
layihəsi "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat
Dəhlizi hesab olunur. Qeyd etmək istəyirəm ki,
TRASEKA layihəsində olduğu kimi, Azərbaycan
Respublikasının “Şimal-Cənub” nəqliyyat dəhlizinə
qoşulması təşəbbüsü də ümummilli
lider Heydər Əliyevə məxsusdur. Məhz
onun razılığı əsasında 2001-ci ildən
başlayaraq Azərbaycan Respublikasını təmsil edən
nümayəndələr Rusiya və İranın müvafiq
qurumları ilə bu istiqamətdə müzakirələrə
qoşulmuşlar. 2004-cü il mayın 19-21-də Prezident
İlham Əliyevin tapşırığı ilə Azərbaycan
nümayəndə heyəti Moskva şəhərində
keçirilən Rusiya və İran dəmir yolu rəhbərlərinin
müşavirəsinə qatılmış və
üçtərəfli razılığa müvafiq olaraq
“Şimal-Cənub” nəqliyyat dəhlizi üzrə Beynəlxalq
Konsorsiumun yaradılmasında iştirak etmişdir. Sonrakı dövrdə hər üç ölkənin
dəmir yollarına tranzit yük axınının cəlb
edilməsi, birgə layihə-axtarış işlərinin
görülməsi, ümumi məsələlərin və
birgə işlərin əlaqələndirilməsi istiqamətindəki
fəaliyyəti təmin olunmuşdur. 2005-ci il iyulun 24-27-də Tehran şəhərində və 2005-ci
il fevralın 9-da Bakıda "Şimal-Cənub" nəqliyyat
dəhlizinin tikintisi, gələcək istismarı, beynəlxalq
konsorsiumun yaradılması və maliyyələşdirilməsi
üsulları, hər bir tərəfin tikintidə payı,
qoyulacaq əsaslı vəsaitin qaytarılması yolları və
digər məsələlər müzakirə edilmiş
və razılığa gəlinmişdir.
Məlum olduğu kimi, Hindistan,
Pakistan, İran, Azərbaycan, Rusiya və Şimali Avropa
ölkələrini birləşdirəcək "Şimal-Cənub"
nəqliyyat dəhlizi haqqında ilk razılaşma aktı
Rusiya Federasiyası, İran İslam Respublikası və
Hindistan arasında 2000-ci il sentyabrın 12-də Sankt-Peterburq
şəhərində imzalanmışdır. Azərbaycan,
qeyd edildiyi kimi, bu sazişə beş il sonra - 2005-ci ildə
qoşulmuşdur. Sonrakı illərdə, ümumilikdə, 13
dövlət bu sazişə imza atmış və müvafiq
olaraq ratifikasiya etmişdir. Bunlar Azərbaycan, Belarus,
Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan,
Qırğızıstan, Oman, Rusiya, Tacikistan, Türkiyə və
Ukraynadır.
Mütəxəssislərin fikrinə
görə, "Şimal-Cənub" nəqliyyat dəhlizinin
əsas məqsədi, ilk növbədə, cənubdan -
Hindistandan başlayaraq Rusiyaya, Şimali və Qərbi Avropaya,
eləcə də Körfəz ölkələrinə
daşınan yüklərin çatdırılma müddətini
azaltmaq, daşıma qiymətlərini ucuzlaşdırmaq
və dəhlizin funksionallığını artırmaqdan
ibarətdir. Dəhliz bir neçə əsas istiqamət:
Hindistan-Rusiya-Qafqaz-Körfəz ölkələri; Mərkəzi
Asiya-Körfəz ölkələri; Xəzər dənizi-İran
İslam Respublikası-Körfəz ölkələri və
s. üzrə yükdaşıma fəaliyyətini nəzərdə
tutur. Bu istiqamətlər içərisində
Azərbaycan üçün ən maraqlı istiqamət
yüklərin gəmilərlə Hindistanın Mumbay
limanından İranın Bəndər-Abbas limanına gətirilməsi,
sonra qatar və avtomobillərlə İranın mövcud dəmir
və avtomobil yolları ilə Qəzvin-Rəşt-Astara
(İran)-Astara (Azərbaycan) dəmir və avtomobil
yollarına ötürülməsi və buradan da Azərbaycan
vasitəsilə Rusiyaya, Şimali Avropa ölkələrinə
və s. çatdırılmasıdır. Hazırkı
marşrut üzrə (Süveyş kanalı) malların
çatdırılma vaxtı 45-60 gündür, “Şimal-Cənub”
nəqliyyat dəhlizi vasitəsilə isə bu müddətin
14-20 gün olması gözlənilir.
Azərbaycan Hökuməti “Azərbaycan
Respublikasında logistika və ticarətin inkişafına dair
Strateji Yol Xəritəsi”nə uyğun olaraq, sonrakı
müddətdə “Şimal-Cənub” nəqliyyat dəhlizinin
yaradılması prosesində fəal rol oynamış, ölkənin
hər iki transkontinental dəhlizin kəsişməsində,
Avrasiya coğrafiyasının mərkəzində
mühüm nəqliyyat-logistika qovşağına
çevrilməsinə nail ola bilmişdir. Dəhlizin
Azərbaycan ərazisindən keçən hissəsində
yaxın müddətdə gözlənilən yük
daşımalarının həcmi təxminən birinci mərhələdə
- 3 milyon ton, ikinci mərhələdə - 5-8 milyon ton və
üçüncü mərhələdə - 15 milyon ton nəzərdə
tutulur ki, buna nail olmaq istiqamətində də ciddi
addımlar atılır. Hazırda mövcud nəqliyyat dəhlizinin
reallaşması üzrə işlər çox intensiv şəkildə
gedir və Azərbaycan hissəsində proses artıq son mərhələyə
qədəm qoymuşdur. Astara (AR)-Astara (İİR) dəmir
yolu xəttinin Astaraçay üzərindəki körpüyə
qədər olan 8,3 kilometr yeni yolun, Astaraçay üzərindəki
körpü və İran ərazisindəki 1,4 kilometr yolun
tikintisi tamamlanmışdır. Bu dəhlizin Qəzvin-Rəşt
(175 km) hissəsinin tikintisi ilə bağlı İran tərəfi
ilə danışıqlar aparılır və işlər
başlanmaq üzrədir. Azərbaycan bu dəmir yolunun
tikintisinin maliyyələşdirilməsində də
iştirak edir. Rəsmi Bakı İran tərəfinə bəhs
olunan dəmir yolunun tikintisi və avadanlıqla təchiz
olunması layihəsi üzrə 500 milyon dollar dəyərində
kredit ayırmağı nəzərdə tutub. Digər bir
istiqamət - Şimal istiqaməti üzrə, Samur
çayı üzərindən Samur (Azərbaycan)–Yaraq
Qazmalar (Rusiya) avtomobil körpüsünün inşası və
dəmir yolu xətlərinin genişləndirilməsi ətrafında
iş gedir. Dəhlizin önəmli hissəsi olan Azərbaycan-Rusiya
sərhədindən Azərbaycan-İran sərhədinə qədər
dəmir yolu istismara tam hazır vəziyyətə gətirilib.
Azərbaycan “Şimal-Cənub”
Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinə
qoşulmaqla, ilk növbədə, özünün həm
Rusiya, həm də İranla quru sərhədinin əlverişli
coğrafi xarakteristikasından səmərəli istifadə edərək
üçtərəfli regional əməkdaşlığı
inkişaf etdirmək və mövcud şəraitdən
bəhrələnərək yeni-yeni dividendlər əldə
etmək istəyir. Bundan başqa, Azərbaycan gələcəkdə
bu istiqamətdə qonşu Gürcüstanın ərazisini və
kommunikasiyalarını da işə salmaqla “Şimal-Cənub”
və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin
inteqrasiyasını sürətləndirməyi nəzərdə
tutur. Bu sahədə ən önəmli rolu, ilk
növbədə, BTQ, Bakıdan Gürcüstandan keçməklə
Türkiyəyə qədər uzanan avtomobil yolları, Xəzər
dənizində və Qara dənizdə Azərbaycanın
inşa etdiyi limanlar, o cümlədən Türkiyə və
Gürcüstan ərazisindəki dəniz və dəmir
yolu limanları oynayacaqdır. Dəhlizin yaradacağı
imkanlardan Azərbaycanla yanaşı, Rusiya, İran,
Gürcüstan, Türkiyə, Avropa ölkələri,
Çin, Qazaxıstan və digər Orta Asiya respublikaları
da istifadə edəcəklər.
Bundan başqa, xüsusi qeyd edilməlidir
ki, “Şimal-Cənub” dəhlizi layihəsi Azərbaycan
Respublikası, İran İslam Respublikası və Rusiya
Federasiyası ərazisində dəmir yolu əlaqələrinin,
həmçinin bu ölkələrin tranzit və iqtisadi
potensialının gücləndirilməsinə xidmət edəcək,
beynəlxalq yüklərin bu istiqamətə daha
çox miqdarda axınına təkan verəcək. Azərbaycanın
bu dəhlizdən gözləntiləri xüsusən
çoxdur. “Şimal-Cənub” nəqliyyat dəhlizi Şimali
Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət
göstərəcəyi təqdirdə bu dəhliz Avropa
ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz
regionlarının Körfəz ölkələrinə və
Hindistana çıxışına, Xəzəryanı
ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin
intensivləşdirilməsinə şərait yaradacaqdır.
Həmin dəhliz Avropa-Cənubi Asiya və Yaxın Şərq
arasında dəmir yolu daşımalarını, müvafiq
olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit
daşımalarından əldə etdiyi gəlirləri
artırmağa imkan verəcəkdir.
Son dövrlərdə “Şimal-Cənub”
nəqliyyat dəhlizi layihəsinin keçəcəyi
regiondakı fərqli qütblər arasındakı geosiyasi rəqabətin
daha da kəskinləşməsi fonunda, Azərbaycan həm
özünün multikultural və sabit ictimai-siyasi cəmiyyət
həyatı ilə, həm də yürütdüyü
balanslı xarici siyasət və tərəfdaşlıq
kursu ilə xüsusi iqtisadi-siyasi dividendlər qazanmağı
hədəfləyir. Bu hədəflərin ən
mühümü, iqtisadi sahədə fəaliyyətin şaxələndirilməsi,
post neft dövründə ölkəmiz üçün
qeyri-neft sahəsindəki fəaliyyətdən əlavə gəlir
mənbəyi əldə etməkdirsə, siyasi və geosiyasi
sahədə regionda müstəqil siyasət yürüdən
dövlət imicini qorumaq, regionda və dünyada
bir-birinin daxili işlərinə qarışmamaq prinsipinə,
təhlükəsizlik sahəsində hamılıqla beynəlxalq
hüquq normalarına əməl etmək və s. ibarətdir.
Azərbaycan “Şimal-Cənub” nəqliyyat
dəhlizinin xüsusi əhəmiyyətini nəzərə
alaraq, son dövrdə İran və Rusiya istiqamətində
yeni kommunikasiyaların yaradılmasına xeyli investisiya
yatırmışdır ki, bu da ölkənin beynəlxalq aləmdəki
etibarlı tərəfdaş imicini gücləndirmişdir.
Bundan əvvəl, ölkəmizin liderliyi ilə
BTQ-nin və Bakı Beynəlxalq Dəniz Ticarət
Limanının tikilib istifadəyə verilməsi, bu məkanda
azad iqtisadi zonanın yaradılması, Azərbaycanı bir tərəfdən
Mərkəzi Asiyanı Qərblə (Türkiyə və
Avropa İttifaqı), digər tərəfdən Cənubi
Asiyanı (İran və Hindistan)
Şimalla birləşdirən nəqliyyat qovşağının
mərkəzinə çevirmişdir. Hazırda beynəlxalq
siyasi arenada baş verən gərginliklər “Şimal-Cənub”
layihəsinin reallaşması işini bir qədər gecikdirsə
də, bu problemin Azərbaycanla bağlı olmadığı
aydındır. Azərbaycan Respublikası öz öhdəsinə
düşən bütün infrastruktur layihələrini
uğurla həyata keçirmiş və istismara qəbul
etmişdir.
Əli Həsənov
Azərbaycan
Respublikası Prezidentinin ictimai-siyasi məsələlər
üzrə köməkçisi,
tarix elmləri doktoru, professor
Yeni Azərbaycan.- 2019.- 25 sentyabr.-
S.4.