Sosial Tədqiqatlar Mərkəzi “Prezidentin
sosial və kadr islahatları ictimai rəydə” mövzusunda
konfrans təşkil edib
Konfransda stm.az saytının təqdimatı
keçirilib
Sentyabrın 24-də Sosial Tədqiqatlar Mərkəzi
(STM) “Prezidentin sosial və kadr islahatları ictimai rəydə”
mövzusunda konfrans keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə
stm.az saytının təqdimatı da keçirilib.
Tədbiri açan Sosial Tədqiqatlar Mərkəzinin
İdarə Heyətinin sədri Zahid Oruc Mərkəz
haqqında məlumat verib. O bildirib ki, Sosial
Araşdırmalar Mərkəzi 2019-cu ilin siyasi və sosial
mühitində baş verən böyük dəyişikliklər
məramının bariz nümunəsidir və ümummilli
sosial dialoqun təşkili istiqamətində atılan
mühüm addımlardan biridir. Daha dəqiq
desək, vətəndaşı dövlət idarəçiliyinə
yaxınlaşdırmaq, öz növbəsində,
qarşılıqlı olaraq, onun da diqqət mərkəzinə
dövlətimizi gətirmək, vətənin bu günü və
gələcəyi naminə hər birimizi bacardığı
töhfə və məsuliyyətini ortaya qoymağa səsləmək
hadisəsidir.
İdarə Heyətinin sədri
çıxışında Mərkəzin Nizamnaməsinin
ehtiva etdiyi məsələlərə də toxunaraq deyib: “Cəmiyyətin
inkişafının müxtəlif istiqamətləri, təklif
və proqnozları Azərbaycan Respublikasının Prezidentinə
təqdim etmək; aparılan siyasətin səmərəliliyinin
artırılması məqsədilə idarəetmə
prosesinin təkmilləşdirilməsi, qəbul edilən qərarların
təsirlərinə dair tədqiqatların aparılması;
dövlət və cəmiyyət arasında
qarşılıqlı münasibətlərin inkişaf
dinamikasının sistemli təhlili; ictimai əhəmiyyət
kəsb edən müxtəlif mövzularda ictimai dinləmələr,
debatlar keçirmək, bu sahədə vətəndaş cəmiyyəti
institutları ilə əməkdaşlıq etmək,
geniş müzakirə platformaları qurmaq və sair”.
Görülən işlər barədə
danışan Z.Oruc qeyd edib ki, müntəzəm olaraq,
sosial-siyasi durum və proseslərin dinamikası ilə
bağlı təhlillər, açıq və qapalı
analitik hesabat və arayışlar hazırlanıb, ali rəhbərliyə
və müvafiq dövlət orqanlarına təqdim olunub.
Ölkə miqyasında tədqiqatlarla
bağlı qurumların ümumi mənzərəsini təhlil
etməyə çalışmışıq, bu sahədə
əlaqələndirmə və sıx koordinasiyaya olan
ehtiyacın qarşılanması üçün tədbirlərin
hazırlanmasına başlanılıb. Ölkədə
sosial-iqtisadi, siyasi və s. proseslərin dinamikası
haqqında mötəbər sosial məlumat
bazasının yaradılmasına başlanılıb. Cari il
və perspektivlər üçün aktual sosial-siyasi məsələlərin
elmi tədqiqat konsepsiyası - fəaliyyət planı hazırlanıb.
Mərkəzin elmi-fəaliyyət planında ümumdövlət
və ictimai əhəmiyyətli sosial məsələlər
üstünlük təşkil edib. O cümlədən
iqtidar və cəmiyyət arasında mövcud olan etimad və
dialoqun möhkəmləndirilməsi, dövlət
quruculuğu işinə bütün cəmiyyətin fəal
cəlb edilməsi, sosial ictimai münasibətlərin aktual
mövzularının tədqiqi yönündə mühüm
addımlar atılıb. Sosial Tədqiqatlar Mərkəzi
ictimai rəyin öyrənilməsi ilə əlaqədar 10
sosioloji tədqiqat və ictimai rəy sorğusunun
keçirilməsini başa çatdırıb. Onların sırasında müxtəlif sosial təbəqələrin
islahatlar prosesinə, dövlət
başçısının sosial siyasətlə
bağlı irimiqyaslı sərəncamlarına münasibəti
və gözləntiləri, təhsilin sosioloji məsələləri
və son tələbə qəbulunun iki mərhələli modelinə müxtəlif hədəf
qruplarının münasibəti, dərsliklərlə
bağlı mövcud vəziyyətin öyrənilməsi,
sosial inkişaf və rifahın göstəriciləri, Azərbaycanda
daxili miqrasiya proseslərinin xüsusiyyətləri ilə
bağlı araşdırma və s. qeyd edilə bilər;
“Sosial Tədqiqatlar” və “Azərbaycan barometri” adlı
jurnallar Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilib,
müntəzəm nəşrə hazırlıq başa
çatıb.
STM rəhbəri əlavə edib ki, artıq mərkəz
strukturlaşdırılıb, zəruri ilkin kadrların
işə cəlbi - kollektivin formalaşması mümkün
olub. Kadrları işə cəlb edərkən onların
istedadı, bilik və bacarığı şəffaf əsaslarla
müəyyən edilib.
Tədbirdə
çıxış edən Prezident Administrasiyasının
Strateji araşdırma və planlaşdırma şöbəsinin
müdiri Səadət Yusifova bildirib ki, hazırda uğurlu
dövlət idarəetməsi sosial həyatın bütün
aspektlərinin elmi cəhətdən kompleks öyrənilməsindən,
ictimai münasibətlərin inkişaf
tendensiyalarının, dəyişiklikləri doğuran amillərin
müəyyən edilməsindən, optimal həll
yollarının tapılmasından, dəyişikliklərə
çevik reaksiya verilməsindən, düzgün proqnozlaşdırmadan,
qısa, orta və uzunmüddətli perspektivlərin müəyyən
edilməsindən asılıdır. Bu transformasiya
dövlətlərin həyatında, davranışında,
siyasətində özünü büruzə verir, zamanla
ayaqlaşmanı, ən əsası isə bir sıra hallarda
hətta bunu qabaqlamanı şərtləndirir. Cəmiyyətlərin,
dövlətlərin həyatında baş verən
köklü dəyişikliklər hər zaman bunları
gerçəkləşdirən liderlərin adı ilə
bağlıdır. Müasir Azərbaycan Ümummilli Lider Heydər
Əliyevin müəyyən etdiyi prinsiplər, Onun
yaratdığı möhkəm dövlətçilik təməli
üzərində qurulub. Məhz həmin prinsipləri əsas
tutaraq Prezident İlham Əliyev uzunmüddətli
dayanıqlı inkişaf strategiyasını müəyyən
edib. Əgər Azərbaycanın tarixi inkişaf yoluna nəzər
salsaq, son 16 ildə tamamilə yeni yaradılmış Azərbaycanı
görmüş olarıq.
Prezident Administrasiyasının
şöbə müdiri qeyd edib ki, bugünkü Azərbaycan
həm də bir neçə gün əvvəl 25 illiyini qeyd
etdiyimiz “Əsrin müqaviləsi”nin yaratdığı
ölkədir. İmzalanma mərasimində Heydər Əliyev
demişdi ki, “Əsrin müqaviləsi” ilə qoyduğumuz təməl
XXI əsrdə Azərbaycan xalqının
inkişafı, onun firavan həyatı, Azərbaycan dövlətinin
suverenliyinin qorunması üçün imkanlar yaradacaq. Onun
arzuları bu gün həyata keçirilmiş gerçəklikdir.
Səadət Yusifova diqqətə
çatdırıb ki, zaman yerində dayanmır, yeniliklər
gətirir. Hazırda biz rəqəmsal texnologiyaların
inkişafı ilə xarakterizə olunan növbəti sənaye
inqilabı dövrünü yaşayırıq. Azərbaycan
Prezidentinin son illər həyata keçirdiyi sistem xarakterli
islahatlar məhz həmin transformasiyanın mərhələli
şəkildə reallaşdırılmasına hədəflənib.
Bu, özündə həm sosial innovasiyaları, həm
institusional, həm də kadr islahatlarını ifadə edir.
Sosial innovasiyalar cəmiyyətdə sosial dəyişikliklər
doğuran məsələlərin həllinə yönəlmiş
ideyalar, strategiyalar, texnologiyalardır. Sosial innovasiyalar insan həyatının
keyfiyyətinin artırılması, qlobal tendensiyalara uyğun
olaraq sosial infrastrukturun təkmilləşdirilməsi
üçün yeni texnologiyalardan və biznes modellərdən
istifadəni nəzərdə tutur. Prezident dəfələrlə
öz çıxışlarında qeyd edib ki, siyasətimizin
mərkəzində Azərbaycan vətəndaşı durur.
Təsadüfi deyil ki, sosial rifah dövlətinin qurulması
Prezidentin yeni islahatlar kursunun strateji xəttini təşkil
edir.
Azərbaycan Respublikasının Birinci
vitse-prezidentinin köməkçisi Emin Hüseynov deyib ki, Azərbaycan
müstəqilliyini bərpa etdikdən sonra keçmiş
Sovet İttifaqı ölkələri arasında ən dərin
resessiyaya məruz qalmış bir ölkə olub. Bunun obyektiv
səbəbləri var idi. Ölkə hərbi təcavüzə
məruz qalmışdı, dövlətçiliyimiz,
suverenliyimiz təhdid altında idi. Azərbaycanda iqtisadi
islahatlar Ulu Öndər Heydər Əliyevin hakimiyyətə
gəlməsi ilə başladı və qısa bir zamanda
öz nəticəsini verdi, resessiya aradan qaldırıldı.
İndiyə qədər Azərbaycanda heyrətamiz inkişaf
templəri müşahidə edilib. Prezident İlham Əliyev
silsilə fərmanlar və sərəncamlar imzalayıb.
Aparılan tədqiqatlar göstərir ki, əhalinin
böyük bir hissəsi Prezident tərəfindən
aparılan islahatları dəstəkləyir.
Emin Hüseynov qeyd edib ki, həyata
keçirilən islahatlar insanların maddi durumuna müsbət
təsir göstərir. 2015-ci ildə dünya bazarında
neftin qiymətinin xeyli dərəcədə aşağı
düşməsi nəticəsində ölkədə ikiqat
devalvasiya baş verdikdən sonra əhalinin real gəlirləri
azalmışdı. 2016-cı ildə inflyasiya ikirəqəmli
səviyyədə idi, 2017-ci ildə də bu tendensiya davam
etdi. Amma buna baxmayaraq, hökumət bu illərdə çox
konservativ fiskal siyasət yürütdü. Əsas məqsəd
makroiqtisadi sabitliyin bərpa olunması idi. Sözsüz ki, bu
hədəfə nail olundu. Artıq 2019-cu ildə biz
inflyasiyanın çox aşağı səviyyəsini
müşahidə edirik. Real əməkhaqlarının
artım tempi inflyasiyanı iki-üç dəfə üstələyir.
Digər tərəfdən, insanların gəlirləri
artdıqca bu, biznes üçün gəlir mənbəyidir
ki, bu da növbəti dövrlərdə də iqtisadi
artıma müəyyən təkan verəcək təsirə
malik olacaq.
Prezident yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin
sədri Ülvi Mehdiyev çıxışında bildirib ki,
bu günə qədər “ASAN xidmət” mərkəzlərinə
33 milyona yaxın müraciət daxil olub. Nəzərə
alsaq Azərbaycan əhalisinin sayı 10 milyondur, “ASAN xidmət”
mərkəzlərinə edilən müraciətlərin
sayının 33 milyon olması onu göstərir ki, vətəndaşlar
mərkəzlərə dəfələrlə müraciət
ediblər. Vətəndaşlar təqdim edilən 320-dən
çox xidmətdən istifadə ediblər. “ASAN xidmət” mərkəzlərində
vətəndaşlara təqdim edilən xidmətlərdən
məmnunluq səviyyəsi 98-99 faizdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi
nazirinin müavini Mətin Kərimli
çıxışında deyib ki, bu il Azərbaycanda minimum əməkhaqqı
iki dəfə artırılıb. Başqa sözlə,
minimum əməkhaqqı 130 manatdan 250 manata
qaldırılıb. Bu da 1 milyon 350 min insanı
əhatə edir. İl ərzində özünüməşğulluq
proqramında 10 min vətəndaş iştirak edir. İlin əvvəlində
pensiyaların minimum məbləğində 72 faiz artım
olub. İlin əvvəlindən 14 mindən çox şəxsə
elektron qaydada pensiya təyin edilib. Sosial müavinət və
təqaüdlərin məbləği orta hesabla 2 dəfə
artıb. 68 min ailə ünvanlı sosial yardımla əhatə
olunur.
Mətin Kərimli Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində Sosial Tədqiqatlar
Mərkəzinin hesabatlarına da istinad ediləcəyini diqqətə
çatdırıb.
Konfransda Milli Məclisin deputatları Tahir
Mirkişili, Musa Quliyev, Maliyyə nazirinin müşaviri Elman
Mehdiyev, ADA Universitetinin İctimai və Beynəlxalq əlaqələr
fakültəsinin dekanı Anar Vəliyev Azərbaycanda
sosial-iqtisadi sahədə aparılan islahatlardan
danışıblar.
Daha sonra Sosial Tədqiqatlar Mərkəzinin rəsmi
saytı konfrans iştirakçılarına təqdim olunub.
Konfrans müzakirələrlə davam edib.
Yeni Azərbaycan.-
2019.- 25 sentaybr.- S.5