Ölkəmizin inkişaf
strategiyasının mahiyyətində davamlı iqtisadi
artım və yüksək sosial rifah dayanır
Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının
sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov
www.yap.org.az saytına müsahibə verib:
- Hüseynbala müəllim, bu gün ölkəmiz
bütün sahələr üzrə uğurla inkişaf etməkdədir.
Əldə olunan nəticələri necə qiymətləndirirsiniz?
- Bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham
Əliyevin rəhbərliyi ilə ölkəmiz dinamik
inkişafını uğurla davam etdirir. Dövlətimizin
iqtisadi siyasətinin əsas xarakterik xüsusiyyətləri
onun sosialyönümlü olması, habelə bütün məsələlərin
həllində iqtisadi aspektin ön plana çəkilməsidir.
Dövlət proqramlarının, ölkə
başçısının Fərman və sərəncamlarının
icrası Azərbaycanda gedən iqtisadi inkişafın sürətləndirilməsini
uğurla təmin edir, tərəqqi prosesində özəl
sektorun payını və rolunu davamlı şəkildə
artırır.
Cənab Prezident İlham Əliyevin hərtərəfli
inkişaf strategiyasının mahiyyətində mövcud imkan
və resurslara söykənərək Azərbaycanda
davamlı iqtisadi artım və yüksək sosial rifaha nail
olmaq dayanır. Bununla yanaşı, dövlət
başçısının müəyyənləşdirdiyi
bu kompleks inkişaf xətti səmərəli dövlət
idarəetməsini, qanunun aliliyini, insanların hüquq və
azadlıqlarının tam təminatını və vətəndaşların
respublikamızın ictimai həyatında fəal statusunu
da özündə ehtiva edir. Cənab Prezidentin 16 illik fəaliyyəti
nəticəsində Azərbaycan hazırda iqtisadi və siyasi
cəhətdən inkişaf etmiş, rəqabətədavamlı
ölkəyə çevrilib. Bu gün Azərbaycanın
ən ucqar bölgələrində də vətəndaşlarımızın
rahat gündəlik həyatı üçün zəruri
olan rabitə, internet, bank və kommunal xidmətlər, yollar və
digər kommunikasiyalar, səviyyəli səhiyyə və təhsil
xidmətləri təmin edilib.
Ölkə iqtisadiyyatında
özəl sektorun üstünlük qazanması, neft
hasilatının və gəlirlərinin məqsədyönlü
idarə olunması ilə yanaşı, qeyri-neft sahələrinin
inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməsi də
Prezident İlham Əliyevin iqtisadi siyasətinin əsas xəttini
təşkil edir. Azərbaycanın sosial-iqtisadi yüksəlişi
bu gün ilk növbədə insanların gündəlik həyatında
özünü qabarıq büruzə verir. Azərbaycan
Prezidentinin yürütdüyü siyasətin məqsədyönlü
olması, ardıcıllığı, obyektiv gerçəkliyə
adekvatlığı, bu siyasətin ölkənin milli mənafelərini
əks etdirməsi respublikanın hər bir vətəndaşında
gələcəyə böyük inam və əminlik
yaradır. Prezident İlham Əliyev imzaladığı
Fərman və sərəncamlarla, qəbul etdiyi praqmatik qərarlarla,
habelə obyektiv reallıqdan irəli gələn
addımları ilə ölkəmizin dinamik yüksəlişini
təmin edib, dövrün tələbi kimi qarşıda duran
vəzifələri düzgün müəyyənləşdirib,
həyata keçirdiyi islahatlarla inkişaf mexanizminin daha
da çevikliyinə, işləkliyinə nail olub.
Bütün bunlar ölkəmizin inkişafı prosesində
yüksək nəticələr verməkdədir.
- Cari ildə əhalinin sosial rifah
halının daha da yüksəldilməsi istiqamətində
mühüm addımlar atılıb. Bu barədə nə deyə
bilərsiniz?
- Əlbəttə ki, Prezident İlham
Əliyevin sosial sahə ilə bağlı verdiyi qərarlar
inqilabi xarakter daşıyır. Bu qərarlar 2018-ci ildən
etibarən xüsusilə intensivləşib. Bu istiqamətdə
atılan addımlar müqayisəyəgəlməzdir. Bilirsiniz ki, ötən il seçkilərdə qələbə
qazandıqdan sonra Prezidentimiz cənab İlham Əliyevin
imzaladığı ilk Fərmanın - 2018-ci il 19 aprel tarixli
Fərmanın şəhid vərəsələrinə birdəfəlik
ödəmənin (11 min manat) verilməsi ilə bağlı
olması həssas qrupların sosial müdafiəsinin gücləndirilməsinin Onun növbəti
prezidentlik dövründə də siyasətinin başlıca
istiqamətlərindən olduğunu təsdiq etdi. 2019-cu il 28
yanvar tarixli Fərman isə birdəfəlik ödəmə
verilməsi nəzərdə tutulan şəhid vərəsələrinin
əhatə dairəsinin genişlənməsinə səbəb
oldu. Bütövlükdə, ötən bir il ərzində
şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin
və veteranlarının sosial müdafiəsinin gücləndirilməsi
istiqamətində vacib qərarlar verilib. Belə
ki, şəhid ailələri üçün verilən
Prezident təqaüdü artırılıb, bu kateqoriyaya aid
olan insanların mənzillərlə və avtomobillərlə
təminatı daha da yaxşılaşdırılıb, eləcə
də qaçqın və məcburi köçkünlər
üçün aylıq sosial müavinət artırılıb,
yeni şəhərciklər inşa edilərək istifadəyə
verilib. Bütün bunlarla yanaşı, bu il ərzində minimum
pensiyanın, minimum əməkhaqqının əhəmiyyətli
dərəcədə artırılması da vacib məqamlardan
biridir. Fevralın 25-də dövlət
başçısının imzaladığı “Əhalinin
sosial müdafiəsinin gücləndirilməsi sahəsində
əlavə tədbirlər haqqında” Sərəncamı nəticəsində
aprelin 1-dən bir sıra ödəmələr əhəmiyyətli
dərəcədə artırılıb. İyunun 18-də
imzalanmış sərəncamlar da məhz bu məqsədə
xidmət edir. Problemli kreditlərin həlli ilə
bağlı dövlət başçısının verdiyi
qərar və s. addımlar da bir daha təsdiqləyir ki,
dövlət siyasətinin əsasında vətəndaş
amili dayanır.
“2019-cu il sosial inkişaf, əhalinin
sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən
il olacaqdır”, - deyə bəyan edən cənab Prezidentin bu
fikirləri Onun uğurlu sosial islahatlar paketinin nailiyyətləri
kimi əhalinin rifah halının
yaxşılaşdırılması sahəsində cari ilin
ötən dövründə ciddi addımların
atılması ilə real təsdiqini tapıb.
Dövlət başçısının
atdığı addımlar Azərbaycan dövlətinin həyata
keçirdiyi sosial siyasətin inqilabi xarakter
daşıdığını, dövlətin hər bir vətəndaşının
yanında olduğunu bir daha əyani şəkildə göstərir.
Beləliklə, verilən hər bir qərar Azərbaycan vətəndaşının
rifahının yaxşılaşmasına yönəlib.
- Bu gün Azərbaycan dünyada neft-qaz ölkəsi
kimi də tanınır. Ümumiyyətlə, ölkəmizin
həyata keçirdiyi enerji siyasətinin əhəmiyyəti
nədən ibarətdir?
- Bu gün Azərbaycan
Respublikası özünün zəngin enerji ehtiyatlarından
səmərəli istifadə etməklə beynəlxalq miqyasda
enerji təhlükəsizliyinin təmin edilməsində
mühüm rol oynayan başlıca aktorlardan birinə
çevrilib. Ölkəmiz milli maraqlara müvafiq olaraq həyata
keçirilən praqmatik siyasət nəticəsində
miqyasına görə regional, əhəmiyyətinə
görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi
oyunçusu kimi çıxış edir. Təsadüfi deyil
ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda
heç bir layihə gerçəkləşdirilmir.
Azərbaycanın enerji siyasəti regionda təhlükəsizliyin
möhkəmlənməsində strateji faktor kimi
çıxış edir. Qarşılıqlı
investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq
platformalarının gündəmə gətirilməsi, enerji
resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli
və təhlükəsiz marşrutlarla daşınması
regional miqyasda hazırkı əməkdaşlığın
səmərəli nəticələridir. Şübhəsiz
ki, regionda bu günə qədər həyata
keçirilən və əməkdaşlığa təkan
verən layihələrdə Azərbaycanın siyasi iradəsi
və qətiyyəti öz sözünü deyib. Digər tərəfdən,
Azərbaycan enerji ehtiyatlarının ixracında
çoxvariantlı nəqletmə sisteminə - diversifikasiya
edilmiş təchizata üstünlük verir və
dünyanın aparıcı dövlətləri tərəfindən
etibarlı strateji tərəfdaş kimi qiymətləndirilir.
Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq
arenadakı mövqeyini, həmçinin regionun və regionətrafı
coğrafiyanın geostrateji təhlükəsizliyini daha da
gücləndirir. Eyni zamanda, Azərbaycanın səmərəli
enerji siyasəti yeni əməkdaşlıq platformaları
müəyyənləşdirməklə yanaşı,
Avrasiyanın enerji xəritəsinin zənginləşməsinə
strateji töhfələr verir.
Bütövlükdə, Azərbaycanla
enerji sahəsində tərəfdaşlıq əhəmiyyətli
strateji dividendlər vəd edir və çoxşaxəli tərəfdaşlıq
nöqteyi-nəzərindən yüksək qiymətləndirilir.
Çünki Azərbaycanın praqmatik enerji siyasəti
regional və qlobal miqyasda enerji təhlükəsizliyinə
xüsusi əhəmiyyət verən aparıcı dövlətlər
üçün mühüm önəm daşıyır.
Digər tərəfdən, Azərbaycanın
balanslaşdırılmış xarici siyasət
strategiyası regionun siyasi və iqtisadi, həmçinin enerji
təhlükəsizliyinin təmin olunmasında birbaşa rol
oynayır. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı
dövlətləri və təşkilatları Azərbaycanı
Cənubi Qafqazın təhlükəsizlik qarantı və
inkişaf mənbəyi adlandırırlar. Beləliklə,
dünya dövlətləri Azərbaycanın siyasi əhəmiyyətini
yüksək qiymətləndirir, ölkəmizin Cənubi
Qafqaz və Xəzər dənizi regionunda enerji təhlükəsizliyi
sahəsində əvəzolunmaz tərəfdaş kimi
böyük dəyərə malik olduğunu qəbul edir.
- Ölkəmizin uğurlu inkişafı fonunda
bəzi dairələr Azərbaycana qarşı qarayaxma
kampaniyası aparır. Bu prosesdə xaricdəki mühacirlər
daha çox “fəallıq” göstərirlər. Bu barədə
fikirlərinizi bilmək istərdik...
- Azərbaycanın çoxşaxəli
inkişafı qaçıb xaricdə mühacir adının
kölgəsində gizlənib dövlətimizə
qarşı çirkin kampaniyalar aparan qaragüruhu dərindən
narahat edir. Həmin bu qaragüruh mühacirlər merkantil
maraqları ucbatından anti-Azərbaycan dairəyə daxil
olan müxtəlif xarici kəşfiyyat orqanlarının, ermənipərəst
qüvvələrin və digər bədniyyət çevrələrin
əlində alətə çevrilirlər. Zaman-zaman
Azərbaycana qarşı təsir rıçaqları kimi
istifadə edilən mühacirlərin sırf qrant üçün
öz dövlətinə və dövlətçilik ənənələrinə
ziyan vurmaq cəhdləri uğursuzluqla nəticələnib və
bundan sonra da onların çirkin niyyətləri
reallaşmayacaq. Ona görə ki, Azərbaycan
yuxarıda sadaladığımız kimi, bu gün öz
ayaqları üzərində müstəqil siyasət
yürüdən qüdrətli dövlətdir, ölkəmizdə
sarsılmaz xalq-iqtidar birliyi mövcuddur, xalqımız
seçdiyi və sevdiyi Prezidentinin ətrafında yumruq kimi
birləşib. Cənab Prezidentin həyata keçirdiyi
siyasi xətt cəmiyyət tərəfindən birmənalı
şəkildə dəstəklənir.
Xalqımız həmişə zamanın
sınaqlarından üzüağ çıxıb və
bundan sonra da anti-Azərbaycan mövqe sərgiləyən bir
ovuc qara qüvvənin dövlətimizə qarşı
apardığı mənfur planları puça
çıxaracaq. Xaricdən idarə olunan bu cür qüvvələrin
müdaxilələri heç vaxt hədəfinə
çatmayacaq.
Ətrafına yüzminlərlə
vətəndaşımızı toplayan Yeni Azərbaycan
Partiyası həmişə belə həssas məqamlarda
lokomotiv qüvvə olduğunu nümayiş etdirərək cəmiyyəti
dövlətimizə qarşı qarayaxma kampaniyası
aparanlara qarşı mübarizədə həmrəyliyə
çağırır. Çünki YAP-ın Azərbaycanın
milli dövlətçilik tarixində, cəmiyyət həyatında
kəsb etdiyi mahiyyət bir partiyanın nəzəri təqdimatından
çox-çox üstündür. Partiyamızın
fəaliyyətinin ilk günlərindən dilindən, dinindən,
etnik mənsubiyyətindən asılı olmayaraq,
özünü Azərbaycana bağlı sayan hər kəsin
bu partiyada öz yerini görməsi, onun sıralarında, təəssübkeşliyində,
Heydər Əliyev ideyaları ətrafında sıx birləşməsi
də bir daha sübut edir ki, ölkəmizdəki siyasi proseslərə
xarici müdaxilə cəhdləri heç vaxt münbit şərait
tapmayacaq və hər zamankı kimi fiaskoya uğrayacaq.
Güclü dövlətimiz və xalqımız heç vaxt
xarici müdaxilələrə imkan verməyəcək.
Yeni Azərbaycan.-
2019.- 25 sentyabr.- S.6