DOST mərkəzləri - Azərbaycanda müasir dövlət idarəçiliyinin yeni forması

 

Bu mərkəzlər vətəndaşların ən çox tələb olunan sahələrdə dövlətin xidmətlərindən mümkün qədər rahat və çevik surətdə yararlanmasını təmin edir

Məlumdur ki, son illərdə Azərbaycanda dövlət idarəçiliyi sahəsində mütərəqqi islahatlar həyata keçirilir, dövlət qurumlarının vətəndaşlara göstərdiyi xidmətlərin keyfiyyəti artırılır, vətəndaş məmnunluğu ən yüksək səviyyədə təmin olunur. Azərbaycanda yeni, müasir tipli hökumət-vətəndaş münasibətlərinin qurulmasının ilk böyük nümunəsi Prezident İlham Əliyevin 2012-ci il iyulun 13-də imzaladığı “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi”nin yaradılması haqqında Fərmanı əsasında fəaliyyət göstərən ASAN xidmət mərkəzləridir. Göstərdiyi xidmətlərin sayı ildən-ilə artan ASAN xidmət mərkəzlərində vətəndaşlıq vəziyyəti aktlarının, doğumun, ölümün, nikahın, övladlığa götürmənin, adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat fəaliyyəti, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı, gömrük rəmiləşdirilmələri üçün sənədlərin qəbulu və s. kimi ən müxtəlif sənədləşdirmə işləri minimal zaman və xərc çərçivəsində həllini tapır. Bu mərkəzlərdə vətəndaşların dövlət qurumlarına ən sıx müraciət etdikləri sahələr üzrə xidmət göstərilir.

Qısa zamanda özünü doğruldan, cəmiyyətin etimadını qazanan, xarici ölkələr tərəfindən maraqla qarşılanan ASAN xidmət mərkəzlərinin fəaliyyəti daha da genişləndirilərək Prezident İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə ASAN xidmət tabeliyində “ABAD” - Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxs yaradıldı. Kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verən ABAD mərkəzləri dövlətin vətəndaşlara qayğısının daha bir parlaq nümunəsinə çevrildi.

DOST mərkəzləri vətəndaşlar üçün ən yüksək rahatlıq və operativliyi təmin edir

Təbii ki, Azərbaycanda dövlət idarəçiliyi sahəsində yeni, daha çevik institutların yaradılması yuxarıda sadalananlarla yekunlaşmadı. Ölkə Prezidentinin 2018-ci il 10 dekabr tarixli Fərmanı ilə DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Nizamnaməsi təsdiq olundu.

Agentliyin öz vəzifələrini yerinə yetirərkən dövlət və yerli özünüidarəetmə orqanları, həmkarlar ittifaqları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququnun olması onun kifayət qədər müstəqil və çevik qurum olmasından xəbər verir. “DOST” mərkəzlərinin səyyar fəaliyyət göstərməsi də Agentliyin Nizamnaməsində nəzərdə tutulub. Bu isə vətəndaşlar üçün ən yüksək həddə rahatlıq və operativliyin təmini deməkdir.

O da təqdirəlayiq haldır ki, Agentliyin vəzifələri sadəcə olaraq, müəyyən olunmuş xidmətlərin vətəndaşlara göstərilməsi ilə məhdudlaşmır, buraya həm də “DOST” mərkəzlərinin fəaliyyətinin keyfiyyətinin və nəticələrinin öyrənilməsi, analiz edilməsi, səmərəliliyi daha da artırmaq üçün təkliflərin hazırlanması, həmçinin əhalinin sosial müdafiəyə ehtiyacı olan təbəqələri arasında sorğuların keçirilməsi, onların istək və ehtiyaclarının öyrənilməsi və əldə olunan nəticələrə uyğun olaraq fəaliyyətinin daha da təkmilləşdirilməsi də daxildir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində yaradılan Agentlik hazırda Yasamal rayonunda fəaliyyət göstərən 1 saylı DOST mərkəzi vasitəsilə vətəndaşlara xidmət göstərir. 2019-cu ilin may ayından fəaliyyət göstərən, Bakı şəhərinin Yasamal və Səbail rayon sakinlərinə xidmət göstərən 1 saylı DOST mərkəzinə müraciət edənlərin sayı artıq 30 min nəfəri keçib. Hər gün yüzlərlə insanın sosial məsələlərlə bağlı bu mərkəzə müraciət etməsi bu yeni dövlət institutuna vətəndaşlar arasında böyük inamın olması və qurumun da bu etimadı yüksək səviyyədə doğrultmasından xəbər verir. Bu isə yaxın gələcəkdə müxtəlif ünvanlarda yeni DOST mərkəzlərinin fəaliyyətə başlamasına zəmin yaradır.

DOST mərkəzinin fəaliyyəti Azərbaycanda könüllülər hərəkatına da töhfə verir. 1 saylı DOST mərkəzində çalışan 50 nəfər könüllü mərkəzə müraciət edənlərin ərizə yazmasına, sənədləri, anketləri doldurmasına yardım göstərir, mərkəzin işinin operativliyinin və səmərəliliyinin yüksək səviyyədə təşkilində iştirak edir. Mərkəzin fəaliyyətinə könüllülük prinsipi əsasında cəlb olunan gənc mütəxəssislər və tələbələr burada zəngin biliklər və iş təcrübəsi toplayırlar.

Vətəndaş-dövlət ünsiyyətində bürokratiyanı DOST münasibətləri əvəzləyir

“Bürokratiya” neqativ anlayış kimi səslənsə də, o, müasir dövrdə bütün dünyada dövlət qurumlarında şaquli münasibətlərin mürəkkəbliyindən və çoxşaxəliliyindən irəli gələn bir təbii vəziyyətdir. Lakin o da həqiqətdir ki, bu təbəqələşmə və şaxələnmə vətəndaşın hökumət orqanları ilə münasibətlərində mürəkkəbliyin artması şəklində özünü göstərir. Bununla bağlı bir çox ölkələrdə sıravi vətəndaşlar müəyyən sənədləşdirmə məsələlərinin həlli zamanı çox zaman bir neçə quruma və onların müxtəlif idarələrinə müraciət etmək, hər birində qəbula yazılmaq, günlərlə, bəzən aylarla gözləmək məcburiyyətində qalır. Belə vəziyyət bəzi sui-istifadə hallarına, neqativ hadisələrə də şərait yarada bilir.

Azərbaycan isə az sayda ölkələrdəndir ki, bu problemin tamamilə aradan qaldırılması üçün çox ciddi və geniş islahatlar həyata keçirilib, “bir pəncərə” prinsipi ilə işləyən dövlət institutları yaradılıb. ASAN xidmət mərkəzlərində olduğu kimi, DOST mərkəzində də xidmətlər “bir pəncərə”, həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilir. Xidmətlərin “bir pəncərə” prinsipi ilə təqdim olunması o deməkdir ki, vətəndaş müxtəlif qurum və idarələrin səlahiyyətində olan hər hansı məsələni həll etmək üçün yalnız bir məkana müraciət edir, həmin mərkəz isə məsələni aidiyyəti olan qurumlarla əlaqəli şəkildə özü həll edir. Nəticədə, vətəndaşın qapı-qapı gəzməsinə ehtiyac qalmır, qısa zamanda ona lazım olan sənədi əldə edə bilir. Bu, dövlətin öz vətəndaşına olan hörməti və qayğısının bariz nümunəsidir. Bu, bir daha onu təsdiq edir ki, ölkəmizdə dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun rifahı, mənafeləri dayanır.

Sevindirici haldır ki, Azərbaycanda səmərəli dövlət idarəçiliyi sahəsində formalaşmış təcrübə daha da genişləndirilir, yeni institutlar və yeni xidmətlər şəklində ortaya çıxır. Bunun nəticəsi olaraq, ASAN xidmət mərkəzlərində olduğu kimi, DOST mərkəzində də xidmətlər elektron qaydada, innovasiyaların tətbiqi yolu ilə həyata keçirilir.

DOST mərkəzinin fəaliyyətində əsas məqsəd vətəndaşların sosial təminatına aid bir çox məsələlərdə xidmətlərin keyfiyyət və səmərəliliyinin, eləcə də şəffaflığın artırılmasıdır.

DOST mərkəzində çalışan əməkdaşların vətəndaşlarla ünsiyyətinin keyfiyyətinə xüsusi diqqət yetirilir, bu məqsədlə həmin əməkdaşlara etika kurslarının təşkili, vətəndaş axınının idarə olunması, vətəndaşları qarşılama, dinləmə, izahetmə və digər bacarıqları inkişaf etdirən təlimlər keçirilir. Artıq DOST mərkəzində 130-dan çox xidmət göstərilir. Onların sırasına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə dair arayışların verilməsi, əmək münasibətləri sahəsində işəgötürənlərə və işçilərə göstərilən xidmətlər, əlillik və sağlamlıq imkanlarının məhdudluğu sahəsində, məşğulluq, əmək pensiyası və sosial müavinət, ünvanlı dövlət sosial yardımının təyin edilməsi, şəhid ailələrinə, müharibə əlillərinə, fəxri adlar almış şəxslərə və digərlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi, sığorta, sosial xidmət sahələrində göstərilən xidmətlər, habelə bank xidmətləri, elektron xidmətlər, notariat xidməti və s. daxildir.

DOST mərkəzləri Azərbaycan dövlətinin öz vətəndaşına olan qayğıkeş münasibətinin bariz təzahürüdür

Bu mərkəzlərin fəaliyyəti ilə bağlı təqdirəlayiq hallardan biri də odur ki, mərkəzə müraciət edərkən vətəndaş ona lazım olan sənədlərlə bağlı qabaqcadan məlumat əldə edə bilər. Məlumat köşkündə vətəndaşın əldə etmək istədiyi xidmətlə bağlı təqdim etdiyi sənədlərin tamlığı müəyyən edildikdən sonra vətəndaşa elektron növbə verilir. Vətəndaşın əldə etmək istədiyi xidmətlə bağlı ərizənin və ya anketlərin doldurulmasında köməyə ehtiyacı olduğu halda, o, mərkəzdə fəaliyyət göstərən könüllülərə və ya mərkəzin bu məqsəd üçün ayrılmış əməkdaşına müraciət edə biləcəyi barədə məlumatlandırılır. Vətəndaş ona verilmiş elektron növbəyə uyğun olaraq müraciət etməli olduğu pəncərənin qarşısında gözləyir və növbəsi çatdıqda tələb olunan sənədləri həmin pəncərəyə təqdim edir.

Vətəndaşın müraciət etdiyi pəncərədə xidmət göstərən əməkdaş sənədlərin qanunauyğunluğunu və düzgünlüyünü yoxlayır, hər hansı bir səhv və ya çatışmazlıq olmadıqda onları qəbul edərək vətəndaşa ərizənin qəbulunu təsdiq edən qəbz verir, əks halda isə sənədlərdə olan səhv və çatışmazlıqlar göstərilməklə, onların aradan qaldırılmasına dair vətəndaşa şifahi izahat verməklə yazılı bildiriş təqdim edir. Qəbul olunan sənədlər və ərizə əsasında vətəndaşı maraqlandıran məsələ müvafiq qanun və normativlər əsasında həllini tapır.

Mərkəzdə xüsusi ayrılmış kompüterlər və köşklərdən istifadə etməklə vətəndaşlar özünəxidmət formasından da yararlana bilirlər. Bu zaman Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi istənilən elektron xidmətdən istifadə etmək mümkündür.

Göründüyü kimi, DOST mərkəzi vətəndaşların ən çox tələb olunan sahələrdə dövlətin xidmətlərindən mümkün qədər rahat və çevik surətdə yararlanmasını təmin edir. Əminliklə demək olar ki, DOST mərkəzi fəaliyyət göstərdiyi qısa müddət ərzində Azərbaycanda həyata keçirilən sosial siyasətin mühüm bir vasitəsinə çevrilmək potensialını nümayiş etdirib. DOST mərkəzləri həqiqətən də Azərbaycan dövlətinin öz vətəndaşına olan dost, qayğıkeş münasibətinin bariz təzahürüdür.

Aqşin ŞAHİNOĞLU

Yeni Azərbaycan.- 2019.-24 sentyabr.- S.7