Baş nazirin
müavini, YAP Sədrinin müavini - İcra katibi Əli
Əhmədov partiyanın Abşeron rayon təşkilatının
gənc fəalları ilə görüşüb
Əli Əhmədov: İnanırıq ki,
müasir gəncliyimiz Azərbaycanın gələcəyini
daha da işıqlı və parlaq edəcək
Sentyabrın 26-da Azərbaycan
Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan
Partiyası (YAP) Sədrinin müavini - İcra katibi Əli
Əhmədov Xırdalan şəhərində YAP Abşeron
rayon təşkilatının bir qrup gənc fəalı ilə
görüşüb. Əvvəlcə Əli Əhmədov
Abşeron rayonu Xırdalan şəhərinin mərkəzində
Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət
edib, önünə tər çiçək dəstələri
düzüb.
Görüşdə AMEA-nın
prezidenti, YAP Sədrinin müavini Akif Əlizadə, YAP
İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər
və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov,
Abşeron rayon İcra Hakimiyyətinin başçısı
İradə Gülməmmədova və YAP Abşeron rayon təşkilatının
sədri Bilman Vəliyev iştirak ediblər.
Abşeron rayonu Heydər
Əliyev Mərkəzində keçirilən
görüşü açan Abşeron Rayon İcra Hakimiyyətinin
başçısı İradə Gülməmmədova gənclərin
rayonun ictimai-siyasi həyatında, eləcə də quruculuq
işlərində yaxından iştirak etdiklərini bildirib.
Tədbirdə çıxış edən
Baş nazirin müavini, YAP Sədrinin müavini - İcra
katibi Əli Əhmədov bildirib ki, Azərbaycan hökumətinin
siyasətində gənclərə diqqət və
qayğı çox vacib yerlərdən birini tutur. Bunun
başlıca səbəbi ondan ibarətdir ki, biz dövlətimizin
gələcəyini gənclərdə görürük.
“Ümumiyyətlə, hər bir dövlət öz gələcəyini
yetişdirdiyi gənclərdə görür. Gənclər nə
qədər savadlı, bilikli, vətənpərvər, öz
ölkəsini sevən insanlar olarsa, o ölkənin gələcəyi
o qədər də parlaq olur. Bizim çox dəyanətli və
vətənpərvər gəncliyimiz var. Bu gəncliyimizlə
fəxr edirik. İnanırıq ki, bu müasir gəncliyimiz
Azərbaycanın gələcəyini daha da işıqlı
və parlaq edəcək”, - deyən Əli Əhmədov qeyd
edib ki, Azərbaycan gəncliyi cəmiyyətimizin
aparıcı qüvvəsini təşkil edir. Eyni
zamanda, gənclər əhalinin tərkibində say
baxımından da üstünlük təşkil edirlər.
“Belə ki, Azərbaycan əhalisinin 45 faizi 30 yaşına qədər
olan insanlardan ibarətdir. Deməli, bizim ölkəmiz gənclər
ölkəsidir. Belə olan halda, hökumətin
apardığı siyasətdə gənclərə diqqət
və qayğı xüsusi əhəmiyyət kəsb edir.
Prezidentimizin həyata keçirdiyi siyasətin mahiyyəti
ondan ibarətdir ki, bütün dövlət qurumları, yerli
və mərkəzi hakimiyyət orqanları Azərbaycan gəncliyinin
inkişafı, tərəqqisi üçün lazım olan tədbirləri
görsünlər. Biz gənclərin inkişafı dedikdə,
hər şeydən əvvəl onların sağlam
böyüməsini nəzərdə tuturuq. Gənclərimiz
nə qədər sağlam böyüyərsə, gələcəyimiz
üçün o qədər böyük bir potensialı əldə
etmiş olarıq. İkinci hədəfimiz ondan ibarətdir
ki, gənclərimiz yaxşı təhsil alsınlar,
müasir biliklərə yiyələnsinlər, Azərbaycanın
inkişaf etməsi üçün töhfələr
versinlər”, - deyən natiq söyləyib ki, bu gün Azərbaycan
hökumətinin əsas məqsədi gənc nəslin
arzuladığı cəmiyyəti onlara təqdim etməkdir.
Bu ümumi məqsədə nail olmaq üçün var
gücümüzlə çalışırıq. Bunun
üçün də gənc nəslin daha yaxşı təhsil
alması və zəngin biliklərə yiyələnməsi
tələb olunur. Yaxşı yaşamağın, cəmiyyətin
layiqli vətəndaşı olmağın yeganə yolu zəngin,
etibarlı, dərin biliklərə yiyələnməkdir.
Baş nazirin müavini deyib: “Ölkədə gənclərin
yaxşı təhsilə sahib olmaları üçün
bütün imkanlar yaradılıb. Son illər
Azərbaycanda təhsil sahəsində böyük islahatlar həyata
keçirilir. İnanırıq ki, Azərbaycanın gələcəyi
daha parlaq olacaq. Çünki bu parlaq gələcəyi
yaratmağa qadir olan çox ləyaqətli gənclərimiz
yetişib. Onlar gələcəkdə Ulu Öndər
Heydər Əliyevin ideyalarını, eləcə də Onun
layiqli davamçısı olan Prezident İlham Əliyevin həyata
keçirdiyi tədbirləri layiqincə davam etdirmək
potensialına malikdirlər”.
Görüşdə Əli
Əhmədov müstəqil Azərbaycanın keçdiyi
inkişaf yolu ilə bağlı tələbə-gənclərə
geniş məlumat verib, uğurlu siyasət nəticəsində
ölkəmizi daha firavan gələcək gözlədiyini
diqqətə çatdırıb.
Müstəqilliyimizin ilk illərindən
danışan Əli Əhmədov deyib ki, 1990-cı illərin
əvvəlində Azərbaycan dərin siyasi, sosial-iqtisadi
böhran keçirirdi, inflyasiyanın səviyyəsi 1600 faizə
çatmışdı, ölkədə xaos, anarxiya baş
alıb gedirdi, Azərbaycan məhv olmaq təhlükəsi ilə
üz-üzə qalmışdı. Xalq Cəbhəsinin
hakimiyyəti dövründə çox acınacaqlı vəziyyət
yaranmışdı ki, insanlar sabaha ümidlərini
itirmişdilər. O zaman çörək növbələri,
çörək tapmaq insanların başlıca
qayğısına çevrilmişdi. Digər tərəfdən
isə Ermənistan tərəfindən
torpaqlarımızın işğalı davam edirdi.
Belə bir şəraitdə
xalqımız nicat yolunu Ulu Öndər Heydər Əliyevin
hakimiyyətə qayıtmasında görürdü. Həmin
dövrdə Azərbaycanın anarxiya, parçalanmaq və məhv
olmaq təhlükəsi, iqtisadi tənəzzül, beynəlxalq
təcrid ilə üzləşdiyini diqqətə
çatdıran Əli Əhmədov 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin
xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışından sonra ölkəmizin bu bəlalardan xilas
olaraq inkişaf yoluna qədəm qoyduğunu, respublikamızda
mühüm siyasi və iqtisadi islahatların həyata
keçirildiyini, neft strategiyasının
reallaşdırıldığını, cəbhədə
atəşkəsin əldə olunduğunu, nizami ordu
quruculuğu prosesinə başlandığını, cəmiyyətin
inkişafı üçün fundamental əsasların
yaradıldığını bildirib. Baş
nazirin müavini qeyd edib ki, Ulu Öndərin işləyib
hazırladığı müasir, müstəqil dövlət
quruculuğu konsepsiyası müasir Azərbaycanın
uğurlarının bünövrəsində dayanaraq gələcək
inkişafın, misli görünməmiş uğurların əsasını
qoyub. Onun sözlərinə görə,
Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi nəticəsində
1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”
isə ölkəmizin inkişafında mühüm rol
oynadı. Belə ki, Ümummilli Liderimizin müəllifi
olduğu neft strategiyası Azərbaycanın hərtərəfli
inkişafının bünövrəsini təşkil
edir.
YAP Sədrinin müavini söyləyib
ki, bu gün Heydər Əliyev siyasəti Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirilir. Əli
Əhmədov Prezident İlham Əliyevin siyasəti nəticəsində
Azərbaycanın ötən illər ərzində
böyük inkişaf yolu keçdiyini, iqtisadiyyatın
artması, əhalinin sosial rifahının yüksəldilməsi,
ölkəmizin beynəlxalq müstəvidə mövqeyinin
gücləndirilməsi istiqamətində mühüm
addımlar atıldığını söyləyib.
Əli Əhmədov bildirib ki, son illər Azərbaycan
iqtisadiyyatı bir neçə dəfə artıb. Təbii
ki, iqtisadiyyatın inkişafı dövlətin sosial siyasətinin
daha da güclənməsinə zəmin yaradır. Əhalinin
rifah halının yüksəlməsi istiqamətində
atılan addımlar bunun əyani göstəricisidir. Bu ilin əvvəlindən Prezident İlham
Əliyevin müvafiq Fərman və sərəncamları ilə
ölkəmizdə əməkhaqlarının, təqaüdlərin,
sosial müavinətlərin və digər sosial ödənişlərin
əhəmiyyətli dərəcədə
artırıldığını deyən Baş nazirin
müavini qeyd edib ki, ölkəmizdə qayğıya
ehtiyacı olan insanlara dövlətimiz lazımi diqqəti
göstərir. Onun sözlərinə görə, hər bir
ailə bu artımlardan faydalanır. Əli Əhmədov deyib
ki, Azərbaycan dövləti gücləndikcə əhalinin
rifah halının daha da yüksəldilməsi istiqamətində
növbəti addımlar atılacaq. Azərbaycanın beynəlxalq
miqyasda da nüfuzunun davamlı olaraq artdığını
deyən Əli Əhmədov ölkəmizin dünyada və
regionda baş verən proseslərdə fəal mövqe
nümayiş etdirdiyini söyləyib.
Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinə gəlincə, Baş
nazirin müavini deyib ki, Azərbaycan münaqişənin
sülh yolu ilə həllinin tərəfdarıdır. Onun
sözlərinə görə, işğalçı Ermənistan
münaqişənin həllini uzatmağa
çalışır: “Azərbaycanın güclü ordusu
var və torpaqlarımızı işğaldan azad etməyə
qadirdir. Beynəlxalq hüquq da bizim tərəfimizdədir.
Amma dövlətimiz qan tökülməsini istəmir.
Çünki müharibə insan itkisi, dağıntı, fəlakət
deməkdir. Ona görə də sülh
imkanları tükənməyibsə, bu imkanlardan sona qədər
istifadə olunmalıdır. Əlbəttə ki, sülh
danışıqları nəticə verməsə, Azərbaycan
dövləti öz torpaqlarını işğaldan azad etmək
haqqından istifadə edəcək”.
Azərbaycanın dünyanın ən
uğurlu gənc dövlətlərindən biri olduğunu deyən
Əli Əhmədovun fikrincə, bugünkü gənclik
müstəqil, güclü Azərbaycanın vətəndaşı
olmaqdan qürur duyur. O, gəncləri ictimai həyatda da fəal
olmağa çağırıb. Çünki gənclər
cəmiyyətin aparıcı qüvvəsi kimi cəmiyyət
həyatında mühüm rol oynayırlar. Yeni Azərbaycan
Partiyasının qapıları da gənclərimiz
üçün həmişə açıqdır.
Bununla belə, Azərbaycanın
inkişafını və güclənməsini istəməyən
qüvvələrin olduğunu deyən YAP Sədrinin
müavini həmin dairələrin müxtəlif vasitələrlə
ölkəmizə qarşı kampaniya apardıqlarını
qeyd edib. Xüsusilə sosial şəbəkələr vasitəsilə
bu çirkin kampaniya aparılır. Onun sözlərinə
görə, bu prosesdə xaricdə özünü “mühacir”
adlandıranlar “fəallıq” göstərirlər. YAP Sədrinin
müavini vurğulayıb ki, bu adamlar xaricdəki müəyyən
dairələrin maraqlarına xidmət edirlər. Natiq deyib ki,
onların gerçək siması cəmiyyətdə ifşa
olunmaqdadır. Ona görə də partiyamızın üzvləri,
o cümlədən gənclər bu məsələdə
daha da fəal olmalıdırlar.
Çıxış edən AMEA-nın
prezidenti, YAP Sədrinin müavini Akif Əlizadə Azərbaycanın
gələcəyinin parlaq olduğunu bildirib. Çünki
ölkəmizdə sağlam, vətənpərvər,
intellektual gənc nəsil formalaşıb. O, son illər gənclərin
elm sahəsinə marağının artmasını da
yüksək qiymətləndirib. “Gənclik olmasa, elmi məktəblər
də ola bilməz”, - deyən akademik gəncləri Prezident
İlham Əliyevin ətrafında daha sıx birləşməyə
çağırıb.
Görüşdə çıxış edən
gənclər də ictimai-siyasi proseslərlə bağlı
fikirlərini bildiriblər. Qeyd olunub ki, bu gün Azərbaycan
gəncliyi Prezident İlham Əliyevin ətrafında sıx
birləşib, dövlət başçısının həyata
keçirdiyi siyasəti birmənalı şəkildə dəstəkləyir.
Görüşdə, həmçinin gəncləri
maraqlandıran suallar cavablandırılıb.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-
2019.- 22 sentyabr.- S.3