Milli Kitabxanada
“Nəsimi Əlyazmaları
dünya kitabxanalarında”
adlı sərginin açılışı olub
Sentyabrın 27-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Nəsimi Əlyazmaları dünya kitabxanalarında” adlı kitab sərgisinin açılış mərasimi
olub.
AZƏRTAC xəbər verir ki, “Mədəni
sərvətlərimizin vətənə
qayıdışı” layihəsi
çərçivəsində təşkil olunan sərgi Bakı VI Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində
reallaşıb.
Sərginin açılış
mərasimində Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.
Mədəniyyət naziri Əbülfəs Qarayev tədbirdə çıxış edərək
sərgi haqqında ətraflı məlumat verib. Bildirib ki, sərgidə Şərqin böyük mütəfəkkiri İmadəddin
Nəsiminin yaradıcılığına
həsr olunmuş əlyazmaların surətləri
yer alır. Bu kitablar dünyanın
müxtəlif aparıcı
kitabxanalarından əldə
olunaraq Milli Kitabxananın arsenalına
daxil edilib. Sərgi ölkəmizdə
VI dəfə təşkil
edilən kitab sərgi-yarmarkası çərçivəsində
açılıb. Bu
gün kitab və kitabxana işinə ölkəmizdə
lazımi səviyyədə
dövlət tərəfindən
diqqət göstərilir.
Azərbaycanda belə
sərgi-yarmarkaların keçirilməsi
artıq ənənə
halını alıb.
Nazir vurğulayıb
ki, İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə
ölkəmizdə müxtəlif
tədbirlərlə qeyd
olunur. Həmçinin
dövlət başçısının
daha bir Sərəncamı ilə
2019-cu il ölkəmizdə
“Nəsimi ili” elan edilib. Prezidentin
İmadəddin Nəsiminin
yubileyinin keçirilməsi
haqqında Sərəncamının
icrasını təmin
etmək məqsədilə
Mədəniyyət Nazirliyinin
əmri ilə tədbirlər planı hazırlanıb. Görkəmli şairin 650 illik
yubileyi öncəsi, ötən il ədəbi-mədəni mühitdə
geniş rezonans doğuran əhəmiyyətli
bir layihə - Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə
Azərbaycanda ilk dəfə olaraq Nəsimi - şeir, sənət və mənəviyyat festivalı
keçirilib. Bir
gün sonra təşkil ediləcək
növbəti eyniadlı
festival yubiley ilinin ən yaddaqalan tədbirlərindən
olacaq. Buna görə də “Nəsimi Əlyazmaları
dünya kitabxanalarında”
sərgisi Mədəniyyət
Nazirliyinin ikinci dəfə keçiriləcək
“Nəsimi - şeir, incəsənət və mənəviyyat” beynəlxalq
festivalına hədiyyəsidir.
Nazir Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ölkənin
ən böyük kitabxanasına gəlişini
Fond tərəfindən
kitaba, mütaliəyə
və oxu mədəniyyətinə göstərilən
diqqətin göstəricisi
kimi qiymətləndirib.
Milli Kitabxananın
direktoru Kərim Tahirov kitabxana barədə məlumatların,
üç dildə çap olunmuş, ana haqqında şeirlərin yer aldığı kitabları
Leyla Əliyevaya təqdim edib.
Sonra qonaqlar
sərgi ilə tanış olublar.
Həmçinin Leyla Əliyevanın iştirakı ilə Milli Kitabxanada beynəlxalq əməkdaşlıq
zalının da açılışı olub.
Açılışda 13 ölkənin Azərbaycandakı
diplomatik nümayəndələri
və kitabxanaların
rəhbərləri də
iştirak ediblər. Məlumat verilib ki, bu zalda
həmin ölkələrin
ədəbiyyat guşələri
və kitabxanaları ilə birbaşa internet əlaqəsi yaradaraq faydalanmaq mümkündür.
Qonaqlar Milli
Kitabxananın oxu zalları ilə tanış olublar.
Yeni Azərbaycan.-
2019.- 28 sentyabr.- S.2