“Ailə və cəmiyyət: ənənə və məsuliyyət”
YAP İcra Katibliyində
partiyanın Qadınlar
Şurasının təşkilatçılığı
ilə bu mövzuda konfrans keçirilib
Sentyabrın 27-də Yeni Azərbaycan Partiyasının (YAP) İcra
Katibliyində partiyanın
Qadınlar Şurasının
təşkilatçılığı ilə “Ailə və cəmiyyət: ənənə və məsuliyyət” mövzusunda
konfrans keçirilib. Konfransda bir sıra siyasi partiyaların qadın təşkilatlarının nümayəndələri
və qeyri-hökumət
təşkilatlarının təmsilçiləri iştirak
ediblər.
Tədbirdə giriş sözü
ilə çıxış
edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, YAP Nəsimi rayon təşkilatının
sədri Məlahət
İbrahimqızı bildirib
ki, ailə xalqımızın əsas
dəyərləri sırasındadır.
Onun sözlərinə
görə, bu gün ölkəmizdə
ailə institutunun qorunması prioritet məsələlərdəndir. Tarixin hər bir mərhələsində
ailə cəmiyyətin
inkişafında mühüm
rol oynayıb. Cəmiyyətin inkişafı
ailənin rifahından,
ailədaxili sağlam
mənəvi mühitdən,
ailə münasibətlərinin
yüksək əxlaqi
dəyərlər əsasında
təşkilindən çox
asılıdır. Buna
görə də cəmiyyət həmişə
ailənin möhkəm
bünövrə əsasında
qurulmasına, inkişafına
çalışır. Azərbaycan
ailəsi dünyada özünəməxsusluğu ilə seçilir. Bizim qədimdən gələn ailə modelimiz var.
Millət vəkili
qeyd edib ki, ölkəmizdə gender bərabərliyi haqqında mükəmməl
qanunvericilik bazası yaradılıb. Bununla belə, M.İbrahimqızı
deyib ki, mütəmadi aparılan maarifləndirmə işlərinə
baxmayaraq, hələ də məişət zorakılığı hallarına
rast gəlinir. O, son vaxtlar AXCP rəhbərliyində təmsil
olunan bir şəxsin öz həyat yoldaşına və qızına qarşı törətdiyi
zorakılığın cəmiyyətdə
ciddi etirazla qarşılandığını və pislənildiyini diqqətə çatdırıb.
M.İbrahimqızı AXCP-nin
bu hadisəyə görə Azərbaycan qadınlarından üzr istəməli olduğunu deyib.
Azəri Türk
Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı çıxışında
bu hadisənin gündəmin əsas mövzularından olduğunu
deyib. Onun sözlərinə görə,
buna səbəb hakimiyyətə iddia edən bir siyasi
partiyanın rəhbərliyində
olmuş şəxsin
öz ailə üzvlərinə qarşı
zorakı hərəkətləridir.
Bu səbəbdən də həmin hadisə cəmiyyətdə
ciddi qınaq obyektinə çevrilib. Belə adamların ailəsində bu cür hadisələrin baş verməsi cəmiyyət üçün
təhlükəlidir.
“Teleqraf Holdinq”in
rəhbəri Aynur Camalqızı isə bildirib ki, bu
məişət zorakılığını
törədən adam
partiya sıralarından
istefa verdi: “Amma mən bunu
kağız üzərində
istefa hesab edirəm. O, yenə öz fəaliyyətinə
davam edəcək. O, xanımından da, uşaqlardan da, bütün Azərbaycan qadınlarından da üzr istəməlidir. Biz bu gün
bəzi insanların qəddarlığını, onların
söyüş söydüyünü
müşahidə edirik.
Bunların hamısının
təməli ailədə
qoyulur. Media da bu yöndə
daha çox maarifləndirici iş aparmalıdır ki, ailələrdə zorakılıq,
şiddət olmasın”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının
nümayəndəsi Nəzakət
Məmmədova çıxışında
tədbirin çox önəmli, aktual məsələyə həsr
olunduğunu bildirib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasında
bu tədbirin təşkil edilməsi göstərdi ki, partiya siyasi baxışlarına baxmayaraq,
bütün vətəndaşlara
eyni cür yanaşır, eyni münasibəti göstərir.
N.Məmmədova qeyd edib ki, Avropa dəyərlərini,
Avropaya inteqrasiyanı,
demokratiya məsələlərini
ön plana çəkən, fəaliyyətində
əsas şüara çevirən bir siyasi partiyanın funksionerlərinin Avropa dəyərlərinə, ümumiyyətlə
insan hüquqlarına
zidd olan davranışları, heç
şübhəsiz, tənqid
olunmalıdır: “Təqdirəlayiq
hal odur ki, cəmiyyət bu hadisəyə çox adekvat reaksiya verdi. Bunu şiddətlə qınadı. Yəni cəmiyyətimiz bu cür məsələlərə
biganə qalmır. Dövlət də kimliyindən asılı olmayaraq, bütün vətəndaşların, o cümlədən
müxalif baxışlara
malik vətəndaşların
hüquqlarını qoruyur.
Onların problemlərini
ictimai müzakirəyə
çıxarır. Bu
da təqdirəlayiq hal kimi qeyd
olunmalıdır”.
Nəzakət Məmmədova bildirib ki, qadın hüquqlarının, ümumiyyətlə
ölkədə insan
hüquqlarının qorunmasına
diqqət dövlət
siyasətinin qayəsini
təşkil edir: “Dövlət heç bir vətəndaşının
problemlərini diqqətdən
kənarda qoymur. Siyasi partiyaların, ictimai təşkilatların,
vətəndaş cəmiyyəti
institutlarının da
bu cür həmrəylik nümayiş
etdirməsi təqdirəlayiq
hal kimi qiymətləndirilməlidir. Yəni
cəmiyyət bu cür məsələlərdə
həmrəylik göstərir
və bunu şiddətlə qınayır”.
Tədbirdə digər çıxış
edənlər də qeyd ediblər ki, Azərbaycan cəmiyyətində qadına
hörmət təməl
dəyərlərdən biridir.
Qadınlara qarşı hər
bir zorakılıq halı, o cümlədən
məişət zorakılığı
cəmiyyətimiz tərəfindən
həmişə mənfi
qarşılanıb. Çıxışlarda
AXCP rəhbərliyində təmsil
olunan bir şəxsin öz ailə üzvlərinə
qarşı zorakılığı
qətiyyətlə pislənilib.
Qeyd edək
ki, sonda konfransda iştirak edən 8 siyasi partiyanın qadın təşkilatlarının rəhbərləri
və 30 qeyri-hökumət
təşkilatı sədrlərinin
adından müraciət
qəbul olunub. Müraciətdə bir daha AXCP rəhbərliyində
təmsil olunmuş Fuad Qəhrəmanlının
öz həyat yoldaşına və qızına qarşı zorakılıq hərəkətləri
qətiyyətlə pislənilib.
Müraciətdə həmçinin
müəyyən insan
hüquq müdafiə
təşkilatlarının bu məsələdə susqunluğu da pislənilib.
Bu da qeyd olunur ki,
həmin xoşagəlməz
hadisə əvvəlcədən
partiya rəhbərliyinə
də məlum olub, bununla belə,
zorakılığın qarşısını
almaq üçün
heç bir tədbir görülməyib.
Ona görə də AXCP rəhbərliyi
tam tərkibdə istefa verməli və Azərbaycan qadınlarından üzr istəməlidir.
Müraciətdə məlum zorakılıq hadisələri bir cinayət kimi qimətləndirilib və
hüquq-mühafizə orqanlarına
bu hadisənin ciddi şəkildə araşdırılması və
qanun çərçivəsində
müvafiq addımların
atılması üçün
çağırış edilib.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-
2019.- 28 sentyabr.- S.5