“Azərbaycan 100 mahnıda” kitabının
təqdimatı olub
Sentyabrın 27-də Azərbaycan Milli İncəsənət Muzeyində
“Azərbaycan 100 mahnıda”
kitabının təqdimatı
keçirilib.
AZƏRTAC xəbər
verir ki, XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində
təqdim olunan layihənin rəhbəri və ideya müəllifi,
bəstəkar-musiqişünas, sənətşünaslıq üzrə
fəlsəfə doktoru,
Xalq artisti Aygün Səmədzadədir.
Mədəniyyət Nazirliyi və Nəfəs Sənət Mərkəzinin təşəbbüsü
ilə keçirilən
tədbirdə Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət
xadimləri iştirak
ediblər.
Tədbirdə çıxış edən
Mili Məclisin deputatı Jalə Əliyeva “Azərbaycan 100
mahnıda” kitabını
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə
böyük töhfə
kimi dəyərləndirib.
Aygün Səmədzadənin
bənzərsiz yaradıcılığından
söz açan Jalə Əliyeva deyib ki, o, əldə
etdiyi bu sənət şöhrətini
böyük zəhmət
və əzmkarlıq
bahasına qazanıb.
Ulu Öndər Heydər
Əliyevin Azərbaycan
mədəniyyətinin inkişafında
yeni bir dövrün əsasını
qoyduğunu söyləyən
Milli Məclisin deputatı qeyd edib ki, Ümummilli
Liderin siyasi kursu bu gün
Prezidentimiz İlham Əliyev tərəfindən
uğurla həyata keçirilir. Bildirib
ki, Azərbaycan mədəniyyətinin hamisi
kimi tanınan Heydər Əliyev Fondu və Fondun
prezidenti Mehriban xanım Əliyeva bu gün mədəniyyətimizin
dünyada tanınmasına
böyük töhfələr
verməkdədir.
“Ölkə başçısının müvafiq
sərəncamları ilə
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin
keçirilməsi və
ötən ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi neçə-neçə belə
layihələrin reallaşmasına
təkan verib. Bu istiqamətdə görülən işlərin
davamı olaraq məhz bu gün
belə bir uğurlu layihənin təqdimatına toplaşmışıq”,
- deyə Jalə Əliyeva vurğulayıb.
Kitabın çapını
əlamətdar hadisə
kimi dəyərləndirən
Azərbaycan Milli Konservatoriyasının elmi
işlər üzrə
prorektoru Lalə Hüseynova deyib ki, Aygün Səmədzadə istedadlı
bəstəkar olmaqla yanaşı, həm də gözəl musiqişünasdır. Məhz bu
səbəbdən də
kitaba Azərbaycan haqqında çox dəyərli əsərlər
toplanıb. 35 bəstənin
yer aldığı kitabda Aygün Səmədzadə əsl
musiqişünas alim kimi peşəkarlarla yanaşı, gənc və həvəskar bəstəkarların da əsərlərinə yer
ayırıb.
Tədbirdə AMEA-nın müxbir
üzvi Rəna Məmmədova, Xalq artistləri Sərdar Fərəcov, Faiq Sücəddinov və Azərbaycan Yazıçılar
Birliyinin katibi İlqar Fəhmi çıxış edərək
Aygün Səmədzadə
yaradıcılığından və onun milli
bəstəkarlıq məktəbimizin
inkişafındakı
rolundan söz açıblar.
Bildirilib ki,
kitabda Azərbaycan bəstəkarlarının 100 il
ərzində bəstələdiyi
100 mahnı toplanıb.
Toplu dahi Üzeyir Hacıbəylinin
Əhməd Cavadın
sözlərinə dövlət
himni ilə açılır və
100 il ərzində yazılan, tanınan və sevilən mahnılardan bir çoxunu əhatə edir. Burada Qara Qarayev, Asəf Zeynallı, Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Cahangirov, Rauf Hacıyev, Vasif Adıgözəlov, Emin Sabitoğlu, Elza İbrahimova, Ramiz Mirişli, Ələkbər Tağıyev,
Səid Rüstəmov,
Süleyman Ələsgərov,
Oqtay Rəcəbov, Müslüm Maqomayev, Aygün Səmədzadə,
Cavanşir Quliyev
kimi bəstəkarların
mahnıları öz
əksini tapır.
Qeyd edilib
ki, bu kitab
musiqi məktəblərinin
şagirdləri və
tələbələri üçün
çox böyük əyani vəsait olacaq.
Natiqlər belə
bir layihənin reallaşmasını Aygün
Səmədzadənin Azərbaycana
olan sevgisinin bariz nümunəsi kimi dəyərləndiriblər.
Bütün iştirakçılara minnətdarlığını
bildirən layihənin
rəhbəri Aygün
Səmədzadə belə
bir kitabın XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində
təqdim olunmasından
qürur duyduğunu bildirib. Kitabın ərsəyə gəlməsinə
3 ilə qədər bir vaxt sərf
olunduğunu söyləyən
müəllif bildirib ki, bu layihə
davamlı olacaq. Layihənin reallaşmasında əməyi
olanları xüsusilə
qeyd edən A.Səmədzadə deyib ki, bu kitabı
vərəqləyən hər
bir kəs nə vaxtsa unutduğu mahnını burda görəcək, yaxud da hansısa
mahnını görməyəndə
təəssüflənəcək. Bu ilk nəşrdir
və yaxın gələcəkdə daha
təkmilləşmiş nəşrləri
musiqisevərlərə təqdim
edəcəyik. “Bu, bizim Azərbaycan Xalq Cümhuriyyətinin
100 illiyinə bir töhfəmizdir. Başqa
xalqlara nisbətdə
bizim bəstəkarlarımız
Vətən mövzusuna
daha çox müraciət ediblər. Bu da ölkəmizə,
məmləkətimizə sonsuz
sevgimizdən irəli
gəlir. Düşünürəm
ki, bu mövzuda
yazılmış bütün
əsərləri bir
kitaba yerləşdirmək
mümkünsüzdür. İstərdik
ki, bu nəşr
musiqi məktəblərində
tədris vəsaiti kimi istifadə edilsin”.
Tədbir musiqili proqramla davam edib.
Yeni Azərbaycan.-
2019.- 28 sentyabr.- S.4