Azərbaycanda turizmin inkişafı istiqamətində mühüm addımlar atılır

 

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramında ölkəmizə gələn turistlər bölgələrdə istirahət etməyə üstünlük verirlər

Hazırda dünyada müşahidə edilən cəlbedici və qazancgətirici sektorlaran biri turizm sənayesidir. Bu isə həmin sektorun sürətli inkişafı ilə bağlıdır. Ayrı-ayrı ölkələrin iqtisadiyyatında turizm sektorunun rolu getdikcə artmaqdadır. Beynəlxalq Turizm Təşkilatının proqnozlarına əsasən, 2020-ci ildə dünyada turistlərin sayı 1,6 milyard nəfərə, turizmdən əldə olunan gəlirlərin miqdarı isə 2000-ci illə müqayisədə 481 milyard ABŞ dollarından 2 trilyon dollara qədər artacaq. Turizm sektorunun inkişafı başqa bir nöqteyi-nəzərdən də kifayət qədər önəmlidir. Bu da turizmin ölkələrin, milli mədəniyyətlərin, xalqların özünəməxsusluğunun qlobal miqyasda tanıdılmasında və təbliğində oynadığı mühüm rolla bağlıdır.

Turizmin inkişafını şərtləndirən amillər yalnız dövlətlərin siyasi iradəsi ilə bağlı deyildir. Burada ölkələrin coğrafi mövqeyi, təbiəti, nəqliyyat qovşaqlarına yaxınlığı və digər amillər də mühüm əhəmiyyət daşıyır. Deyilənlər baxımından Azərbaycan turizmin inkişafı üçün bir sıra üstünlüklərə malikdir. Respublikamızda dövlətin qeyri-neft sektorunun gəlirli istiqamətlərindən biri kimi turizmin inkişafına göstərdiyi siyasi iradə ölkənin quru və su sərhədlərinə malik olması, istər Şərq-Qərb, istərsə də Şimal-Cənub nəqliyyat dəhlizlərinin burada kəsişməsi, möhkəm daxili sabitlik, müasir infrastruktur, dinamik sosial-iqtisadi inkişaf, zəngin mədəniyyət, flora və fauna müxtəlifliyi, cəmiyyətin tolerantlığı, milli mətbəxin zənginliyi, həmçinin digər müsbət amillərlə tamamlanır. Azərbaycan yeni iqtisadi şəraitdə özünün malik olduğu bu kimi üstünlüklərindən bəhrələnərək turizmin inkişafına daha münbit və daha cəlbedici şərait yaratmağa çalışır. Respublikamızda “Turizm haqqında” ayrıca qanun qəbul edilib. İndiyədək ölkəmizdə turizm sektorunun inkişafı ilə bağlı bir neçə Dövlət Proqramı uğurla yerinə yetirilib. Dövlət başçısının imzaladığı müvafiq sənədlərə əsasən respublikamızda elektron viza sisteminin tətbiqi həyata keçirilir. Eyni zamanda, Prezident İlham Əliyevin Sərəncamı ilə 2011-ci il ölkəmizdə “Turizm ili” elan edilmişdi. Eləcə də, dövlət başçısının 2016-cı il 6 dekabr tarixli Fərmanına əsasən ölkəmizdə turizm sektorunun inkişafı ilə bağlı yaxın, orta və uzunmüddətli dövrü əhatə edən Strateji Yol Xəritəsi təsdiqlənib. Sənəddə milli iqtisadiyyatın və ölkənin tanıdılması baxımından böyük əhəmiyyət daşıyan turizm sektorunun imkanlarının genişləndirilməsi üçün konkret prioritetlər müəyyənləşdirilib.

Təbii ki, zəruri infrastruktur yaradılmadan turizmin inkişafından da söhbət açmaq mümkün deyil. Respublikamızda müxtəlif turist marşrutları üzrə geniş infrastruktur qurulmasından söhbət açarkən dünya miqyasında məşhur brend hotellərin tikintisini ayrıca vurğulamaq gərəkdir. Ölkəmizdə mehmanxana və mehmanxana tipli obyektlərin sayı artıb. Bu isə adıçəkilən sektorun həm də xarici ölkələrdə təbliğinə yüksək imkanlar yaradır.

Xarici mətbuat Azərbaycanda turizmin inkişafından yazır

Yeri gəlmişkən, yeni ilin ilk günlərində Yaponiyanın populyar Fuci telekanalı Azərbaycan haqqında veriliş yayımlayıb. “Dünya” adlı verilişdə Azərbaycanın coğrafi mövqeyi, əhalisi, tarixi və mədəniyyəti haqqında geniş məlumat verilib. Azərbaycanın Yaponiyadan təyyarə ilə 15 saatlıq məsafədə yerləşdiyini qeyd edən aparıcı ölkəmizin çox əlverişli coğrafi mövqeyə sahib olduğunu bildirib. Müstəqilliyini 1991-ci ildə bərpa edən Azərbaycanın qısa zaman kəsiyində əldə etdiyi uğurlar diqqətə çatdırılıb. Verilişdə Bakı şəhərindəki “Alov qüllələri”, Heydər Əliyev Mərkəzi, SOCAR-ın binası, Bakı Kristal Zalı və digər möhtəşəm tikililərin müasir dizaynı barədə söhbət açılıb. “Alov qüllələri”nin şəhərin rəmzi olduğu qeyd edilib. Telekanalın Azərbaycan Dövlət Neft və Sənaye Universitetində və Bakı Ali Neft Məktəbində olan çəkiliş qrupu ölkəmizdə yerləşən neft və qaz yataqları barədə də tamaşaçıları məlumatlandırıb. Eyni zamanda, tamaşaçılara Neft Daşları və Bakı-Tbilisi-Ceyhan neft boru kəməri barədə məlumatlar təqdim edilib. Bundan başqa, Azərbaycan ərazisindəki faydalı qazıntılardan, Naftalan Sağlamlıq Mərkəzi və palçıq vulkanlarından bəhs olunub. İçərişəhərdə və Nizami küçəsində aparılan çəkilişlər zamanı şəhərin mərkəzində yerləşən bu iki yerin tikililəri ilə tarixi və müasir Azərbaycanı əks etdirdiyi vurğulanıb. Yapon izləyicilər ölkəmizin müasirliyi ilə diqqəti cəlb edən turizm potensialı və mövcud infrastrukturu barədə də ətraflı məlumatlandırılıblar. Tamaşaçılara ölkəmizin rəmzlərindən biri hesab edilən, dünyaca məşhur Azərbaycan xalçaları barədə də geniş məlumat verilib. Veriliş boyunca azərbaycanlıların çox istiqanlı, mehriban, qonaqpərvər və əməksevər bir xalq olduğu qeyd edilib. Sonda yapon tamaşaçılara bu gözəl ölkəyə səyahət etmək tövsiyə olunub.

MDB turistləri Azərbaycandakı Şahdağ və Tufandağ dağ-xizək kurortlarına

üstünlük verirlər

Bişkekdəki ca-news.org portalı isə Rusiyanın “TurStat” analitik agentliyinə istinadla yazır ki, Minsk, Bakı və Astana qış səyahəti üçün ən cəlbedici, maraq doğuran Müstəqil Dövlətlər Birliyi şəhərləri arasında birinci üç yeri tutub. Portalın qiymətləndirməsinə görə, MDB turistləri Belarusdakı Loqoysk və Siliçi, Azərbaycandakı Şahdağ və Tufandağ, Qazaxıstandakı Çimbulak dağ-xizək kurortlarına üstünlük verirlər. Bildirilir ki, çox baha olmayan səyahətlər üçün turistlər Özbəkistan və Moldovanı seçirlər. Bazar günləri səyahətləri və şopinq üçün turistlər yenə də Bakı və Astanaya üstünlük verirlər.

Şahdağdan söz düşmüşkən, bildirmək yerinə düşər ki, bu turizm mərkəzinə turistlərin daha çox gəlməsi üçün bir sıra işlər həyata keçirilməkdədir. Qarşıda duran əsas məqsədlərdən biri turizm mərkəzində əyləncə növlərini çoxaltmaq və xidmət səviyyəsini yüksəltməklə qonaqlar üçün daha cəlbedici şərait yaratmaqdır. Turistlərin sayı hava şəraiti ilə də birbaşa bağlıdır. Qış fəsli isə yeni başlayıb. Şahdağ ərazisində qar yağıntısının daha da çoxalması xarici qonaqların sayının artmasına da öz təsirini göstərir.

“Şahdağ” Turizm Mərkəzi yeddinci qış mövsümünə 7 möhtəşəm yeniliklə start verib

Yeri gəlmişkən, “Şahdağ Turizm Mərkəzi” QSC-nin İdarə Heyətinin sədri Rodderix Mark Leffler bildirib ki, kompleks ərazisində qonaqların rahatlığını təmin etmək üçün bu mövsüm ilk dəfə olaraq kinoteatr, gecə klubu, supermarket, eləcə də başqa əyləncə və iaşə mərkəzləri istifadəyə verilib.

Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə bu qış turizm mövsümündə ölkəmizin istirahət yerlərinə, o cümlədən “Şahdağ” Turizm Mərkəzinə daha çox əcnəbi turistin gələcəyinin proqnozlaşdırıldığını bildirib. Bu ilin 11 ayının nəticələrinə əsasən, Azərbaycana gələn xarici turistlərin sayı 6 faiz artıb. O qeyd edib ki, 2018-ci il turizm sahəsində struktur dəyişiklikləri ili kimi yadda qaldı: “Prezident İlham Əliyevin mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi yaradıldı. Ölkəmizin yeni turizm brendi təqdim olundu. Dövlət Turizm Agentliyinin tabeliyinə verilən 20-dən çox qurum var ki, onlardan biri də “Şahdağ” Turizm Mərkəzidir. Bu qurumların hər birində daha effektiv fəaliyyətin təmin olunması üçün islahatlar aparılır. Agentlik tərəfindən bir sıra sahələrdə xarici mütəxəssislər işə cəlb olunub. “Şahdağ” Turizm Mərkəzinə də almaniyalı mütəxəssis rəhbərlik edir. Biz istəyirik ki, qabaqcıl dünya təcrübəsini Azərbaycana gətirək. Bununla da ölkəmizə daha çox turist cəlb edək və onlar buradan məmnun ayrılsınlar”.

“Şahdağ” Turizm Mərkəzində turistlərə təklif olunan xidmətlər isə olduqca rəngarəngdir. “Şahdağ” Turizm Mərkəzində 15 kanat xətti, asma buraz yollar, xizəkçilik və snoubord mərkəzləri yerli və əcnəbi turistlərin xidmətindədir. Eyni zamanda, kurort ərazisində 24 saat fəaliyyət göstərən tibbi klinika, dağ xizəkçiliyi məktəbi, geniş avtomobil dayanacağı mövcuddur. Xatırladaq ki, “Şahdağ” Turizm Mərkəzində yeddinci qış mövsümünə ötən il dekabrın 15-də start verilib.

Onu da vurğulayaq ki, Qusarda yerləşən “Şahdağ” Turizm Mərkəzi yeddinci qış mövsümünə 7 möhtəşəm yeniliklə start verib. Yeni xidmətlər xizək və snoubord həvəskarları ilə yanaşı, fəal istirahətə üstünlük verən bütün turistlər üçün nəzərdə tutulub. “Şahdağ” Turizm Mərkəzində diqqətçəkən əsas yenilik ölkənin ən hündür, sərt və çətin sürüşmə zolağının istifadəyə verilməsidir. Uzunluğu 492 metr olan sürüşmə zolağının start nöqtəsi dəniz səviyyəsindən 2 min 351 metr yüksəklikdə yerləşir. Təhlükəsiz qapalı liftlərlə zirvəyə qalxan qonaqlar möhtəşəm dağ mənzərələrini seyr etmək imkanı qazanırlar. Lift bazasının yerləşdiyi ən yüksək nöqtədə Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Bu yüksəklikdən başı qarlı Şahdağın uca zirvələrini və əks istiqamətdə on kilometrlərlə əsrarəngiz mənzərəni seyr etmək mümkündür. Odur ki, yeni istifadəyə verilən 5 nömrəli lift tək ekstrim xoşlayan xizək və snoubord həvəskarlarının deyil, eləcə də füsunkar təbiət mənzərələrini seyr etmək istəyən turistlərin sevimli əyləncəsinə çevrilir. Bu məntəqədə quraşdırılan lift bazasında turistlər üçün restoran da inşa olunub. Bu, Azərbaycanda ən yüksəkdə yerləşən restorandır. Layihənin tikinti rəhbəri Məhəmməd Musayev bildirib ki, yeni inşa olunan sürüşmə zolağının tikintisini bu sahədə dünyaca məşhur olan şirkətlər həyata keçirib. “Bundan əvvəl turistlər dəniz səviyyəsindən 2 min metrədək yüksəkliyə qalxa bilirdilər. Qonaqlarımız üçün əvvəllər onlara əlçatmaz görünən yüksəkliyə çıxmaq imkanı yaranıb”, - deyə M.Musayev bildirib. “Şahdağ” Turizm Mərkəzində bu ildən istifadəyə verilən əyləncə-istirahət xidmətlərindən biri də kinoteatrdır. Müasir kinoteatrın ərazisində iki zal və bir restoran mövcuddur. Turistlər bundan sonra dörd böyük və iki uşaq oyun sahələrindən ibarət boulinq mərkəzinin xidmətlərindən də faydalana biləcəklər. Bu mərkəzdə oyun zalı və kokteyl barı da var.

 

(davamı növbəti sayımızda)

Pərviz SADAYOĞLU

Yeni Azərbaycan.- 2019.- 8 yanvar.- S.7.