Azərbaycanda turizmin
inkişafı istiqamətində mühüm addımlar
atılır
Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni il bayramında ölkəmizə gələn
turistlər bölgələrdə istirahət etməyə
üstünlük verirlər
(əvvəli ötən sayımızda)
Qusar rayonunda yerləşən “Şahdağ”
Turizm Mərkəzi bayram günlərində 10 mindən
çox turist qəbul edib
Yeniliklər sırasında bu yaxınlarda istifadəyə
verilən gecə klubu da var. Turistlər xizək sürmənin
yorğunluğunu burada əylənməklə çıxara
bilərlər. Bu, eyni zamanda, xizək sürməyən
qonaqlar üçün ideal əyləncə mərkəzidir.
Gecə klubu 200 nəfərlik “Zona” və VİP bölmələrdən
ibarətdir. Mükəmməl akustika və işıq effektləri
ilə təchiz olunan klubda həmçinin Asiya mətbəxi,
DJ və böyük rəqs meydanı mövcuddur.
“Şahdağ” Turizm Mərkəzinin əsas
meydanında yerləşən “Qış bazarı”
yarmarkasında turistlərə xüsusi üsulla hazırlanan
içkilər, şirniyyatlar və Yeni il hədiyyələri
təklif olunur. On yeddi evcikdən ibarət yarmarkada həm də
yerli məhsulları əldə etmək olar. Bu mövsümdən
etibarən turistlər ən çox sevilən ləziz burgerləri
də Şahdağda dada biləcəklər. Yeni istifadəyə
verilən Burger Mərkəzinin interyeri xüsusi zövqlə
tərtib edilib.
Dövlət Turizm Agentliyinin sədri
Fuad Nağıyev bildirib ki, Azərbaycanda turizmin
inkişafını sürətləndirmək, ölkənin
daxili turizm potensialını dünya bazarına
çıxarmaq, habelə xarici turistlərin diqqətini səfalı
guşələrimizə cəlb etmək məqsədilə
dövlət tərəfindən bir sıra mühüm
işlər həyata keçirilir.
“Dövlətimizin başçısı
İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva
turizm sektoruna böyük diqqətlə yanaşır. Turizmin
inkişafı üçün mühüm qərarlar qəbul
olunub ki, bunun da nəticəsi göz qabağındadır.
“Şahdağ” Turizm Mərkəzinə gələn turistlərin
sayı artmaqda davam edir. Qonaqların sayının daha da
çox olması üçün mərkəzdə bir
sıra böyük işlər görülür, turistlərə
yeni xidmətlər və əyləncələr təklif
olunur. Həm yerli, həm də xarici turistlərin mərkəz
haqqında fikirləri çox müsbətdir. Bu, sevindirici
haldır. Bundan sonrakı mərhələdə dövlətimizin
başçısının müəyyənləşdirdiyi
istiqamət üzrə tapşırıqları yerinə
yetirib, Azərbaycanın turizm sektorunda daha çox nailiyyətlər
qazanmasını təmin edəcəyik”, - deyə Fuad
Nağıyev bildirib.
Turistlərin çoxluğu nəzərə
alınaraq bu il kompleksin girişində 720 yerlik yeni avtomobil
parkı inşa olunub. Bundan başqa, yeni mövsümdən
başlayaraq istirahət mərkəzinin daxilində xüsusi
marşrut üzrə hərəkət edən avtobuslar
qonaqların xidmətindədir.
Onu da qeyd edək ki, Qusar rayonunda yerləşən
“Şahdağ” Turizm Mərkəzi bayram günlərində 10
mindən çox turist qəbul edib. Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və Yeni il bayramı münasibətilə
elan olunan qeyri-iş günlərində istirahət kompleksində
dincələnlər arasında xeyli əcnəbi olsa da,
qonaqların çoxu yerli turistlərdir. Bayram günlərində
“Şahdağ” Turizm Mərkəzini ziyarət edən turistlərin
əksəriyyəti xizək yollarından və kanatlardan
istifadə edib. Təntənəli Yeni il şənlikləri,
möhtəşəm atəşfəşanlıq, musiqi
ziyafəti turistlərin zövqünü oxşayıb.
Bu il Yeni il bayramı günlərində Şəkiyə
gələn turistlərin sayında artım müşahidə
olunub
Azərbaycanın ən qədim şəhərlərindən
və mədəniyyət mərkəzlərindən olan
Şəki ilin bütün fəsillərində turistləri
özünə cəlb edir. Bayram tətili günlərində
Şəki rayonu da turistlərin ən çox ziyarət
etdikləri bölgələrimizdən olub. Hər il
olduğu kimi, bu il də Yeni il bayramı günlərində
Şəkiyə gələn turistlərin sayında artım
müşahidə olunur. Turistlərin ən çox üz
tutduqları tarixi məkanlardan biri “Yuxarı Baş” Dövlət
Tarix-Memarlıq Qoruğunun ərazisidir. Bu ərazidə yerləşən
muzey və karvansaraylar, həmçinin XVIII əsrə aid
dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsi
Şəki xanlarının sarayı yerli və xarici turistlərin
daha çox marağına səbəb olur. Qoruğun direktoru
Təranə Abdullayeva turistlərə göstərilən
xidmətlər barədə məlumat verib. Onun
bildirdiyinə görə, tətil günlərində şəhərə
turist axınını nəzərə alaraq, qoruğun ərazisindəki
bütün muzeylərin, o cümlədən Şəki
xanlarının sarayının qapıları səhər
saatlarından axşam hava qaralanadək qonaqların
üzünə açıq olur. Xarici turistlərin
arasında Rusiyadan, keçmiş sovet respublikalarından, həmçinin
ərəb ölkələrindən gələnlər
üstünlük təşkil edirlər.
İrina Şitova rəfiqələri ilə
birlikdə Azərbaycana Rusiyanın Nijni Novqorod şəhərindən
qonaq gəlib. İxtisasca iqtisadçı olan rusiyalı
turist Naftalan şəhərindəki müalicə
sanatoriyalarının birində istirahət edir. Turist qrupu ilə
birgə Şəkiyə ekskursiyaya gələn İrina deyib:
“Ölkənizə üçüncü dəfədir səfər
edirəm. Bu il yaşadığım Nijni Novqorod şəhərindən
Azərbaycana 20 nəfərədək turist gəlib. Mən
özüm Şəkidə ikinci dəfədir oluram. Bu şəhər
qədimliyi və möhtəşəm tarixi abidələri
ilə, mətbəxi, dadlı halvası, günəşli və
qarlı havası ilə məni özünə cəlb edir.
Azərbaycanlılar çox qonaqpərvər, istiqanlı və
səmimidirlər. Bizi hər yerdə çox mehriban
qarşılayırlar. Gələcəkdə yenə də
Azərbaycana, o cümlədən Şəkiyə gəlmək
niyyətindəyəm”.
Gəncədə fəaliyyət
göstərən “EFES Travel” turizm şirkətinin nümayəndəsi
Fərid Nəbiyev Naftalanda dincələn rusiyalı turistləri
Şəkiyə ekskursiyaya gətirib. Şirkətin nümayəndəsi
bildirib ki, “EFES Travel” xarici turizmlə yanaşı, ölkədaxili
turların təşkili ilə də məşğul olur.
Şirkətin əsas məqsədi yerli və xarici
turistlərə Azərbaycanı daha yaxından tanıtmaq, təbliğ
etmək və sevdirməkdir. Gəncə-Şəki-Qəbələ,
Gəncə-Qax-Zaqatala-Balakən marşrutları üzrə
təşkil edilən ekskursiyalar zamanı peşəkar bələdçilər
tərəfindən turistlərə bu bölgənin tarixi məkanları,
təbiəti, mədəniyyəti, görməli yerləri
barədə ətraflı məlumat verilir. Ekskursiya
iştirakçıları onlara göstərilən xidmətlərdən
həmişə razılıq edirlər.
Qəçrəşin qarlı mənzərəsini
izləməyə gələn israilli turistlər Azərbaycan
və onun təbiəti haqqında yüksək fikirdədirlər
Son illər istirahət üçün Qəçrəş
meşəsini seçənlərin arasında da əcnəbi
turistlərin sayı xeyli artıb. Qeyd edək ki, Qəçrəş
kəndi Quba rayon mərkəzindən təxminən 10 kilometr
məsafədə yerləşir. Bu kəndin girişindəki
meşə zolağı ölkəmizdə məşhurdur.
Turistlər həm yay aylarında, həm də qışda Qəçrəş
meşəsinin mənzərəsini seyr etməkdən
zövq alırlar. Qəçrəşin qarlı mənzərəsini
izləməyə gələn israilli turistlər isə Azərbaycan
və onun təbiəti haqqında yüksək fikirdədirlər.
Zoya Memrayev İsrailin mərkəzi şəhərlərindən
biri olan Or-Akiva şəhərindən gəlib. Azərbaycanda
sonuncu dəfə 40 il əvvəl olduğunu deyən qonaq
bildirib: “Şəhərlər çox dəyişib,
müasirləşib. Amma dəyişməyən bir şey
var: insanların xoş rəftarı və mehriban münasibəti.
Qubada hər tərəf ağ örpəyə
bürünüb. Təmiz hava və gözəl mənzərə
var. Qubadan sonra Bakıya gedəcəyik. Bu yerlər mənə
çox doğmadır. Çünki özüm də əslən
Dərbənd şəhərindənəm. Amma uzun illərdir
İsraildə yaşayırıq”.
Oleq Pisaxov isə Azərbaycanı yaxşı
tanıdığından İsraildən gələn turistlərə
bələdçilik edir. İndi İsraildə yaşasa da,
Qubada doğulub boya-başa çatıb. “Bura mənə
çox doğma məkandır. Azərbaycana səyahət
turları təşkil edirik. Hər ay Azərbaycana səfər
edirik. Bu dəfə 30 nəfərlik qrupla gəlmişik.
Turistlərin ən çox xoşuna gələn təbiət
mənzərələridir. Bir həftəlik səfərimizdə
Qubada, Şəkidə, Şamaxıda olmuşuq. Yay
aylarında turlarımız on günlük olur”, - deyə
O.Pisaxov bildirib.
Dora Meirov adlı israilli turist də Azərbaycana
səfərindən çox məmnun qalıb: “Azərbaycan
daha da gözəlləşib. Bakını, Azərbaycan
dilini, yeməklərinizi çox bəyənirəm. İki
gündür Qubadayıq. Qaldığımız hoteldə
bizə yüksək səviyyədə xidmət göstərdilər.
Qarı çox sevirəm. Bəxtimizdən Qəçrəş
bu gün ağ örpəyə bürünüb. Buradan sonra
Bakıya gedəcəyik. Ekskursiyamız daha dörd gün
davam edəcək”.
İstirahət üçün Qəçrəş
meşələrinə üz tutan turistlər əsrarəngiz
qış mənzərələrini seyr etməklə
yanaşı, buradakı hotel və restoranların xidmətlərindən
istifadə edirlər. Yerli sakinlər tərəfindən
turistlərə atla gəzinti və dadlı göy qutabı
da təklif olunur.
Vurğulandığı kimi,
Quba-Xınalıq turizm marşrutu üzərində ən
çox istirahət mərkəzləri də məhz Qəçrəş
kəndi ərazisindədir. Rayon iqtisadiyyatının
inkişafında bu mərkəzlərin böyük rolu var. Qəçrəş
və ətraf ərazilərdə dincəlmək
üçün münasib qiymətə turizm obyekti tapmaq
mümkündür.
Yerli və xarici turistlər qarlı dağlarda
motorlu xizəklərlə, kanatla gəzmək və buz
üstündə xizəklə sürüşmək kimi
arzularını Qəbələdə gerçəkləşdiriblər
Ölkəmizin görməli və gəzməli
yerlərindən olan Qəbələ rayonu da turistlərin
sevimli istirahət məkanlarından biridir. Qeyd edək ki, Qəbələ
rayonu coğrafi quruluşu və müasir turizm infrastrukturuna
görə isti yay fəsli ilə yanaşı, soyuq
qış aylarında da turistləri özünə cəlb
edir. Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni il münasibətilə bayram tətilində
rayonun turizm məkanlarına üz tutan yerli və xarici turistlər
qarlı dağlarda motorlu xizəklərlə, kanatla gəzmək
və buz üstündə xizəklə sürüşmək
kimi arzularını Qəbələdə gerçəkləşdiriblər.
Rayonda əsl bayram ab-havası yaşanıb. Bütün
hotellərdə, istirahət və əyləncə mərkəzlərində
turistlərə xüsusi hazırlanmış əyləncəli
şou proqramlar təqdim olunub. Qonaqların
istirahətinin şən və mənalı təşkili
üçün hotellərdə, “Qəbələnd” istirahət
və əyləncə mərkəzində yüksək səviyyədə
şərait yaradılıb, tanınmış musiqiçilərin
iştirakı ilə konsertlər, müxtəlif əyləncəli
tədbirlər keçirilib.
Yerli və xarici turistlər Qəbələnin
zəngin tarixi, müasir şəhərsalma mədəniyyəti
və ləziz mətbəxi ilə yaxından tanış
olublar. Qəbələyə üz tutan yerli və xarici
turistlər təkcə rayon mərkəzini gəzməklə
kifayətlənməyib, dağlıq ərazilərdə yerləşən
kəndlərin mənzərəli guşələrinə də
səyahət ediblər. Bayram günlərində rayonda dincəlməyə
üstünlük verən xarici turistlər arasında MDB,
Avropa və ərəb ölkələrindən olanlar da var.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.-
2019.- 9 yanvar.- S.7.