Regionlarda yeni sənaye istehsalatlarının yaradılması istiqamətində işlər uğurla davam etdirilir

 

Perspektivdə ölkə üzrə biri Bakıda, üçü isə bölgələrdə olmaqla dörd iri sənaye mərkəzinin yaradılması nəzərdə tutulub

Yeni iqtisadi şəraitdə Azərbaycanın qarşıya qoyduğu inkişaf hədəflərindən biri ölkədə innovativ əsaslı müasir sənaye quruculuğu ilə bağlıdır. Müəyyənləşdirilən bu strateji kursa uyğun olaraq respublikamızda sənayenin, ələlxüsus da qeyri-neft sənayesinin üstün inkişafının təmin edilməsinə güclü siyasi və maddi dəstək göstərilir. Son illərdə qəbul olunan müvafiq Dövlət proqramlarına uyğun olaraq ölkəmizdə çoxlu sayda sənaye müəssisələri yaradılıb.

Əlamətdar haldır ki, ölkədə sənayenin inkişafı yalnız paytaxt Bakı ilə məhdudlaşmır. Belə ki, respublikanın sənaye xəritəsi regionlara doğru genişlənir. Regionlarda Prezident İlham Əliyevin təşəbbüsü ilə sənaye məhəllələrinin yaradılması geniş vüsət alıb. Artıq 2017-ci ildə işə salınan Neftçala Sənaye məhəlləsi uğurla fəaliyyət göstərir. Ötən ildən başlayaraq burada yüksək texniki parametrlərə malik avtomobillərin istehsalına başlanılıb. 2018-ci ildə həmçinin Prezident İlham Əliyevin iştirakı ilə Masallı Sənaye Məhəlləsinin, Mingəçevir Sənaye parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsinin və digər istehsalatların açılışı baş tutub. Hazırda ayrı-ayrı bölgələrdə yeni sənaye məhəllələrinin yaradılması istiqamətində işlər intensiv şəkildə davam etdirilir. Bütövlükdə, perspektivdə ölkə üzrə biri Bakıda, üçü isə bölgələrdə (Sumqayıt, Gəncə və Mingəçevirdə) olmaqla dörd iri sənaye mərkəzinin yaradılması nəzərdə tutulub.

Öz növbəsində ölkədə sənaye istehsalının genişləndirilməsinə göstərilən diqqət və qayğı, bu sahəyə investisiya qoyuluşunun artırılması, qanunvericilik bazasının möhkəmləndirilməsi yaxşı nəticələr verir. Artıq tarixə dönən 2018-ci ildə respublikada qeyri-neft sənayesində 9,1 faiz artıma nail olunub ki, bu da məqsədyönlü şəkildə həyata keçirilən uğurlu sənayeləşmə siyasətinin nəticəsidir.

2018-ci ildə “Azərbaycan Sənaye Korporasiyası”nın fəaliyyəti uğurlu olub

“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti (ASC) artıq tarixə dönən 2018-ci ili bir sıra uğurlarla başa vurub. Bu barədə ASC-nin 2018-ci ildəki fəaliyyətinin nəticələrinə həsr olunmuş hesabat iclasında bildirilib. ASC-nin baş direktoru Kamran Nəbizadə Sənaye Korporasiyasının yaranması və fəaliyyəti barədə danışıb. Bildirib ki, hazırda “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin nəzdində qeyri-neft sektorunun müxtəlif sahələrini əhatə edən 17 törəmə müəssisə fəaliyyət göstərir. Bu günə törəmə müəssisələrinin aktivlərinin ümumi bazar dəyəri 673 milyon manat təşkil edir.

Məlumat verilib ki, hesabat dövründə “Azərpambıq” Aqrar Sənaye Kompleksinin, “Azəripək” MMC-nin, “Azəralüminium” MMC-nin, “ASK Şüşə” MMC-nin, “Azərtütün” MMC-nin və bir sıra başqa müəssisələrin yenidən qurulması üçün dövlət tərəfindən vəsait ayrılıb. Kənd təsərrüfatı üçün 9 milyon manatlıq yeni texnika, o cümlədən pambıqyığan kombaynlar, tütünün ilkin emalı üçün 60 qurutma kamerası, ipək istehsalı üçün baramaboğan avadanlıq alınıb. Pambıqçılıq sahəsində idarəetmə strukturu dəyişilib, maddi-texniki baza yenilənib, yeni pambıqyığan kombaynlar alınıb. Bundan əlavə, “Azərpambıq ASK” MMC üzrə 14 rayonda 29 min hektarda pambıq əkini aparılıb və bu günədək 56 min ton xam pambıq tədarük edilib. ASC pambıqçılıq sahəsində Türkiyə, Yunanıstan, Çin, Avstraliya kimi ölkələrlə əməkdaşlıq edir. Növbəti illərdə digər ölkələrin də təcrübəsindən istifadə etmək planlaşdırılır.

Hazırda “Azərtütün ASK” MMC, “Azərpambıq ASK” MMC və “Azəripək” MMC müəssisələri üzrə beşillik biznes planı hazırlanır və onun çərçivəsində investisiya planı xüsusi diqqət mərkəzindədir. İnvestisiya planına istehsal müəssisələrinin yenidən qurulması və texnoloji avadanlıqların yenilənməsi yolu ilə istehsal həcminin artırılması, keyfiyyətin yüksəldilməsi kimi tədbirlər daxildir.

Bildirilib ki, bir il ərzində tütünçülük sahəsində də mühüm addımlar atılıb. Belə ki, ölkədə tütün sahələrinin təqribən 69 faizində tütün əkilməsi, fermerlərdən tədarük olunan yaş tütünün 55 faizi “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin payına düşür. 226 fermerə 4,3 milyon manat vəsait ödənilib. Balakən rayonunda fermerlərin ehtiyaclarını təmin etmək üçün 60 kameradan ibarət tütünqurutma məntəqəsi qısa müddət ərzində tikilərək tam istifadəyə verilib. Hazırda “Azərtütün ASK” MMC-nin Balakən, Zaqatala, Qax və Şəki rayonlarında 236 ədəd odla qurutma kamerası, anbar və ofis binaları, habelə zəruri infrastruktura malik dörd quru tütün istehsalı məntəqəsi, Zaqatala rayonunda isə bir tütün emalı zavodu fəaliyyət göstərir. Növbəti ildə ASC tütünün qurudulması və emalı ilə bağlı texnologiyaların tətbiqi üçün dünyanın qabaqcıl şirkətlərinin iştirak edəcəyi beynəlxalq tenderlər elan etmək niyyətindədir.

K.Nəbizadə deyib ki, korporasiyanın nəzdində olan “Azəripək” MMC-də 2018-ci ildə 513 ton yaş barama tədarük edilib və növbəti ildə bu həcmin ən azı 800 tona çatdırılması gözlənilir. Bu məqsədlə Çindən 2 ədəd baramaboğan avadanlıq satın alınıb. Bundan əlavə, MMC-də 400 ton gücündə barama tədarük məntəqəsinin yenidən qurulması, habelə 5 tonluq buxar qazanının inşası, buxar xətlərinin çəkilməsi də nəzərdə tutulur.

Baş direktor “ASK Şüşə” MMC barədə məlumat verərək qeyd edib ki, müəssisənin birinci və ikinci istehsal xəttinin işə salınması üzrə işlər aparılır. Bundan sonra zavodun istehsal gücünün ildə 95-100 milyon şüşə taraya çatdırılması gözlənilir.

“SOCAR karbamid” zavodunun istifadəyə verilməsi ölkənin ixrac imkanlarını artıracaq

Cari il yanvarın 16-da Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR karbamid” zavodu istifadəyə verilib. Qeyd edək ki, karbamid zavodunun layihəsi Prezident İlham Əliyevin 2008-ci ilin avqustunda imzaladığı Sərəncamla təsdiq edilmiş “2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na və 2014-cü ilin dekabrında imzaladığı Sərəncamla təsdiq edilmiş “Sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na əsasən icra edilib. Təməli 2011-ci ildə dövlətimizin başçısı tərəfindən qoyulan zavodun tikintisi ilə əlaqədar elan olunan beynəlxalq açıq tenderin nəticələrinə əsasən 2012-ci ildə Koreya Respublikasının “Samsung Engineering” şirkəti mühəndislik, satınalma və tikinti üzrə podratçı seçilib. Layihənin ammonyak və karbamid istehsalı üzrə texnoloji avadanlığı müvafiq olaraq Danimarka və Hollandiya şirkətləri tərəfindən təmin edilib. Həmçinin layihənin idarə edilməsi və müstəqil təftiş xidmətlərinin həyata keçirilməsi məqsədilə 2015-ci ildə Finlandiya şirkəti ilə müvafiq müqavilə imzalanıb. Tikintinin pik vaxtında zavodun inşasına, ümumilikdə, 3600 nəfərdən artıq işçi cəlb olunub. İnşaat zamanı təhlükəsizlik tələblərinə maksimum dərəcədə riayət edilib, iş həcmi qəzasız şəraitdə yerinə yetirilib.

Açılış mərasimində bildirilib ki, “SOCAR karbamid” zavodunun istehsala başlaması azot gübrəsi idxalına ehtiyacı aradan qaldıracaq, bununla da ölkənin xarici valyuta xərcləri azalacaq. Zavod ildə 435 milyon kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir. Bu zavodun işə düşməsi Azərbaycanda kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq. Belə ki, karbamid gübrəsi ən yüksək azot tutumuna malikdir və buna görə də ən keyfiyyətli azot gübrəsi hesab olunur. Suda tez həllolma qabiliyyətinə görə seçilən bu gübrə növü ammonyak və karbon dioksidin sintezi nəticəsində əldə edilir. Karbamidə tələbat onun aşağı maya dəyəri, qənaətcil daşınması, rahat tətbiqi və kənd təsərrüfatında yüksək məhsuldarlığı ilə əlaqədardır. Bu məhsuldan digər kimyəvi maddələrin istehsalında və əczaçılıqda da geniş istifadə olunur.

İndiyədək azot gübrələri Azərbaycana idxal edildiyi halda, yeni zavod həm daxili bazarın tələbatını tam ödəyəcək, həm də istehsal etdiyi məhsulun təxminən 70 faizini ixrac edəcək. Nəticədə, daha əvvəl idxal üçün sərf edilən illik 90 milyon dollara qədər valyuta vəsaitləri ölkədə qalacaq, eyni zamanda, zavod respublikamız üçün əlavə gəlir mənbəyinə çevriləcək.

“SOCAR karbamid” zavodu hazırda ölkədə qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihədir və ümumi dəyəri təxminən 800 milyon avro təşkil edir. Layihənin maliyyələşdirilməsi ilkin dövrdə dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına həyata keçirilib. Zavodun inşası zamanı bir sıra beynəlxalq banklardan dövlət zəmanəti əsasında 500 milyon avro məbləğində vəsait cəlb edilib. Zavodda təxminən 500 nəfər daimi işlə təmin ediləcək.

Balaxanı Sənaye Parkında daha 3 rezident və 2 müəssisə təkrar emalla məşğul olacaq

Ölkəmizdə “Yaşıl iqtisadiyyat”ın inkişaf etdirilməsi məqsədilə yaradılan Balaxanı Sənaye Parkında bu il daha 3 rezidentin və 2 müəssisənin fəaliyyətə başlaması nəzərdə tutulub. Bu müəssisələr əsasən təkrar emalla məşğul olacaqlar.

Qeyd edək ki. Balaxanı Sənaye Parkının hazırda 15 rezidenti var. Onlardan 7-si fəaliyyət göstərir. Rezidentlər tərəfindən ümumilikdə 37,3 milyon manat investisiya yatırılıb. Sahibkarların marağı nəzərə alınaraq, Balaxanı Sənaye Parkının ərazisi 8,3 hektaradək genişləndirilib. Rezidentlərdən biri süngər tullantılarının təkrar emalı və mebel istehsalı üzrə fəaliyyət göstərir. Ümumi investisiya məbləği isə 4 milyon manatdır və 150 nəfər daimi işlə təmin olunub. Müəssisənin illik istehsal gücü 348 tondur. İstehsal sahəsində daimi iş yerləri açılıb. Burada istehsal olunan məhsulların ixracı da nəzərdə tutulub.

Balaxanı Sənaye Parkında fəaliyyət göstərən müəssisələrin əksəriyyəti üçün “təkrar emal” məhsulu, xammal yaxınlıqda fəaliyyət göstərən Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodundan daşınır.

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.- 2019.- 23 yanvar.- S.7