Bakıda “Mediada
gender bərabərliyi” mövzusunda
təlimlər başlayıb
Yanvarın 23-də Bakıda Avropa
Şurasının və
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
birgə təşkilatçılığı
ilə jurnalistlər və jurnalistika fakültəsinin 4-cü kurs
tələbələri, eləcə
də magistrlər və doktorantlar üçün “Mediada
gender bərabərliyi” mövzusunda
təlimlərə başlanılıb.
AZƏRTAC xəbər verir ki, təlimin
açılış sessiyasında
çıxış edən
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
sədr müavini Sədaqət Qəhrəmanova
mövzunun aktuallığını
vurğulayıb. Bildirib ki, üç
gün ərzində təlim iştirakçıları
yetərincə məlumat
alacaqlar, bir-biriləri
ilə fikir mübadiləsi apara biləcəklər.
Komitə sədrinin müavini ölkəmizdə medianın
inkişafı istiqamətində
görülən işlərdən
danışıb. Qeyd edib
ki, Ümummilli lider Heydər Əliyevin ölkəmizə
rəhbərliyi dövründə
medianın hüquqi bazası möhkəmlənib.
Ulu öndər KİV-lərin
inkişafına böyük
diqqət və qayğı göstərirdi.
Onun bu siyasətini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir.
Avropa Şurasının Bakıdakı
ofisinin rəhbəri Zoltan Hernyes deyib ki, 2018-ci il mayın
1-dən icrasına başlanılmış
gender bərabərliyi və
media azadlığı layihəsi
təşkilata üzv
dövlətdə ilk dəfə
həyata keçirilən
layihədir. Biz bunu nümunə ola
biləcək pilot layihə
adlandırsaq yanılmarıq.
Əgər layihə uğurlu
olsa, Avropa Şurasının digər
üzv dövlətləri
üçün də
model kimi istifadə oluna bilər.
Qeyd edilib ki, söz azadlığı
və gender bərabərliyi
qırılmaz tellərlə
bağlıdır. Gender bərabərliyi təmin olunmadan insan haqlarından, cəmiyyətdə
inkişafdan söhbət
gedə bilməz.
Təsadüfi deyil ki, BMT-nin 2030-cu il üçün
Dayanıqlı İnkişaf
Məqsədlərində gender bərabərliyi ayrıca
məqsəd kimi qeyd edilib.
Azərbaycan Mətbuat Şurasının
sədri, Milli Məclisin deputatı Əflatun Amaşov təlimlərin əhəmiyyətindən
danışıb. O deyib
ki, Azərbaycanda gender bərabərliyi ilə bağlı zəngin qanunvericilik mövcuddur. Ölkəmiz
müvafiq beynəlxalq
konvensiyalara qoşulub.
Konstitusiyamızda qadın
və kişilərin
bərabər hüquq
və imkanlara malik olması ilə bağlı xüsusi bənd də öz əksini tapıb.
Prezident Administrasiyasının
İctimai-siyasi məsələlər
şöbəsinin məsul
işçisi Vüqar
Səlimov da layihənin əhəmiyyətini
qeyd edib. O deyib ki, bu
tədbir dövlət
qurumlarının məsələyə
xüsusi diqqətlə
yanaşdığını göstərir. Bu və bundan
əvvəlki layihələr
gender bərabərliyi
və media azadlığı sahəsində
beynəlxalq təcrübənin
Azərbaycan jurnalistləri
arasında təbliğ
olunması, onların
öz fəaliyyətlərində
bu dəyərlərin,
beynəlxalq standartların
tətbiq etməsi baxımından ciddi əhəmiyyət kəsb edir. Bu cür layihələrin
həyata keçirilməsi
yalnız jurnalist peşəkarlığının artırılması və
bu dəyərlərin
tətbiqi ilə məhdudlaşmır. Eyni
zamanda, gender bərabərliyi və media azadlığı ilə bağlı ictimai fikrin formalaşmasında da mühüm əhəmiyyət
daşıyır.
Sonra “Gender
bərabərliyi və
media sahəsində Avropa Şurasının standartları”, “Gender bərabərliyi və media: Azərbaycan qanunvericiliyi və təcrübəsi”, “Cinsiyyətçi
nifrət nitqi ilə mübarizə”, “Gender məsələlərinin
mediada işıqlandırılması”,
“Azərbaycan mediasında
gender bərabərliyi:
Perspektivlər və çağırışlar” adlı
sessiyalar çərçivəsində
təlimlər başlayıb.
Qeyd edək ki, yanvarın 23-dən 25-dək davam
edəcək təlimlərin
məqsədi gənc
jurnalistlərə və
jurnalistika fakültəsinin
tələbələrinə qadın hüquqlarının
müdafiəsi, eləcə
də təşviq edilməsi istiqamətində
ətraflı məlumatların
çatdırılmasıdır.
Yeni Azərbaycan.-
2019.- 24 yanvar.- S.6.