“Holokost və Xocalı - müasirlərin gözü
ilə” mövzusunda dəyirmi masa keçirilib
Yanvarın 24-də Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzində
(BBMM) Azərbaycan dağ
yəhudiləri və
Avropa yəhudi dini icmalarının, Prezident Administrasiyasının
Millətlərarası münasibətlər,
multikulturalizm və dini məsələlər
şöbəsinin dəstəyi
və təşkilatçılığı
ilə “Holokost və Xocalı - müasirlərin gözü
ilə” mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə,
Holokost və Xocalı qurbanlarının
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BBMM-in icraçı
direktor əvəzi Rəvan Həsənov tədbiri açaraq bildirib ki, Xocalı
və Holokost soyqırımları zaman
etibarı ilə bir-birindən fərqli vaxtlarda törədilsə
də, mahiyyətcə
oxşar faciələrdir.
BMT Baş Assambleyası
tərəfindən 2005-ci il
noyabrın 1-də qəbul
olunmuş qətnaməyə
əsasən hər il yanvarın 27-si Holokost qurbanlarının Beynəlxalq Anım Günü kimi qeyd edilir. 1992-ci il fevralın 25-dən
26-na keçən gecə
Xocalı sakinləri eyni vəhşiliklərə
məruz qalıblar. Bu faciə nəticəsində
613 nəfər həlak
olub, 8 ailə məhv edilib, 275 nəfər əsir düşüb, 150 nəfər
haqqında isə heç bir məlumat yoxdur.
İcraçı direktor əvəzi yəhudilərin əsrlərdir
Azərbaycanda dostluq şəraitində yanaşı
yaşadıqlarını vurğulayıb.
O deyib ki, Azərbaycanda heç vaxt antisemitizm meyilləri olmayıb, burada yaşayan bütün etnik icmalar bir-biri ilə ən yüksək səviyyədə
dostluq, qardaşlıq
münasibətləri qurublar.
Prezident Administrasiyasının Millətlərarası münasibətlər,
multikulturalizm və dini məsələlər
şöbəsinin aparıcı
məsləhətçisi Anar Əlizadə tədbirdə məruzə
ilə çıxış
edərək bildirib ki, tarixən milli-etnik zəmində düşmənçilik, etnik
təmizləmə və
soyqırımı siyasətinin
qurbanı olmuş Azərbaycan xalqı yəhudi xalqını yaxşı başa düşür, onun üzləşdiyi fəlakəti
öz üzərində
hiss edib. Azərbaycan tarixinin ən qanlı səhifəsi olan Xocalı faciəsinin və Holokost qurbanlarının xatirəsi
ölkəmizdə hər
il yad edilir.
Xocalı faciəsi Ermənistanın Azərbaycana
qarşı törətdiyi
qətliamın kulminasiya
nöqtəsidir. Fevralın
25-dən 26-na keçən gecə bir neçə
saat ərzində 613 nəfər qətlə yetirilib. Onların
106-sı qadın, 83-ü uşaqdır.
56 nəfər isə
xüsusi amansızlıqla
qətlə yetirilib. Baş vermiş faciələri unutmaq yeni fəlakətlərə
səbəb ola bilər, ona görə də yaşanmış faciələri
xatırlayıb nəticə
çıxararaq gələcəyə
baxmaq lazımdır.
“Azərbaycan Respublikası Dağlıq
Qarabağ Bölgəsinin
Azərbaycanlı İcması”
İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev deyib ki, yəhudi və Azərbaycan xalqlarını böyük
faciələr və qəhrəmanlıqlar birləşdirir.
Holokost Xocalı soyqırımı kimi insanlığa qarşı
törədilmiş cinayətdir.
Holokost və Xocalı faciələri mahiyyətcə eynidir. Holokost qurbanlarının sayı 6 milyondur, onların 1,5 milyonu uşaqlardır. Yəhudi
və Azərbaycan xalqları bir-birinin faciəsini dərk edir, yaxşı başa düşür.
1918-ci ildə Qubada yəhudi icmasının üzvləri də ermənilər tərəfindən
soyqırımına məruz
qalıb. Erməni cəlladları tərəfindən
insanlığa qarşı
törədilmiş qanlı
soyqırımı hadisələrini
unutmamalıyıq və
soyqırımının beynəlxalq
aləmdə tanıdılması,
eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində
davamlı işlər
aparmalıyıq.
Dini Qurumlarla
İş üzrə
Dövlət Komitəsinin
sədr müavini Gündüz İsmayılov
deyib ki, etnik qrupun, xalqın
bu cür hadisə ilə üzləşməsini istəmiriksə,
Xocalı soyqırımının
səbəbkarları cəzalandırılmalıdır.
Cəzasızlıq mühiti
olarsa, bu cür faciə başqa xalqlara qarşı da həyata keçirilə bilər. Xocalı soyqırımından bəhs
edən komitə sədrinin müavini deyib ki, yəhudilər
2600 ildir Azərbaycanda
məskunlaşıblar və
dinc, dostluq, qarşılıqlı hörmət
şəraitində yaşayırlar.
Yəhudilər təkcə
Avropada soyqırımına
məruz qalmayıblar,
onlar, həmçinin
Azərbaycan xalqına
qarşı törədilmiş
soyqırımının qurbanları
arasında olublar.
Tədbirdə çıxış edən deputatlar Hikmət Babaoğlu, Elman Nəsirov, Elman Məmmədov, Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri
Melih Yevdayev, Avropa Yəhudiləri Dini İcmasının rəhbəri Aleksandr Şarovski, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov Avropanın
bəzi ölkələrində hələ də antisemitizm meyillərinin qaldığını
bildirərək, həmin
ölkələrdə Holokost
söhbətini açmağın
belə qadağan olunduğunu deyiblər. Bu gün multikulturalizm
siyasətinin Azərbaycanda
aparıcı xətt
olması və burada digər etnik qruplar kimi
yəhudilərin də
sərbəst, mehribanlıq
şəraitində yaşaması
digər ölkələrə
örnək kimi göstərilib.
Xocalı rayon İcra
Hakimiyyətinin şöbə
müdiri Anar Əliyev, Xocalı sakinləri Murad Məhərrəmov və
əsirlikdə olmuş
Dürdanə Ağayeva
isə çıxışlarında
Holokost qurbanlarını
yad etməklə yanaşı, Xocalı faciəsi zamanı yaşanan dəhşətli
məqamları da bir daha xatırladılar.
Çıxış edənlər Azərbaycanda
Holokost faciəsinin anılmasının ənənə
halını almasını
təqdirəlayiq məqam
kimi qiymətləndirib,
bunun ölkəmizdəki
multikultural və tolerant mühitin göstəricisi olduğunu
qeyd ediblər. Yəhudi xalqının başına gətirilən
dəhşətli faciəyə
ölkəmizdə həssaslıqla
yanaşıldığı, hər il Holokost
qurbanlarının xatirəsinin
anıldığı vurğulanıb.
Yeni Azərbaycan.-
2019.- 25 yanvar.- S.4.